Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1446/2025 07.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: broker müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə göstərilən ticari-broker xidmətləri əsasında Cavabdeh MMC və "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli, AZB2024005_S saylı bağlanılmış müqavilə əsasında Cavabdeh MMC-nin üzərinə “X5” MMC ilə ticari-broker xidmətləri üzrə müqavilə bağlanılması və göstərdiyi ticari-broker xidmətləri ilə bağlı “X5” MMC-yə 16000 (on altı min) ABŞ dolları ödəniş gününə AR Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq manatla ödəniş edilməsi öhdəliyinin qoyulması və ödənilmiş 171,60 (yüz yetmiş bir manat altmış qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq “X5” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, “xx.xx.2024-cü il tarixindən rəsmi qaydada Cavabdeh MMC və “X5” MMC arasında əldə olunmuş razılaşmaya əsasən “X5” MMC tərəfindən Azbadam MMC üçün Ticari-broker xidmətləri göstərilirdi və həmin xidmətlərin göstərilməsi nəticəsində mindən çox şirkətlərlə əlaqə saxlayaraq Cavabdeh MMC-nin məhsullarını təklif etmişik. Cavabdeh MMC və “X5” MMC arasında əldə olunmuş razılaşma “Azbadam MMC” tərəfindən təsdiq edilmiş və bizə təqdim olunmuş xx.xx.2024cü il tarixli məktubu ilə sübut olunur, eyni zamanda qeyd olunan məktubdan sonra bizim tərəfimizdən ticari-broker xidmətləri göstərilməsi nəticəsində Cavabdeh MMC və “Fortex Global” firması arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında “Azbadam MMC” və “X5” MMC arasında xx.xx.2024-cü il tarixli, N-01 nömrəli “ticari-broker xidmətləri göstərilməsi barədə müqavilə” ilə Cavabdeh MMC və “X5” MMC arasında ticari-broker xidmətləri göstərilməsi sübut olunur. Cavabdeh MMC-nin məsul şəxsi Vüqar Aslanov öhdəlikləri pozaraq bizim tərəfimizdən təşkil edilən müştəri ilə birbaşa əlaqə saxlamışdır və bu səbəbdən tərəflər arasında mübahisə yarandıqdan sonra Cavabdeh MMC-nin əməkdaşı Vüqar Aslanov tərəfindən e-mail vasitəsilə məktub göndərərək “X5” MMC ilə əməkdaşlığı dayandırılması barədə məlumat vermişdir və eyni zamanda bizim tərəfimizdən təşkil olunan “ATKO” və "xxxx" şirkəti ilə bağlı öhdəliklərini yerinə yetirəcəklərini qeyd etmişdir. Qeyd etmək istəyirəm ki, xx.xx.2024-cü il tarixində Cavabdeh MMC və "xxxx" MMC arasında AZB2024005_S saylı müqavilə bağlanmışdır və qeyd olunan müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə 80 (səksən) ton badam ləpəsi ümümi 440000 (dörd yüz qırx min) ABŞ Dolları qiymətinə müəyyən edilmişdir və bizim cavabdehlə yazılı razılaşmamıza əsasən hər kiloqramdan 0.20 ABŞ dolları “X5” MMC-yə ödənilməsi razılaşdırılmışdır. Müqavilədə qeyd olunan məhsulun həcminə və qiymətinə əsasən “X5” MMC-nin xidmət haqqı 16000 (on altı min) ABŞ dolları təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 iddiaya etiraz edərək, rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasa gəlməmiş, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
5. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. - 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir - 787.1-ci maddəsinə əsasən Broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. - 787.2-ci maddəsinə əsasən gər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir. - 788.1-ci maddəsinə əsasən Brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər. - V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.
9. Məhkəmə qeyd edir ki, iddia ərizənin məzmunundan və iddiaçının məhkəmə hazırlıq iclasında qeyd etmiş olduğu hallardan görünür ki, o Rusiya şirkəti olan "xxxx" MMC ilə danışıqlar apardığını, onları Cavabdeh MMC-nin nümayəndələri ilə görüşünü təyin etdiyini, sonuncu iki şirkətin badamın alınması ilə bağlı alqı-satqı müqaviləsini bağladığını, ona görə də, sonuncular arasında olan badamın alınmasına görə, Cavabdeh MMC-nin ona komissiya (xidmət ) haqqı ödəməli olduğunu bildirir.
10. Cavabdeh tərəf isə məhkəmə iclasında Rusiya şirkəti olan "xxxx" MMC-ni həqiqətən də, İddiaçı MMC-nin vasitəsi ilə tanış olduqlarını, "xxxx" şirkəti ilə alqı-satqı müqaviləsini bağlandığını, ancaq sonradan müqavilə münasibətlərinin korlandığını və sonuncuya ümumiyyətlə hər hansı bir mal satılmadığını və buna görə də, İddiaçı MMC-yə hər hansı bir komissiya haqqı ödənilmədiyini bildirir.
11. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli badam məhsullarının alqısatqısına dair AZB2024005_S saylı müqavilədən görünür ki, Cavabdeh MMC ilə "xxxx" MMC badam məhsullarının alqı-satqısına dair razılığa gəlmişlər.
12. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin tərcümə olunmuş xx.xx.2025-ci il tarixli məktubundan məlum olur ki, "xxxx" MMC” Azbadam” MMC-dən mal almamış, şərtlərlə bağlı tərəflə razılığa gəlinə bilməməsi qeyd olunmuşdur.
13. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə malların göndərilib-göndərilməməsi barədə məhkəməyə məlumatın təqdim edilməsi barədə məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə sorğu göndərilmişdir.
14. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xx.xx.2025-ci il tarixli məktubla sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dövr ərzində Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə malların ixrac edilməsi haqqında məlumatın olmaması bildirilmişdir.
15. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən "xxxx" şirkətinə ümumiyyətlə hər hansı bir mal göndərilməmişdir.
16. Ona görə də, iddiaçının pulun tutulması tələbi əsassızdır.
17. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 390.3cü maddəsi təşkil edir. Həmin normaya görə, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir.
18. Mülki Məcəllənin adıçəkilən müddəasının təhlili göstərir ki, müqavilə bağlamaqda azad olan mülki hüquq subyektlərinin müqavilə bağlamağa məcbur edilməsinə, bir qayda olaraq, yol verilmir. Lakin qanunverici bu qaydaya iki istisna müəyyən etmişdir. Müqavilə bağlamaq vəzifəsi Mülki Məcəllədə və ya tərəfin könüllü götürdüyü öhdəlikdə nəzərdə tutulmuş olmalıdır.
19. Lakin hazırkı işdə qeyd olunan hallardan heç biri mövcud olmamışdır. Belə ki, cavabdehin belə bir vəzifəsi Mülki Məcəllədə nəzərdə tutulmamış, onun iddiaçı qarşısında eyni öhdəliyi götürməsi də, iş materialları ilə öz təsdiqini tapmamışdır.
20. Beləliklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov