Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1501/2025 11.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, müqavilə azadlığı, prosessual maraq, dəbbə pulu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı Birgə Müəssisəsi MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə 4125,42 manat əsas borc, 206,28 manat dəbbə pulunun və ödənilmiş 63,32 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli AAS- ATE-CO-2022-007 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə tullantıların idarə olunması xidmətinin göstərilməsi üçün cavabdehin Qaradağ rayonunda xidmət göstərdiyi ərazidə istehsalat və təchizat tullantıları badyalarının yerləşdirilməsi və həmin tullantıların toplanaraq müvafiq utilizasiya sahələrinə xüsusi təyinatlı nəqliyyat vasitələri ilə nəqli və tullantıların sonrakı utilizasiya xidmətlərinin təşkilini, cavabdeh isə bunun müqabilində iddiaçıya müvafiq haqqın ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.2 və 2.3cü bəndlərinə əsasən iddiaçının müqavilə üzrə göstəridiyi xidmətlərə görə ödənişləri cavabdeh müqaviləyə edilmiş 1 saylı Əlavədə qeyd olunan tariflər üzrə tərəflər arasında imzalanmış müvafiq təhvil-təslim aktları (“X6”) əsasında faktiki göstərilmiş xidmətlərə görə hər ötən təqvim ayı üçün iddiaçı tərəfindən hesablanmış hesab-fakturanı cavabdehə təqdim edildiyi gündən sonrakı 30 təqvim günü ərzində həyata keçirməli idi. Ödəmə gecikdirildiyi halda, cavabdeh hər gecikdirilmiş gün üçün gecikdirilən məbləğin 0,1%-i həcmində, lakin ümumi borcun 10%-dən çox olmamaqla dəbbə pulu ödəməlidir. 2.2. Lakin iddiaçının müqavilə üzrə üzərinə götürdüyü bütün xidmətləri göstərməsinə və bununla da öz öhdəliklərini tam və vaxtında yerinə yetirməsinə baxmayaraq, cavabdeh təqdim olunmuş hesabların ödənilməsini gecikdirmişdir. İddiaçının cavabdehə təqdim etdiyi hesab-fakturalardan (e-qaimələrdən) artıq 1 ildən çox vaxtın keçməsinə baxmayaraq, cavabdeh iddiaçıya borcunu hələ də tam ödəməmişdir. 2.3. Göstərilmiş xidmətlərə görə aşağıdakı “hesablaşmanın hazırkı vəziyyəti”ni əks etdirən cədvəlinə uyğun olaraq, iddiaçının cavabdehə təqdim etdiyi hesab-fakturalara (e-qaimələrə) əsasən ümumilikdə ƏDV daxil 4125,42 manat həcmində borcu mövcuddur.
Ödəniləcək məbləğ Hesab- Göndərilmə Ödəmə Ödəmə № Təfsilatı Vaxtı faktura tarixi tarixi müddəti Cəmi keçmiş (AZN) borc 2022-ci ilin sentyabr ayında göstərilmiş JV00- tullantıların idarə 1 000697 xx.xx.2022 xx.xx.2022 30 gün 62,93 62,93 olunması xidmətlərinə görə: e-qaimə seriya EBCK №197794 2022-ci ilin oktyabr ayında göstərilmiş JV00- tullantıların idarə 2 000698 xx.xx.2022 xx.xx.2022 30 gün 2.259,76 2.259,76 olunması xidmətlərinə görə: e-qaimə seriya EBCK №198101 2022-ci ilin dekabr ayında göstərilmiş JV00- tullantıların idarə 3 000835 xx.xx.2022 xx.xx.2023 30 gün 1.550,59 1.550,59 olunması xidmətlərinə görə: e-qaimə seriya EBCM №336771 2023-cü ilin yanvar ayında göstərilmiş JV00- tullantıların idarə 4 000066 xx.xx.2023 xx.xx.2023 30 gün 252,14 252,14 olunması xidmətlərinə görə: e-qaimə seriya EBDA №434667 Yekun 4.125,42 4.125,42
2.4. Ödənişlərin vaxtında təmin olunmasına dair dəfələrlə şifahi və yazılı şəkildə iddiaçı tərəfindən cavabdehə telefon və elektron poçt vasitəsi ilə müraciət və xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh iddiaçının məktub və sorğularına heç bir ciddi məhəl qoymamış və müxtəlif bəhanələr gətirərək öz müqavilə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Qeyd olunan borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi üçün məhkəməyə müraciət edənə qədər cavabdehlə bu məsələni məhkəməyə qədər (pretenziya qaydasında) həll edilərək nizama salınması məqsədilə dəfələrlə şifahi və yazılı müraciət edilsə də, cavabdeh bu günədək iddiaçıya borcunu ödəməmişdir. Cavabdehin iddiaçı qarşısında olan öz müqavilə öhdəliklərinin bu cür pozuntusu, hərəkət və hərəkətsizliyi iddiaçıya birbaşa ziyan vurulmasına gətirib çıxaran cavabdehin təqsirli, hüquqa zidd əməlidir. Cavabdeh öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır. Müqavilənin 4.1-ci bəndinə əsasən tərəflər müqavilə ilə bağlı öz təqsiri üzündən digər tərəfə dəymiş bilavasitə ziyana görə məsuliyyət daşıyır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 425, 448, 1097-ci və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-9442/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi X3 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin ediməsini xahiş etdi.
7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, ay ərzində xidmət göstərilir, növbəti ayın əvvəlində elektron qaimə təqdim edilirdi.
8. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrəsinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (təchizatçı qismində) ilə cavabdeh (şirkət qismində) arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli AAS-ATE-CO-2022-007 nömrəli müqavilənin şərtlərindən görünür ki, Təchizatçı, Şirkətə tullantıların idarə olunması xidmətini göstərir, Şirkət isə bunun müqabilində Təchizatçıya ödəniş edir (1.1). Təchizatçı, müəyyən edilmiş dövlət standartları da daxil olmaqla keyfiyyət standartlarına uyğun olan Xidməti Şirkətə təchiz etməyi, Şirkət isə təchiz edilmiş Xidmətin Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında haqqını ödəməyi öhdəsinə götürür. Bu şərt icarə münasibətlərinə də aiddir (1.2). Xidmət və icarə, Şirkətin bu Müqavilə şərtləri əsasında təyin etdiyi yerdə Təchizatçı tərəfindən təchiz edilir (2.1). Təchizatçı tərəfindən göstərilən xidmətə görə Şirkət bu müqavilənin 1 saylı Əlavəsində göstərilmiş tariflər üzrə ödəniş aparacaq (2.2). Şirkət, Müqavilə üzrə ödənişlərini hər ay ötən ay üçün faktiki icarəyə verilmiş avadanlığın, nəqlin və utilizasiya edilən tullantıların həcmini özündə əks etdirən imzalanmış qaimələrə əsasən hazırlanmış və hər iki tərəfdən təsdiq olunmuş təhvil-təslim aktı ilə birlikdə tərtib olunmuş hesab-fakturanın Şirkətin mühasibatlığına təqdim olunmasından otuz (30) təqvim günü ərzində aparır. Tərəflər arasında təhvil-təslim aktı imzalanmadığı halda ödəniş aparılmır (2.3). Ödəniş Təchizatçıya bank köçürmə üsulu ilə həyata keçirilir (2.4). Ödəmə manatla həyata keçirilir (2.5). Təchizatçı xidməti təhviltəslim/icarə aktı əsasında təqdim edir (2.6).
13. Məhkəməyə təqdim edilən tullantıların təhvil verilməsi haqqında qəbzlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə 11 kub metr, xx.xx.2022-ci il tarixdə 12 kub metr, xx.xx.2022-ci il tarixdə 8 kub metr, xx.xx.2022-ci il tarixdə 12 kub metr, xx.xx.2022-ci il tarixdə 12 kub metr, xx.xx.2022-ci il tarixdə 11 kub metr, xx.xx.2022-ci il tarixdə 12 kub metr, xx.xx.2022-ci il tarixdə 8 kub metr, xx.xx.2022-ci il tarixdə 12 kub metr, xx.xx.2022-ci il tarixdə 10 kub metr, xx.xx.2022-ci il tarixdə 9 kub metr, xx.xx.2022-ci il tarixdə 10 kub metr, xx.xx.2023-cü il tarixdə 6 kub metr tullantı suyu cavabdeh tərəfindən təhvil alınmışdır.
14. İddianın faktiki əsası kimi çıxış edən və iş materiallarında olan elektron qaiməfakturalardan görünür ki, xx.xx.2022-ci il tarixli EBCK 198101 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3608,53 manat, xx.xx.2022-ci il tarixli EBCK 197794 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 253,65 manat, xx.xx.2022-ci il tarixli EBCM 336771 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1550,61 manat, xx.xx.2023cü il tarixli EBDA 434667 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 252,14 manat olmaqla ümumilikdə 5664,93 manat dəyərində xidmətin göstərilməsi ilə bağlı cavabdehə təqdim edilmişdir.
15. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli EBCK 198101, xx.xx.2022-ci il tarixli EBCK 197794, xx.xx.2022-ci il tarixli EBCM 336771 və xx.xx.2023-cü il tarixli EBDA 434667 seriya və nömrəli elektron qaimələr sistem tərəfindən təsdiq edilmiş, ləğvə və ya düzəlişə qaytarılmamışdır.
16. Məhkəməyə təqdim edilən ödəniş sənədindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə EBCK 198101 seriya və nömrəli elektron qaiməyə (iddianın faktiki əsası kimi istinad edilən) istinad edilməklə 1000 manat, xx.xx.2023-cü il tarixdə EBCL 993138 seriya və nömrəli elektron qaiməyə (iddianın faktiki əsası kimi istinad edilməyən) istinad edilməklə 1194,07 manat pul iddiaçının bank hesabına köçürülmüşdür.
17. İş materiallarına əlavə edilən ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddianın faktiki əsası kimi istinad edilməyən EBCL 993138 seriya və nömrəli elektron qaimə üzrə xx.xx.2023-cü il tarixdə 214,94 manat, xx.xx.2023-cü il tarixdə 180 manat, iddianın faktiki əsası kimi istinad edilən xx.xx.2022-ci il tarixli EBCK 198101 seriya və nömrəli elektron qaimə üzrə xx.xx.2023-cü il tarixdə 180 manat məbləğində ƏDV ödənilmişdir.
18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 01 sentyabr 2022-ci il tarixli AAS-ATE-CO-2022-007 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehə tullantıların idarə olunması xidmətini göstərməyi, cavabdeh isə bunun müqabilində iddiaçıya ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə tullantıların təhvil verilməsi ilə bağlı xidmətlər göstərilmiş, ƏDV daxil olmaqla 5664,93 manat dəyərində xidmətin göstərilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli EBCK 198101, xx.xx.2022-ci il tarixli EBCK 197794, xx.xx.2022-ci il tarixli EBCM 336771 və xx.xx.2023-cü il tarixli EBDA 434667 seriya və nömrəli elektron qaimələr tərtib edilərək cavabdehə göndərilmiş, sonuncu tərəfindən qeyd olunan elektron qaimələrdən xx.xx.2022-ci il tarixli EBCK 198101 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil cəmi 1180 manat ödəniş edilmişdir.
19. İddiaçı 01 sentyabr 2022-ci il tarixli AAS-ATE-CO-2022-007 nömrəli xidmət müqaviləsi üzrə 4125,42 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.
20. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
21. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
23. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
24. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına və özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilən bütün sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
25. Məhkəmə kommersiya mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
26. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
29. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli AAS-ATE-CO-2022-007 nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
30. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
31. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
32. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
33. Bu mənada məhkəmə göstərir ki, cavabdehin, göstərilmiş xidmətlər üzrə 4125,42 manat məbləğində borcu yaranmış, 01 sentyabr 2022-ci il tarixli AAS-ATE-CO- 2022-007 nömrəli xidmət müqaviləsinin 2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyini – göstərilmiş xidmətin dəyərini ödəmək vəzifəsini icra etməmişdir.
34. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
35. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
37. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
38. Beləliklə, məhkəmə qeyd edir ki, xidmət müqaviləsi üzrə görülmüş işlərin dəyərini ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
39. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi 01 sentyabr 2022-ci il tarixli AAS-ATE-CO-2022-007 nömrəli xidmət müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, 4125,42 manat əsas borc cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı Birgə Müəssisəsi MMC-yə ödənilməlidir.
b) Xidmət müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
40. İddia ərizəsində iddiaçı həmçinin 206,28 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.
41. 01 sentyabr 2022-ci il tarixli AAS-ATE-CO-2022-007 nömrəli xidmət müqaviləsinin 2.3-cü bəndinə əsasən, ödəmə gecikdirildiyi halda, şirkət hər gecikdirilmiş gün üçün 0,1% məbləğində dəbbə ödəməlidir
42. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
43. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
44. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
45. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır.
46. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 206,28 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
47. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində təmin edilməli, 206,28 manat məbləğində cərimə cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı Birgə Müəssisəsi MMC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
48. İddiaçı həmçinin ödənilmiş 63,32 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
49. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********05 nömrəli mədaxil qəbzinə əsasən 63,32 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.
50. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
51. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Beləliklə, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 63,32 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı Birgə Müəssisəsi MMC-yə ödənilməlidir.
V. Nəticə:
53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli müqavilə üzrə 4125,42 manat əsas borc, 206,28 manat dəbbə pulu olmaqla ümumilikdə 4331,7 manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 63,32 manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova