Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1544/2024 25.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1848,39 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 92 (doxsan iki) manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən haqq 150 manat və 70 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ olmaqla, cəmi 2160,39 manat məbləğində pulun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 dekabr 2018-ci il tarixində İddiaçı QSC ilə X2 arasında distribütora məxsus malların diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən 0642 saylı diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə özünə məxsus olan malları təklif edir. Bunun əsasında diler tərəfindən tərəflərin müqaviləyə və distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirilir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. Lakin müqaviləyə əlavə edilən möhür Cavabdeh məxsus olduğu üçün İddiaçı QSC borclu X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman cavabdeh borcun ona məxsus olmadığını bildirmişdir. Belə ki, 01 oktyabr 2018-ci il tarixdə tərəflər arasında imzalanmış üzləşdirmə aktı da Cavabdeh məxsus olan möhürlə təsdiq edilmişdir. Eyni ilə 01 sentyabr 2020-ci il tarixli sonuncu üzləşmə aktının məzmunundan da görünür ki, 31 avqust 2020-ci il tarixinə İddiaçı QSC-yə olan 1848,39 manat borc Cavabdeh məxsusdur. Həmçinin aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu İddiaçı QSC-nin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. xx.xx.2023-cü il tarixli, 1700 saylı maliyyə arayışına əsasən borclu şəxs tərəfindən mövcud borcla əlaqədar heç bir ödəniş həyata keçirilmədiyindən Cavabdeh İddiaçı QSC-ə olan borcu 1848,39 manat təşkil edir. Həmçinin, AR Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, həmçinin kreditorun borcunu tələb etmək hüququ və borclunun borcunu geri qaytarmaq vəzifəsi də həmin andan başlanır. Borclunun borcunu geri qaytarmaq vəzifəsi ilk yazılı tələbi göndərdiyi andan başlanır, belə ki, kreditor olaraq İddiaçı QSC tərəfindən xx.xx.2022-ci il tarixində Cavabdeh ilk yazılı pretenziya göndərilmişdir. xx.xx.2023-cü il tarixli əmrlə İddiaçı QSC ilə, Cavabdeh arasında olan kommersiya mübahisəsinin barışıq yolu ilə həll edilməsinin mümkünlüyünü yoxlamaq məqsədilə komissiya yaradılmışdır. Cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana mübahisənin barışıq yolu ilə həll edilməsi üçün təklif göndərilmişdir. Lakin həmin ünvanda olmaması səbəbindən təklif aidiyyatı üzrə Xətai rayon Bələdiyyəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli akta əsasən Cavabdeh ilə İddiaçı QSC arasında olan mübahisənin barışıq yolu ilə həll edilməsinin qeyri mümkünlüyü qənaətinə gəlinmişdir. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Ödəmə üçün pretenziyada müəyyən olunmuş müddəti də nəzərə alınsa, borclunun öhdəliyi icra etmək vəzifəsi xx.xx.2022-ci il tarixindən başlanmalıdır. İddia ərizəsinin xx.xx.2024-cü il tarixində göndərildiyi nəzərə alınsa, iddianın gecikdirilməsi üzrə məbləğ 12 ay əsasında ((1848.39*5%)/12)*12=92,42 manat hesablanmalıdır. Beləliklə, Cavabdeh İddiaçı QSC qarşısında öhdəliyi aşağıdakı məbləğdə müəyyən edilir: 1. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən əsas borc məbləği – 1848,39 manat, 2. Gecikdirilmiş dövr üçün illik beş faiz əsasında hesablanmış borc məbləği – 92 manat, 3. İlkin mediasiya sessiyası üzrə xərclər – 70 manat, 4. Hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən haqq – 150 manat, cəmi 2160,39 manat. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Distribütor qismində İddiaçı QSC ilə diler qismində Cavabdeh arasında xx.xx.2018ci il tarixli, 0642 nömrəli diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən distribütor və diler arasında münasibətlər bu müqavilənin şərtlərinə əsasən tənzimlənəcəkdir. Bu müqaviləyə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə özünə məxsus olan malları təklif edir, diler öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir. Tərəflər arasında satışın həyata keçirilməsini tənzimləyən əlavələr müqavilənin ayrılmaz tərkib hissəsi olacaq. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq. Malın satışı zamanı malların keyfiyyət, uyğunluq və lazım olan digər sertifikatlarını distribütor təqdim edəcək, həmçinin malın dilerə çatdırılmasını distribütor öz hesabına həyata keçirəcək. Malların dilerə çatdırılmasını tərəflərin səlahiyyətli niimayəndlələrinin imzaları ilə təsdiq olunacaq qaimədə öz əksini tapacaq. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən diler bu müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərkən distribütorun agenti və ya səlahiyyətli nümayəndəsi kimi yox, məhz malların satışı üzrə müstəqil diler kimi fəaliyyət göstərəcək və bu müqavilədən irəli gələn öhdəliklərinə görə hər hansı üçüncü tərəflər qarşısında məsuliyyət daşıyacaq. - İddiaçı QSC və Cavabdeh arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixə İddiaçı QSC-yə 1848,39 manat məbləğində borcunun olduğu aşkar edilmişdir. Qeyd olunan akt tərəflərin imzası və İddiaçı QSC-nin möhürü ilə təsdiq edilmişdir. - İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 1700 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı QSC-yə 1848,39 manat təşkil edir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, BD7 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC tərəfindən Sirius Vəkil Bürosunun AZ71AİİB400600C**********104 nömrəli hesabına 150 (yüz əlli) manat məbləğində vəsait köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli, ********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC tərəfindən Bakı 2 saylı Mediasiya Təşkilatının AZ66AİİB400600C**********142 nömrəli hesabına 70 (yetmiş) manat məbləğində vəsait köçürülmüşdür. - İddiaçı QSC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli, 1873 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 1 həftə ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli, 0642 nömrəli diler müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Sözügedən müqaviləyə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə özünə məxsus olan malları təklif edir, diler öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları və eləcə də, tərəflər arasında tərtib edilmiş üzləşmə aktı ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə sadalanan qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 1848,39 manat (min səkkiz yüz qırx səkkiz manat otuz doqquz qəpik) əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 92 (doxsan iki) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunan borcun mövcudluğu tərəflər arasında tərtib olunmuş üzləşmə aktı ilə öz təsdiqini tapır. İddiaçı vəkilə ödənilmiş 150 manat və 70 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, 150 (yüz əlli) manat hüquqi yardım və 70 (yetmiş) manat mediasiya xərcləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1848,39 manat (min səkkiz yüz qırx səkkiz manat otuz doqquz qəpik) əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 92 (doxsan iki) manat, 150 (yüz əlli) manat hüquqi yardım, 70 (yetmiş) manat mediasiya xərci olmaqla, cəmi 2160,39 manat (iki min yüz altmış manat otuz doqquz qəpik) məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1544/2024
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1544/2024
25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver