Məhkəmə qərarları › İş №e-2-2(113)-1585/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1585/2024

23.05.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1585/2024 23.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pay haqqına xitam verməklə payın naturada ayrılması və s.” tələbinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh ASC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, iddiaçının Cavabdeh ASC-də olan 82,7% pay haqqına xitam verməklə Cavabdeh ASC-nin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın naturada ayrılması, daşınar əmlakın iddiaçıya təhvil verilməsi və daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüququnun tanınması və bu haqda çıxarış və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, İddiaçı atası mərhum X1 miras payı kimi Cavabdeh ASC-də olan səhmlərin səhmdarıdır və iddiaçının Cavabdeh ASC-də olan səhmlərin 15 faizinə sahib olmuşdur. Cavabdeh ASC-nin 28 noyabr 2019-cu il tarixli ümumi yığıncağının 2 saylı iclasına əsasən Cavabdeh ASC-nin səhmdarlarından olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti payının naturada ayrılması ilə cəmiyyət üzvlüyündən çıxmışdır. Hazırda Cavabdeh ASC-nin 29 522 səhmindən 24 418 səhm İddiaçı məxsusdur. Bununla da ümumi səhmlərin 82,7 faizinə sahibdir. İddiaçı Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə Cavabdeh ASC-yə qarşı payın naturada ayrılmasına dair iddia ilə müraciət etmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi işi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərmiş, Bakı Kommersiya Məhkəməsi işi icraata götürmüş və sonradan 16 noyabr 2023-cü ili tarixli e-2-2(113)-5369 nömrəli qərardadı ilə işin baxılmamış saxlanmasına dair qərardad qəbul etmişdir. Buna səbəb mediasiya prosesinin tətbiqi barədə müqavilənin olmaması göstərilmişdir. Mediasiya prosesi keçirilmiş və cavabdeh mediasiya prosesinə gəlməmişdir. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 220-ci maddəsi, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 35 və 44-cü maddələri göstərilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı və nümayəndəsi və vəkili Vəkil1 iddianın məzmununa uyğun izahatlar verərək iddianın təmin olunmasını xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, Bakı şəhəri, Xəzər rayonu, Binə-Aeroport-Mərdəkan yolu, 28-ci km, 24 ünvanında yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsində cavabdehin mülkiyyətində ümumi sahəsi 11205,3 kv.m olan əmlak kompleksi olmuş, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi vəkil sorğusuna cavab olaraq bildirmişdir ki, cavabdehin adına qeyd olunan əmlak qeydiyyatdan keçmişdir. Həmin sənədə əsasən əmlakın ayrılmasını tələb edirlər. Qeyd olunan əmlak sökülmüşdür və halhazırda mövcud deyildir. Əmlak sökülərkən iddiaçının atası 15% paya malik olmuşdur. Sökülən əmlakla bağlı kompensasiya tələbi ilə məhkəmə mübahisələri olmuş, lakin əmlakı kimin sökdüyü müəyyən olunmamışdır. Bundan başqa ASC-nin mülkiyyətində daşınar əmlaklar da olmuşdur. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində qeyd olunan maddələrin iddianın hüquqi əsasını təşkil etdiyini bildirmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə iddiaya etiraz etdi və bildirdi ki, iddiaçının istinad etdiyi daşınmaz əmlak mövcud deyil, sökülmüşdür. Əmlakın dövlət reyestrindən qeydiyyatdan çıxarılması üçün ümumi yığıncağın qərarı olmalıdır, belə bir qərarı isə ümumi yığıncaq qəbul etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək rədd olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, hüquqi şəxsin fəaliyyəti olmamış, iddiaçının qeyd etdiyi daşınmaz əmlak dövlət tərəfindən sökülmüş, bununla bağlı məhkəmə mübahisələri olmuşdur. "xxxx" MMC səhmdarların ümumi yığıncağının qərarı ilə Cavabdeh ASC-dən ayrılmış, MMC-yə məxsus səhmlər ləğv olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra Mülki Prosessual Məcəllə) 261.0 və 261.0.1-ci maddəsinə əsasən hakim iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verir. İş materialları əsasında müəyyən olunur ki, Cavabdeh ASC-nin (emitent) yerləşdirilmiş nominal dəyəri 2 manat, ümumi miqdarı 29522 ədəd adi adlı səhmi mövcuddur və qeyd olunan səhmlərdən 24418 ədədi İddiaçı məxsusdur. İddiaçının tələbi 1) iddiaçının Cavabdeh ASC-də olan 82,7% pay haqqına xitam verməklə 2) Cavabdeh ASC-nin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın naturada ayrılması, daşınar əmlakın iddiaçıya təhvil verilməsi və daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüququnun tanınması və 3) bu haqda çıxarış və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələblərindən ibarət olmaqla 3 hissədən ibarətdir. İddiaçının Cavabdeh ASC-də olan 82,7% pay haqqına xitam verməklə Cavabdeh ASC-nin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın naturada ayrılması, daşınar əmlakın iddiaçıya təhvil verilməsi və daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüququnun tanınması tələbləri ilə bağlı məhkəmə aşağıdakıları bildirir. Məhkəmə ilk növbədə qeyd edir ki, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, habelə Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq hər kəsin ayrılmaz hüquqlarından biri olan məhkəmə müdafiəsi hüququ ilə pozulmuş hüquqların səmərəli bərpasına, məhkəmələr vasitəsilə qanuni mənafelərin qorunmasına təminat verilir. Məhz Azərbaycan Respublikasının məhkəmələrində mülki məhkəmə icraatının qaydasını tənzimləyən normativ hüquqi aktlardan Mülki Prosessual Məcəllədə qeyd olunan hüququn həyata keçirilməsi ilə bağlı mülki icraatın vəzifələri və müdafiə üçün məhkəməyə müraciət etmək hüququ təsbit olunaraq əsasları tənzimlənmişdir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Qeyd olunan normaları qarşılıqlı təhlil etdikdə aydın olur ki, məhkəmə müdafiəsi hüququ fiziki və hüquqi şəxslərin məhz Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin qorunması, təmin edilməsini özündə ehtiva edir və məhkəmə icraatının vəzifəsi də qeyd olunan hüquq və mənafelərin məhkəmədə təsdiq olunmasından ibarətdir. Yəni məhkəmə qaydasında istənilən mübahisə deyil, yalnız normativ hüquqi aktlardan irəli gələn və müstəqil realizə imkanı mümkün olmayan hüquq və mənafelərin müdafiəsi həyata keçirilə bilər. Deməli, məhkəmə müdafiəsi hüququndan istifadə etmək istəyən şəxs ilk növbədə əsaslandırmalıdır ki, pozulduğunu iddia etdiyi hüquq və mənafeyi qanunvericilik sisteminə daxil olan hansı normativ hüquqi akta əsaslanır. Başqa sözlə desək, şəxs hansı obyektiv hüquqa (normativ hüquqi aktda təsbit olunan) əsaslanan subyektiv hüququnun (pozulmuş və təsdiq edilməli hüquq) pozulduğunu iddia etdiyini əsaslandırmalıdır. Yalnız bundan sonra qeyd olunan hüquqdan istifadə edərək hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin hüquq və mənafelərin müstəqil realizə imkanı mümkün olmasın. Belə ki, obyektiv hüquq ictimai münasibətləri nizamlayan, mümkün və lazımi davranış qaydalarını müəyyən edən hüquq normalarının məcmusu olmaqla qeyd olunan ictimai münasibətlərin iştirakçısı olan şəxslərin hüquq və azadlıqlarının cəmini özündə birləşdirir. İctimai münasibətlərin iştirakçısı olan şəxslər dövlətin məcburetmə qüvvəsindən, o cümlədən məhkəmədən obyektiv hüquqla təsbit olunan hüquq, azadlıqlarının və mənafelərinin müdafiəsini tələb edə, bu məqsədlə tanınan prosessual hüquqlarından istifadə edə bilərlər. Obyektiv hüquqla tanınmayan hüquq və azadlığın müdafiəsindən, yəni mövcud olmayan hüququn pozulmasından və məhkəmə müdafiəsindən söhbət gedə bilməz. Məhkəmə Mülki Məcəllənin 98, 99, 103, 105, 105-1, 107-ci maddələrinə əsasən qeyd edir ki, səhmdar cəmiyyəti nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyətdir və cəmiyyətdə iştirak sonuncunun buraxdığı səhmləri əldə edərək mülkiyyətçisinə çevrilməklə mümkündür. Açıq səhmdar cəmiyyətində iştiraka xitam isə cəmiyyətinin iştirakçısının ona mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirməsi və ya səhmdar cəmiyyətinin yerləşdirilmiş səhmlərinin səhm mülkiyyətçilərinin razılığı ilə geri alınması ilə mümkündür. Birinci halda bu səhmin mülkiyyətçisi tərəfindən həyata keçirilir, ikinci halda isə bu nizamnamə kapitalının azaldılması ilə nəticələnəcəyindən səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir və buna səhmin mülkiyyətçisinin razılığı lazımdır. Hazırkı halda Cavabdeh ASC-nin (emitent) yerləşdirilmiş 29522 ədəd adi adlı səhmlərindən 24418 ədədinin mülkiyyətçisi olan İddiaçı pay haqqına xitam verilməsi tələbini irəli sürsə də, qeyd olunan tələbə məhkəmədə baxıla bilməz. Belə ki, iddiaçının obyektiv hüquq ilə tanınan səhmdar cəmiyyətinin səhmdarı kimi cəmiyyətdə iştirakına xitam verilməsi ilə bağlı subyektiv hüququ olsa da, həmin hüququnun müstəqil realizə imkanı mümkündür. İddiaçı açıq səhmdar cəmiyyətinin səhmlərinin mülkiyyətçisi kimi Mülki Məcəllənin 99-cu maddəsində təsbit olunan hüququndan istifadə edərək özünə məxsus olan səhmlərini digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bilər. Digər halda isə bu səhmdar cəmiyyətinin yerləşdirilmiş səhmlərinin səhm mülkiyyətçilərinin razılığı ilə geri alınması ilə mümkündür ki, bu da səhmdar cəmiyyətinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Müstəqil realizə imkanı mümkün olmayan hüquq və mənafelərin məhkəmədə müdafiəsinin həyata keçirildiyini, hazırkı halda iddiaçının belə bir imkanının olduğunu nəzərə alan məhkəmə qeyd edir ki, bu tələbə məhkəmədə baxıla bilməz. Daşınar və daşınmaz əmlakın naturada ayrılması, daşınar əmlakın iddiaçıya təhvil verilməsi və daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüququnun tanınması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, səhmdar cəmiyyətlərinin ən önəmli funksiyası sahibkarlıq fəaliyyəti üçün əlverişli bir təşkilati-hüquqi forma təşkil etmələridir. Hər bir səhmdar cəmiyyəti bu məqsəd istiqamətində mənfəət əldə etməyə yönəlmiş sahibkarlıq fəaliyyətini həyata keçirir. Səhmdar cəmiyyətlərinin səhmdarlarının məqsədi cəmiyyətin mövcudluğunun davamlılığını nəzərə alaraq bu fəaliyyətin həyata keçirilməsi yolu ilə əldə ediləcək mənfəəti öz aralarında bölüşdürməkdir. Buna görədir ki, səhmdar cəmiyyətini hüquqi şəxslərin digər təşkilati-hüquqi formalarından fərqləndirən əsas xüsusiyyət cəmiyyətdə iştirakın emitenti yalnız səhmdar cəmiyyəti ola bilən qiymətli kağız olan səhmin mülkiyyətçisi olmaqla mümkün olmasındadır. Mülki Məcəllənin 987.1-ci maddəsinə əsasən qiymətli kağız onun mülkiyyətçisi və emitenti arasında müqavilə münasibətlərinin mövcudluğunu və mülkiyyətçinin həmin müqavilədən irəli gələn hüquqlarını təsdiqləyən sənəddir. Məhkəmə qeyd edir ki, qiymətli kağız kimi səhmin mülkiyyətçisinə verdiyi hüquqlar Mülki Məcəllənin 1077.1-ci maddəsinə təsbit olunmuşdur. Həmin maddəyə əsasən səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Göründüyü kimi, səhm mülkiyyətçisinə adi halda səhmdar cəmiyyətinin əmlakından pay almaq hüququ vermir. Yalnız səhmdar cəmiyyətinin ləğvindən sonra qalan əmlakının hissəsini almaq hüququnu verir. Təsadüfi deyildir ki, hüquqi şəxslərin digər təşkilati-hüquqi formasında iştirakçıların hüquqi şəxsdən çıxarkən payına uyğun əmlak payı almaq hüququ təsbit olunsa da səhmdar cəmiyyətlərinin səhmdarlarına münasibətdə belə bir hüquq təsbit olunmamışdır. Məsələn, Mülki Məcəllənin 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Məhz Mülki Məcəllənin 106-1.3.8-ci maddəsində səhmdarın hüquqlarından biri kimi cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq hüququ təsbit olunmuşdur. İş materialları ilə isə cəmiyyətin fəaliyyətinə xitam verilməsi təsdiq olunmur, iddiaçı da iddiasının faktiki əsası kimi bu hala istinad etmir. Məhkəmə bir daha qeyd edir ki, obyektiv hüquqla təsbit olunan və ya qorunan (hər hansı normativ hüquqda təsbit olunan və ya qorunan) hüquq, azadlıqlarının və mənafelərinin məhkəmə müdafiəsi tələb oluna bilər. İddiaçının səhmdar cəmiyyətindən pay almaqla bağlı qanunla tanınan yeganə hüququ cəmiyyətin ləğvindən sonra qalan əmlakdan hissə almaq hüququdur. İddiaçının iddiasının faktiki əsasını isə bu hal təşkil etmir. İddiaçı pay haqqına xitam verilməklə əmlakın ayrılmasını tələb edir. Səhmdarın belə bir hüququ isə qanunda təsbit olunmamışdır, yəni obyektiv hüquq mövcud deyildir. Belə olan halda obyektiv hüquqla tanınmayan hüquq və azadlığın müdafiəsindən, yəni mövcud olmayan hüququn pozulmasından və məhkəmə müdafiəsindən söhbət gedə bilməz. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan tələbə məhkəmədə baxılmalı deyildir. Çıxarış və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə bağlı isə məhkəmə aşağıdakıları bildirir. Kommersiya məhkəmələrinin aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 26-cı maddəsində göstərilmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Digər tərəfdən, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 1-4-cü bəndlərinə əsasən, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 31.1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2 və 2.2.3-cü maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Məhkəmə qeyd edir ki, iddiaçı çıxarış və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə çıxış etsə də, müvafiq hüquqi əsaslar olarsa və inzibati orqan hüququn qeydiyyatından, müvafiq sənədin verilməsindən imtina edərsə və ya hərəkətsizlik göstərərsə, inzibati orqanın hərəkətsizliyindən müdafiəyə və ya inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia ilə çıxış edilə bilər və qeyd olunan iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının Cavabdeh ASC-də olan 82,7% pay haqqına xitam verməklə Cavabdeh ASC-nin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın naturada ayrılması, daşınar əmlakın iddiaçıya təhvil verilməsi və daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüququnun tanınması tələbinə məhkəmə qaydasında, çıxarış və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pay haqqına xitam verməklə payın naturada ayrılması və s.” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar