Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1566/2023 15.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: müqavilə üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən AZT/099/013 saylı müqavilə üzrə 554,60 manat, AZT/100/013 saylı müqavilə üzrə isə 424 manat ödənilməmiş borc məbləğinin və ödənilmiş 40 (qırx) manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış15 iyul 2013-cü il tarixli, AZT/099/013 saylı “İnternetə qoşulması xidmətləri ilə təmin edilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə müqavilənin 2 saylı qoşmasında verilmiş forma əsasında yerli və beynəlxalq internet trafiki ilə təmin etməyi, cavabdeh isə bunun əvəzində razılaşdırılmış xidmət haqqını ödəməyi öz üzərinizə götürmüşdür. Bundan başqa İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 15 iyul 2013-cü il tarixli, AZT/100/013 saylı “Telekommunikasiya xidmətlətin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə müqavilədə göstərilmiş telekommunikasiya xidmətlərini göstərməyi, cavabdeh isə bunun əvəzində razılaşdırılmış xidmət haqqını ödəməyi öz üzərinizə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir.
3. İddia ərizəsində iddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 430.1, 442, 443.9, 445.2 və s. maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni nümayəndəsi (direktoru) Qanuni nümayəndə izahat verərək, iddiaya etiraz etdiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi:
7. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin internetə qoşulması xidmətləri ilə təmin edilməsinə dair xx.xx.2013-cü il tarixli AZT/099/013 nömrəli müqavilə və telekommunikasiya xidmətlərinin göstərilməsinə dair xx.xx.2013-cü il tarixli AZT/100/013 saylı müqavilə imzalanmışdır. xx.xx.2013-cü il tarixli AZT/100/013 saylı müqavilənin 1 nömrəli Əlavəsi ilə Sip-telefoniya xidmətlərinin tarifi tərəflər arasında razılaşdırılmışdır. Müqavilələr və ona əlavələr tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
V. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
VI. Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.
9. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə üzrə Azərtelekom MMC müştərini yerli və beynəlxalq internet trafiki ilə təmin etməyi, telekommunikasiya xidmətlərinin göstərilməsini öz öhdəsinə götürmüşdür. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir.
10. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4 (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.) və 13.5-ci (Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür.) maddələrinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
11. Məhkəmə həmçinin qeyd edir ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
12. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
13. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə xidmətin göstərilib-gösərilməməsidir.
14. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş cavabdeh tərəf 2013cü ildə cəmi 4-5 ay ofisdə işlədiyini və həmin aylarda göstərilmiş xismətlərə görə pulu tam ödədiyini bildirmiş, lakin sonradan ofisdən çıxdığını və iddiaçı tərəfindən ona hər hansı bir xidmətin göstərilmədiyini bildirmişdir.
15. İddiaçı tərəf də, cəmi 4-5 ay ödəniş olunduğunu bildirsə də, sonrada ödəniş edilmədiyini bildirmişdir.
16. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf işə əlavə etmiş olduğu hesab (invoice) sənədlərində hər iki müqalə üzrə xx.xx.2013-xx.xx.2019-ci ili əhatə edən dövr ərzində olduğunu qeyd etmiş olsa da, sonradan məhkəməyə təqdim etdiyi yazılı izahatında tələb edilən pulun 2013-2014-cü illəri əhatə etdiyini bildirmişdir.
17. İşdən də, göründüyü kimi, xx.xx.2013-cü il tarixli AZT/099/013 nömrəli internetə qoşulma xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə aylıq xidmət haqqı 60 manat, xx.xx.2013-cü il tarixli AZT/100/013 saylı telekmunikasiya xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə isə aylıq xidmət haqqı 14 manat təşkil edir.
18. xx.xx.2013-cü il tarixli AZT/099/013 nömrəli internetə qoşulma xidmətlərinin göstərilməsinə dair müqavilənin 4.2-ci bəndinə əsasən Azərtelekom aylıq fakturanı hər təqvim ayının sonundan etibarən 7 iş günü ərzində təqdim edir.
19. xx.xx.2013-cü il tarixli AZT/100/013 saylı telekmunikasiya xidmətlərinin göstərilməsinə dair müqavilənin 3.3-cü bəndinə əsasən xidmətlərin göstərilməsi üzrə hesablaşma dövrü bir aydır... Müqavilənin 3.4-cü bəndinə əsasən ..... telefon rabitəsi xidmətləri haqqının hesablanması hesablaşma dövrü başa çatdıqdan sonra 20 gündən gec olmayaraq yerinə yetirilməlidir.
20. Göründüyü kimi, hər iki müqavilə üzrə hesablaşma dövrü 1 ay təşkil edir. Ancaq iddiaçı tərəf pulun hansı aylarda göstərilmiş xidmətlərə görə tələb edildiyini izah edə bilməmiş, hansı aylar üzrə hansı hesab (invoice) sənədinin verildiyini təqdim edə bilməmiş, ümumiyyətlə həmin xidmətlərin göstərilməsini təsdiq edə bilməmişdir.
21. Həmçinin də, iddiaçı tərəf əgər cavabdeh tərəf ödəniş etmirdisə, nəyə görə xidmətin göstərildiyini də, izah edə bilməmişdir.
22. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəf cavabdehə tələb edilən pullara görə, xidmətin göstərildiyini sübut edə bilməmişdir.
23. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
24. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır.
25. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VII. Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov