Məhkəmə qərarları › İş №e-2-2(113)-1488/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1488/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1488/2024 16.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: servis xidməti, nəzarət-kassa aparatı, müqavilə azadlığı, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 46 ay xidmət haqqı 276 manat və qeydiyyatdan çıxma aktına görə 35 manat olmaqla ümumilikdə 311 manat məbləğində pulun və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi 30 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə “Merkuri 130 F-01” markalı nəzarət-kassa aparatına (bundan sonra NKA) xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənməkdədir. Həmin Qərarın 10.9.1-ci bəndinə əsasən vergi ödəyicisi NKA-nı qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. 2.2. Bu qərara əsasən tərəflər arasında xx.xx.2019-cu il tarixdə 69400 nömrəli aktla müqavilə imzalanmış və NKA qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyicisi hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürmüşdür. 2.3. Vergi ödəyici olan cavabdeh həmin öhdəliyini xx.xx.2020-ci il tarixədək yerinə yetirmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-ci il tarixədək xidmət haqqını ödəməmiş, 2020-ci ildən 11 ay, 2021-ci ildən 12 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 11 ay üçün ödəniş edilməmişdir. Ümumilikdə cavabdehin NKA üçün 46 aya görə abunə borcu 276 manat təşkil edir. Qeydiyyatdan çıxma aktı üçün də 35 manat pul məbləği ödənilməmişdir. 2.4. Həmçinin iddiaçı tərəfindən cavabdehə mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı 30 manat məbləğində mediasiya xərci ödəmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 385, 386, 425, 442, 445.1-ci və s. maddələri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1488/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Cavabdeh iddiaya etiraz təqdim edərək rədd olunmasını xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki: 5.1. tərəflər arasında NKA-ya servis texniki xidməti və təmiri barəsində müqavilə mövcud deyil (olsa iddiaya əlavə edilərdi). Servis texniki xidməti və təmiri barəsində müqavilə olmadığından iddiaçının cavabdehdən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar pul tələb etməsi qəbul edilməzdir. İddiaçının iddia irəli sürməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət” Qaydalarının 24-cü bəndinin tələblərinə ziddir. 5.2. Vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicilərinin vəzifələrinə aid edilib. İşdə olan sənədlərdə və eləcədə Dövlət Vergi Xidmətinin elektron saytında iddiada qeyd olunan dövrdə faktiki olaraq iddiaçı tərəfindən xidmətin göstərilməsini təsdiq edən akt və elektron qaimə-faktura mövcud deyil (buna onun heç bir sübutu da yoxdur). İddiaçı iddia tələbi qaldırdığı dövr ərzində, bir dəfə də olsa, NKA quraşdırılmış obyektə gəlməyib və heç bir xidmət göstərməyib. 5.3. 2020-ci ilin fevral ayından 2021-ci ilin ortalarına qədər Koronovirus pandemiyası ilə əlaqədar sərt karantin rejimi tətbiq edilən zaman iddiaçı tərəfindən heç bir xidmət göstərilməyib. NKA pandemiya ilə əlaqədar tətbiq edilən sərt karantin rejimi dövründə - 2021-ci ilin yanvar ayında mağazanın yerinin dəyişdirilməsi zamanı itmişdir (oğurlanmışdır). Mağazaya xx.xx.2021-ci il tarixdə “TPS 320 Smart POS” yeni nəsil nəzarət-kassa aparatı quraşdırılmış və “Merkuri 130 F-01” markalı köhnə tipli nəzarətkassa aparatının qeydiyyatdan çıxarılması üçün vergi orqanına olunan müraciət xx.xx.2021-ci il tarixdə təmin olunmuşdur. İddiaçı vicdansızcasına əsassız iddia qaldırdığı üçün onların xeyrinə Mülki Prosessual Məcəllənin 120-ci maddəsinin tələbinə uyğun olaraq 1000 manat pul tutulmalıdır.

6. Etirazın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 389cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət” Qaydalarının 24-cü bəndinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsi və s. göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndələri iddianın məzmununa uyğun izahatlar vermiş və təmin olunmasını xahiş etmişlər.

8. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndələri iddiaya etiraz edərək rədd olunmasını xahiş etmiş, izahatlarında bildirmişlər ki, 2021-ci ilin aprel ayında NKA itmiş, NKA qeydiyyatdan çıxarılanadək xidmət haqqı tam ödənilmişdir. Ödənişlərin bir hissəsi ilə bağlı sənədləri məhkəməyə təqdim etsələr də, bir hissəsini işçilər itirmişlər. Həmçinin bildirilmişdir ki, xidmət müqaviləsi bağlanan zaman müqavilədə istinad olunan Nazirlər Kabinetinin Qərarı ləğv edilmişdir.

9. Məhkəmənin baxış iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinin tələbinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə pulun tutulması

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İş materiallarında olan **********569400 nömrəli nəzarət-kassa aparatının qeydiyyata alınma aktından görünür ki, “Merkuri 130F-01” markalı 00225715 zavod nömrəli NKA iddiaçı tərəfindən Cavabdeh MMC-yə (VÖEN: **********) məxsus təsərrüfat subyektində - ünvan 1 ünvanında xx.xx.2019-cu il tarixdən istismara verilmişdir.

14. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə bağlanmış 69400 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC (STXM) ilə Cavabdeh MMC (istehlakçı) arasında NKA-ya servis texniki xidmət göstərilməsinə dair müqavilə bağlanaraq istehlakçı “Merkuri 130F-01” markalı 00225715 zavod nömrəli NKA-ya istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırır, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürür.

15. Müqavilənin 2-ci bəndinə əsasən STXM tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKA-nın fasiləsiz işləməsinə imkan yaradır. 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür.

16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsinin cavabdehə xx.xx.2021-ci il tarixli cavab məktublardan görünür ki, “Merkuri 130F-01” markalı 00225715 zavod nömrəli NKA-nın tapılması barədə Bakı Şəhəri Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır.

17. İş materiallarında olan NKA-nın qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizədən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanan məktubdan görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixdə “Merkuri 130F-01” markalı 00225715 zavod nömrəli NKA-nın qeydiyyatdan çıxarılması üçün vergi orqanına müraciət etmişdir.

18. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdehə ünvanladığı NKA-nın qeydiyyatdan çıxarılması barədə məktubdan görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən “Merkuri 130F-01” markalı 00225715 zavod nömrəli NKA qeydiyyatdan çıxarılmışdır.

19. Cavabdehin təqdim etdiyi mədaxil qəbzlərindən görünür ki, Cavabdeh MMC tərəfindən 00225715 zavod nömrəli NKA-ya görə xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.20220, xx.xx.2020-cu il tarixlərdə hər bir qəbz üzrə 10 manat olmaqla ümumilikdə 70 manat ödəniş edilmişdir. Mədaxil qəbzləri İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmiş, “texniki baxış keçirildi” qeyd edilmişdir.

20. İddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli 69400 nömrəli müqaviləyə əsasən xx.xx.2019 – xx.xx.2020-ci il tarixləri əhatə edən 4 ay üçün xidmət haqqı 24 manat ödənilmiş, xx.xx.2020 – xx.xx.2023-cü il tarixləri əhatə edən 46 ay üçün ödənilməli xidmət haqqı 276 manat təşkil edir. Həmçinin görünür ki, NKA-nın qeydiyyatdan çıxma aktına görə 35 manat borcun olduğu qeyd olunmuşdur.

21. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı tərəfindən “Merkuri 130F-01” markalı 00225715 zavod nömrəli NKA cavabdehə məxsus təsərrüfat subyektində - ünvan 1 ünvanında xx.xx.2019-cu il tarixdən istismara verilmiş, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 69400 nömrəli NKA-ya servis texniki xidmət göstərilməsinə dair müqavilə bağlanaraq cavabdeh “Merkuri 130F-01” markalı 00225715 zavod nömrəli NKA-ya istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi iddiaçıya tapşırmış, iddiaçı isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüş, mütəmadi və fasiləsiz xidmət göstərmək üçün cavabdeh tərəfindən iddiaçıya hər NKA-ya görə aylıq 6 manat məbləğində vəsait ödənilməsi razılaşdırılmış, NKA-ları 2021-ci ilin aprel ayında vergi orqanı tərəfindən qeydiyyatdan çıxarılmışdır. Həmçinin müəyyən olunur ki, cavabdeh tərəfindən 00225715 zavod nömrəli NKA-ya xidmətə görə 70 manat haqq ödənilmişdir.

22. İddiaçı bildirir ki, 00225715 zavod nömrəli NKA-ya görə xx.xx.2019 – xx.xx.2023cü il tarixləri əhatə edən 50 ay xidmət haqqından 4 aya görə (xx.xx.2020-ci il tarixədək) 24 manat ödənilmiş, xx.xx.2020-ci il tarixdən hesablanmaqla qalan 46 ay üçün xidmət haqqını təşkil edən 276 manat ödənilməmişdir. Həmçinin NKA-nın qeydiyyatdan çıxma aktına görə 35 manat pulun tutulmasını xahiş edir.

23. Cavabdeh iddianın rədd olunmasını xahiş edir və bildirir ki, NKA vergi orqanı tərəfindən 2021-ci ilin aprel ayında qeydiyyatdan çıxarılmış, NKA qeydiyyatdan çıxarılanadək xidmət haqqını ödəmişdir. Lakin ödəniş qəbzlərini bəzilərini işçilər itirdiyindən təqdim etmək mümkün deyildir. Həmçinin NKA-nın iddiaçı tərəfindən qeydiyyatdan çıxarılmadığına istinad edərək NKA-nın qeydiyyatdan çıxma aktına görə 35 manat pulun tutulmasına etiraz edir.

24. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruridir.

25. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2019-cu il tarixli 338 saylı Qərarı ilə təsdiq olunmuş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın: - 1.4.6-cı bəndinə əsasən istifadəçi – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları müvafiq qanunvericiliyə əsasən qeydiyyatdan keçirmiş NKA vasitəsilə həyata keçirməli olan vergi ödəyicisidir. - 4.4-cü bəndinə əsasən istifadəçi tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilmiş NKA-nın Nazirliyin informasiya sisteminə və (və ya) Dövlət reyestrinə daxil edilməsi üçün Nazirlikdə qeydiyyatdan keçmiş hər hansı Operatorla müqavilə bağlamalıdır. - 8.1-ci bəndinə əsasən istifadəçi bu Qaydaların 3.7-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yalnız müqavilə bağladığı Operatorun xidmətlərindən istifadə edə bilər. - 8.3-cü bəndinə əsasən istifadəçinin vəzifələri: nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək; vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını Operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq; NKA-nın istismara hazırlıqla əlaqədar olan işlərini yalnız Operatorun nümayəndəsinin iştirakı ilə yerinə yetirmək; Operator və vergi orqanları işçilərinin NKA istismarı zamanı nəzərdə tutulmuş qaydalara əməl olunması ilə bağlı göstərişlərini yerinə yetirmək; vergi orqanları tələblərinə uyğun olaraq NKA servis-texniki xidməti ilə əlaqədar olan sənədləri təqdim etmək; vergi orqanları və Operatorun səlahiyyətli nümayəndəsinin NKA-nın fəaliyyətinə baxış keçirilməsinin maneəsiz buraxılışını təmin etmək; Operatorun bu Qaydaların tələblərinə uyğun olaraq NKA-ya servis-texniki xidmət göstərmələri üçün şərait yaratmaq; NKA-nın istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək və s. - 1.4.5-ci bəndinə əsasən operator – NKA-nın təqdim edilməsi və təchizatını, nəzarət mexanizmi qurğusuna müvafiq proqram təminatının yazılmasını, habelə bu avadanlıq və qurğulara qeydiyyat və servis-texniki xidmətlərin göstərilməsini həyata keçirən Operator qismində qeydiyyatdan keçmiş rezident hüquqi şəxsdir. - 7.2-ci bəndinə əsasən istifadəçilər tərəfindən NKA-nın bu Qaydalara uyğun istismar edilməsini təmin etmək və bu Qaydaların tələblərinin pozulması faktları aşkar edildikdə Nazirliyə məlumat vermək; nəzarət mexanizmi qurğusuna müvafiq proqram servislərinin və sertifikatın yazılmasını (“inisializasiya”, avtorizasiya) təmin etmək; NKAnın istismarı zamanı yaranmış problemlərin təhlilini həyata keçirmək və onların aradan qaldırılması barədə İstifadəçinin məlumatlandırılmasını təmin etmək; NKA-ya dair texniki tələblər dəyişdikdə, xidmət göstərdiyi NKA-nın həmin texniki tələblərə uyğunlaşdırılmasını təmin etmək; istifadəçilərə NKA-dan istifadə qaydalarını öyrətmək; xidmət göstərdiyi NKA-nın bu Qaydalarla müəyyən edilmiş meyarlara və Komissiyanın müəyyən etdiyi texniki tələblərə uyğun olmasını dövri olaraq rübdə 1 dəfədən az olmamaqla yoxlamaq, işlək vəziyyətdə olmasını təmin etmək və Nazirliyə bu barədə məlumat vermək; istifadəçilərə təqdim edilmiş NKA-ya servis-texniki xidmətlər göstərmək; servis-texniki xidmət filiallarına və ya məntəqələrinə malik olmaq; NKA məlumatlarının Nazirliyin informasiya sisteminə daxil edilməsi ilə bağlı aparılan bütün əməliyyatlar zamanı təqdim edilən məlumatların tamlığını, düzgünlüyünü, konfidensiallığını təmin etmək; NKA-nın istismarı üçün İstifadəçi tərəfindən lazımi şəraitin yaradılmasının yerinə yetirilməsini yoxlamaq; servis-texniki xidmətində olan NKA-nın keyfiyyəti, aşkar edilmiş çatışmazlıqları, istifadəçilərin təklif və iradları barəsində məlumatların yığılmasını, təhlil olunmasını və bu məlumatların Komissiyaya təqdim olunmasını təmin etmək; nasaz NKA-nı dəyişdirmək üçün qanunla müəyyən edilmiş qaydada əldə etdiyi NKA-nın 20 faizi həcmində ehtiyata malik olmaq; istifadəçini Operatorun imzası və möhürü ilə təsdiq edilməklə texniki xidmət jurnalı və NKA-nın nasaz olduğu dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək, habelə istifadəçilərdə saxlanılan texniki xidmət jurnalında göstərilən servis-texniki xidmətlər barədə müvafiq qeydlər aparmaq və s. Operatorun vəzifəsidir.

26. Göründüyü kimi, tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2019-cu il tarixli 338 saylı Qərarı ilə təsdiq olunmuş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın tələblərinə əsasən hazırkı iş üzrə iddiaçı NKA-nın istismara hazırlanması, onların təminatlı və servis texniki xidmət təmiri üzrə fəaliyyət göstərən Operator, cavabdeh isə malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları müvafiq qanunvericiliyə əsasən qeydiyyatdan keçirmiş NKA vasitəsilə həyata keçirməli olan NKA-nın istifadəçisidir. Qeyd olunan Qaydaya əsasən Operatorun və NKA-nın istifadəçisinin üzərinə dövlət reyestrinə daxil edilmiş NKA-ya servis texniki və təmiri xidməti göstərməsi barəsində müqavilələr bağlamaq vəzifəsi qoyulmuşdur. Qaydalara nəzər yetirdikdə aydın olur ki, qeyd olunan xidmətin məzmunu ilə bağlı tələblər həmin Qaydalarda ətraflı təsbit olunmuş və xidmət NKA-nın işləkliyinin təmin edilməsi və nəzarətin həyata keçirilməsinə yönəlmişdir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilə istinad olunan Qaydaların tələblərinə uyğun xidmətlərin göstərilməsi ilə bağlı olmuşdur.

27. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə bağlanan zaman Nazirlər Kabinetinin ləğv olunmuş Qərarına istinad olunsa da, müqavilənin məzmunundan və işin hallarından aydın olur ki, müqavilə NKA-ya xidmət göstərilməsi ilə bağlı operator və istifadəçi arasında bağlanmış müqavilə olmuşdur.

28. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

31. Məhkəmə qeyd edir ki, iddiaçı xidmət müqaviləsinə əsasən pulun tutulmasını xahiş edir. Mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, Mülki Məcəllənin 11.1ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

32. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, xidmət müqaviləsi üzrə pulun tutulması ilə bağlı hissədə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

33. Bu baxımdan iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddələri təşkil edir.

34. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

35. Hazırkı iş üzrə iddiaçı qeyd olunan normaların tələblərinə uyğun olaraq hüququnu realizə edir, göstərdiyi xidmətlərin dəyərini tələb edir.

36. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf iddiaya etirazında xidmət haqqının tələb olunan dövründə (2020-ci ilin əvvəlindən 2023-cü il noyabr ayınadək) xidmət göstərilmədiyinə və NKA-nın 2021-ci ilin yanvar ayında itirildiyinə istinad etsə də, təqdim olunan mədaxil qəbzlərindən görünür ki, 2020-ci ilin oktyabr, dekabr aylarında ödəniş etmişdir. Həmçinin məhkəmə iclaslarında 2021-ci ilin aprel ayında NKA-nın itirildiyini və qeyd olunan dövrədək xidmət haqqının tam ödənildiyini bildirmişdir. Belə olan halda, NKAnın qeydiyyatdan çıxarıldığı 2021-ci ilin aprel ayınadək NKA-ya xidmət göstərilmədiyinə dair cavabdehin etirazı əsassızdır.

37. Məhkəmə xidmətin göstərildiyi müddət və tutulmalı xidmət haqqı məbləği ilə bağlı qeyd edir ki, cavabdehin xx.xx.2021-ci il tarixdə müvafiq müraciətləri əsasında “Merkuri 130 F-01” markalı 00225715 zavod nömrəli NKA-nın tapılmadığı məlum olmuş, cavabdehin xx.xx.2021-ci il tarixdə həmin NKA-nın qeydiyyatdan çıxarılması üçün vergi orqanına etdiyi müraciəti əsasında vergi orqanı tərəfindən NKA qeydiyyatdan çıxarılmışdır. Belə olan halda iddiaçının 2021-ci ilin aprel ayından etibarən cavabdehdə olmayan və qeydiyyatdan çıxarılmış NKA-ya xidmətə görə pul tələb etməsi əsassızdır. Ona görə də iddiaçı cavabdehdən xidmət haqqının ödənilməsini 2021-ci ilin aprel ayınadək tələb edə bilər.

38. Cavabdeh NKA qeydiyyatdan çıxarılanadək xidmət haqqının ödənildiyini bildirir, lakin bunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmir. Belə ki, cavabdehin təqdim etdiyi xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.20220, xx.xx.2020-cu il tarixli mədaxil qəbzləri ilə 70 manat xidmət haqqının ödənildiyi təsdiq olunur.

39. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

40. Cavabdeh 2021-ci ilin aprel ayınadək olan dövr üzrə xidmət haqqının tam ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, sübutetmə vəzifəsini tam yerinə yetirə bilməmişdir.

41. Həmçinin məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 529.5-ci maddəsinin tələbləri hazırkı işə tətbiq oluna bilməz. Belə ki, qeyd olunan maddənin tələblərinə əsasən borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Məhkəmə qeyd edir ki, cavabdehin təqdim etdiyi mədaxil qəbzlərində ödənişin hansı ay üzrə xidmət haqqına görə edildiyi qeyd olunmamış, yəni ödənişin edildiyi hissə təsbit olunmamış, yalnız ödənişin edildiyi tarixlər qeyd olunmuşdur. Belə olan halda edilmiş ödənişin hansı dövrə aid xidmət haqqına görə edildiyini müəyyən etmək mümkün deyildir. Odur ki edilmiş ödəniş məbləği tutulmalı olan xidmət haqqının məbləğindən ümumi qaydada çıxılmalıdır.

42. Qeyd olunanlara əsasən və xidmət göstərilən dövrün xx.xx.2019 – xx.xx.2021-ci il tarixləri əhatə etdiyini, cavabdehin 70 manat xidmət haqqı ödədiyini nəzərə alan məhkəmə hesab edir ki, xidmət haqqı olaraq 00225715 zavod nömrəli NKA-ya görə xidmətə görə 41 manat (18,5 ay x 6 manat=111 manat; 111 manat-70 manat) pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

43. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

44. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

45. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

46. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

47. Məhkəmə qeyd edir ki, NKA-nın qeydiyyatdan çıxarılması üçün 35 manat pulun tutulması hissəsində iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2019-cu il tarixli 338 saylı Qərarı ilə təsdiq olunmuş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nda NKA-nı qeydiyyatdan çıxarmaq səlahiyyəti vergi orqanına həvalə edilmiş, Operatorun belə bir hüququ nəzərdə tutulmamış, öhdəsinə belə bir vəzifə qoyulmamışdır. Həmçinin işin müəyyən olunan halına əsasən də NKA vergi orqanı tərəfindən qeydiyyatdan çıxarılmışdır. Belə olan halda iddiaçının qeyd olunan pulu tələb etməsinin hüquqi əsası yoxdur.

48. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 13 iyun 2017-ci il tarixli xidmət müqaviləsi üzrə 408 manat məbləğində pul cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Mediasiya xərcinin tutulması ilə bağlı

49. İddia ərizəsində iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 30 manat məbləğində pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.

50. “Mediasiya prosesinin tətbiqi barədə” xx.xx.2023-cü il tarixli təklif və AVİS sistemindən çıxarışdan görünür ki, iddiaçı hazırkı mübahisənin həlli ilə bağlı mübahisənin predmeti və təklif edilən mediator barədə məlumatlar qeyd etməklə təklifi AVİS sistemi vasitəsi ilə xx.xx.2023-cü il tarixdə cavabdehə göndərmişdir.

51. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MŞB/13/2023-01831 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçının nümayəndəsi iştirak edərək ilkin mediasiya sessiyasının keçirilməsi üçün 20 manat ödəniş etmişdir. Həmçinin görünür ki, mediasiya üçün xx.xx.2023-cü il tarixdə müraciət edilmişdir.

52. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, MŞB/13/2023-01831 nömrəli iş üzrə ilkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərc olaraq iddiaçı tərəfindən 10 manat pul ödənilmişdir.

53. “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nə əsasən ilkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği 10 manatdan çox olmayaraq mediasiya xərcinə aiddir.

54. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

55. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

56. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (tərəflərin mediasiya prosesindən keçərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

57. Göründüyü kimi, iddiaçının məhkəməyə müraciət etmək üçün məhkəməyəqədər hazırlıq mərhələsində həyata keçirməli olduğu hərəkətlər sırasına ilkin mediasiya sessiyasında iştirak Mülki Prosessual Məcəllənin tələbi olmuşdur (mediasiya ilə bağlı hərəkətlər xx.xx.2023-cü il tarixdə başlamış, mediasiya təşkilatına xx.xx.2023-cü il tarixdə müraciət olunmuş, mediator mediasiya sessiyası barədə tərəflərə xx.xx.2023-cü il tarixdə bildiriş göndərmiş, müvafiq arayış xx.xx.2024-cü il tarixdə alınmış, Mülki Prosessual Məcəlləyə kommersiya mübahisələri üzrə məcburi mediasiyanı ləğv edən dəyişiklik isə xx.xx.2024-cü il tarixdən qüvvəyə minmişdir). Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

58. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

59. İş materialları ilə müəyyən olunur ki, xidmət haqqının lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuş, borcu ödəməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.

60. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

61. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 sentyabr 2019-cu il tarixli xidmət müqaviləsi üzrə 41 (qırx bir) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar