Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1552/2024 07.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 aprel 2023-cü il tarixli 001 saylı“tələb hüququnun ötürülməsi” barədə müqavilənin şərtlərinin icra edilməsinin cavabdehə həvalə edilərək məcburi icra edilməsi və 15 noyabr 2016-cı il tarixli 11/16 saylı borc müqaviləsi üzrə qalıq 1987643,5 manat borcun, 1665 manat ödənilmiş dövlət rüsumunun və 400 manat mediasiya rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında imzalanmış 15 noyabr 2016-cı il tarixli 11/16 saylı borc müqaviləsi və borcun təhvil-təslim edilməsinə dair akta əsasən cavabdehin iddiaçıya 2.550.000 manat borcu mövcud olmuşdur. Müqavilə şərtlərinə əsasən cavabdeh müvəqqəti maliyyə yardımı adı ilə əmlakları təmir edib satışından geri qaytarmaq məqsədilə iddiaçıdan əldə etdiyi 2 550 000 (iki milyon beş yüz əlli min) manat vəsaiti tam geri qaytarmamışdır. Borcun tam geri qaytarılması üzrə müddətin bitməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması ilə bağlı hər hansı bir addım atılmamışdır. Qeyd edək ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsininin 22 dekabr 2017-ci il tarixli 2-2(82)-1098/2017 saylı qətnaməsilə Cavabdeh MMC-nin ümumi dəyəri 80 188 331,94 manat olan 82 adda daşınmaz əmlakı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının balansına keçirilmişdir. Faktiki olaraq Cavabdeh MMC 3 007 733,33 manat dəyərində banka artıq ödəmə etmiş və bu günə qədər bankın Cavabdeh MMC qarşısında öhdəliyi mövcuddur. Bu öhdəlik əslində Cavabdeh MMC-nin ”X1 Kompleksi” MMC qarşısında 15 noyabr 2016-cı il tarixli 11/16 saylı borc müqaviləsi üzrə mövcud olan 2 550 000 manat borcunun ödənilməsinə yönəlməli idi. 2019-cu ildə ”X1 Kompleksi” MMC-nin maliyyə çətinliyi olduğundan "xxxx" QSC Bank olmayan Kredit Təşkilatından 456 494 manat kredit rəsmiləşdirmiş və faktiki olaraq Cavabdeh MMC-nin "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına artıq ödəməsi olan 3 007 733,33 manat həmin kredit müqaviləsi üzrə 456 494 manatın sığortası (girovu) kimi çıxış etmişdir. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış 25 aprel 2023-cü il tarixli 001 saylı “tələb hüququnun ötürülməsi” barədə müqaviləyə əsasən Cavabdeh MMC-nin 3 007 733,33 manat dəyərində "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına olan artıq ödəməsindən 562 356,5 manat tələb hüququnun müvafiq qanunvericilik çərçivəsində İddiaçı MMC-yə keçirilməsi qərarlaşdırılmış və bu barədə "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına rəsmi məktublar göndərilmiş,lakin məlum olmayan səbəblərdən “tələb hüququnun ötürülməsi” barədə müqavilə icra edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq “tələb hüququnun ötürülməsi” barədə müqavilə üzrə, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsininin 22 dekabr 2017-ci il tarixli 2-2(82)-1098/2017 saylı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsilə təsdiq olunan, Cavabdeh MMC-nin 3 007 733,33 manat dəyərində "xxxx" QSC-ya olan artıq ödəməsindən 562 356,5 manat tələb hüququ müvafiq qanunvericilik çərçivəsində İddiaçı MMC-yə keçirilməsi və 15 noyabr 2016-cı il tarixli 11/16 saylı borc müqaviləsi üzrə qalıq 1 987 643.5 manat borcun Cavabdeh MMC– dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməlidir.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1552/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə "xxxx" QSC BOKT müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
II. Tərəflərin mövqeləri:
4. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi F.Qurbanlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu tərəflər arasında borc müqaviləsi bağlanmazdan sonra qəbul edilmiş, bu səbəbdən pul vəsaiti cavabdehə nağd qaydada verilmişdir.
5. Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, borcu etiraf edib iddiaya etirazlarının olmadığını, digər şirkətlərin onlara borclarının olduğunu, həmin borcların təmin olunduqdan sonra iddiaçıya olan borcun ödənilməsini həyata keçirəcəklərini bildirmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər.
7. Sonuncu məhkəmə iclasının tərəflərin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı və cavabdeh arasında imzalanmış 25 aprel 2023-cü il tarixli 001 nömrəli tələb hüququnun ötürülməsi barədə müqaviləyə əsasən nəzərə alaraq ki, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(82)-1098/2017 saylı qərarı üzrə “Property”-nin ümumi dəyəri 80.188.331,94 manat olan 82 adda daşınmaz əmlakı "xxxx" QSC-nin balansına keçirilmiş və faktiki olaraq “Property” 3.007.733,33 manat dəyərində banka artıq ödəmə etmişdir. “AASK”-nın "xxxx" BOKT QSC qarşısında 05 mart 2019-cu il tarixli 000497 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 562.356,5 manat mövcud olan (456.494 manat əsas, 105.862,5 manat faiz) borcu mövcuddur.
10. Müqaviləyə əsasən tərəflər "xxxx" QSC qarşısında mövcud olan öhdəlik barədə - “Property”-nin 3.007.733,33 manat dəyərində "xxxx" QSC-yə olan artıq ödəməsindən 562.356,5 manat tələb hüququ müvafiq qanunvericilik çərçivəsində “AASK”-ya keçirilməsi, “Property”-nin "xxxx" QSC-yə olan artıq ödəməsi 2.445.376,83 manat müəyyən edilməsi barədə razılığa gəlmişlər.
11. İddiaçı (borc verən) və cavabdeh (borc alan) arasında bağlanmış 15 noyabr 2016-cı il tarixli 11/16 nömrəli borc müqaviləsinə əsasən borc verən borc alana 2.550.000 manat borc verir.
12. Müqavilənin 1.2-ci bəndinə əsasən borc verən pul vəsaitini borc alana qaytarılmaq şərti ilə maliyyə yardımı kimi (borc alanın əmlaklarının təmiri üçün) borca verir, borc alan isə borcu bu müqavilənin şərtləri əsasında xx.xx.2023-cü il tarixədək hissə-hissə geri qaytarmağı öhdəsinə götürür.
13. Müqavilənin 1.3-cü bəndinə əsasən borc verən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği faizsiz borc kimi borc alana verir.
14. İddiaçı və cavabdeh arasında tərtib olunmuş xx.xx.2016-cı il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 2.550.000 manat dəyərində pul əskinazları sayılaraq təhvil verilmişdir.
15. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
21. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli borc müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
22. İddia ərizəsində həmçinin 25 aprel 2023-cü il tarixli 001 saylı “tələb hüququnun ötürülməsi” barədə müqavilənin şərtlərinin icra edilməsinin cavabdehə həvalə edilərək məcburi icra edilməsi tələbi də irəli sürülmüşdür.
23. İddiaçının nümayəndəsi F.Qurbanlı məhkəmə iclasında verdiyi izahatında həmin müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilmədiyini və "xxxx" QSC BOKT tərəfindən 562.356,5 manat vəsaitin iddiaçıya ödənilmədiyini, bu səbəbdən həmin müqavilənin məcburi icra edilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə iddia tələbinin 25 aprel 2023-cü il tarixli 001 saylı “tələb hüququnun ötürülməsi” barədə müqavilənin şərtlərinin icra edilməsinin cavabdehə həvalə edilərək məcburi icra edilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi qeyrimüəyyən olduğundan təmin edilməməlidir.
25. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin borc müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, həmçinin cavabdehin borcu etiraf etdiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 15 noyabr 2016-cı il tarixli 11/16 saylı borc müqaviləsi üzrə 1987643,50 manat borc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 1665 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1987643,50 məbləğində pul, ödənilmiş 1665 manat məbləğində dövlət rüsumu, ümumilikdə 1989308,50 (bir milyon doqquz yüz səksən doqquz min üç yüz səkkiz manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova