Məhkəmə qərarları › İş №e-2-2(113)-158/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-158/2023

17.02.2023 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-158/2023 17.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçıların nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh MTK-ya qarşı «gəlir və xərcin müəyyən olunması və sairə» tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 (bundan sonra – iddiaçılar) Cavabdeh MTK-ya (bundan sonra – cavabdeh) qarşı xx.xx.2022-ci ildə «xalis mənfəətin bölüşdürülməsi və mənfəətin paylara uyğun şəkildə ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 noyabr 2012-ci il tarixindən etibarən cavabdehin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin Kooperativ üzvləri arasında bölüşdürülməsi və həmin mənfəətin mütləq pay haqlarına uyğun olaraq cavabdehdən tutularaq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, 14 noyabr 2012-ci il tarixindən etibarən cavabdehin xalis mənfəətindən iddiaçıların payının müəyyən edilməsi; iddiaçıların pay haqlarına uyğun olaraq mənfəətin onlara çatacaq hissəsinin pul şəklində cavabdehdən tutulması, bu mümkün olmadıqda əvəzinə ünvan 1 ünvanında inşa edilmiş 1 girişli, 19 mərtəbəli “B” bloklu yaşayış binasından və 20 mərtəbəli (zirzəmi daxil olmaqla) “A” bloklu yaşayış binasından yaşayış və qeyri-yaşayış sahəsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar xx.xx.2022-ci il tarixdə Məhkəməyə “iddia ərizəsinə əlavə” adlı ərizə təqdim edərək gəlir və xərcin müəyyən olunması, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər çıxıldıqdan sonra dividendlərin təsis payı nisbətində iddiaçılara ödənilməsi məsələlərinin gündəliyə salınmasının cavabdehin üzərinə qoyulmaqla növbədənkənar ümumi yığıncağın qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında müəyyən olunmuş yerdə və vaxtda keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Belə ki, iddia ərizəsi və ona əlavələr onunla əsaslandırılmışlar ki, cavabdeh 08 noyabr 2012-ci il tarixində yaradılmış, 14 noyabr 2012-ci il tarixində ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinin xx.xx.2021-ci il tarixli çıxarışına (**********242400) əsasən MTK-nın qanuni təmsilçisi X5r və aşağıdakı mütləq payda üzvləri vardır: 1. X6 – 19.8 %, 2. X11 – 4.95 %, 3. X13 – 1 %, 4. X16 – 24.752 %, 5. Əli-X19 – 24.75 %, 6. İddiaçı1 – 4.95%, 7. Çalbay AYHAN – 19.8%. Yuxarıda qeyd edilən məlumatlar xx.xx.2022-ci il tarixli, 35 nömrəli vəkil sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********440300 nömrəli məktubu və məktuba əlavə edilən sənədlər əsasında əldə edilmişdir. Bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 01 fevral 2013-cü il tarixli 029 №-li Cavabdeh MTK-ya yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında Sərəncamı qəbul edilmişdir. Sərəncama əsasən ünvan 2 ünvanında 1.25 ha torpaq sahəsinin 0.8265 ha hissəsi MTK-nın istifadəsinə verilmişdir. Qeyd edilən ərazidə MTK tərəfindən 19 mərtəbəli və 20 (+zirzəmi) mərtəbəli yaşayış binaları tikilmişdir və başa çatmışdır. Yaşayış binaları ilə bağlı məlumatların əldə edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə vəkil sorğusu göndərilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti – Planlaşdırma Mərkəzi vəkil sorğusuna 4 avqust 2022-ci il tarixli MİHO/2.1.2- 2-2022-3879 nömrəli məktubla cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikintisinə və istismarına icazə verilmiş obyektlərlə bağlı məlumatlar Tikintilərin Dövlət Reyestrinə daxil edilir. Belə ki, müvafiq məlumatları Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet saytının “Tikintilərin dövlət reyestri” modulunun axtarış bölməsindən əldə edilməsi məqsədəuyğun hesab edilmişdir. Tikintilərin Dövlət reyestrindən əldə edilən çıxarışa əsasən; 1) ünvan 3 ünvanında1 girişli 19 mərtəbəli “B” bloklu yaşayış binasının tikintisinə xx.xx.2017-ci il tarixdə icazə verilmişdir. Tikinti obyektinə xx.xx.2017-ci il tarixində 00800003-1- 1101- 001233/1217 kod verilmişdir. Tikinti obyektinin əsas texniki göstəriciləri Tikinti ərazisi – 0.8265 ha, Tikinti sahəsi – 889.9 m2, Binanın ümumi sahəsi – 12558.2 m2 Binanın həcmi – 55727.6 m3 Girişlərin sayı – 1, Mənzillər (otaqlar üzrə): 1 otaqlı – 36, 2 otaqlı –30, 3 otaqlı –54. 2) ünvan 3 ünvanında 20 mərtəbəli (+zirzəmi) “A” bloklu yaşayış binasının tikintisinə xx.xx.2019-cu il tarixdə icazə verilmişdir. Tikinti obyektinə xx.xx.2019-cu il tarixində 00800003-1-1101-002011/0719 kod verilmişdir. Tikinti obyektinin əsas texniki göstəriciləri Tikinti ərazisi – 0.8265 ha, Tikinti sahəsi – 833.7 m2, Binanın ümumi sahəsi – 17124.9 m2 Binanın həcmi – 57253.2 m3 Mənzillərin yaşayış sahəsi – 10553 m2. MTK-da mütləq pay haqqı və hüququ olan üzvləri Ayhan Çalbay və İddiaçı1 MTK-nın sədri Etiram Məmmədova "xxxx" ərizə ilə müraciət edərək, MTK-nın dövlət qeydiyyatına alındığı tarixdən hazırkı tarixədək apardığı hündürmərtəbəli bina tikinti işləri və tikinti işlərinə cəlb edilmiş vəsaitlər, MTK-nın üzvlərinin ümumi yığıncaqları və gündəliyə çıxarılan məsələlər və ödənilməli olan dividendlər barədə məlumatın verilməsini və bununla bağlı sənədlərin təqdim edilməsini xahiş etmişlər. MTK-nın sədri Etiram Məmmədov müraciətə xx.xx.2022ci il tarixli 33 nömrəli məktubu ilə cavab olaraq bildirmişdir ki, Kooperativ üzvləri Ayhan Çalbay və İddiaçı1 Ümumi Yığıncağın xx.xx.2017-ci il tarixli 12 saylı Protokolu ilə Kooperativin üzvlüyündən çıxarılmışlar. MTK-nın sədri Etiram Məmmədovun xx.xx.2022-ci il tarixli, 33 nömrəli məktubu heç bir həqiqəti əks etdirmir. Belə ki, Ayhan Çalbay və İddiaçı1 MTK-da mütləq pay hüquqları saxlanılır və bu fakt İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********440300 nömrəli məktubu və məktuba əlavə edilən sənədlər əsasında sübut olunur. Bununla belə, Kooperativ üzvləri Ayhan Çalbay və İddiaçı1 xx.xx.2022-ci il tarixində MTK-nın sədri Etiram Məmmədova Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4 və 111.8-ci maddələrinə əsaslanaraq, Cavabdeh MTK-nın üzvlərinin növbədənkənar ümumi yığıncağının çağırılması haqqında müraciət ünvanlamışlar. Müraciətdə ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin daxil edilməsi xahiş olunmuşdur: - ünvan 2 ərazisində Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının tikintisinə cəlb olunan vəsait və binanın tikintisinə sərf olunan xərclər haqqında, - ünvan 2 ərazisində Cavabdeh MTK tərəfindən tikintinin aparılması ilə bağlı mal-materialın alınması üçün bağlanmış müqavilələr, binanın qeyri yaşayış sahələrinin və mənzillərinin satış müqavilələri haqqında, - Kooperativin mənfəəti və onun bölüşdürülməsi haqqında. MTK-nın sədri X10 üzvlərinin ümumi yığncağının çağırılması əvəzinə Kooperativ üzvləri Ayhan Çalbay və İddiaçı1 ünvanladığı xx.xx.2022-ci il tarixli 43 nömrəli məktubunda əvvəlki xx.xx.2022-ci il tarixli 33 nömrəli məktubuna istinad etməklə imtina etmişdir. Bununla belə, Kooperativ üzvləri Ayhan Çalbay və İddiaçı1 MTK-nın qanuni təmsilçisi X7 mübahisəyə mediasiyada baxılması üçün X1 Barədə Təklif irəli sürülmüş, lakin Təklifə heç bir münasibət bildirilməmişdir. Kooperativ üzvləri Ayhan Çalbay və İddiaçı1 mübahisəyə baxılması üçün Bakı 5 saylı Mediasiya Təşkilatına müraciət etmişlər. İş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, kooperativdə cəmi 24.75 % səs hüququna malik iddiaçılar hazırkı iddia tələbindən irəli gələn məsələlərə kooperativin üzvlərinin ümumi yığıncağında baxılması üçün rəsmi qaydada Cavabdeh MTK-ya bildiriş göndərsə də, ümumi yığıncağın keçirilməsi təmin edilməmişdir. Eyni zamanda mübahisə mediasiya sessiyasında baxılmaq üçün çıxarılsa da qarşı tərəf mübahisənin həllindən yayınmışdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçılar Cavabdeh MTK-da kooperativ üzvü kimi kooperativin fəaliyyətində heç vaxt nə əmək fəaliyyətləri ilə, nə də xərclərin ödənilməsində iştirak etməmiş, heç bir məbləğdə pul vəsaiti qoymamışlar. Dəfələrlə ümumi yığıncağın iclaslarına çağırılmalarına baxmayaraq iclasa gəlməkdən boyun qaçırmış, kooperativin xərclərinin ödənilməsinə iştirakdan yayınmışlar. Bu səbəbdən kooperativin əsas təsisçisi X8 və digər təsisçilərin təşəbbüsü ilə ümumi yığıncaq çağrılmış və onlar protokolla üzvlükdən xaric edilmişlər. Kooperativin xalis mənfəəti hazırda çıxarıla bilməz, çünki kooperativ hələ qarşıya qoyduğu məqsədə nail olmayıb, xərcləri və öhdəlikləri mövcuddur, digər tərəfdən hətta fəaliyyəti məqsədinə nail olub yekunlaşsaydı belə iddiaçıların AR Mülki Məcəlləsinin 109-2.5-ci maddəsinə əsasən xalis mənfəətdən divindend almaq hüquqları yoxdur; AR Mülki Məcəlləsinin 109.4-cü maddəsinə əsasən Kooperativ üzvünün əmlak pay haqqı nizamnamə ilə müəyyənləşdirilən qaydada və həcmdə üzvlər tərəfindən ödənilən daşınar və (və ya) daşınmaz əmlakdan, habelə pulla qiymətləndirilən əmlak hüquqlarından ibarət olan pay haqqıdır. Əmlak pay haqqı mütləq və əlavə ola bilər. 109.5. Mütləq əmlak pay haqqı üzv tərəfindən mütləq qaydada ödənilən, kooperativin fəaliyyətində iştirak etmək, səs vermək və əsas kooperativ ödənişlərini almaq hüququ verən əmlak payıdır. 109.6. Əlavə əmlak pay haqqı üzv tərəfindən bu Məcəllənin 109.5-ci maddəsində göstərilən pay haqqından əlavə, öz arzusu ilə ödənilən və kooperativ ödənişlərindən (əsas kooperativ ödənişlərindən) başqa, həmçinin dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ verən paydır. 109.7. Üzvlük haqqı iştirakçının kooperativ üzvlüyünə daxil olması zamanı bununla bağlı xərclərin ödənilməsi üçün verilən pul məbləğidir. Kooperativ üzvünün kooperativ ödənişləri (əsas kooperativ ödənişləri) və dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ vardır. 109.8. Kooperativ ödənişləri (əsas kooperativ ödənişləri) üzvlərin mütləq əmlak pay haqqına, kooperativdə şəxsi əməyinə və digər növ fəaliyyətinə mütənasib surətdə onlara ödənilən kooperativ mənfəətinin bir hissəsidir. 109.9. Dividend (əlavə kooperativ ödənişləri) yalnız səs hüququna malik olan üzvlərə onların əlavə əmlak pay haqlarına və kooperativin ortaq (assosiativ) üzvlərinin mütləq əmlak pay haqlarına mütənasib surətdə ödənilən kooperativ mənfəətinin bir hissəsidir. AR Mülki Məcəlləsinin 109-2.5-ci maddəsinə əsasən kooperativin üzvlərinə [ortaq (assosiativ) üzvlər istisna olmaqla] onların mütləq əmlak paylarına görə dividendlər ödənilmir. Beləliklə, nə işin faktiki hallarına görə, nə də hüquqi əsaslara görə iddiaçıların iddia tələbi təmin edilə bilməz. Odur ki, iddiaçıların iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə xx.xx.2022-ci il tarixli əlavəni müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə araşdırmasının gedişində bir neçə dəfə iddia tələbləri dəyişdirilmişdir. Belə ki, ilkin olaraq 14 noyabr 2012-ci il tarixindən etibarən cavabdehin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin Kooperativ üzvləri arasında bölüşdürülməsi və həmin mənfəətin mütləq pay haqlarına uyğun olaraq cavabdehdən tutularaq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmiş, daha sonra 14 noyabr 2012-ci il tarixindən etibarən cavabdehin xalis mənfəətindən iddiaçıların payının müəyyən edilməsi; iddiaçıların pay haqlarına uyğun olaraq mənfəətin onlara çatacaq hissəsinin pul şəklində cavabdehdən tutulması, bu mümkün olmadıqda əvəzinə ünvan 1 ünvanında inşa edilmiş 1 girişli, 19 mərtəbəli “B” bloklu yaşayış binasından və 20 mərtəbəli (zirzəmi daxil olmaqla) “A” bloklu yaşayış binasından yaşayış və qeyri-yaşayış sahəsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Lakin məhkəmə iclaslarında verdikləri vəsatətlər təmin edilmədiyi üçün iddia tələblərini dəyişmiş, hazırda daha əvvəl verdikləri ərizələri deyil, hazırda xx.xx.2022-ci il tarixdə verilmiş ərizəni müdafiə edirlər, Məhkəmədən xahiş edirlər ki, gəlir və xərc müəyyən edilməklə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər çıxıldıqdan sonra dividendlərin təsis payı nisbətində iddiaçılara ödənilməsi məsələlərinin gündəliyə salınmasının cavabdehin üzərinə qoyulmaqla növbədənkənar ümumi yığıncağın qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında müəyyən olunmuş yerdə və vaxtda keçirilməsi barədə qətnamə qəbul edilsin. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********242400 nömrəli çıxarışdan görünür ki, Cavabdeh MTK xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalında mayaların miqdarı: X9 – 19,8 %, X11 – 4,95 %, X12 – 1 %, X16 – 24,75 %, Əli-X19 – 24,75 %, İddiaçı1 – 4,95 %, Çalbay Ayhan (Türkiyə Respublikası) 19,8 %. Qanuni təmsilçisi X5r. Ayhan Çalbay və İddiaçı1 tərəfindən Cavabdeh MTK-nın sədri Etiram Məmmədova göndərilmiş xx.xx.2022-ci il tarixli Cavabdeh MTK-nın üzvlərinin növbədənkənar ümumi yığıncağının çağırılması haqqında məktubla 15 gün müddətində Cavabdeh MTK-nın üzvlərinin növbədənkənar ümumi yığıncağının çağırılması tələb olunmuşdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin Dövlət qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmış Cavabdeh MTK-nin Nizamnaməsindən görünür ki, MTK-nın üzvləri F.Əliyev, N.Quliyev, F.Əlizadə və iddiaçılardır. Nizamnamənin 1.2-ci bəndinə əsasən cavabdeh istehlak kooperatividir. Nizamnamənin 4.4-cü bəndinə əsasən Bakı şəhəri Nərimanov rayonu, F.X.Xoyski 106, 27/1 ünvanında qeydiyyatda olan Cavabdeh MTK-nin iştirakçılarının pay fondunda kooperativ üzvlərinin mütləq pay haqları aşağıdakı kimi müəyyən edilmişdir. X16 -5 AZN, 25%, 5 pay şəklində. Əli-X19 – 5 AZN, 25 %, 5 pay pul şəklində. X14 – 5 AZN, 25% 5 pay şəklində. Çalbay Ayhan – 4 AZN, 20 %, 4 pay pul şəklində. İddiaçı1 – 1 AZN, 5 % 1 pay pul şəklində. Nizamnamənin 5.3-cü bəndinə əsasən Kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək kooperativ üzvlərinin hüquqlarıdır. Cavabdeh MTK-nın üzvlərinin may 2016-cı il tarixli ümumi yığıncağının 7 nömrəli protokolundan görünür ki, kooperativin üzvləri Çalbay Ayhan və İddiaçı1 kooperativin üzvüyündə qalıb qalmayacaqlarını 15 gün ərzində yazılı surətdə bildirmələri haqqında xəbərdarlıq edilməsi qərara alınmışdır. Cavabdeh MTK-nın üzvlərinin noyabr 2016-cı il tarixli ümumi yığıncağının 10 nömrəli protokolundan görünür ki, kooperativin üzvləri Çalbay Ayhan və İddiaçı1 yığıncağa təkrarən gəlmədikləri, habelə Kooperativdə qalıb qalmayacaqlarını bildirmədikləri üçün axırıncı dəfə xəbərdarlıq edilməsi qərara alınmışdır. Cavabdeh MTK-nın üzvlərinin 13 may 2017-ci il tarixli ümumi yığıncağının 12 nömrəli protokolundan görünür ki, kooperativin nizamnaməsinə uyğun vəzifə borclarını layiqincə yerinə yetirmədiklərinə görə Çalbay Ayhan və İddiaçı1 Cavabdeh MTK-nın üzvlüyündən çıxarılması qərara alınmışdır. Ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2018-ci ildə ölmüşdür. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq hesab edir ki, hazırkı mübahisəyə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia tələbləri iki hissədən ibarətdir. Məhkəmə iddia tələblərinin birinci – MTK-nın gəlir və xərclərinin müəyyən edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının məqsədi və ya vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qorunması, təmin olunmasıdır. Yəni, məhkəmə qaydasında istənilən məsələ deyil, yalnız hüququ pozulmuş şəxs üçün hər hansı hüquqi nəticə yaradan hallar məhkəmə qaydasında mübahisələndirilə bilər. Belə ki, məhkəmə qeyd edir ki, kooperativin gəlir və xərclərinin müəyyən edilməsi tələbinin ayrıca iddia tələbi kimi irəli sürülməsi mümkün deyildir, habelə bu, ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Məhkəmə iddia tələblərinin ikinci – gəlir və xərcin müəyyən edildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər çıxıldıqdan sonra dividendlərin təsis payı nisbətində iddiaçılara ödənilməsi məsələlərinin gündəliyə salınmasının cavabdehin üzərinə qoyulmaqla növbədənkənar ümumi yığıncağın qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında müəyyən olunmuş yerdə və vaxtda keçirilməsi hissəsi ilə bağlı isə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.10-ci maddəsinə əsasən kooperativin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı kooperativ üzvlərinin pay haqlarının miqdarı haqqında; pay haqlarının verilməsi qaydası və onların verilməsi öhdəliyinin pozulmasına görə kooperativ üzvlərinin məsuliyyəti haqqında; kooperativin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında; kooperativin düşdüyü zərərin ödənilməsi qaydası haqqında şərtləri, sənədlərin tərtibi qaydaları (kooperativə qəbulun, üzvlərin siyahısının və pay haqlarının qəbulunun rəsmiləşdirilməsi, kooperativ üzvlərinin ümumi yığıncağının və digər idarəetmə orqanlarının protokollarının tərtibi və sair) göstərilməlidir. 110-2.1-ci maddəsinə əsasən kooperativin mənfəəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər verildikdən sonra, kooperativin nizamnaməsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativin fondlarına, kreditorlarla hesablaşmaların həyata keçirilməsinə, kooperativin nizamnaməsi ilə müəyyənləşdirilmiş digər məqsədlərə və (və ya) kooperativ ödənişlərinin və dividendlərin ödənilməsinə yönəldilir. 110-2.2-ci maddəsinə əsasən kooperativin mənfəəti kooperativin üzvləri arasında onların pay (mütləq və əlavə) haqları məbləğinə, habelə kooperativin fəaliyyətində şəxsi əməyi ilə və (və ya) digər formada iştirakına uyğun olaraq bölüşdürülür. 110-2.3-ci maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağı ödənilən kooperativ ödənişlərinin və dividendlərin kooperativin mənfəətinin müəyyən miqdarı ilə məhdudlaşdırılmasını müəyyənləşdirə bilər. 111.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. 111.7-ci maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müvəkkillərin yığıncağı seçilmiş müvəkkillərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. 111.8-ci maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən ildə bir dəfədən az olmayaraq nizamnamə ilə müəyyənləşdirilmiş müddətlərdə və qaydada, ancaq maliyyə ilinin başa çatmasından ən geci üç ay keçənədək çağırılır. Kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinin tələbi ilə çağırılır. İdarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin ən azı dörddə birinin tələbi ilə kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən on beş gün müddətində kooperativin nizamnaməsində müəyyənləşdirilmiş qaydada çağırılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 109.2-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. 109.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativləri istehlak kooperativləridir. 109.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativlərinin yaradılması, idarə edilməsi, yenidən təşkili, ləğvi, fəaliyyəti, həmçinin hüquqi statusu ilə bağlı digər məsələlər bu Məcəllədə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Materiallarda olan Cavabdeh MTK-nin Nizamnaməsinin: 7.1-ci bəndinə əsasən Kooperativin ali idarəetmə orqanı kooperativ üzvlərinin Ümumi Yığıncağıdır və Kooperativin fəaliyyətinə aid bütün qanunla müəyyən edilmiş məsələləri həll etmək səlahiyyətinə malikdir. X3 sədri tərəfindən ildə bir dəfə, lakin maliyyə ilinin başa çatmasından ən geci 3 ay keçənədək çağırılır. X2 Kooperativ sədrinin, Təftiş Komissiyasının təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinin tələbi ilə çağırılır. Müvafiq təşəbbüs və ya tələb irəli sürüldükdən sonra 15 gün müddətində sədr növbədənkənar Ümumi Yığıncağın keçirilməsini təmin etməlidir. 7.2-ci bəndinə əsasən ümumi yığıncaq üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. X4 özünün müstəsna səlahiyyətlərinə aid olan qərarları üçdə iki səs çoxluğu ilə, digər qərarları isə sadə səs çoxluğu ilə qəbul edir. 7.3-cü bəndinə əsasən kooperativin tikinti planını və smetasını, proqramını, illik hesabatı və mühasibat balansını təsdiq etmək və zərəri bölüşdürmək, kooperativ üzvlərinin şikayətlərinə baxmaq ... Ümumi Yığıncağın müstəsna səlahiyyətinə aiddir. Göründüyü kimi, kooperativ üzvlərinin ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Kooperativ üzvlərinin növbəti ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən ildə bir dəfədən az olmayaraq nizamnamə ilə müəyyənləşdirilmiş müddətlərdə və qaydada, ancaq maliyyə ilinin başa çatmasından ən geci üç ay keçənədək çağırılır. Kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinin tələbi ilə çağırılır. İdarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin ən azı dörddə birinin tələbi ilə kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən on beş gün müddətində kooperativin nizamnaməsində müəyyənləşdirilmiş qaydada çağırılır. Kooperativ üzvlərinin növbəti və növbədənkənar ümumi yığıncağının çağırılma qaydası qanunvericiliklə, habelə cavabdehin Nizamnaməsi ilə tənzimlənir. Bu səbəbdən Məhkəmə hesab edir ki, cavabdehin üzərinə növbədənkənar ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması, habelə hər hansı məsələnin ümumi yığıncağın gündəliyinə daxil edilməsi məsələsinə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə, materiallardan görünür ki, iddiaçıların cavabdehin nizamnamə kapitalındakı payları (mayaların miqdarı) ümumilikdə 24,75 faiz (İddiaçı1 – 4,95 faiz, Çalbay Ayhan – 19,8 faiz) təşkil edir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən kooperativin iştirakçılarının növbədənkənar ümumi yığıncağı yalnız səs hüququna malik olan üzvlərin ən azı dörddə birinin (25 faiz) tələbi ilə çağırılır. Bu səbəbdən iddiaçılara izah olunur ki, iddiaçılar kooperativin iştirakçılarının ümumi yığıncaqlarında iştirak etmək hüquqlarına malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-4.1-ci maddəsinə əsasən kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək; kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq; kooperativin fəaliyyətinin yaxşılaşdırılması, onun orqanlarının və vəzifəli şəxslərinin işində olan nöqsanların aradan qaldırılması barədə təkliflər vermək ... kooperativin üzvlərinin hüquqlarıdır. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş üzrə icraata məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində isə göstərilmişdir ki, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh MTK-ya qarşı «gəlir və xərcin müəyyən olunması və sairə» tələbinə dair iş üzrə icraata xitam verilsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar