Məhkəmə qərarları › İş №e-2-2(113)-1452/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1452/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1452/2025 07.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi/vəkili Vəkil Rüfət oğlunun iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 01 dekabr 2023-cü il tarixli, BNTK-01\23 saylı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icra edilməsini, yəni 1923.40 AZN görülmüş işlərə görə, 400 AZN nümayəndəyə xidmət haqqına görə və 39.24 AZN ödənilmiş dövlət rüsumuna görə, cəmi 2362.64 AZN vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 dekabr 2023-cü il tarixdə İddiaçı MMCnin təsisiçisi Cavabdeh MMC-nin əməkdaşı Kamran Salehin dəvəti ilə onların Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi ev 137 A, m. 248-də yerləşən ofisinə getmişdir. X3 Cavabdeh MMC-nin əməkdaşı olduğunu bildirib ki, Şəbnəm xanımın da həmin Cavabdeh MMC-nin təsisçisi olduğunu və İddiaçı MMC ilə işləmək üçün həmin ofisi seçdiyini və xidmət haqqlarını bilmək istədiklərini qeyd etdi. Həmin gün göstərilən xidmətlərin qiymətləri barədə, o cümlədən çəkilişin hər saatına görə, hər video çarxa görə və hər fotoya görə müəyyənləşdirilmiş ödənişlər barədə məlumat verilmişdir. Daha sonra tərəflər arasında Cavabdeh MMC-nin ofisində 01 dekabr 2023-cü il tarixdə, BNTK- 01\23 saylı müqavilə imzalanmışdır. İlk dəfə 05 dekabr 2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən çəkiliş olunacaq mallar gətirildi. Daha sonra isə dekabr ayı arzində bir neçə dəfə çəkilişlər aparılmışdır. Görülmüş işlərin ödənişi tələb olunduqda Kamran Saleh ödənişə görə narahat olmamağı, tərəflər arasında müqavilə olduğunu bildirib, ödənişin həyata keçirilməsi üçün artıq sənədlərin mühasibatlığa verildiyini, 10-15 dekabr 2023-cü il tarixi aralığı ödənişin olunacağını dedi. CavabdehMMC-nin İnstaqram və TİK Tok səhifəsində reklam üçün tələsdiklərini bildirdiyindən həmin foto və video çarxları qovluqlara yüklənib Whats app üzərindən Kamran Salehə və Elmira xanıma (SMM mütəxəssisi kimi özünü təqdim etmişdir) göndərilmişdir. 10-15 dekabr ayında edilməli olan ödəniş, dekabrın sonuna təxirə düşdü, daha sonra isə yanvar ayı ərzində ödəniləcəyinə dair vəd verildi, daha sonra müddət uzanmağa başladı. Ödənişin 2-3 aydan çox uzandığını görüb artıq əməkdaşlara zənglər edildi, Şəbnəm xanımla da bu barədə danışıldı. O isə cavabında bildirdi ki, müqaviləni kiminlə bağlamısınızsa onunla da danışın. Artıq sifariş edilmiş işlər görülmüş, təhvil verilmiş və elektron qaimələrin vurulması barədə malumat da verilmişdir. Sifariş edildiyi kimi camera raw formatında, yəni xam şəklində fotoşəkillər və 10 dənə video çarx montaj olunaraq MMC-nin əməkdaşı Elvira xanıma da təhvil verilmişdir. İddiaçı olaraq sözügedən müqavilə üzrə öhdəliyin icrasını təmin edərək cavabdehin əməkdaşlarının da çatımlılığı təmin olunan sifariş olunmuş fotoşəkil və video çarxları Google Drive vasitəsilə göndərilmişdir. (bu barədə çıxarış iddia ərizəsinə əlavə olunur). Eyni zamanda, müqavilə üzrə sifariş olunmuş foroşəkillər və video çarxların hazırlanması üçün cavabdehə məxsus malların İddiaçı MMC –nin ofisinə gətirilməsinə, çəkilişlərin aparılmasına və təhvil verilməsinə, ödənişin tələb edilməsinə dair danışıqların whats app üzərindən aparılmasına dair smslərdə də öz təsdiqini tapır. (sms danışıqlar əlavə olunur). 01 dekabr 2023-cü il tarixli, BNTK-01\23 saylı foto və video kirayəsi haqqında müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər təqsirli hərəkətləri nəticəsində birinin digərinə vurduğu zərəri tam həcmdə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən tərəflər mübahisə doğuran bütün məsələləri qarşılıqlı razılaşma və danışıqlar yolu ilə həll edirlər. Danışıqlar yolu ilə həll edilməyən mübahisələr Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll ediləcəkdir. 29 noyabr 2024-cü il tarixli pretenziya məktubuna cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. 08 dekabr 2023cü il tarixli hesab № MP-29-23 nömrəli elektron qaiməyə əsasən çəkilmiş şəkillərə görə cəmi 767 AZN olmaqla, həmin məbləğdən 650,00 AZN bank hesabına, 117,00 AZN isə ədv sub-uçot hesabına ödənilməsi xahiş olunur. 12 dekabr 2023-cü il tarixli hesab № MP- 29A-23 nömrəli elektron qaiməyə əsasən çəkilmiş şəkillərə görə 271.40 AZN, studiya kirayəsinə görə 531.00 AZN olmaqla, cəmi 802.40 AZN olmaqla, həmin məbləğdən 680,00 AZN bank hesabına, 121,40 AZN isə ədv sub-uçot hesabına ödənilməsi xahiş olunur. 26 yanvar 2024-cü il tarixli hesab № MP-29B-23 nömrəli elektron qaiməyə əsasənvideo rils montajına görə cəmi 354 AZN olmaqla, həmin məbləğdən 300,00 AZN bank hesabına, 54,00 AZN isə ədv sub-uçot hesabına ödənilməsi xahiş olunur. Ümumilikdə 767+802.40+354=1923.40 AZN cavabdehdən tutulmalıdır.

3. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 01 dekabr 2023-cü il tarixli, BNTK-01\23 saylı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icra edilməsini, yəni 1923.40 AZN görülmüş işlərə görə, 400 AZN nümayəndəyə xidmət haqqına görə və 39.24 AZN ödənilmiş dövlət rüsumuna görə, cəmi 2362,64 AZN vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən idiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək rədd edilməsini xahiş etdi. Bildirdi ki, tərəflər arasında müqavilə bağlansa da, müqavilə ilə bağlı qarşı tərəfdən hərəkət olmamışdır. Pul və müqavilədəki şərtlər uyğun gəlmir. Şirkətin rəsmi mailinədə bir məlumat gəlməmişdir. Google Drivedən rəhbərliyin xəbəri yoxdur. İddiaçının təqdim etdiyi Whatsapp yazışmalarında nömrə görsənmir. Müqavilə bağlanmışdır. Lakin, müqavilə şərtlərinə uyğun şəkil və video çəkilməmişdir. Müqavilə bağlandıqdan sonra qarşı tərəfdən xəbər çıxmamışdır. Bu səbəblə cavabdeh eqaimələri təsdiq etmədən geri qaytarmışdır. Müqavilə üzrə işlər cavabdehə təhvil verilməyib.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, foto və video kirayəsi haqqında BNTK-01/23 saylı müqaviləyə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçinin istəyinə görə fotostudiyanın məkanından və avadanlığından, habelə digər xidmətlərdən istifadə etməyini təşkil edir, Sifarişçi isə göstərilmiş xidmətlərə görə bu Müqavilədə nəzərdə tutulmuş xidmət haqqını ödəyir.

9. Müqavilənin 2.1-ci bəndinə əsasən icraçı xidmətləri keyfiyyətli və sifarişçinin müəyyən etdiyi vaxtlarda göstərir.

10. Müqavilənin 2.5-ci bəndinə əsasən sifarişçi göstərilmiş xidmətə görə vaxtında ödəniş edilməsini təmin etməlidir.

11. Müqavilənin 3.1-ci bəndinə əsasən Ümumi qiymət hazırkı müqaviləyə əlavədə qeyd olunur və qiymətlər ƏDV xaric qeyd olunur.

12. Müqavilənin 3.2-ci bəndinə əsasən hər bir məhsulun foto çəkilişi 5 AZN təşkil edir və Sifarişçiyə xam şəklində (Camera Raw fortmatında) təhvil verilir.

13. Müqavilənin 3.3-cü bəndinə əsasən hər bir qısamüddətli (bir dəqiqəyə qədər olan) videoçarxların montajı 30 AZN təşkil edir və müştəriyə istədiyi formatda (9:16 - İnstagram Stories, Tiktok) hazırlanıb təhvil verilir.

14. Müqavilənin 3.4-cü bəndinə əsasən studiya və Sifarişçinin məkanında (məkanlarında) video çəkilişin hər bir saatın qiyməti 100 AZN təşkil edir. Bu qiymətə nəqliyyat xərcləri, avadanlığın quraşdırılması və digər xərclər daxildir. Əlavə xərclər yarandığı halda Sifarişçi ilə müzakirə olunaraq əlavə ödənilir.

15. İddiaçı tərəfindən müqavilə üzrə 1569,40 manatlıq xidmətə görə xx.xx.2023-cü il tarixli, EBDU993820 saylı və 354 manatlıq xidmətə görə xx.xx.2024-cü il tarixli MT**********28 saylı e-qaimələr tərtib edilmişdir (hər iki tərəfin izahatına əsasən e-qaimələr təsdiq edilmədən cavabdeh tərəfindən geri qaytarılmışdır).

16. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən cavabdehə iddiaçı tərəfindən təhvil verilən malların dəyəri 1923,40 manat qeyd olunmuş və akt yalnız iddiaçı tərəfindən imza və möhür ilə təsdiqlənmişdir.

17. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin adı “Foto və video kirayəsi haqqında” olsa da, Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqaviləyə əsasən və tərəflərin də veridiyi izahatlarına əsasən iddiaçı video və foto şəkilişlər edib cavabdehə təhvil verməli idi, hər foto, video və çəkilişin saatına görə ayrı-ayrılıqda xidmət qiymətləri müəyyən edilmişdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.

18. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

19. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

23. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

24. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

26. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

27. Məhkəmə iş materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

28. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçinin istəyinə görə fotostudiyanın məkanından və avadanlığından, habelə digər xidmətlərdən istifadə etməyini təşkil edir, Sifarişçi isə göstərilmiş xidmətlərə görə bu Müqavilədə nəzərdə tutulmuş xidmət haqqını ödəyir. Lakin, iddiaçı həmin müqavilə üzrə xidmətlərin cavabdehə göstərilməsini təsdiq edən hər-hansı mötəbər və yetərli sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarına əlavə edilən təhvil-təslim aktı yalnız iddiaçı tərəfindən təsdiq edilmiş; iddiaçı tərəfindən cavabdehə göndərilən işlərin görülməsinə dair e-qaimələr cavabdeh tərəfindən təsdiq edilmədən geri qaytarılmışdır; whatsapp-yazışmalarının məhz cavabdehin əməkdaşları ilə aparılması həmin yazışmalardan müəyyən edilmir; Google-drive linklərində məhz cavabdehin sifarişi əsasında çəkilmiş foto və videoların olması və onların həcminin (nə qədər foto, nə qədər video) müəyyən edilməsi mümkün olmamışdır.

29. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.

30. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübut da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.

31. İşin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alaraq, Məhkəmə hesab edir ki, 1923,40 manat məbləğində borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə cavabdehə 1923,40 manat məbləğində xidmət göstərildiyini təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyi üçün iddia təmin edilə bilməz.

32. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Həmin Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri).

35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

36. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).

37. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).

38. Məhəmə xərclərinə gəldikdə isə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 39,24 manat məbləğində dövlət rüsumu və vəkil xərci olaraq 400 manat ödəniş edilmişdir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

41. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 39,24 manat dövlət rüsumu və vəkil xərci iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən İddiaçı MMCnin xeyrinə 01 dekabr 2023-cü il tarixli, BNTK-01\23 saylı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icra edilməsini, yəni 1923.40 AZN görülmüş işlərə görə, 400 AZN nümayəndəyə xidmət haqqına görə və 39.24 AZN ödənilmiş dövlət rüsumuna görə, cəmi 2362,64 AZN vəsaitin tutulması tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar