Məhkəmə qərarları › İş №e-2-2(113)-1457/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1457/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1457/2024 16.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı “İddiaçı SA” şirkətinin cavabdehlər Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddiaçıya məxsus xammal və hazır məhsulların verilməsi və pul tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər “İddiaçı SA” şirkəti və Cavabdeh3nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Mərkəzi Bankı) müqavilənin etibarsız hesab edilməsi, iddiaçıya məxsus ərazidən Cavabdeh3 MMC-yə məxsus kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozunun (okalina) cavabdehin öz vəsaiti hesabına çıxarılması, iddiaçıya vurulmuş zərərin və saxlanma xərclərinin Cavabdeh3 MMC-dən tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəlikləri, pul tələbi, müqavilənin etibarsız hesab edilməsi, zərərin ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “İddiaçı SA” şirkətinin nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İlk iddia üzrə iddiaçı “İddiaçı SA” şirkətinin cavabdehlər Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddiaçıya məxsus xammal və hazır məhsulların verilməsi və pul tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər “İddiaçı SA” şirkəti və Cavabdeh3nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Mərkəzi Bankı) müqavilənin etibarsız hesab edilməsi, iddiaçıya məxsus ərazidən Cavabdeh3 MMC-yə məxsus kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozunun (okalina) cavabdehin öz vəsaiti hesabına çıxarılması, iddiaçıya vurulmuş zərərin və saxlanma xərclərinin Cavabdeh3 MMC-dən tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı “İddiaçı SA” şirkəti cavabdehlər Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti (Cavabdeh2 QSC) və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X15 X13 MMC-nin zavodunda saxlanılan və iddiaçıya məxsus olan (kvars (pervouralskiy). ton, kvars eksperiment (kurminskiy).ton, kömür KT. ton, daş kömür СДС.ton, kömür KT+SDS (toz).ton, okalina.ton, kömür evraz.ton, əhəng daşı.ton, elektrod pastası.ton, madqan pastası.ton) və tələb hüququnun güzəştinə dair 12 yanvar 2023-cü il tarixli müqaviləyə uyğun olaraq cəmi 860420,69 manatın ABŞ dolları kimi iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı şirkəti ilə cavabdeh X15 X13 MMC arasında BNF-Sİ-1, BNF-Sİ-2, BNF-İMP-5, BNFİMP-6, BNF-İMP-7 nömrəli müqavilələr və bu müqavilələrin bir hissəsi kimi əlavələr imzalanmışdır. İddiaçı “İddiaçı SA” şirkəti və Azərbaycan Respublikasında hüquqi şəxs kimi qeydə alınmış və Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkı MMC, Kimyaçılar 1 ünvanında yerləşən və sənaye məhsulları istehsal edən Cavabdeh3 MMC arasında 15 oktyabr 2018-ci il tarixli müqavilə No: BNF-Sİ-1, 15 yanvar 2019-cu il tarixli müqavilə No: BNF-Sİ-2, 25 aprel 2019-cu il tarixli müqavilə No: BNFİMP-5 tarixlərində istehsalat üçün gərəkən xam malların (o cümlədən: kvartsit, kömür, semikoks, koks, elektrod pastası) çatdırılması üçün və 29 noyabr 2022-ci il tarixli müqavilə No: BNF-İMP-6, 16 fevral 2023-cü il tarixli müqavilə No: BNF-İMP-7 hazır istehsal olunmuş materialar (FeSi 70% 10-50 mm və FeSi 65% 10-50 mm) alışı üçün müqavilələr, müqavilələrin ayrılmaz hissəsi olan əlavələr, üzləşmə aktları və s. tərəflər arasında imzalanmışdı. İsveçrə Konfederasiyasının Сenevrə şəhərində Rue de Hesse 12, 1204 ünvanında qeydə alınmış və fəaliyyət göstərən “İddiaçı SA” şirkəti ilə Cavabdeh3 (xxx) arasında bağlanmış müqavilələr üzrə sonuncunun təmsil etdiyi şirkət qarşısında maliyyə borcu, təhvil verəcəyi hazır material və xammal materialları borcları qalmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən xüsusi müsadirə tətbiq edildiyinə görə, öhdəliyin icrasının mümkün olmadığı bildirilmişdir. 20 iyul 2023-cü il tarixdə Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkı MMC, Kimyaçılar 1 ünvanında yerləşən Cavabdeh3 mülkiyyətində olan istehsalat kompleksi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Sumqayıt İcra Şöbəsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən qanunsuz olaraq zəbt edilmiş, bütün işçilər oradan çıxarılmışdır. Məhkəmənin hökmünə əsasən müsadirə olunmayan Cavabdeh3 MMC-yə məxsus əmlakların da çıxarılmasına imkan verilməmişdir. 12 yanvar 2023-cü il tarixində xxx ilə “İddiaçı SA” şirkəti arasında bağlanmış tələbin güzəşt edilməsinə dair müqaviləyə əsasən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin "xxxx" MMC şirkətinin qarşısında 860420,69 manat məbləğində olan borcunun tələb hüququ təmsil etdiyi şirkətə güzəşt edilmişdir. Bununla bağlı "xxxx" MMC tərəfindən Cavabdeh2 ASC-yə müvafiq məktub göndərilmişdir. Cavabdeh3 “İddiaçı SA” şirkətinə verdiyi cavablarda 20 iyul 2023-cü il tarixində Sumqayıt şəhəri Kimya Sənaye Parkı, Kimyaçılar 1 ünvanından yerləşən "xxxx" şirkətni ərazidən zorla çıxarıldığından sonra onların “İddiaçı SA” şirkətinə təhvil verilməli olduğu xammallar ərazidə qalmışdır. Hal-hazırda Sumqayıt şəhəri Kimya Sənaye Parkı, Kimyaçılar 1 ünvanında "xxxx" MMCnə məxsus olan anbarda, 583116.24 AZN dəyərində köməkçi materiallar bu günədək yerləşməkdədir. Bu köməkçi materiallar "xxxx" MMC tərəfindən “İddiaçı SA” şirkəti qarşısında yaranmış borcun bağlanması məqsədi ilə sonuncuya verilib. “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkə olaraq Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əlaqələrinin hüquqi çərçivəsində “İddiaçı SA” dəfələrlə pretenziya göndərərək, həmin alınmış məhsulunu tələb etsə də, məhkəmədən kənar həllinə nail ola bilməmişdir. Bütün ödənişləri 100% qabaqcadan etmişdir və bu malın “İddiaçı SA” şirkəti qarşısında üzərinə götürmüş çatdırılma öhdəliklərinin müddəti arasında imzalanmış müqavilələr əsasında ötürülmüş və nəticədə sanksiyalar tətbiq edilmişdir. Bu səbəbdən “İddiaçı SA” 100% İsveçrə vergi ödəyicisi olaraq ciddi problemlərlə üzləşir və İsveçrə Konfederasiyasından maliyyə vəsaitlərini çıxarmış hesab edilir. Hazırda Cavabdeh3 MMC-nin verdiyi məlumatlara əsasən 20 iyul 2023-cü il tarixdə şirkətin ərazidən zorla çıxarıldıqdan sonra həmin əmlak üzrə sərəncam vermək hüququnu itirdiyini bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən xüsusi müsadirə tətbiq edildiyinə görə, öhdəliyin icrasının mümkün olmadığı bildirilmişdir.

3. İlkin iddia tələbinin maddi hüquqi əsası kimi “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Sazişə, Azərbaycan Respublikasının Konstitusiyasının 29, 68-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096, 1097-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra “İddiaçı SA” şirkətinin nümayəndəsi və vəkili Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia ərizəsinə əlavə” barədə ərizə verərək, tələb hüququnun güzəştinə dair 12 yanvar 2023-cü il tarixli müqaviləyə uyğun olaraq Cavabdeh2 QSC-dən cəmi 860420,69 manatın və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması və tutulan (qətnamə icra olunan) gündə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq həmin pul məbləğinin manatın ABŞ dollarına konvertasiya edilərək iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Eyni zamanda Cavabdeh2 QSC cavabdehlər “İddiaçı SA” şirkəti və "X15 X13" MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Mərkəzi Bankı) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "İddiaçı SA” şirkəti ilə "X15 X13" MMC arasında imzalanan 12 yanvar 2024-cü il tarixli xxx-STİ-001.12012024 saylı tələbin güzəşt olunmasına dair müqavilənin ("X15 X13" MMC ilə "X14" QSC arasında imzalanmış 06 oktyabr 2022-ci il tarixli BNF-xxxx-3 saylı alqı-satqı müqaviləsi ilə bağlı 860420,69 manat hissədə) 2-ci və 3-cü bəndlərinin etibarsız hesab edilməsi "X14" QSC-nin Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən əmlak kompleksinin ərazisində, sexin axrasındakı ərazidə olan "X15 X13" MMC-yə məxsus kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozunun (okalina) "X15 X13" MMC tərəfindən və onun öz vəsaiti hesabına çıxarılması, "X14" QSC-yə vurulmuş 25000 (iyirmi beş min) manat dəyərində xərclərin (zərərin), habelə həmin malların ərazidən tam aparılması gününədək olan müddətə aylıq 2000 (bir min) manat hesablamaqla saxlanma xərcinin "X15 X13" MMC-dən tutularaq "X14" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbinin bir hissəsinin yaranmasının əsası kimi, onunla 2-ci cavabdeh "X15 X13" MMC (bundan sonra "xxxx") arasında imzalanan 12 yanvar 2024-cü il tarixli xxx-STİ-001.12012024 saylı, xxxxnin xxx-yə olan borcu üzrə tələbin güzəşt olunmasına dair müqaviləni göstərir və xxx ilə xxxx arasında imzalanmış 06 oktyabr 2022-ci il tarixli BNF-xxxx-3 saylı alqı-satqı müqaviləsini iddia ərizəsinə əlavə edir. Lakin xxx həmin, xxxx ilə onun arasında imzalanmış 06 oktyabr 2022-ci il tarixli BNF-xxxx-3 saylı alqı-satqı müqaviləsi üzrə tələbini (hüququnu) güzəşt edərkən bir sıra pozuntulara yol vermişdir. Birinici pozuntu - tələbin güzəşti ilə bağlı tərəflər arasında buna dair başqa razılaşmanın olmasıdır. Belə ki, həmin alqı-satqı müqaviləsinin 9.6-cı bəndinə əsasən "Hər hansı tərəf müqavilə üzrə öz hüquq və öhdəliklərini digər tərəfin yazılı razılığı olmadığı təqdirdə, üçüncü şəxslərə həvalə edə bilməz”. Göründüyü kimi, xxx tərəfindən öz hüququnu güzəşt etməsi üçün ilk öncə xxxxnin yazılı razılığını almalı idi. Lakin bu edilməmişdir və xxxx-nin bu tələbin güzəştindən ümumiyyətlə məlumatı olmamışdır. İkinci pozuntu - güzəşt olunan tələbin (hüququn) tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin mahiyyətinə zidd olmasıdır. Belə ki, xxx ƏDV ödəyicisi olduğndan həmin alqı-satqı Müqaviləsi (həmçinin onun 5 saylı qiymət razılaşma protokolu) üzrə malların satışı həyata keçirilərkən xxxx- yə göndərilən elektron qaimələr ƏDV məbləğləri ilə göndərilmişdir. Həmin elektron qaimədə göstərilən məbləğlərin bir hissəsi əsas məbləğ olaraq xxx-nin bank hesabına, ƏDV-si isə xxx-nin ƏDV depozit hesabına ödənilməlidir. Qanunvericiliyin tələbinə görə xxxx tərəfindən ödəniləcək ƏDV məbləği onun tərəfindən əvəzləşdirilməsi üçün tələb olunan əsas məbləğ xxx-nin öz hesabına ödənilməlidir. Lakin xxx həmin alqı-satqı müqaviləsi üzrə vəsaiti almaq tələbini (hüququnu) güzəşt etdiyindən ödəniləcək vəsait İddiaçı-in hesabına ödəniləcəkdir. Nəticədə xxxx-nin ödəyəcəyi ƏDV məbləğini əvəzləşdirmək hüququndan məhrum edərək ziyana salır. Göstərilənlərdən əlavə olaraq, dövlət büdcəsinə çatacaq ƏDV-nin xxx tərəfindən aidiyyəti şəxsinə - İddiaçı-ə güzəşt edilməsi, bu məbləğin məhkəmə qətnaməsi əsasında İddiaçı vasitəsi ilə Azrəbaycan Respublikasından İsveçrəyə çıxarılması cəhdi qanuna, Vergi Məcəlləsinə birbaşa ziddir. xxx tərəfindən bu şəkildə tələbin, o cümlədən dövlət büdcəsinə ödənilməli ƏDV daxil tələbin güzəşt etməsi birbaşa olaraq imzalanmış alqı-satqı müqaviləsinin mahiyyətinə və qanunvericiliyə ziddir və xxxx-nin külli miqdarda ziyana (zərərə) salır. Bundan başqa İddiaçı iddiasında vaxtilə xxx-yə məxsus olan müxtəlif adda məhsulların xxxx tərəfindən İddiaçı şirkətinə verilməsini tələb edir. İddiaçı bu tələbini onunla əsaslandırır ki, hazırda xxx-nin verdiyi məlumatlara əsasən 20 iyul 2023-cü il tarixdə şirkətin ərazidən zorla çıxarıldıqdan sonra həmin əmlak üzrə sərəncam vermək hüququnü itirmişdir və ona görə də iddia ərizəsində sadalanan məhsulların ona verilməsini tələb edir. Halbuki, İddiaçı-in məhkəməyə təqdim etdiyi xxxxnin 06 noyabr və 13 dekabr 2023-cü il tarixli məktublarından da göründüyü kimi, hər dəfə qarşılıqlı iddia üzrə iddiaçı xxxx qarşılıqlı iddia üzrə 2-ci cavabdeh xxx-dən kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozu (okalina) mallarının çıxarılmasını tələb etmişdir. Bu məktublardan başqa, xxxx tərəfindən sonuncu dəfə yenidən 16 fevral 2024-cü il tarixli, xxxx-X-24-0126/001 saylı məktub göndərilmişdir. xxxx bütün məktublarında xxx-dən ona məxsus olan malların ərazidən çıxarılmasını xahiş və tələb etmişdir. Lakin xxx-nin həmin xammal və hazır məhsulların ərazidən çıxarmaq niyyəti olmamışdır. Əks halda, xxx 06 noyabr 2023-cü il tarixində məktubu aldıqdan dərhal sonra öz nümayəndələrini göndərər və gecikmədən xammal və hazır məhsullarını çıxarardı. Lakin ilk məktubdan 5 ay vaxt keçməsinə baxmayaraq, bunlar edilmir, mallar xxxx-nin ərazisindən çıxarılmır. Əvvəllər malların çıxarılması üçün müvafiq ərazilərinin olmaması əsas gətirilirdisə, hazırda buna əlavə olaraq, heç bir vergi rəsmiləşdirməsi olmadan İddiaçı-ə təqdim etdiyi malları xxx məhkəmə qərarı əsasında xxxx tərəfindən İddiaçı-ə verilməsi niyyətindədir. Halbuki, xxxyə məxsus olan xammal və hazır məhsulların ərazidə saxlanması, habelə ərazidə yerinin dəyişdirilməsi xxxx üçün əlavə xərclərə (zərərə) səbəb olur. Belə ki, malların saxlanması, mühafizə xərcləri ayda 2 (iki) min manat təşkil edir. Bundan əlavə olaraq, öz gətirilən mallarının yerləşdirilməsi üçün xxx-nin ərazidən çıxarmaq istəmədiyi mallarını xxxx ərazisinin başqa hissəsinə daşımağa məcbur olmuşdur ki, buna da 15000 manat xərci çıxmışdır. Yuxarıda göstərilənlərdən əlavə olaraq, məhkəməyə təqdim edilən "tələbin güzəşti müqaviləsi, habelə malların xxx tərəfindən könüllü aparılmasından imtina ilə bir-biri ilə əlaqəli olan bu iki hüquqi şəxsin xxx barəsində olan məhkəmə qərarlarının, müvəqqəti təminat tədbirləri haqqında qərardadların icrasından, vergi borclarının ödənilməsindən yayınmaq, əlavə olaraq, özünə aid olan malların təqdim edilməsini, habelə respublikadan çıxarılmasını məhkəmə qərarı ilə xxxx-nin vasitəsi ilə rəsmiləşdirmək niyyətidir. Belə ki, xxx malların təqdim edilməsini məhkəmə qərarı ilə xxxx vasitəsi ilə həyata keçirməklə vergidən yayınmaq (artıq mallar təqdim edilmişdir), habelə malların dolayı yolla təqdimi ilə nəticələnir. Halbuki, göründüyü kimi, artıq mallar təqdim edilmişdir, artıq İddiaçı-lǝxxx arasında münasibətlər barter münasibətlərinə keçmişdir. Yəni haqqını əvvəllər almış məbləğ əvəzinə 12 yanvar 2024-cü il tarixindəxxx Azərbaycan Respublikası ərazisində mallar təqdim etmişdir. xxx-nin Sənaye Parkı Rezidentliyinə xitam verilmişdir. Hazırda xxx tərəfindən istənilən malların təqdim edilməsi nəinki ƏDV, həm də xxx uçun mənfəət vergisi öhdəliyi yaradır. Beləliklə,xxx tərəfindən Azərbaycan Respublikası ərazisində mallar təqdim edilmiş, lakin bunun nə vergi, nə də gömrük rəsmiləşdirilməsi aparılmamışdır. Bütün bu rəsmiləşdirilmələri hazırkı iş üzrə məhkəmə qərarı ilə xxxx vasitəsi ilə etməyə cəhd edilir. Göstərilənlərdən əlavə olaraq, xarici şəxs tərəfindən göndərilmiş malların pulunun bank hesablarında həbs olan idxalçı xxx deyil, hazırkı iş üzrə çıxarılacaq məhkəmə qərarı əsasında İsveçrəyə Azərbaycan Respublikasının başqa rezidenti xxxx vasitəsi ilə ödətdirilməsi cəhdi valyuta rejiminin pozuntusu deməkdir. İddia ərizəsində guya Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmünə əsasən qanunsuz olaraq xxx-nin mülkiyyətinə xüsusi müsadirə tətbiq edildiyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Sumqayıt İcra Şöbəsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən xxx-nin Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən əmlakının zəbt edildiyi və bu səbəbdən öhdəliyin icrasının mümkün olmadığı bildirilmiş, tələbin güzəştinin səbəbinin bu olduğu göstərilmişdir. İlk olaraq qeyd etmək lazımdır ki, həmin hökmdə hazırda ilk iddia üzrə iddiaçı olan hüquqi şəxs – “İddiaçı SA” şirkəti haqqında qeyd edilir ki, X7 müəssisənin (xxxx-nin) baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar istifadə edərək, onun tərəfindən müəssisənin aidiyyəti vəzifəli şəxslərinə verilən tapşırıqlarına əsasən 01 yanvar 2011-ci ildən 28 yanvar 2021-ci ilədək olan müddət ərzində “X14" MMC-dən həmin müəssisəyə məxsus olan pul vəsaitlərini talamaq məqsədilə özü və ona yaxın digər şəxslər tərəfindən xarici ölkələrin azad iqtisadi zonalarında təsis edilən "TERA General Trading" Ltd, "Cermington Enterprises" Ltd BVİ, "Baumant Sales" LLP, "İddiaçı SA" və "Azerpayp" şirkətlərinə eyni malların həmin vaxt digər hüquqi və fiziki şəxslərə təqdim olunma qiymətlərindən aşağı qiymətlə satışını həyata keçirmiş və bu qiymət fərqlərindən yaranan "X14" MMC-nin əldə etməli olduğu vəsaitin xüsusilə külli miqdar hesab edilən 34942590,62 manat (otuz dörd milyon doqquz yüz qırx iki min beş yüz doxsan manat, altmış iki qəpik) məbləğində hissəsini öz qulluq mövqeyindən istifadə etməklə təkrarən mənimsəmə və israf etmə yolu ilə talamış, bununla da onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Həmin hökmdən göründüyü kimi, ünvan 3 ünvanında yerləşən "X15 X13" MMCnin avadanlıqları ilə birlikdə əmlak kompleksinə xüsusi müsadirə tətbiq edilmiş və Azərbaycan Respublikasının dövlət nəfinə alınması, həmin əmlak kompleksinə daxil olan avadanlıqlar əmlak kompleksinin hissəsi kimi satıldıqda, satışdan əldə olunan ümumi vəsaitin avadanlıqların dəyərinə düşən vəsaitdən, avadanlıqlar əmlak kompleksindən ayrılaraq satıldıqda isə avadanlıqların satışından əldə olunan vəsaitdən "xxxx" ASC-nin girov saxlayan kimi girov qoyulmuş əmlakların dəyərindən öz tələbinin üstün ödənilməsi hüququnun nəzərə alınması qərarı verilmişdir. Beləliklə, əmlak kompleksi əvvəllər Cavabdeh3 MMC-yə məxsus olmuşdur, lakin sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmü ilə dövlətin xeyrinə xüsusi müsadirə edilmişdir. Qeyd edilən hökmdən Cavabdeh3 MMC apellyasiya və kassasiya şikayətləri vermiş, şikayətləri təmin edilməmişdir, hökm qüvvəsində qalmışdır. Qeyd edilən məhkəmə qərarlarında həm ilk iddia üzrə iddiaçı "İddiaçı SA" şirkətinə, həm də qarşılıqlı iddia üzrə cavabdeh xxx-yə dair hallar müəyyən edilmişdir. Eyni zamanda bu şirkətlər aidiyyəti olan hüquqi şəxslərdir və yuxarıda göstərilənlərdən də sübut olunur ki, tələbin güzəştinin səbəbi onların göstərdiyi kimi "qanunsuz məhkəmə qərarı" və ya onların əmlakının "qanunsuz zəbt olunması” deyil, onlar tərəfindən valyuta məsrəflərinin qanunsuz olaraq xaricə çıxarılması, habelə vergi ödəməkdən yayınmaq cəhdidir.

7. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 337.1, 337.2, 337.4, 337.5, 339.1, 339.5, 339.6-cı maddələrinə istinad olunmuşdur.

8. Daha sonra Cavabdeh2 QSC-nin nümayəndəsi və vəkili Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “qarşılılqlı iddia ərizəsinə əlavə” barədə ərizə verərək, “İddiaçı SA” şirkəti ilə Cavabdeh3 MMC arasında imzalanan 12 yanvar 2024-cü il tarixli xxx-STİ-001.12012024 saylı tələbin güzəşt olunmasına dair müqavilənin tam etibarsız hesab edilməsi, Cavabdeh2 QSC-nin Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən əmlak kompleksinin ərazisində, sexin axrasındakı ərazidə olan Cavabdeh3 MMC-yə məxsus kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozunun (okalina) Cavabdeh3 MMC tərəfindən və onun öz vəsaiti hesabına çıxarılması, Cavabdeh2 QSC-yə vurulmuş 25000 (iyirmi beş min) manat dəyərində xərclərin (zərərin), habelə həmin mallar ərazidən tam aparılması gününədək olan müddətə aylıq 2000 (bir min) manat hesablamaqla saxlanma xərcinin Cavabdeh3 MMC-dən tutularaq Cavabdeh2 QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia üzrə Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

10. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin, qaşılıqlı iddianın isə əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd, qaşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, ilkin iddia əsassız oduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, alıcı qismində "X14” QSC ilə satıcı qismində Cavabdeh3 MMC arasında xx.xx.2022-ci il tarixli, BNF-xxxx-3 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini satıcının təsviri, çeşidi, ölçü vahidi, miqdarı, dəyəri, təhvil verilmə müddəti və çatdırılma qaydası hər yeni sifarişdən qabaq tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr - razılaşma protokolları ilə müəyyən olunan malları müqavilə ilə razılaşdırılmış şərtlərlə alıcıya satması,alıcının isə həmin malları qəbul edib qarşılığında müqavilə ilə razılaşdırılmış pul məbləğini satıcıya ödəməsi təşkil edir. Müqavilənin 2.1-ci bəndinə əsasən malların dəyəri və ödəniş şərtləri protokolda göstərilir. Müqavilənin 9.6-cı bəndinə əsasən hər hansı tərəf müqavilə üzrə öz hüquq və öhdəliklərini digər tərəfin yazılı razılığı olmadığı təqdirdə, üçüncü şəxslərə həvalə edə bilməz.

14. xx.xx.2022-ci il tarixli, BNF-xxxx-3 saylı alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolundan görünür ki, protokolda qeyd olunan malların dəyərinin yekun məbləği ƏDV daxil olmaqla 1636149,06 manat təşkil edir.

15. Alıcı qismində “İddiaçı SA” şirkəti ilə satıcı qismində Cavabdeh3 MMC arasında 29 noyabr 2022-ci il il tarixli, BNF-İMP-6 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilədə, ona əlavələr və onun tərkib hissəsi olan əlavə müqavilələrdə nəzərdə tutulmuş şərt və müddəalar üzrə fiziki əlvan metalları, habelə istehsalla bağlı tullantı məhsulları və ya istehsalı və ya xaric edilmə ilə bağlı hər hansı digər məhsulları alıcıya satmağı, alıcı isə almağı öhdəsinə götürür.

16. “İddiaçı SA” şirkəti ilə Cavabdeh3 MMC arasında xx.xx.2022-ci il tarixli BNF-İMP- 6 nömrəli müqaviləyə 1 saylı əlavə razılaşma imzalanmışdır. Razılaşmanın 1-ci bəndinə əsasən tərəflər bəyan edir və təsdiq edirlər ki, satıcının alıcının xeyrinə 225405,60 ABŞ dolları və 217106,77 avro məbləğində 28 sentyabr 2022-ci il tarixli son yoxlama aktı ilə (bu müqaviləyə əlavə edilmiş) əsaslandırılmış və təsdiqlənmiş borcu var. Razılaşmanın 2-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddətdə satıcı alıcıya 10-50 mm ölçüdə 70% dərəcəli və ya 10-50 mm ölçüdə 65% dərəcəli ferrosilisium (bundan sonra “mal” adlandırılacaq) satmağı öhdəsinə götürür. Malların miqdarı, çatdırılma əsasları, müddəti, qiyməti və ödənilmə qaydası bu müqavilənin ayrılmaz hissəsi olan əlavə və ya spesifikasiyada tərəflər arasında yazılı şəkildə razılaşdırılır. Alıcı malları qəbul etməyi və onlar üçün spesifikasiyada göstərilən qiyməti ödəməyi öhdəsinə götürür.

17. Alıcı qismində “İddiaçı SA” şirkəti ilə satıcı qismində Cavabdeh3 MMC arasında 16 fevral 2023-cü il il tarixli, BNF-İMP-7 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilədə, ona əlavələr və onun tərkib hissəsi olan əlavə müqavilələrdə nəzərdə tutulmuş şərt və müddəalar üzrə fiziki əlvan metalları, habelə istehsalla bağlı tullantı məhsulları və ya istehsalı və ya xaric edilmə ilə bağlı hər hansı digər məhsulları alıcıya satmağı, alıcı isə almağı öhdəsinə götürür.

18. “İddiaçı SA” şirkəti ilə Cavabdeh3 MMC arasında xx.xx.2023-cü il tarixli BNF- İMP-6 və BNF-İMP-7 nömrəli müqaviləyə 2 saylı əlavə razılaşma imzalanmışdır. Razılaşmanın 1-ci bəndinə əsasən tərəflər bəyan edir və təsdiq edirlər ki, satıcının alıcının xeyrinə 225405,60 ABŞ dolları və 217106,77 avro məbləğində 14 fevral 2023-cü il tarixli son yoxlama aktı ilə əsaslandırılmış və təsdiqlənmiş borcu var. Tərəflər bəyan edir və təsdiq edirlər ki, satıcının alıcının xeyrinə 400000 ABŞ dolları məbləğində 14 fevral 2023cü il tarixli son yoxlama aktı ilə əsaslandırılmış və təsdiqlənmiş borcu var. Tərəflər bəyan edir və təsdiq edirlər ki, satıcının alıcının xeyrinə 700000 ABŞ dolları məbləğində 14 fevral 2023-cü il tarixli son yoxlama aktı ilə əsaslandırılmış və təsdiqlənmiş borcu var. xxx MMCnin “İddiaçı” Şirkətinin xeyrinə ümumi borcu 1325405,60 ABŞ dolları və 217106,77 avro təşkil edir. Razılaşmanın 2-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddəti ərzində satıcı 2019-cu ildən vaxtı keçmiş 225405,60 ABŞ dolları və 217106,77 avro məbləğində köhnə borcunu birbaşa bank köçürməsi yolu ilə qaytarmağı öhdəsinə götürür. Satıcı həmçinin BNF-İMP-6 nömrəli müqaviləyə, əlavə 1/PSTİ2022 nömrəli hesabfakturaya uyğun olaraq, alıcı tərəfindən satıcıya artıq ödənilmiş 400000 ABŞ dolları məbləğində 10-50 mm ölçüdə 70% dərəcəli ferrosilisiumu alıcıya satmağı öhdəsinə götürür. Bundan əlavə, bu müqaviləyə əsasən (BNFİMP-7 nömrəli müqavilə/2 saylı əlavə razılaşma), satıcı bu müqavilənin imzalandığı tarixdən etibarən 6 ay ərzində bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 16 fevral 2023-cü il tarixli əlavə-2-yə uyğun olaraq satıcının alıcıdan 100% avans ödənişi aldığı 700000 ABŞ dolları məbləğində 10-50 mm ölçüdə 70% dərəcəli ferrosilisiumu alıcıya satmağı öhdəsinə götürür. Malların miqdarı, çatdırılma əsasları, müddəti, qiyməti və ödənilmə qaydası bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 2 saylı əlavədə tərəflər arasında yazılı şəkildə razılaşdırılır.

19. “İddiaçı SA” şirkəti xx.xx.2023-cü il tarixli məktubla Cavabdeh3 MMC-yə müraciət edərək ödənilməmiş 1325405,60 ABŞ dolları və 217106,77 avro məbləğin ödənilməsini tələb etmişdir.

20. “X6” publik hüquqi şəxsinin Xüsusi müsadirə edilmiş əmlakın satışı üzrə hərrac komissiyasının xx.xx.2023-cü il tarixli, 11/01 nömrəli protokolundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən ünvan 4 ünvanında yerləşən əmlak kompleksi (avadanlıqları ilə birlikdə) əmlakın satış qiyməti 23301000 (iyirmi üç milyon üç yüz bir min) manat olmaqla "X14” QSC-yə satılmışdır.

21. Cavabdeh3 MMC və “İddiaçı SA” şirkəti arasında xx.xx.2024-cü il tarixdə xxx- STİ-001.12012024 nömrəli tələbin güzəşt olunmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən bu müqavilə 29 noyabr 2022-ci il vǝ 16 fevral 2023-cü il tarixli NoBNF-İMP-6 vǝ BNF-İMP-7 alqı-satqı müqavilələrinin ayrılmaz hissəsi hesab edilir. Göstərilən müqavilələrə əsasən STİ şirkəti xxx qarşısında 100% avans ödəniş etməklə yuxarıda göstərilən müqavilələr üzrə öz öhdəliklərini yerinə yetirmişdir. Müqavilələrə görə STİ şirkəti tərəfindən xxx şirkətinə ümumi ödənilən məbləğ ******* ABŞ dolları (bir milyon yüz min ABŞ dolları) təşkil edib. Həmin müqavilənin 2-ci bəndinə əsasən borcun bir hissəsinin ödənilməsini təmin etmək üçün Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xxx şirkətinə 860420,69 manat (səkkiz yüz altmış min dörd yüz iyirmi manat altmış doqquz qəpik ABŞ dolları ilə məzənnə Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən olunan rəsmi məzənnəsi ilə təyin edilir) məbləğində olan borcunun tələb hüququnun "STİ"-yə güzəşt edir. Həmin müqavilənin 3-cü bəndinə əsasən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən 860420,69 manat (səkkiz yüz altmış min dörd yüz iyirmi manat altmış doqquz qəpik) məbləğinin tələb hüququ müqavilə qüvvəyə mindiyi gündən "İddiaçı SA" şirkətinə keçir. Həmin müqavilənin 4-cü bəndinə əsasən xxx iddianın təhvil verilməsini təsdiq edən sənədləri 5 gün müddətində STİ şirkətinə elektron poçtla təhvil verməyi və bu tələbin həyata keçirilməsi üçün vacib olan məlumatları və sənədləri təqdim etməyi öhdəsinə götürür.

22. Cavabdeh2 QSC tərəfindən xxx-yə xx.xx.2023-cü il tarixli məktub göndərilərək xx.xx.2023-cü il tarixədək Ferrosilisium İstehsalat sahəsində açıq ərazidə yerləşən xammalların ərazidən çıxarılması xahiş edilmiş, əks halda xammalların lazımsız material kimi atılacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

23. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 2023-cü ilin dekabr ayının 16, 17 və 18də Cavabdeh2 QSC-nin Fesi istehsalı sahəsində istifadəyə yararsız kömür, ələnmiş kömür tozu, kvarsit və dəmir tozu maşınlara yüklənib daxili ərazidən sexin arxasındakı əraziyə daşınmışdır.

24. Cavabdeh2 QSC xxx-yə xx.xx.2023-cü il tarixli məktub göndərərək xx.xx.2023cü il tarixdə saat 11:00-da xammalların ünvan 5 ünvanında yerləşən ərazidən çıxarılmasında iştirak etməsi məqsədilə nümayəndənin iştirakının təmin edilməsini xahiş etmişdir.

25. “İddiaçı SA” şirkəti xx.xx.2024-cü il tarixli pretenziya ilə Cavabdeh2 ASC-yə müraciət edərək 12 yanvar 2023-cü il tarixində "xxxx" MMC ilə "İddiaçı SA" şirkəti arasında bağlanmış tələbin güzəşt edilməsinə dair müqaviləyə əsasən "X14" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" MMC qarşısında olan 860420,69 manat məbləğində yaranmış borcunun ABŞ dolları məzənnəsinə uyğun olaraq beş iş günü ərzində bank hesabına köçürülməsi və xamalların şirkət tərəfindən Sumqayıt şəhəri Kimya Sənaye Parkı, Kimyaçılar 1 ünvanından götürülməsi və ya başqa qaydada təhvil verilməsininin təmin edilməsi xahiş edilmişdir.

26. Cavabdeh2 QSC xxx-yə xx.xx.2024-cü il tarixli məktub göndərərək 2 gün müddətində xammalların "X14" QSC-nin ünvan 5 ünvanında yerləşən ərazisindən çıxarmasınını, ilk məktubun tarixindən, yəni xx.xx.2023-cü il tarixindən xammalların ərazidən faktiki çıxarılacağı tarixədək onların ərazidə qalması xərclərini "X14" QSC-yə ödəməsini tələb etmişdir.

27. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1571/2022 nömrəli hökmünə əsasən X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4, 193.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 193.3.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 308.2-ci maddəsi ilə 2(iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 313-cü maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən X5 təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. ünvan 3 ünvanında yerləşən Cavabdeh3 MMC-nin avadanlıqları ilə birlikdə əmlak kompleksinə xüsusi müsadirə tətbiq edilmiş və Azərbaycan Respublikasının dövlət nəfinə alınmışdır. Həmin əmlak kompleksinə daxil olan avadanlıqlar əmlak kompleksinin hissəsi kimi satıldıqda, satışdan əldə olunan ümumi vəsaitin avadanlıqların dəyərinə düşən vəsaitdən, avadanlıqlar əmlak kompleksindən ayrılaraq satıldıqda isə avadanlıqların satışından əldə olunan vəsaitdən "xxxx" ASC-nin girov saxlayan kimi girov qoyulmuş əmlakların dəyərindən öz tələbinin üstün ödənilməsi hüququ nəzərə alınmışdır.

28. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-661/2023 nömrəli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 1(101)-1571/2022 saylı hökmü dəyişdirilmiş, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313- cü maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1, 75.1.1-ci maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə X5 təyin edilmiş 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi –məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hökmdən xaric edilmişdir. X5 Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 1(101)-1571/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 193.3.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplamaqla X5 qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 (on üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023cü il tarixli, 1(102)-2101/2023 nömrəli qərarına əsasən Maraqlarına toxunan hüquqi şəxslər - Cavabdeh3 MMC-nin və "Baumant Sales” LLP-nin və maraqlarına toxunan şəxslər X1, X2, X3, X4 nümayəndələri tərəfindən kassasiya şikayətləri və kassasiya protesti təmin edilməmiş, X7 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2023-cü il tarixli qərarı maraqlarına toxunan hüquqi şəxslər - Cavabdeh3 MMC-nin və "Baumant Sales” LLP-nin və maraqlarına toxunan şəxslər X1, X2, X3, X4 nümayəndələri tərəfindən verilmiş kassasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanmışdır.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi

32. İlkin iddia tələbi 12 yanvar 2023-cü il tarixli müqaviləyə uyğun olaraq Cavabdeh2 QSC-dən cəmi 860420,69 manatın və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması və tutulan (qətnamə icra olunan) gündə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq həmin pul məbləğinin manatın ABŞ dollarına konvertasiya edilərək iddiaçının bank hesabına ödənilməsi və X15 X13 MMC-nin zavodunda saxlanılan (kvars (pervouralskiy). ton, kvars eksperiment (kurminskiy).ton, kömür KT. ton, daş kömür СДС.ton, kömür KT+SDS (toz).ton, okalina.ton, kömür evraz.ton, əhəng daşı.ton, elektrod pastası.ton, madqan pastası.ton) xammal və hazır məhsulun iddiaçıya verilməsindən ibarətdir.

33. İlkin iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, tələb Cavabdeh3 MMC və “İddiaçı SA” şirkəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli tələbin güzəşt olunmasına dair müqaviləyə əsaslanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 QSC-nin Cavabdeh3 MMC-yə olan 860420,69 manat borcunun tələb hüququ “İddiaçı SA” şirkətinə güzəşt edilmişdir. Qeyd olunan borc məbləği "X14” QSC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmışdır. Həmin müqavilənin 9.6-cı bəndində qeyd edilir ki, hər hansı tərəf müqavilə üzrə öz hüquq və öhdəliklərini digər tərəfin yazılı razılığı olmadığı təqdirdə, üçüncü şəxslərə həvalə edə bilməz. Göründüyü kimi, "X14” QSC-nin razılığı olmadan Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tələb hüququnu üçüncü şəxsə güzəşt etməsi onlar arasında olan razılaşmaya zidd olmuş və Cavabdeh3 MMC-nin həmin tələbi güzəşt etmək səlahiyyəti müqavilə ilə məhdudlaşdırılmışdır.

34. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı “İddiaçı SA” şirkəti xx.xx.2024-cü il tarixli tələbin güzəşt olunmasına dair müqaviləyə əsaslanaraq "X14” QSC-dən 860420,69 manat məbləğin tutulmasını, eyni zamanda X15 X13 MMC-nin zavodunda saxlanılan (kvars (pervouralskiy). ton, kvars eksperiment (kurminskiy).ton, kömür KT. ton, daş kömür СДС.ton, kömür KT+SDS (toz).ton, okalina.ton, kömür evraz.ton, əhəng daşı.ton, elektrod pastası.ton, madqan pastası.ton) xammal və hazır məhsulun iddiaçıya verilməsini tələb edə bilməz. Ona görə də ilk iddia tələbi təmin edilməməlidir.

35. Qarşılıqlı iddia tələbinin bir hissəsi “İddiaçı SA” şirkəti ilə Cavabdeh3 MMC arasında bağlanan 12 yanvar 2024-cü il tarixli, xxx-STİ001.12012024 saylı tələbin güzəşt olunmasına dair müqavilənin etibarsız hesab edilməsindən ibarətdir.

36. Məhkəmə qeyd edir ki, Cavabdeh3 MMC "X14” QSC-nin ona olan borcu üzrə tələb hüququnun güzəşt edilməsi ilə bağlı hüquqa malik olmamışdır. Bu hüquq tərəflərin razılığı ilə xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin 9.6-cı bəndi ilə məhdudlaşdırılmışdır. Belə olan halda Cavabdeh3 MMC-nin bağladığı xx.xx.2024-cü il tarixli tələbin güzəşt olunmasına dair müqavilə etibarsız əqddir. Belə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə zidd olmuşdur. Ona görə də qarşılılqlı iddia sözügedən hissədə təmin edilməli və “İddiaçı SA” şirkəti ilə Cavabdeh3 MMC arasında bağlanan 12 yanvar 2024-cü il tarixli, xxx-STİ001.12012024 saylı tələbin güzəşt olunmasına dair müqavilə etibarsız hesab edilməlidir.

37. Qarşılıqlı iddia tələbinin bir hissəsini Cavabdeh2 QSC-nin Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən əmlak kompleksinin ərazisində, sexin axrasındakı ərazidə olan Cavabdeh3 MMC-yə məxsus kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozu (okalina) Cavabdeh3 MMC tərəfindən və onun öz vəsaiti hesabına çıxarılması təşkil edir.

38. İş materialları və Cavabdeh2 QSC tərəfindən Cavabdeh3 MMC-yə ünvanlanmış məktublardan görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən dəfələrlə Cavabdeh3 MMC-yə müraciət edilərək sonuncuya məxsus xammalların Cavabdeh2 QSC-nin ərazisindən çıxarılması təklif edilmiş, lakin həmin mallar ərazidən çıxarılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi həmin hissədə də təmin edilməli və Cavabdeh2 QSC-nin Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən əmlak kompleksinin ərazisində, sexin axrasındakı ərazidə olan Cavabdeh3 MMC-yə məxsus kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozu (okalina) Cavabdeh3 tərəfindən və onun öz vəsaiti hesabına çıxarılmalıdır.

39. Məhkəmə qarşılıqlı iddia tələbinin Cavabdeh2 QSC-yə vurulmuş 25000 (iyirmi beş min) manat dəyərində xərclərin (zərərin), habelə həmin mallar ərazidən tam aparılması gününədək olan müddətə aylıq 2000 (bir min) manat hesablamaqla saxlanma xərcinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh2 QSC vurulmuş zərər məbləğinin 25000 manat və malların saxlama xərcinin 2000 manat təşkil etməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara və yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia həmin hissədə sübuta yetirilmədiyindən təmin olunmamalıdır.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. “İddiaçı SA” şirkəti ilə Cavabdeh3 MMC arasında bağlanan 12 yanvar 2024-cü il tarixli, xxx-STİ001.12012024 saylı “Tələbin güzəşt olunmasına dair” müqavilə etibarsız hesab edilsin. Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən əmlak kompleksinin ərazisində, sexin axrasındakı ərazidə olan Cavabdeh3nə məxsus kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozu (okalina) Cavabdeh3 tərəfindən və onun öz vəsaiti hesabına çıxarılsın. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar