Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1427/2025 26.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, dəbbə pulu və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən müqavilənin şərtləri də nəzərə alınmaqla həm xidmət haqqı olaraq 15.000 AZN, vergi orqanı tərəfindən cərimə edildiyi 435 manat məbləğində pul, həm də cərimə məbləğinin və əlavə olaraq məhkəməyə müraciət etmək üçün ödənilmiş 137 manat dövlət rüsumunun, ümumilikdə 15572 manat pulun tutularaq "xxxx" MMC -yə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında "mühasibat və vergi ucotu üzrə xidmətin göstərilməsi barədə" xx.xx.2024-cü il tarixdə müqavilə bağlanmışdır. Müqavilə üzrə qarşılıqlı şəkildə razılaşdırılmış və həvalə edilən bütün işlər tərəflərindən görülmüşdür. Görülən bütün işlər "xxxx" MMC-yə təhvil verilmiş və xx.xx.2024-cü il tarixdə aktlaşdırılaraq hər iki tərəfdən imzalanmışdır. Müqavilənin 3.4-cü bəndinə əsasən müştəri xidmətin dəyərini aktın təqdim edildiyi tarixdən 5 gündən gec olmayaraq ödəməyi qəbul edir. Müqavilə üzrə xidmətlər göstərilsə də, "xxxx" MMC tərəfindən hələ də ödənişlər edilməmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən ödənişlərin vaxtında aparılmamasına görə hər gecikmə gün üçün gecikdirilən məbləğin 0.15% məbləği həcmində cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı cavabdeh təşkilata xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərilmiş və cavabdeh təşkilat üzərinə düşən öhdəlikləri hələdə yerinə yetirmir. Əlavə olaraq vergi orqanı tərəfindən bu müqavilə üzrə mənfəət vergisini cavabdehin təqsiri üzündən ödənilə bilinmədiyi üçün hər günə 0.1% penya məbləği hesablanır. Bugünkü günə bu məbləğ 435 manat təşkil edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirir ki, müqavilədə olan imza ona məxsus deyil, amma möhür ona məxsusdur. Möhürü iddiaçı tərəf onun stolunun üstündən götürüb möhürləyib. Aralarında nə qiymət razılaşması protokolu olub, nə də ki, e-qaimə vurulub. Şirkətinin borcu var idi və iddiaçı ilə olan razılaşmaya əsasən iddiaçı tərəf elə sənədləşmə aparmalı idi ki, vergidə cavabdeh şirkətin borcu silinsin. Lakin iddiaçı tərəf heç bir iş görməyib ki, borc silinməyib. 2024-cü ilin yanvar ayından dekabr ayına kimi borcun azaldılması ilə bağlı heç bir iş görülməyib. Ona görə də iddianın rədd edilməsini xahiş edir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01/24 nömrəli mühasibatlıq və vergi uçotu üzrə xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı müştərinin tapşırığı ilə, həmin Müqavilənin şərtləri daxilində aşağıdakı xidmətləri yerinə yetirməyi öz öhdəsinə götürür.
9. Müqavilənin 1.2-ci bəndinə əsasən Vergi uçotu üzrə məsləhətlərin verilməsi.
10. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə açıq hesab edilir, müştəri ilə qarşılıqlı razılaşma əsasında, əlavə tapşırıqlara, icraçı tərəfindən maliyyə və uçot sahəsində qanunvericiliyə zidd olmayan digər xidmətlər göstərilə bilər.
11. Müqavilənin 3.1-ci bəndinə əsasən Yerinə yetiriləcək işlər üçün xidmət haqqı 15000 manat məbləği göstərilməklə, tərtib edilmiş akt ilə müəyyənləşdirilir.
12. Müqavilənin 3.2-ci bəndinə əsasən müştəri tapşırıqda ödəyəcəyi haqqı İcraçının hesablaşma hesabına köçürmə yolu ilə ödəyir.
13. Müqavilənin 3.3-cü bəndinə əsasən tapşırığın yerinə yetirilməsi zamanı müvafiq orqanlara ödəniləcək rüsum, vergi və s, Ödənişlər, İcraçının məlumatı əsasında, Müştəri tərəfindən ödənilir.
14. Müqavilənin 3.4-cü bəndinə əsasən müştəri xidmətin dəyərini aktın təqdim edildiyi tarixdən 5 gündən gec olmayaraq ödəməyi qəbul edir.
15. Müqavilənin 4.2-ci bəndinə əsasən tərəflər, Müqavilənin şərtlərinə əsasən, aralarındakı hərcür ödənişlərin vaxtında aparılmamasına görə hər gecikmə gün üçün gecikdirilən məbləğin 0.15% məbləği həcmində cərimə ödəməyi qəbul edirlər.
16. Xidmətlərin yerinə yetirilməsi aktına əsasən icraçı tərəfindən bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin şərtərinə uyğun olaraq vergi xidməti göstərildiyi qeyd olunmuş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.
17. İddiaçı tərəfindən 15.000 manat dəyərində göstərilmiş xidmət üzrə xx.xx.2024-cü il tarixli, EBDZ924190 saylı e-qaimə tərtib edilmişdir.
18. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
19. İşin halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə göstərilmiş mühasibatlıq və vergi uçotu xidmətlərinə görə cavabdehin ona 15.000 manat məbləğində borcunun olmasını iddia edir və həmin borcun ödənilməsini tələb edir. Cavabdeh isə bildirir ki, tərəflər arasında olan razılaşmaya əsasən iddiaçının xidməti nəticəsində cavabdeh şirkətin mövcud borcu silinməli idi, lakin vergi borcu silinmədiyi üçün hesab edir ki, iddiaçı tərəfindən heç bir xidmət cavabdehə göstərilməyib.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;
22. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə üzrə sifarişçinin tapşırığı ilə icraçı müvafiq rəyin verilməsini və göstərmiş olduğu xidmətə görə xidmət haqqı müəyyən edilmişdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
25. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
26. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
27. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
28. Həmin Məcəllənin 783.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
29. Göründüyü kimi tərəflər arasında müqavilə bağlanmış, xidmətlərin göstərilməsinə dair tərəflər arasında akt təsdiq edilmişdir və iddiaçı tərəfindən cavabdehə e-qaimə göndərilmişdir. Cavabdeh bildirsə də ki, tərəflərin razılaşmasına əsasən iddiaçı tərəfindən göstərilən xidmətin nəticəsi olaraq cavabdeh şirkətin vergi borcu silinməli idi, lakin müqavilədə bu cür şərtin mövcüdluğu müəyyən edilmir.
30. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
32. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 15.000 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
33. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləsinin müqaviləyə əsasən hesablanmış 437 manat penyanın cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
34. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
35. Məhkəmə hesab edir ki, cavabdehin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
36. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən tutulacaq dəbbə pulu 437 manat məbləğində müəyyən edilə bilər.
37. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 137 manat məbləğində dövlət rüsumu xərci iddiaçı tərəfindən ödənilmişdir.
38. Azərbaycan Respublikası MPM-in:
39. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
40. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
41. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq 137 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 15.000 manat əsas borc məbləği, 435 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 137 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova