Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1456/2024 16.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, öhdəliyin yerinə yetirilməməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “X1” MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən icra olunmamış müqavilənin icrasının təmin edilərək, 48 ay üzrə abunə borcu 288 manat və qeydiyyatdan çixma aktı 70 manat olmaqla, cəmi borcu 358 (üç yüz əlli səkkiz) manat və mediasiya xərclərinə görə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 130 F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənməkdədir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Bu qərara əsasən İddiaçı MMC ilə Cavabdeh MMC (VÖEN**********) arasında da xx.xx.2018ci ildə 00221500 nömrəli kassa aparatı 039500 aktla, 00223056 nömrəli kassa aparatı xx.xx.2018 cildə 046800 nömrəli aktla müqavilə imzalanmış və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan Cavabdeh MMC həmin öhdəliyini xx.xx.2021-ci ilədək yerinə yetirmiş, ödənişləri etmiş, sonradan xx.xx.2021-ci ildən xx.xx.2023-ci ilədək olan öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, Cavabdeh MMC tərəfindən 00221500 nömrəli kassa aparatı üçün 2021-ci ildən 9 ay, 2022-ci ildən 12 ay, 2023-ci ildən 3 ay, 00223056 kassa aparatı üçün 2021-ci ildən 9 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 3 ay ərzində xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 48 ay abunə borcu olan 288 manat və qeydiyyatdan çıxma aktı 70 manat pul məbləği ödənilməmişdir. Həmçinin iddiaçı tərəfindən Cavabdeh MMC-yə mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 30 manat məbləğində mediasiya xərci ödənilmişdir.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh MMC-dən 72 manat abunə haqqı və 30 manat məhkəmə xərci olmaqla,102 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 386.2, 389.1, 390.1, 399.1, 425.1, 442, 445-ci maddələrinə istinad olunmuşdur.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia etdiyi dövrdə cavabdeh artıq iddiaçı ilə işləmirdi və kassa nəzarət aparatları cavabdehin adından rəsmi şəkildə çıxarılmışdır. Həmin dövrdən digər şirkətlə işləyirlər və onlarla olan müqavilə təqdim edilir. Əlavə olaraq da cavabdehin nümayəndəsi mediasiyada iştirak etmişdir və bunu təsdiqləyən sənəd də təqdim edilir.
6. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, “X1” MMC (Servis Texniki Xidmət Mərkəzinin (STXM) direktoru təmsilində) ilə istehlakçı Cavabdeh MMC arasında servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2018-ci il tarixli, 046800 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri 130 F-01 tipli, 00223056, 00221500 zavod nömrəli nəzarət kassa aparatlarına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırır, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürür; 2-ci bəndinə əsasən STXM tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKA-nın fasiləsiz işləməsinə imkan yaradır; 3-cü bəndinə əsasən istehlakçının, STXM-nin hüquq və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10-cu bəndləri ilə tənzimlənir; 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür; 6-cı bəndinə əsasən yuxarıda göstərilən şərtlər pozulduqda müqavilə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq ləğv edilir və bu barədə Vergilər Nazirliyinə məlumat verilir.
9. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 229112 nömrəli elektron qaimədən müəyyən edilir ki, “X1” MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 144 manat təşkil edir. Qaimədə 2021-ci ildən 10 ay (3,4,5,6,7,8,9,10,11,12); 2022-ci ildən 12 ay (1,2,3,4,5,6,7,8,9,10,11,12); 2023-cü ildən 2 ay (1,2) qeyd olunmuşdur.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri lokal gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış məktubda deyilir ki, xx.xx.2021-ci il tarixli ərizənizə əsasən sizə məxsus **********-17001 kodlu təsərrüfat subyektində (obyektində) quraşdırılmış Merkuri 130 F-01 markalı, 00223056 nömrəli nəzarət kassa aparatı qeydiyyatdan çıxarılmışdır.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri lokal gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış məktubda deyilir ki, xx.xx.2021-ci il tarixli ərizənizə əsasən sizə məxsus **********-17001 kodlu təsərrüfat subyektində (obyektində) quraşdırılmış Merkuri 130 F-01 markalı, 00221500 nömrəli nəzarət kassa aparatı qeydiyyatdan çıxarılmışdır.
12. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən Qanuni nümayəndə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 039-75308-3121 nömrəli məktubda qeyd edilmişdir ki, müraciətinizə cavab olaraq bildirilir ki, Cavabdeh MMC-yə məxsus olan Merkuri 130 F-01 markalı, 00221500 zavod nömrəli nəzarət kassa aparatının tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır.
13. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən Qanuni nümayəndə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 039-75309-3121 nömrəli məktubda qeyd edilmişdir ki, müraciətinizə cavab olaraq bildirilir ki, Cavabdeh MMC-yə məxsus olan Merkuri 130 F-01 markalı, 00223056 zavod nömrəli nəzarət kassa aparatının tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır.
14. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, OT-NKA 3593 nömrəli alqı-satqı və xidmət müqaviləsindən görünür ki, istifadəçi qismində Cavabdeh MMC ilə operator qismində "xxxx" MMC olmaqla sözügedən müqavilə bağlanmış və müqaviləyə əsasən operator dövlət reyestrinə daxil edilmiş və tələblərə cavab verən NKA və NMQ-ləri istifadəçinin mülkiyyətinə verməyi, habelə istifadəçinin tapşırığına əsasən NKA və NMQ-lərə xidmət göstərməyi (o cümlədən dövlət reyestrinə daxil edilmiş PT vasitəsilə), istifadəçi isə həm NKA və NMQ-lərin və xidmətin dəyərini ödməyi öhdəsinə götürmüşdür.
15. Cavabdeh tərəfindən məhkəməyə Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, OT-NKA 3593 nömrəli alqı-satqı və xidmət müqaviləsinə 1 saylı, 2 saylı , 3 saylı və 4 saylı əlavələr təqdim etmişdir.
16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nəzarət kassa aparatının **********8 – qeydiyyat vərəqəsində qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş bu qeydiyyat vərəqəsi Cavabdeh VÖEN ********** AZ1021 ünvan 3 ünvanda yerləşən **********-17001 kodu olan OFİS təsərrüfat subyektində quraşdırılmış nəzarət-kassa aparatının qeydiyyatdan keçirildiyini təsdiq edir. NKA-nın markası: TPS575 SmartPOS; Zavod nömrəsi 2001G**********4; NMQ-in zavod nömrəsi: **********39470D37313831; NKA-nın uçota alınma tarixi: xx.xx.2021; Qeydiyyat vərəqəsinin verilmə tarixi xx.xx.2021.
17. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nəzarət kassa aparatının **********7 – qeydiyyat vərəqəsində qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş bu qeydiyyat vərəqəsi Cavabdeh VÖEN ********** AZ1021 ünvan 3 ünvanda yerləşən **********-17001 kodu olan OFİS təsərrüfat subyektində quraşdırılmış nəzarət-kassa aparatının qeydiyyatdan keçirildiyini təsdiq edir. NKA-nın markası: TPS575 SmartPOS; Zavod nömrəsi 2001G**********5; NMQ-in zavod nömrəsi: 0034001A343947A39313831; NKA-nın uçota alınma tarixi: xx.xx.2021; Qeydiyyat vərəqəsinin verilmə tarixi xx.xx.2021.
18. “X1” MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli, 109/23 saylı xəbərdarlıq məktubundan görünür ki, borc məbləğinin 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 780.1.2-ci maddəsinə əsasən tapşırığın icrasının üçüncü şəxslərə verilməsinin şəraitdən irəli gəlməsi halı istisna olmaqla, vəkalət alan tapşırığı şəxsən özü icra etməlidir. 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 783.3-ci maddəsinə əsasən əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. İddiaçı “Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995ci il tarixli 266 saylı Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqında” Əsasnaməyə istinad etmişdir. Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2019-cu il tarixli Qərarı ilə ləğv olunmuşdur. Mübahisəli hüquq münasibətinin yarandığı zaman həmin Əsasnamə qüvvədə olmuşdur. Həmin Əsasnamənin: 9.1-ci bəndinə əsasən NKA-nın istehlakçıları hüquqi və fiziki şəxsdir. O, əhali ilə pul hesablaşmasını Dövlət reyestrinə daxil edilmiş NKA tətbiq etməklə aparır. 9.2-ci bəndinə əsasən NKA-nın istehlakçısı NKA-nın satıcıları ilə alqı-satqı və STXM ilə alınmış NKA-nın servis texniki xidməti və təmiri barəsində müqavilələr bağlayır. 9.3-ci bəndinə əsasən vergi orqanlarında qeydiyyatdan keçmiş və STXM-də servis texniki xidmətə götürülmüş NKA-dan istifadə etmək, texniki xidmət jurnalı və nəzarətkassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabını STXM-dən almaq; NKA-nın istismara hazırlıqla əlaqədar olan işləri yalnız STXM-in nümayəndəsinin iştirakı ilə yerinə yetirmək; STXM və vergi orqanları işçilərinin NKA-ya istismar vaxtı qoyulmuş qaydalara əməl olunması üçün olan göstərişlərini yerinə yetirmək; vergi orqanları və STXM işçilərinin NKA-nın işinə baxışa maneəsiz buraxılışını təmin etmək; STXM işçilərinin tədbirlər planına əsasən NKA-ya servis texniki xidməti göstərmələri üçün şərait yaratmaq; NKA-nın istismarı zamanı, plombun pozulması da daxil olmaqla, istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və STXM-ə təcili məlumat vermək və s. NKA istehlakçısının vəzifələrinə aid edilmişdir. 10.1-ci bəndinə əsasən NKA-nın servis-texniki xidmət mərkəzləri NKA-nın istismara hazırlanması, onların təminatlı və servis texniki xidmət təmiri üzrə fəaliyyət göstərən hüquqi şəxsdir və müvafiq qaydada qeydiyyatdan keçirilir. 10.6-cı bəndinə əsasən servis texniki xidmət mərkəzi: NKA-yı göndərənlər, satıcılar və istehlakçılar ilə öz funksiyalarını müqavilə əsasında yerinə yetirir; əhali ilə nağd pul hesablaşmalarını aparmaq üçün istehlakçıların istifadə etdikləri NKA-nın servis texniki xidməti və təmiri haqqında istehlakçılarla müqavilə bağlayır; NKA-nın istismara verilməsini, o cümlədən onların satış qabağı hazırlanmasına, konservasiyadan çıxarılmasına, nizamlanmasına, sazlanmasına və funksional xarakteristikalarına nəzarətini həyata keçirir; NKA-nın servis texniki xidmətə və təmirə qoyulduqda vergi orqanlarında qeydə alındıqda, uçotdan çıxarıldıqda, istifadə forması dəyişdikdə və digər hallarda NKA-nın sazlığı barədə texniki rəy tərtib edir; NKA-nın istismarı üçün istehlakçı tərəfindən lazımi şəraitin yaradılmasının yerinə yetirilməsini yoxlayır; NKA-nın pasportu və ya formulyarı itdikdə bu sənədlərin dublikatlarını verir. Bu vaxt modelin adının və zavod nömrəsinin dəyişilməsinə icazə verilmir; istehlakçılara NKA-dan istifadəsinə dair məsləhət verir; istehlakçıların istismar zamanı işlədilən materiallarla təminatına köməklik edir; istehlakçının yazılı sifarişinə müvafiq olaraq NKA-nın proqramlaşdırılmasını və yenidən proqramlaşdırılmasını həyata keçirir; qüvvədə olan qaydaya müvafiq olaraq bərpası mümkün olmayan NKA-nın sökülməsini, həmçinin onlardan çıxarılmış hissələrin və blokların utilizasiyasını aparır; NKA-nın istehlakçılarının işçi heyətinə və vergi orqanlarının işçilərinə NKA ilə işləmək qaydalarının öyrədilməsində iştirak edir; NKA-nın servis texniki xidməti və təmiri ilə bağlı sənədlərin uçotu, saxlanılması və silinməsinin aparılmasını təşkil edir, bunların saxlanılması üçün şəxsi məsuliyyət daşıyan şəxslər təyin edir. 10.8-ci bəndinə əsasən STXM-lə müvafiq müqavilə bağlamış istehlakçıların Dövlət reyestrinə daxil edilmiş NKA-ya texniki xidmət göstərmək, servis texniki xidmətindən və təmirdən sonra müəyyən olunmuş qaydada NKA-nı plomblamaq, saz olmayan NKA-ları dəyişdirmək və onları icarəyə vermək üçün ehtiyat NKA-na malik olmaq, NKA-nın uçotunun təşkili üçün onların yenidən istismara verilməsi, həmçinin saz olmayan NKA-nın işlədilməsinin bütün halları (plombların pozulması və təmir üçün NKA-nın istismardan çıxarılması və s.) haqqında vergi orqanlarını xəbərdar etmək, çağırış verildiyi andan şəhər şəraitində 36 saatdan və kənd yerləri şəraitində 72 saatdan çox olmayan vaxt ərzində NKA-nın təmirini təmin etmək, NKA-nın pasportuna (formulyarına) NKA-nın istismara verilməsi, servis texniki xidməti göstərilməsi və təmirin aparılması, habelə aparata elektron məsafədən ötürmə qurğusunun və ya elektron nəzarət lentinin quraşdırılması, aktivləşdirilməsi və yaxud yaddaşı dolmuş, istismar müddəti başa çatmış və ya nasaz hala düşmüş qurğunun və ya elektron nəzarət lentinin dəyişdirilməsi barədə məlumatları daxil etmək, NKA istismara verilən zaman NKA istehlakçılarını STXM-in səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalı və NKA işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək. NKA-nın istehlakçılarında saxlanılan NKA-nın texniki xidmət jurnalında işlərin görülməsini qeydiyyata almaq, NKA istismara verildikdə, həmçinin servis texniki xidməti və təmir aparılana qədər və ondan sonra sahələrarası ekspert komissiyası tərəfindən müəyyənləşdirilmiş cədvəllərdə STXM-in nümayəndəsinin imzası və ştampı ilə təsdiq olunmaq şərti ilə fiskal yaddaşın vəziyyətini qeydə almaq, elektron məsafədən ötürmə qurğularını və ya elektron nəzarət lentini NKA-da quraşdırmaq, sazlayıb işə salmaq, tələb olunan hallarda dəyişdirmək və s. servis texniki xidmət mərkəzinin vəzifələrinə aid edilmişdir. 10.9-cu bəndinə əsasən malgöndərənlə NKA-nın servis texniki xidməti və təmiri haqqında müqavilələr bağlamaq, Bu Əsasnamənin 8-ci bölməsi ilə müəyyənləşdirilmiş tələblərə riayət etmək şərti ilə NKA-nın satıcısı funksiyasını yerinə yetirmək, NKA vergi orqanlarında qeydiyyata alınandan sonra onları istehlakçılara ıcarəyə vermək, NKA istismarı məsələlərinə dair istehlakçılardan arayış və izahat almaq, NKA istismarı qaydalarını pozduqlarını, bu pozuntuların aradan qaldırılması üzrə tədbirləri göstərməklə, istehlakçılara xəbərdarlıq etmək servis texniki xidmət mərkəzinin hüquqlarına aid edilmişdir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
23. İşin faktiki hallarından göründüyü kimi, “X1” MMC (Servis Texniki Xidmət Mərkəzinin (STXM) direktoru təmsilində) ilə istehlakçı Cavabdeh MMC arasında servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2018-ci il tarixli, 046800 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən istehlakçı Merkuri 130 F-01 tipli, 00223056, 00221500 zavod nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. STXM tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKA-nın fasiləsiz işləməsinə imkan yaratmalı idi. Müqavilədə nəzərdə tutulmuşdur ki, istehlakçının, STXM-nin hüquq və məsuliyyətləri Nazirlər Kabinetinin müqavilə bağlanan zaman qüvvədə olan 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10-cu bəndləri ilə tənzimlənir (həmin qərarın müvafiq bəndlərinin məzmunu yuxarıda göstərilmişdir). Müqaviləyə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı olan cavabdeh tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsaitin ödənilməsi öhdəliyi, həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyərinin isə STXM tərəfindən qarşılanması öhdəliyi müqavilədə ğz əksini tapmışdır. Qeyd olunan müqavilənin bağlanmalı olması Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarında nəzərdə tutulmuşdu. Belə ki, göründüyü kimi, Qərarın 10.9.1-ci bəndinə əsasən vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır.
24. Müəyyən olunur ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, cavabdeh nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür.
25. İşin faktiki hallarından göründüyü kimi, Merkuri 130 F-01 tipli, 00223056, 00221500 nömrəli nəzarət kassa aparatları qeydiyyata alınaraq istifadəsinə icazə verilmiş və Cavabdeh MMC-yə məxsus **********-17001 kodlu təsərrüfat subyektində (obyektində) quraşdırılaraq istifadə olunmuşdur. Cavabdehin ərizəsi əsasında ona məxsus təsərrüfat subyektində (obyektində) quraşdırılmış həmin nəzarət kassa aparatı vergi uçotundan çıxarılmışdır. Həmin müddətə qədər aparatlarla bağlı hər hansı problemin olması, işləməməsi, ona texniki xidmətin göstərilməməsi, iddiaçı tərəfindən öhdəliyin yerinə yetirilməməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
26. Ona görə məhkəmə belə qənaətə gəlir ki, NKA qeydiyyatdan çıxarılana qədər iddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilmiş, iddiaçı həyata keçirilməsini öhdəsinə götürdüyü tapşırığı icra etmişdir.
27. Eyni zamanda müqavilədə istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulmuş, yəni vəkalət alana ödənilməli olan muzdun məbləği şərtləşdirilmişdir.
28. Cavabdeh MMC müqavilə üzrə öhdəliyini xx.xx.2021-ci ilədək yerinə yetirmiş, ödənişlər etmiş, xx.xx.2021-ci ildən etibarən isə öhdəliyini icra etməmişdir.
29. Məhkəmə hesab edir ki, cavabdehdən 6+6 ay üçün abunə borcunu təşkil edən 72 manat məbləğində pulun tutulması hissəsində iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır.
30. Belə ki, iddiaçı Cavabdeh MMC tərəfindən 2021-ci il üzrə hər biri 6 ay (2021-ci ilin fevral-iyul ayları üzrə) olmaqla, 2 (iki) nəzarət kassa aparatı üçün ümumilikdə xidmət pulunun ödənilmədiyini iddia edərək, cavabdehdən həmin aylar üzrə abunə borcunu təşkil edən 72 manat (12 ay x 6 manat=204 manat) məbləğində pulun tutulmasını xahiş etmişdir.
31. İşin faktiki hallarından göründüyü kimi, nəzarət kassa aparatı 2021-ci ildə vergi uçotundan çıxarılmışdır. Ona görə də nəzarət kassa aparatının qeydiyyatdan çıxarıldığı dövrə qədər olan abunə borcu hesablanaraq cavabdehdən tutula bilər. İddiaçı 2 kassa aparatı üçün 6 ay üzrə abunə borcunu təşkil edən 72 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etsə də, məhkəmənin qənaətinə əsasən 2 (iki) nəzarət kassa aparatı üçün hər biri üzrə 4 ay (mart-iyun) olmaqla, abunə borcu hesablanaraq, cəmi 48 manat ((4x6=24) + (4x6=24)=48) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, göründüyü kimi, cavabdeh xx.xx.2021-ci il tarixdə ərizə ilə vergi orqanına müraciət edərək, ona məxsus **********-17001 kodlu təsərrüfat subyektində (obyektində) quraşdırılmış nəzarət kassa aparatlarının qeydiyyatdan çıxarılmasını xahiş etmiş, ondan sonra aparatlar qeydiyyatdan çıxarılmışdır. Ona görə də iddiaçı həmin vaxtadək abunə borcunun ödənilməsini tələb etməkdə haqlıdır.
32. Eləcə də, iddiaçı mediasiya xərclərinə görə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
33. Müəyyən olunur ki, iddiaçı tərəfindən mediasiya prosesi zamanı 20 manat İMS və 10 manat poçt kargüzarlıq xərci ödənilmişdir.
34. Məhkəmə hesab edir ki, təmin edilmiş tələbə uyğun həmin xərclərin 20 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə özünə aid edilməlidir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 48 (qırx səkkiz) manat abunə borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat olmaqla, cəmi 68 (altmış səkkiz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova