Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1575/2020 23.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, Ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyəti “xxxx” Sığorta Şirkətinin nümayəndəsi X1, Kreditor MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, ərizəçi Azərbaycan Respublikası Mərkəzi X4 Cəmiyyəti “xxxx” Sığorta Şirkətinin müflis elan edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə kreditor tələbinin rədd edilməsi qərarının ləğv edilməsi barədə Kreditor MMC tərəfindən verilmiş ərizəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının X5 Səhmdar Cəmiyyəti “xxxx” Sığorta Şirkətinin müflis elan edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Açıq Səhmdar Cəmiyyəti “xxxx” Sığorta Şirkətinin müflis elan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Açıq Səhmdar Cəmiyyəti “xxxx” Sığorta Şirkəti müflis elan edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Kreditor MMC-nin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, YBFQ2017-00667 saylı yük sığortası şəhadətnaməsinə əsasən 155744,02 ABŞ dolları məbləğində sığorta ödənişinin və həmin sığorta ödənişinə hesablanmış 170.535 ABŞ dolları məbləğində dəbbə pulunun tutulmasına dair kreditor tələbinin rədd edilməsi barədə ASC “xxxx” Sığorta Şirkətinin Ləğvetmə Komissiyasının sədri R.Əhmədovun xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, YBFQ2017-00667 saylı yük sığortası şəhadətnaməsinə əsasən 155.744,02 ABŞ dolları məbləğində sığorta ödənişi və həmin sığorta ödənişinə hesablanmış 170.535 ABŞ dolları məbləğində dəbbə pulunun Kreditor MMC-nin ASC “xxxx” Sığorta Şirkətinə qarşı kreditor tələbi kimi təsdiq edilməsini və ASC “xxxx” Sığorta Şirkətinin kreditorlar tələbləri reyestrinə daxil edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1575/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ASC “xxxx” Sığorta Şirkəti müflis elan edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1575/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə ASC “xxxx” Sığorta Şirkətinin Ləğvetmə Komissiyasının tərkibi müəyyən olunmuşdur. Bundan sonra xx.xx.2020-ci il tarixində Ləğv prosesində olan ASC “xxxx” Sığorta Şirkətinin ləğvetmə komissiyası kütləvi informasiya vasitələrində elan verərək, 60 gün ərzində kreditor tələblərinin təqdim edilməli olması barədə kreditorlara müraciət etmişdir. Bunların əsasında, xx.xx.2020-ci il tarixində Kreditor MMC kreditor olaraq ASC “xxxx” Sığorta Şirkətinin Ləğvetmə Komissiyasına yazılı müraciət təqdim edərək, 155.744,02 ABŞ dolları məbləğində sığorta ödənişinin və həmin sığorta ödənişinə hesablanmış 170.535 ABŞ dolları məbləğində dəbbə pulunun kreditor tələbi kimi ASC “xxxx” Sığorta Şirkətinin kreditorlar reyestrinə daxil edilməsini xahiş etmişdir. ASC “xxxx” Sığorta Şirkətinin Ləğvetmə Komissiyasının sədri R.Əhmədovun xx.xx.2020-ci il tarixli, 1200 saylı məktubu ilə Kreditor MMC-nin kreditor tələbi rədd edilmişdir. Hesab edir ki, kreditor tələbinin rədd edilməsi barədə ASC “xxxx” Sığorta Şirkətinin Ləğvetmə Komissiyasının sədri R.Əhmədovun xx.xx.2020-ci il tarixli qərarı əsassız və qanunsuzdur. ASC “xxxx” Sığorta Şirkətinin Ləğvetmə Komissiyası öz qərarını daşınma zamanı sığorta təminatında olan əmlakın oğurlanmasına dair sübutun təqdim edilməməsi ilə əsaslandırmışdır. Bu həqiqətə uyğun deyildir. Belə ki, ASC “xxxx” Sığorta şirkəti tərəfindən YBFQ2017-00667 saylı yük sığortası şəhadətnaməsinə əsasən, 155.744,02 ABŞ dolları məbləğində olan mallar Hollandiyadan Azərbaycana daşınması zamanı yarana biləcək ziyandan “xxxx” MMC-nin xeyrinə sığortalanmışdır. YBFQ2017-00667 saylı yük sığortası şəhadətnaməsində qeyd olunmuş mallar xx.xx.2017-ci il tarixində Hollandiyada yük maşınına yüklənərək Azərbaycana göndərilmiş, lakin daşınma zamanı oğurlanmış və indiyədək tapılmamışdır. Yükün oğurlanması ilə bağlı “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasının və Rusiya Federasiyasının (yük maşınının məxsus olduğu “xxxx” MMC Rusiya Federasiyasında qeydiyyatdan keçmişdir) hüquq mühafizə orqanlarına çoxsaylı müraciətlər olmuşdur. Hüquq mühafizə orqanları tərəfindən araşdırma ilə bağlı “xxxx” MMC-yə məktublar göndərilmişdir. Rusiya Federasiyasında aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, 155.744,02 ABŞ dolları məbləğində olan mallar oğurlanmışdır. Bunu RF DİN Kalininqrad şəhərinin Leninqrad rayonu üzrə daxili işlər şöbəsinin əməliyyatçısı D.A.Rudıka “xxxx” MMC-nin məsuliyyətini sığortalamış “xxxx” ASC-nin nümayəndələri M.V.Yazıkovanın və M.S.Yurkeviçin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli izahatları da sübut edir. Həmin izahatlarda müəyyən edilir ki, “xxxx” MMC-nin işçisi olan İrada Lətif “xxxx” ASC-yə müraciət edərək “xxxx” MMC-nin qanunsuz əməlləri nəticəsində 155.744,02 ABŞ dolları məbləğində malların oğurlanması barədə məlumat vermişdir. Bu məlumat əsasında “xxxx” ASC də müvafiq hüquq mühafizə orqanlarına müraciət etmişdir. Lakin bu araşdırmalar nəticə verməmiş, oğurlanmış mallar tapılmamışdır. Buna baxmayaraq, ASC “xxxx” Sığorta şirkəti tərəfindən sığorta məbləği - 155744.02 ABŞ dolları məbləğində dəymiş ziyan “xxxx” MMC-yə ödənilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934-cü maddəsinə əsasən, sığortaçı şığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Azərbaycan Respublikasının “Müflisləşmə və iflas haqqında” Qanununun 44-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər müflisolma zamanı irəli sürülmüş borc məbləğinin üstünə faizlər hesablanırsa və ya həmin borc cərimə sanksiyaları üçün əsas verirsə, göstərilən faizlər və ya sanksiyalar borcun bir hissəsi kimi tələb edilə bilər. “xxxx” MMC ilə Kreditor MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Tələb hüquqlarının güzəşt edilməsi haqqında” müqaviləyə əsasən, YBFQ2017-00667 saylı yük sığortası şəhadətnaməsi üzrə bütün tələb hüquqları, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, sığorta hadisəsi üzrə sığorta ödənişinin, cərimənin, faizlərin, dəymiş ziyanın ödənilməsinin tələb hüquqları Kreditor MMC-yə güzəşt edilmişdir. Azərbaycan Respublikasının “Müflisləşmə və iflas haqqında” Qanununun 45-ci maddəsinin 3-cü hissəsinə əsasən, kreditor öz tələbi barəsində əmlak inzibatçısının qərarı ilə razı olmadıqda həmin qərarın ləğvi və ya dəyişdirilməsi barədə məhkəməyə müraciət edə bilər. Bu barədə ərizə imtina alındığı gündən ən azı 21 gün müddətində təqdim edilməlidir. Məhkəmə iclasında Kreditor MMC-nin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyəti “xxxx” Sığorta Şirkətinin nümayəndəsi X2 ərizəni qəbul etməyərək izahatında bildirdi ki, şirkət tərəfindən yük sığortası növü üzrə könüllü qaydada sığortalanmış əmlakın sığorta təminatı müddəti ərzində daşınma zamanı oğurlandığı iddia edilmişdir. Lakin oğurluq faktını sübut edəcək səlahiyyətli dövlət orqanının yekun qərarı mötəbər sübut olaraq təqdim edilməmişdir.Təqdim edilmiş məktublarda isə yalnız Rusiya Federasiyasının hüquq mühafizə orqanları tərəfindən şikayətin araşdırılacağı barədə məlumatlar mövcuddur. Hesab edir ki, bu şikayətin 2017-ci ildə olduğunu nəzərə alaraq 3 ilə yaxın müddət ərzində hüquq mühafizə orqanları bu şikayətlə bağlı bir yekun qərar qəbul etməli idilər. Lakin bu qərarlar şirkətə təqdim edilməmiş və əsassız olaraq sığorta hadisəsinin baş verdiyi iddia edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd sığorta ödənişinin həyata keçirilməsi üçün əsasdır. Hazırkı halda ödənişin verilməsi mümkün deyildir. Odur ki, ərizənin rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: -YBFQ2017-00667 saylı yük sığortası şəhadətnaməsindən görünür ki, ASC “xxxx” Sığorta Şirkəti (sığortaçı) tərəfindən “xxxx” MMC-yə (sığortalı) məxsus Hollandiya Respublikasından Azərbaycan Respublikasına göndərilmiş mallar xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tairxədək 45 gün müddətinə 155.744,02 ABŞ dolları/264.780,41 manat məbləğində sığorta edilmişdir. Həmin şəhadətnaməyə əsasən şəhadətnaməyə əlavə edilən “Yük sığortasının əsas şərtləri” üzrə bütün risklər sığortalanmışdır. İstisna olaraq sığorta təminatının başlanmasından əvvəl baş verən zərərlər, müharibə, vətəndaş müharibəsi, tətil, lokaut, ixtişaş, radioaktiv çirklənmə, temperatur dəyişiklikdən, paslanmadan, ionizasiyadan, rəng dəyişikliyindən, cızılmadan irəli gələn zərərlər, sirli yoxolma göstərilmişdir. -“xxxx” MMC tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanlanmış xx xxxxxx 2017-ci il tarixi məktublardan görünür ki, “xxxx” MMC tərəfindən “OOO Gruzopotok” fimasına etibar edilmiş 155.574 ABŞ dolları və 27076 avro məbləğlərində malların oğurlanması barədə prokurorluğa məlumat verilmiş və cinayət işinin açılmasında köməklik göstərilməsi xahiş edilmişdir. -Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən “xxxx” MMC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, müraciət göstərilən xüsusatların ətraflı araşdırılması üçün Rusiya Federasiyasının Baş Prokurorluğuna göndərilmişdir. -Rusiya Federasiyası Baş Prokurorluğu tərəfindən “xxxx” MMC-nin direktoru Bəxtiyar Əlizadənin ərizəsinə xx.xx.2017-ci il tarixli cavab məktubundan görünür ki, “xxxx” MMC-nin qeyri-qanuni hərəkətləri barədə B.Əlizadənin tərəfindən verilmiş məlumatların araşdırılması Moskva şəhər Prokuroruna həvalə edilmişdir. -Moskva şəhər Prokurorluğu tərəfindən xx.xx.2017-ci il tarixli Moskva şəhəri DİN Baş İdarəsinə ünvanlanmış məktubdan görünür ki, B.Əlizadənin ərizəsinə mahiyyəti üzrə baxılmış, ərizəçinin dəlillərinin hərtərəfli araşdırılması və nəticələri barədə ərizəçiyə məlumat verilməsi xahiş edilmişdir. -Moskva şəhəri DİN Baş İdarəsinin “xxxx” MMC-nin direktoru B.Əlizadəyə ünvanladığı məktubdan görünür ki, “xxxx” MMC-nin əməkdaşlarının mümkün hüquqazidd əməlləri barədə B.Əlizadənin ərizəsi ərazi aidiyyəti üzrə Moskva şəhəri DİN Baş İdarəsinin Cənub-şərq inzibati dairəsi üzrə daxili işlər idarəsinə göndərilmişdir. -“xxxx” MMC tərəfindən Azərbaycan Respublikasının Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli məktubdan görünür ki, “OOO Gruzopotok” fimasına etibar edilmiş 155.574 ABŞ dolları və 27076 avro məbləğlərində malların oğurlandığı bildirilmiş, oğurlanan yüklərin tapılması üçün H692MK/HA1674 və B308AB177/TM3754177 nömrəli maşınların tapılması üçün Avropa və Rusiya gömrük postlarına axtarış üçün köməklik göstərilməsi xahiş edilmişdir. -“xxxx” MMC ilə (ötürən təşkilat) Kreditor MMC (şirkət) arasında “Tələb hüququnun güzəşt edilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixdə 01/19 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən ötürən təşkilat aşağıda göstərilən yük sığorta şəhadətnaməsi üzrə bütün tələb hüquqlarını, o cümlədən lakin bununla məhdudlaşmayaraq, sığorta hadisəsi üzrə sığorta ödənişinin, cərimənin, faizlərin, dəymiş ziyanın ödənilməsinin tələb hüquqlarını şirkətə güzəşt edir. 1.1.1-ci bəndinə görə tələb hüquqları ötürülən yük sığorta şəhadətnaməsi üzrə sığortaçı ASC “xxxx” Sığorta Şirkətidir. 1.1.2-ci bəndinə əsasən tələb hüquqları ötürülən yük sığorta şəhadətnaməsi - YBFQ2017-00667, ümumi sığorta məbləği 155.744,02 ABŞ dolları/264.780,41 AZN-dir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyəti “xxxx” Sığorta Şirkətinin Kreditor MMC-yə ünvanıadığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixli kreditor tələbinə Ləğvetmə Komissiyası tərəfindən baxılmış və yekun olaraq sığorta ödənişinin verilməsindən imtina olunması barədə qərar qəbul edilmişdir. Belə ki, şirkət tərəfindən yük sığortası növü üzrə könüllü qaydada sığortalanmış əmlakın sığorta təminatı müddəti ərzində daşınma zamanı oğurlandığı iddia edilmişdir. Lakin oğurluq faktını sübut edəcək səlahiyyətli dövlət orqanının yekun qərarı mötəbər sübut olaraq təqdim edilməmişdir.Təqdim edilmiş məktublarda isə yalnız Rusiya Federasiyasının hüquq mühafizə orqanları tərəfindən şikayətin araşdırılacağı barədə məlumatlar mövcuddur. Hesab edir ki, bu şikayətin 2017-ci ildə olduğunu nəzərə alaraq 3 ilə yaxın müddət ərzində hüquq mühafizə orqanları bu şikayətlə bağlı bir yekun qərar qəbul etməli idilər. Lakin bu qərarlar şirkətə təqdim edilməmiş və əsassız olaraq sığorta hadisəsinin baş verdiyi iddia edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd sığorta ödənişinin həyata keçirilməsi üçün əsasdır. Həmin Məcəllənm 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi nəticəsində sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. İş materiallarından görünür ki, iddiaçı Kreditor MMC ASC “xxxx” Sığorta Şirkətinə qarşı kreditor tələbini ASC “xxxx” Sığorta Şirkəti (sığortaçı) ilə “xxxx” MMC (sığortalı) arasında bağlanmış YBFQ2017-00667 saylı yük sığortası müqaviləsi üzrə sığorta hadisəsinin baş verməsi - sığortalanmış yükün sığorta müddəti ərzində oğurlanması, nəticədə sığortalı “xxxx” MMC-nin sığortaçıdan sığorta ödənişi həyata keçirilməsini tələb etmək hüququnun yaranması və həmin tələb hüququnun “Tələb hüququnun güzəşt edilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixdə 01/19 saylı müqaviləyə əsasən “xxxx” MMC tərəfindən Kreditor MMC-yə ötürülməsi ilə əsaslandırmış, lakin mübahisəli sığorta müqaviləsi üzrə sığorta hadisəsinin baş verməsini təsdiq edən mötəbər sübutları təqdim edə bilməmişdir. Belə ki, Kreditor MMC-nin tələbini əsaslı olmasını təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi sənədlərə əsasən “xxxx” MMC tərəfindən sığortalanmış yükün oğurlanması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilməsi və həmin müraciətlər əsasında Rusiya Federasiyasının hüquq mühafizə orqanları tərəfindən araşdırılma aparılması təsdiq edilsə də, həmin sənədlər yükün oğurlanması faktının müəyyən edilmiş hesab edilməsi üçün kifayət etmir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Məcəllənin : 922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 933.1-ci maddəsinə görə sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. “Müflisləşmə və İflas haqqında” AR Qanununun 42-ci maddəsinə görə təminatsız kreditorların borc tələbləri, o cümlədən iflas işinin məhkəmədə baxılması nəticəsində yaranan tələbləri (yerinə yetirilməmiş müqavilələr barəsində tələblər və s.) və təminatlı kreditorların tələbləri (əgər bu tələblər onların təminatı məbləğindən çox olan məbləğlərə aid deyilsə) əmlak inzibatçısı tərəfindən yalnız o halda təsdiq edilir ki, həmin tələblər bu fəslin müddəalarına müvafiq surətdə verilmiş olsun. Həmin Qanunun 43.2-ci maddəsinə görə kreditorlar borcluya öz tələblərini bu Qanunun tələblərinə müvafiq surətdə borclunun müflis olması barədə bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə verə bilərlər. Əmlak inzibatçısı həmin tələblərə yalnız o halda baxır ki, bunlara aşağıdakı məlumatlar daxil edilmiş olsun: a) kreditorun adı (adı, atasının adı, soyadı) və ünvanı; b) iflas prosesinə başlanılması məqamınadək olan tələbin ümumi məbləği; c) tələbin məbləğinə ödənilməmiş faizlərin daxil olması; ç) tələbin məbləğinə hər hansı cərimələr və ya vergilər daxil edilməsi; d) borclunun necə və nə vaxt borca düşdüyü barədə məlumat; e) hər hansı mövcud təminat barəsində məlumat, bu cür təminatın verilməsi tarixi və təminat zamanı kreditorun nəzərdə tutduğu məbləğ; ə) tələbi imzalamış şəxsin soyadı, ünvanı və səlahiyyəti (əgər həmin şəxs kreditorun özü deyildirsə); f) tələbin hüquqi etibarlığını sübut edən sənədlər (əgər bu cür sənədlər varsa) Həmin Qanunun 45-ci maddəsinə görə əmlak inzibatçısı borc tələbini tamamilə və ya qismən qəbul və ya rədd edə bilər. Kreditor öz tələbi barəsində əmlak inzibatçısının qərarı ilə razı olmadıqda həmin qərarın ləğvi və ya dəyişdirilməsi barədə məhkəməyə müraciət edə bilər. Bu barədə ərizə bu maddənin 2-ci bəndinə müvafiq surətdə göndərilmiş izahın alındığı gündən 21 gün müddətində təqdim edilməlidir. Məhkəmə bu maddənin 3-cü bəndində göstərilmiş ərizəyə 10 (on) gün müddətində baxır və iclasın tarixi ilə bağlı əmlak inzibatçısına bildiriş göndərir. Belə olan halda Kreditor MMC-nin ASC “xxxx” Sığorta Şirkətinə qarşı irəli sürdüyü tələbin əsaslı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, ASC “xxxx” Sığorta Şirkətinin ləğvetmə komissiyası kreditor tələbi rədd etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ASC “xxxx” Sığorta Şirkətinin ləğvetmə komissiyasının kreditor tələbinin rədd edilməsinə dair qərarının ləğv edilməsi barədə Kreditor MMC tərəfindən verilmiş ərizə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ASC “xxxx” Sığorta Şirkətinin ləğvetmə komissiyasının kreditor tələbinin rədd edilməsnə dair qərarının ləğv edilməsi barədə Kreditor MMC tərəfindən verilmiş ərizə rədd edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1575/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1575/2020
23.11.2020 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver