Məhkəmə qərarları › İş №e-2-2(113)-1500/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1500/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1500/2024 16.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, borcun və cərimənin ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndələri X2 və X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) İddiaçı iddia ərizəsi ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə şərtləri pozulduğuna görə 11851 manat borcun, 592,55 manat cərimənin və mediasiya xidməti üçün ödənilmiş 200 manat xidmət haqqının, ümumilikdə 12643,55 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 04 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC İddiaçınə məxsus tikinti obyektində qazma-partlayış işlərini yerinə yetirməyi, iddiaçı isə görülmüş işləri qəbul edib dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 2.2-ci bəndinə əsasən iddiaçı görüləcək işin dəyərinin 30 faizini əvvəlcədən cavabdehin hesabına köçürür. İddiaçı tərəfindən müqavilənin 2.2-ci bəndinə uyğun olaraq cavabdehin hesabına xx.xx.2009-cu il tarixində əvvəlcədən 20000 (iyirmi min) manat ödəniş edilmişdir. Lakin cavabdeh işləri tam həcmdə görməmiş və nəticədə cavabdehin 11851 manat məbləğində borcu yaranmışdır. Həmin borcun mövcudluğu cavabdehlə iddiaçı arasında hər rüb, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixində aparılmış “qarşılıqlı borcların üzləşdirilməsi” aktları ilə təsdiq edilir. Borcun mövcudluğunun cavabdeh tərəfindən təsdiq olunmasına baxmayaraq iddiaçıya indiyədək ümumiyyətlə yaranmış borc məbləği üzrə hər hansı miqdarda ödəniş edilməmiş, bununla bağlı dəfələrlə edilmiş müraciətlər də heç bir nəticə verməmişdir. Müqavilənin 6.4cü bəndində təsbit olunub ki, işlərin yerinə yetirilməsini gecikdirdiyi halda cavabdeh hər gecikdirilmiş gün üçün müqavilənin görülməmiş işlərin həcminə və dəyərinə mütənasib olaraq 0,01 faiz məbləğində cərimə ödəməlidir. Müqavilənin 6.5-ci bəndinə əsasən gecikdirmələrə görə sanksiya tətbiq edildiyi halda cərimələrin ümumi məbləği müqavilə üzrə görülməmiş işlərin həcminə və dəyərinə mütənasib olan məbləğin 5 faizindən çox ola bilməz. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli Pretenziya məktubu ilə cavabdehə bir daha müraciət edilərək, 11851 manat məbləğində borcun və müqavilənin 6.5-ci bəndinə uyğun olaraq hesablanmış 592,55 manat cərimə məbləğinin xx.xx.2023-cü il tarixinədək ödənilməsi xahiş edilsə də, cavabdeh tərəfindən məsələnin həlli istiqamətində heç bir tədbir görülməmiş və bu istiqamətdə heç bir cəhd göstərilməmişdir. İddiaçı tərəfindən göndərilmiş xx.xx.2023-cü tarixli Mediasiyanın tətbiqi barədə təklif əsasında xx.xx.2023-cü il tarixində Mediasiya Şurası Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyası keçirilmiş, qeyd edilən ilkin mediasiya sessiyasında nümayəndəsi iştirak etsə də, "xxxx" MMC-nin nümayəndəsi iştirak etməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442.1, 443.1, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndələri iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişlər. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində iddia tələbinə münasibətdə ərizə təqdim edilərək qeyd edilmişdir ki, məhkəməyə təqdim olunmuş sənədlərdən göründüyü kimi mübahisə tərəflər arasında bağlanmış xx.xx.2009-cü il tarixli 04 saylı müqavilə ilə bağlıdır. Sözügedən müqavilənin müddətinin xx.xx.2009-cü ildə bitdiyini nəzərə alaraq, SOCAR-ın İddiaçı müqavilə müddəti bitəndən 14 ildən sonra məhkəməyə müraciət etməklə, qanunvericiliklə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. İddiaçı xx.xx.2022-ci il tarixli aktı məhkəməyə təqdim edərək hesab etmişdir ki, ötürülmüş iddia müddəti bərpa edilmişdir. Lakin nəzərə almamışdır ki, iddia müddətinin axımının kəsilməsi iddia müddəti ərzində, yəni 3 il ərzində (bu halda xx.xx.2012-ci il tarixədək) edilmiş etiraf edici hərəkətlər nəticəsində bərpa edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 383cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Yəni, iddia müddəti bitdikdən sonra icra ediklərini geri tələb edə bilməsə də, iddia müddəti keçdiyi üçün iddia müddətinin tətbiq edilməsinə dair ərizə verə bilər. Ən azı bu əsasla bu əsassız iddia ərizəsi rədd olunmalıdır. İddia müddətinin tətbiqi ilə bağlı müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 375-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin tələblərinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin (cavabdeh tərəfin) məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.1 və 375.2 maddələri). Cavabdeh tərəf olaraq bu hüquqdan istifadə edərək məhkəməyə ərizə ilə müraciət edir və hazırkı əsassız iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edirik. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin məcəllənin 375.1ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin məcəllənin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Sözügedən məcəllənin 130.3-ü maddəsinə əsasən Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Qeyd olunanları nəzərə alaraq iddia müddətinin tətbiqi barədə ərizənin təmin edilməsi, iddiaçı SOCAR-ın İddiaçı "xxxx" MMC-yə qarşı “müqavilə şərtlərini pozduğuna görə 11851,00 manat borcun, 592,55 manat cərimənin və mediasiya xidməti üçün ödənilmiş 200 (iki yüz) manat xidmət haqqının, ümumilikdə 12643 manat məbləğində pul vəsaitinin tutulması” tələbinə dair iddiasının iddia müddəti keçdiyini nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndələri X2 və X3 məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar: İş materiallarına əlavə edilmiş: 11 iyun 2009-cu il tarixli 04 nömrəli müqavilədən görünür ki, bu müqavilənin predmetini, “İcraçı”-nın “Sifarişçi”nin tapşırığı ilə layihə smeta sənədlərinə uyğun İddiaçınə məxsus “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnzibati binasının Tikinti” layihəsi obyektində qazma-partlayış işlərini öz vəsaiti və gücü ilə yerinə yetirməsi, “Sifariş”çi isə işi qəbul edib dəyərini ödəməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilənin qiymətinə dair razılaşma şərtinə əsasən maddi-texniki məhsulun “Sifarişçi”-yə təhvil veriləcək qazma-partlayış işləri kompleksinin 1 m3-nin qiyməti ƏDV ilə birlikdə 3,0 manat müəyyən edilmişdir, eyni zamanda “Sifarişçi” görüləcək işin dəyərinin 30%-ni əvvəlcədən “İcraçı”nın hesabına köçürməsi şərtləşdirilmişdir. Müqavilənin 1.4-cü bəndinə əsasən “İcraçı”nın ödənişə təqdim olunmuş hesabatları “Sifarişçi” tərəfindən alındıqdan sonra yerinə yetirməsi şərtləşdirilmişdir. Müqavilənin 6.4-cü bəndinə əsasən “İcraçı” işin yerinə yetirilməsini gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün müqavilənin görülməmiş işlərin həcminə və dəyərinə mütənasib olaraq 0,01% məbləğində peniya ödənilməsi şərtləşdirilmişdir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış “11” iyun 2009-cu il tarixli 04 saylı müqaviləyə 2 saylı Əlavə olaraq imzalanmış qiymət razılaşdırılması protokolundan görünür ki, tərəflər arasında 1 m3 partlayış işlərinin dəyəri ƏDV daxil 3.0 manat , 90000 m3 qazma partlayış işlərinin dəyəri 269748 manat müəyyən olunmuşdur. Hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2010-cü il tarixli, xx.xx.2011-ci i tarixli, xx.xx.2012-ci il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cl il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qarşılıqlı borcların üzləşdirilmə aktlarında "xxxx" MMC-nin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) İddiaçı qarşısında üzləşdirmə aparılan tarixlərdə borc qalığı 11851 manat olduğu qeyd olunmuşdur. xx.xx.2009-cu il tarixli, 924 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehə 20000 manat, 11 iyun 2009-cu il tarixli 04 nömrəli müqavilə əsasən qazma-partlayış işləri üçün əvvəlcədən ödənilmişdir. 18 iyun 2009-cu il tarixli GE seriyalı 864587 saylı vergi-hesab fakturasından görünür ki, yola salınmış mallar, görülmüş işlər və göstərilmiş xidmət adı altında qazmapartlayış işləri üçün avans ödəniş olaraq 20000 manat, 3600 ƏDV olmaqla cəmi 23600 manatın ödənilməsi üçün "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) İddiaçınə təqdim olunmuşdur. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) İddiaçı Bakı 9 saylı Mediasiya Təşkilatının hesabına 200 manat ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi: Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq layihə smeta sənədlərinə nəzərdə tutulmuş qazma-partlayış işlərinin yerinə yetirilməsi üçün öncədən 20000 manat ödəniş etmiş, lakin cavabdeh öhdəliyini yerinə yetirməyərək sifariş verilmiş qazma-partlayış işlərini tam icra etməmiş, nəticədə iddiaçı qüsura görə müqavilədən imtina etmişdir. Buna görə də cavabdeh MM-in 765-ci maddəsinə əsasən müqavilə üzrə xərclərin əvəzini iddiaçıya ödəməyə borcludur. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, iddiaçının müqavilədən imtina etməsini, yəni cavabdehin qüsurlu xidmət göstərməsi nəticəsində iddiaçının müqavilədən imtina etdiyini, bu halda isə cavabdehin müqavilə xərclərini iddiaçıya ödəməyə borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi 11851 manat borcun tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır. Eləcə də, iddiaçı cavabdehdən 592,55 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsində işin yerinə yetirilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə hesablanmış 592,55 manat dəbbə pulunun miqdarı əsas borca nisbətdə mütənasib hesablandığından təmin edilməlidir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında xx.xx.2009-ci il tarixdə bağlanmış müqavilə üzrə müddət 30 dekabr 2009-cu il tarixdə bitmişdir. Yəni, həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə tələblər üzrə iddia müddətinin axımı 30 dekabr 2009-cu il tarixdə başlanmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2010cü il tarixli, xx.xx.2011-ci i tarixli, xx.xx.2012-ci il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2013cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cl il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qarşılıqlı borcların üzləşdirilmə aktlarına əsasən "xxxx" MMC 11851 manat borcun olmasını təsdiq etmişdir. Qarşılıqlı borcların üzləşdirilmə aktlarının müxtəlif dövrlərdə, 3 illik iddia müddəti başa çatmadan ardıcıl olaraq təsdiq olunması Müki Məcəllənin 380-ci maddəsinə əsasən borcu etiraf edən hərəkət hesab olunduğundan, iddia müddətinin axımı həmin aktlar imzalandığı gün kəsilmiş, sonra hər dəfəsində yenidən müddətin axımı başlamış və ən son xx.xx.2022-ci il tarixli aktdan sonra 3 illik iddia müddəti keçməmişdir. Bu səbəbdən iddia müddətinin tətbiq edilməsinə dair ərizə təmin edilə bilməz. Məhkəmə iddianın təmin olunmasını və mediasiya xərcinin iddiaçı tərəfindən ödənilməsini, cavabdehin mediasiya prosesində üzrsüz səbəbdən iştirak etmədiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 200 manat mediasiya xərcinin əvəzi cavbdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 11851 manat borc, 592,55 manat cərimə olmaqla ümumilikdə 12443 (on iki min dörd yüz qırx üç) manat 55 (əlli beş) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 200 (iki yüz) manat mediasiya xərcinin əvəzi tutularaq iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar