Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1549/2025 13.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçıya geri qaytarılmalı olan 93 500 (doxsan üç min beş yüz) AZN (55 000 (əlli beş min) ABŞ dolları ekvivalenti) avans məbləği, o cümlədən İddiaçı tərəfindən ödənmiş 371 (üç yüz yetmiş bir) AZN dövlət rüsumunun Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 152.1 və 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Lakin etibarnamənin formasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şərtlə ki, onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun olsun. Mülki Prosessual Məcəllənin 457-ci maddəsinə əsasən Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsləri, yaxud əcnəbilər barəsində verilmiş, tərtib edilmiş və ya xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilmiş sənədlər, əgər qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, konsul orqanları tərəfindən qanuniləşdirildikdən sonra Azərbaycan Respublikası məhkəmələri tərəfindən qəbul edilir. Məhkəmə qeyd edir ki, İddiaçı Gürcüstan Respublikasında qeydiyyatdan keçmiş olan hüquqi şəxsdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Nümayəndə verilmiş olan etibarnamədən görünür ki, Gürcüstan Respublikasında qeydiyyatdan keçmiş olan hüquqi şəxsin adından X2 adlı şəxs çıxış etmiş və Bakı şəhəri 24 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası həm 1993-cu il Minsk, həm də 2002-ci Kişinyov konvensiyalarının iştirakçısıdır. Lakin Gürcüstan 2002-ci il Kişinyov konvensiyasının iştirakçısı olmadığı üçün həmin konvensiyanın müddəaları hazırda tətbiq oluna bilməz. 2002-ci il Kişinyov konvensiyasının 121-ci maddəsində qeyd olunur ki, bu konvensiyanın iştirakçısı olan dövlətlər arasında 1993-cü il Minsk konvensiyası qüvvədən düşmüş hesab olunur. Eyni zamanda Kişinyov konvensiyasının iştirakçısı olmayan dövlətlər arasında münasibətlərin tənzimlənməsinə Minsk konvensiyasının müddəaları tətbiq olunur. Ona görə də, hazırda verilən etibarnamənin qanuniliyi məsələsinə 1993-cü il Minsk konvensiyasının müddəaları tətbiq olunmaqla qiymət verilməlidir. Minsk konvensiyasının 43-cü maddəsinə əsasən Etibarnamənin forması və müddəti onun verildiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir. Bu cür etibarnamə ərazisində istifadə ediləcək Razılığa gələn Tərəfin dilinə, yaxud rus dilinə notarial qaydada təsdiqlənmiş tərcümə ilə birlikdə Razılığa gələn digər Tərəflərin ərazilərində hər hansı bir xüsusi təsdiq etmədən tətbiq ediləcəkdir. Ancaq göründüyü kimi, hazırda etibarnamə Gürcüstan Respublikasında qeydiyyatdan keçmiş olan hüquqi şəxsin adından X2 adlı şəxs çıxış etmiş və Bakı şəhəri 24 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmişdir. Məhkəmə bu xüsusda qeyd edir ki, X2 adlı şəxsin kim olması, ümumiyyətlə onun hüquqi şəxs adından çıxış etmək barədə səlahiyyətinin olub-olmaması kimi sənədlər işə əlavə edilməmişdir. Həmçinin həmin etibarnamədən görünür ki, Bakı şəhəri 24 saylı Notariat Kontorunun Notariusu etibarnamənin son hissəsində “X1 şəxsən özünün imza etməsi”, etibar edənin şəxsiyəti müəyyən edilib” kimi qeydlər aparmışdır. Ancaq nəzərə alınmalıdır ki, X2 etibar edən deyildir, etibar edən hüquqi şəxsdir və məhz hüquqi şəxsə aid sənədlər yoxlanılmalı idi. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarının 1.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsin xarici hüquqi şəxs olması nəzərə alınaraq (“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2ci maddəsi), həmin hüquqi şəxsin tərəf qismində iştirak etdiyi məhkəmə mübahisələrində məhkəmələr, müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etməlidirlər. Ona görə də, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçıya izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 10-1.3, 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı-yə geri qaytarılsın. ********** nömrəli qəbzə əsasən ödənilmiş 371 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1549/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1549/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver