Məhkəmə qərarları › İş №e-2-2(113)-153/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-153/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-153/2025 02.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 42 ay abunə borcu 252 manat və qeydiyyatdan çıxma aktı 35 manat, cəmi 287 manat və məhkəmə xərclərinə görə ödənilmiş 30 manatı Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 115 F-01,150 F-01,1** MF ***F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır.Belə ki, nəzarət kassa aparatı (NKA) vasitəsi ilə ödəyici (istehlakcı) pul əməliyyatlarını qeyd edir. Və NKA-da rüb ərzində vurulan bu pulların cəminə ( Z-hesabatı) görə ödəyici vergini ödəyir. NKA-ya kənar müdaxilələr olmasın deyə xüsusi icazəsi olan STXM-bu kassanın fiskal yaddaşını blomblayır. Vergi ödəyicisimüqavilə bağladıqdan sonra STXM kassanı blomplayır və xüsusi Akt tərtib etməklə bu Aktı Vergilər Nazirliyinə yollayır. Və Vergilər Nazirliyi bu blomb Aktı əsasında bu kassanı qeydiyyata alır. (Blomb Aktı əlavə edilir.) Hər rüb Vergi ödəyicisi Vergiyə bəyannamə (online) təqdim edir. Və bu bəyannamədə rüb ərzində vurulan pulu qeyd edir. Bu məbləğ STXM-tərəfindən Z-hesabatı çıxarılaraq VN-ə təqdim edilərək təsdiqlənir. Həmçini işlədiyi dövrdə STXM-tərəfindən hər mövsümdə saat dəyişikliyi etmək və uyğun saatı düzəltmək, kassa aparatı xarab olarsa onu təmir etməkdir. Bu qərara əsasən İddiaçı MMCCavabdeh2 (VÖEN:**********), arasında da xx.xx.2019-cu ildə 84900 nömrəli müqavilə ilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan Cavabdeh2 həmin öhdəliyi yerinə yetirməmişdir. Beləliklə Cavabdeh2 tərəfindən, 2019-1ay, 2020-7ay, 2021ci ildən 11 ay 2022-ci ildən 12ay, 2023 cü ildən 11 ay xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 42 ay abunə borcu 252 manat və qeydiyyatdan çıxma aktı 35 manat pulməbləği ödənilməmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 17 may 2024-cü il tarixli, e-2-2(113)- 2619/2024 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, xx.xx.2019-cu il tarixli, 84900 nömrəli müqaviləyə əsasən abunə borcu üzrə 252 (iki yüz əlli iki) manat, qeydiyyatdan çıxma aktı üzrə 35 (otuz beş) manat olmaqla, cəmi 287 (iki yüz səksən yeddi) manat məbləğində pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun Cavabdeh2 tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

4. Cavabdeh2 ərizə ilə müraciət edərək qiyabi qətnamənin ləğv olunaraq işə yenidən baxılmasını məhkəmədən xahiş etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2619/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 17 may 2024-cü il tarixli, e-2-2(113)- 2619/2024 saylı qiyabi qətnaməsi ləğv edilmiş və işin mahiyyəti üzrə baxılması təzələnmişdir.

II. Tərəflərin mövqeləri:

6. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişlər.

7. Cavabdeh məhkəməyə etiraz təqdim edərək, xx.xx.2019-cu il tarixdə hər hansı kassa aparatının qeydiyyatı barədə vergi orqanına müraciət etmədiyini bildirmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

9. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

12. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu ildə 84900 saylı müqavilə bağlanmışdır.

13. Müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri 130 F-01 tipli, 00207962 zavod nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidməti göstərməyi tapşırır, “STXM” isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürür.

14. Həmin müqavilənin 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən “STXM”-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri “STXM”-in üzərinə düşür.

15. Müqavilə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

16. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, İddiaçı MMC Cavabdeh2 müqavilə üzrə servis texniki xidməti göstərilməsini öz öhdəsinə götürmüşdür.

17. Məhkəmə qeyd edir ki, iş materiallarında olan nəzarət kassa aparatının qeydiyyata alınma aktına (nömrə:**********084900) əsasən Merkuri 130 F-01 tipli, 00214698 zavod nömrəli nəzarət kassa aparatı Saatlı rayonu, Mollavəzli kəndində yerləşən obyektə quraşdırılmışdır.

18. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən xx.xx.2019-xx.xx.2023-cü il tarixli dövr üzrə (42 ay) Cavabdeh2 İddiaçı MMC-yə abunə haqqı borcu üzrə 252 manat və qeydiyyatdan çıxma aktı üzrə 35 manat olmaqla, cəmi 287 manat borcu vardır.

19. Məhkəmə tərəfindən Merkuri 130 F-01 tipli, 00207962 zavod nömrəli nəzarət kassa aparatının Cavabdeh2 adına vergi orqanlarında dövlət reyestrində qeydiyyatda olub-olmamasının, qeydiyyatda olmadığı təqdirdə hansı tarixdən qeydiyyatdan çıxarılması, həmin aparatın istifadə müddətinin uzadılıb-uzadılmaması barədə məlumat və sənədlərin təqdim edilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu göndərilmişdir.

20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli “məlumatın təqdim edilməsi barədə” cavab məktubunda Cavabdeh2 məxsus Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən, **********-67001 kodlu, “1001” xırdavat adlı təsərrüfat subyektinə xx.xx.2013-cü il tarixdə “Merkuri 130F-01” markalı, 00207962 zavod nömrəli nəzarət-kassa aparatının quraşdırılması, xx.xx.2018-ci il tarixli **********753600 nömrəli müraciətinə əsasən xx.xx.2018-ci il tarixdə müvafiq nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılması, qeyd olunan vergi ödəyicisinin xx.xx.2019-cu il tarixdə təqdim etdiyi **********76900 nömrəli ərizəsinə əsasən ona məxsus Saatlı rayonu, Mollavaizli kəndində yerləşən, 670038692- 67002 kodlu, “Tikinti malları” adlı təsərrüfat subyektində əvvəlki “Merkuri 130F-01” markalı, 00207962 zavod nömrəli nəzarət-kassa aparatınınyenidən quraşdırılması, əlavə olaraq xx.xx.2022-ci il tarixdən adıçəkilən vergi ödəyicisnin **********-67002 kodlu, “Tikinti malları” təsərrüfat subyektinə “WizarPOS Q2” markalı, WP22121Q63200583 zavod nömrəli yei nəsil nəzarət-kassa aparatının quraşdırılması barədə məlumat müəyyən edilmişdir.

21. Hazırda isə, iddiaçı cavabdehin öhdəliyini icra etmədiyini bildirərək 42 ay üçün 252 manat məbləğində pulun tutulmasını xahiş edir.

22. Məhkəmə hesab edir ki, mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir.

23. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2019-cu il tarixli 338 saylı Qərarı ilə təsdiq olunmuş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın: - 1.4.6-cı bəndinə əsasən istifadəçi – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları müvafiq qanunvericiliyə əsasən qeydiyyatdan keçirmiş NKA vasitəsilə həyata keçirməli olan vergi ödəyicisidir. - 4.4-cü bəndinə əsasən istifadəçi tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilmiş NKA-nın Nazirliyin informasiya sisteminə və (və ya) Dövlət reyestrinə daxil edilməsi üçün Nazirlikdə qeydiyyatdan keçmiş hər hansı Operatorla müqavilə bağlamalıdır. - 8.1-ci bəndinə əsasən istifadəçi bu Qaydaların 3.7-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yalnız müqavilə bağladığı Operatorun xidmətlərindən istifadə edə bilər. - 8.3-cü bəndinə əsasən istifadəçinin vəzifələri: nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək; vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını Operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq; NKA-nın istismara hazırlıqla əlaqədar olan işlərini yalnız Operatorun nümayəndəsinin iştirakı ilə yerinə yetirmək; Operator və vergi orqanları işçilərinin NKA istismarı zamanı nəzərdə tutulmuş qaydalara əməl olunması ilə bağlı göstərişlərini yerinə yetirmək; vergi orqanları tələblərinə uyğun olaraq NKA servis-texniki xidməti ilə əlaqədar olan sənədləri təqdim etmək; vergi orqanları və Operatorun səlahiyyətli nümayəndəsinin NKA-nın fəaliyyətinə baxış keçirilməsinin maneəsiz buraxılışını təmin etmək; Operatorun bu Qaydaların tələblərinə uyğun olaraq NKA-ya servis-texniki xidmət göstərmələri üçün şərait yaratmaq; NKA-nın istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək və s. - 1.4.5-ci bəndinə əsasən operator – NKA-nın təqdim edilməsi və təchizatını, nəzarət mexanizmi qurğusuna müvafiq proqram təminatının yazılmasını, habelə bu avadanlıq və qurğulara qeydiyyat və servis-texniki xidmətlərin göstərilməsini həyata keçirən Operator qismində qeydiyyatdan keçmiş rezident hüquqi şəxsdir. - 7.2-ci bəndinə əsasən istifadəçilər tərəfindən NKA-nın bu Qaydalara uyğun istismar edilməsini təmin etmək və bu Qaydaların tələblərinin pozulması faktları aşkar edildikdə Nazirliyə məlumat vermək; nəzarət mexanizmi qurğusuna müvafiq proqram servislərinin və sertifikatın yazılmasını (“inisializasiya”, avtorizasiya) təmin etmək; NKAnın istismarı zamanı yaranmış problemlərin təhlilini həyata keçirmək və onların aradan qaldırılması barədə İstifadəçinin məlumatlandırılmasını təmin etmək; NKA-ya dair texniki tələblər dəyişdikdə, xidmət göstərdiyi NKA-nın həmin texniki tələblərə uyğunlaşdırılmasını təmin etmək; istifadəçilərə NKA-dan istifadə qaydalarını öyrətmək; xidmət göstərdiyi NKA-nın bu Qaydalarla müəyyən edilmiş meyarlara və Komissiyanın müəyyən etdiyi texniki tələblərə uyğun olmasını dövri olaraq rübdə 1 dəfədən az olmamaqla yoxlamaq, işlək vəziyyətdə olmasını təmin etmək və Nazirliyə bu barədə məlumat vermək; istifadəçilərə təqdim edilmiş NKA-ya servis-texniki xidmətlər göstərmək; servis-texniki xidmət filiallarına və ya məntəqələrinə malik olmaq; NKA məlumatlarının Nazirliyin informasiya sisteminə daxil edilməsi ilə bağlı aparılan bütün əməliyyatlar zamanı təqdim edilən məlumatların tamlığını, düzgünlüyünü, konfidensiallığını təmin etmək; NKA-nın istismarı üçün İstifadəçi tərəfindən lazımi şəraitin yaradılmasının yerinə yetirilməsini yoxlamaq; servis-texniki xidmətində olan NKA-nın keyfiyyəti, aşkar edilmiş çatışmazlıqları, istifadəçilərin təklif və iradları barəsində məlumatların yığılmasını, təhlil olunmasını və bu məlumatların Komissiyaya təqdim olunmasını təmin etmək; nasaz NKA-nı dəyişdirmək üçün qanunla müəyyən edilmiş qaydada əldə etdiyi NKA-nın 20 faizi həcmində ehtiyata malik olmaq; istifadəçini Operatorun imzası və möhürü ilə təsdiq edilməklə texniki xidmət jurnalı və NKA-nın nasaz olduğu dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək, habelə istifadəçilərdə saxlanılan texniki xidmət jurnalında göstərilən servis-texniki xidmətlər barədə müvafiq qeydlər aparmaq və s. Operatorun vəzifəsidir.

24. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilə istinad olunan Qaydaların tələblərinə uyğun xidmətlərin göstərilməsi ilə bağlı olmuşdur.

25. Məhkəmə xidmətin göstərildiyi müddət və tutulmalı xidmət haqqı məbləği ilə bağlı qeyd edir ki, 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilmiş məktuba əsasən müəyyən olunur ki, “Merkuri 130F-01” markalı, 00207962 zavod nömrəli nəzarət-kassa aparatı cavabdehə məxsus obyektdə 2019-cu il üçün 1 ay, 2020-ci il üçün 12 ay, 2021-ci il üçün 12 ay və 2022-ci il üçün 5 ay qeydiyyatda olmuşdur.

26. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı ümumilikdə 30 ay üçün abunə üzrə xidmət haqqının tutulmasını tələb edə bilər.

27. Cavabdeh etirazında nəzarət-kassa aparatının yenidən quraşdırılması üçün müraciət etmədiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, sübutetmə vəzifəsini tam yerinə yetirə bilməmişdir.

28. Məhkəmə nəzarət kassa aparatının xx.xx.2022-ci il tarixdə yeni nəsil nəzarət kassa aparatının quraşdırılmasını nəzərə alaraq hesab edir ki, abunə borcu üzrə 180 manat (30 ay x 6) və qeydiyyatdan çıxma aktı üzrə 35 manat olmaqla, cəmi 215 manat məbləğində Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

29. Bundan başqa, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

30. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Abunə borcu üzrə 180 (bir yüz səksən) manat, qeydiyyatdan çıxma aktı üzrə 35 (otuz beş) manat olmaqla, cəmi 215 (iki yüz on beş) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar