Məhkəmə qərarları › İş №e-2-2(113)-1562/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1562/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1562/2023 02.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2138,16 (iki min yüz otuz səkkiz manat on altı qəpik) manat ödənilməmiş borc məbləğinin və ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 01 may 2018-ci il tarixli, AZRT/2018/177 saylı “Telekommunikasiya xidmətlərin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə müqavilənin 2 saylı qoşmasında verilmiş forma əsasında telekommunikasiya xidmətlərini göstərməyi, cavabdeh isə bunun əvəzində razılaşdırılmış xidmət haqqını ödəməyi öz üzərinizə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə 2138,16 (iki min yüz otuz səkkiz manat on altı qəpik) manat ödənilməmiş borcu qalmışdır. İİ. İddiaçı və cavabdehin mövqeyi: İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxışını iştirakları olmadan, təqdim edilən sübutlar əsasında baxıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, işə qiyabi icraat qaydasına baxılmasına etiraz etməmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh MMC “sifarişçi” İddiaçı MMC “icraçı” olmaqla imzalanmış telekommunukasiya xidmətlərinin göstərilməsinə dair AZRT/2018/177 saylı 01 may 2018ci il tarixli müqaviləyə əsasən İddiaçı sifarişçiyə telekommunikasiya xidmətlərini göstərir (bundan sonra “xidmət” adlanacaq), sifarişçi isə xidmət müqabilində İddiaçı-a xidmət haqqı ödəyəcək. 1.2. Tərəflər sifarişçi tərəfindən əldə ediləcək interent trafiki və ya mövcud olan trafikə əlavə ediləcək trafik, portların və ayrılmış məlumat kanalların sayı və tərəflərin hər sifariş üzrə vacib saydıqları digər məlumatları hər dəfə şablonu bu müqaviləyə 2 saylı Qoşmada verilmiş xidmət sifariş formasının (“XSF”) imzalanması vasitəsi ilə təsdiqləyirlər. 3.4. İddiaçı hər ayın sonunda sifarişçiyə imza üçün ay ərzində göstərilmiş xidmətin təhviltəslim aktını (bundan sonra “Aylıq təhvil-təslim aktı” adlanacaq) təqdim edir. Sifarişçi həmin aylıq təhvil-təslim aktını təqdim edildiyi tarixdən 7 (yeddi) iş günü ərzində imza edib geri qaytarmalıdır və ya imza etməkdən imtina etdikdə bunun yazılı səbəbini İddiaçıa təqdim etməlidir. Sifarişçi bu müddət ərzində aylıq təhvil-təslim aktını imza edib geri qaytarmadıqda və ya bunun yazılı səbəbini təqdim edilmədikdə aylıq təhvil-təslim aktı üzrə göstərilən xidmətlər qəbul edilmiş sayılacaq. 3.5 bəndə əsasən İddiaçı aylıq fakturanı hər təqvim ayının sonundan etibarən 7 (yeddi) iş günü ərzində qarşılıqlı şəkildə aylıq təhviltəslim aktı əsasında təqdim edir. 3.6. Ödəniş İddiaçı tərəfindən fakturanın təqdim edilməsindən sonra sifarişçi tərəfindən 30 (otuz) təqvim günü ərzində edilməlidir. AZRT/2018/177 saylı müqaviləyə 2 saylı qoşma olan xidmətin sifariş formasına əsasən aylıq 604 manat (ƏDV xaric) ödəniş tərəflər arasında razılaşdırılmışdır. İddiaçı MMC-dən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2019-cu il tarixli hesabfakturadan məlum olur ki, AZRT/2018/177 saylı müqavilə üzrə göstərilən xidmətlərə görə xx.xx.2018-xx.xx.2019 dövr üzrə ƏDV daxil 2.138,16 manat borc hesablanmışdır. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında telekommunukasiya xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanmışdır. İddiaçı tərəfindən cavabdehə müqaviləyə uyğun olaraq, göstərilən xidmətlərin qarşılığında ödənişin olması üçün hesab-faktura göndərilmiş, cavabdeh tərəfindən hər-hansı ödəniş olmamışdır. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 2138,16 (iki min yüz otuz səkkiz manat on altı qəpik) manat ödənilməmiş borc məbləği iddiaçının xeyrinə tutulmalıdır. Vİİ. Məhkəmə xərcləri: Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yuxarıda qeyd edilən qanunvericilik normalarını və mediasiya xərcinin işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb məhkəmə hesab edir ki, 60 manat mediasiya xərci cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 242 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2138,16 (iki min yüz otuz səkkiz manat on altı qəpik) manat ödənilməmiş borc məbləği və ödənilmiş 60 (altmış) manat mediasiya xərci İddiaçı MMCnin xeyrinə tutulsun. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar