Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1529/2025 21.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı 5.000 manat pul vəsaitinin iddiaçıya geri qaytarılması, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş 5 % hissəsi olan 250 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi 8,5% hissəsi olan 425 manat, həmin müddətdə kursa görə çəkilmiş vaxta və yol xərcinə görə 500 manat, dəymiş zərər qismində cəmi 6.125 (altı min yüz iyirmi beş) manat pul vəsaitinin və dövlət rüsumu olaraq 81 manat 25 qəpik pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi/vəkili ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən (EMİS və İnternet Vergi İdarəsinin çıxarışından) görünür ki, iddiaçı İddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs statusuna (VÖEN-ə) malik deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. MPM-in 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi icraat qaydasında müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №e-2-2(113)-1529/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1529/2025
21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver