Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1633/2025 05.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “İddiaçı” şirkətinin Cavabdeh MMC-yə qarşı “kontrafakt malların məhv olunması və kompensasiyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: dəymiş ziyanın ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı “İddiaçı” şirkətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “İddiaçı” şirkətinin Cavabdeh MMC-yə qarşı “kontrafakt malların məhv olunması və kompensasiyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “İddiaçı” şirkəti Cavabdeh MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli 12 saylı invoys sənədi ilə İran İslam Respublikasından 40AA741 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********6923 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 133 kq-190 cüt ayaqqabılar, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə və Cavabdeh MMC 5000 manat məbləğində kompensasiya, 400 manat məbləğində hüquqi xidmət xərci, 1.600 manat məbləğində sənədləşmə işlərinin aparılması ilə bağlı pul vəsaiti, toplam 7000 manat məbləğində pul vəsaitinin “İddiaçı” Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli 12 saylı invoys sənədi ilə İran İslam Respublikasından 40AA741 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və bəyannaməçi "xxxx" MMC (VÖEN:**********) tərəfindən bəyan edilmiş mallara gömrük nəzarəti altında baxış keçirilmiş və baxış zamanı **********6923 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 133 kq ayaqqabılar, **********) kontrafakt olması əlamətləri aşkar olunmuşdur və həmin malların buraxılışı 10 (on) iş günü müddətinə 16 noyabr 2024-cü il tarixindən 28 noyabr 2024- cü il tarixinədək dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1, idxalçı (mal sahibi) Cavabdeh MMC-yə və bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı Bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 16 noyabr 2024-cü il tarixli №3-33-1100/000091Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1 19 noyabr 2024-cü ildə rəsmən təqdim olunmuşdur. Hüquq sahibi “İddiaçı” Şirkətinin müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 29 noyabr 2024-cü il tarixli №3-33-1100/000096Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına (“Qərar”) və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verdiyi 29 noyabr 2024-cü il tarixli №96Q saylı Bildirişinə (“Bildiriş”) əsasən, kontrafakt olması əlamətləri aşkar olunmuş həmin LACOSTE əmtəə nişanlı malların buraxılışının dayandırılması müddəti daha 10 (on) iş günü müddətinə 29 noyabr 2024-cü il tarixindən 12 dekabr 2024-cü il tarixinədək uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1, idxalçı (mal sahibi) Cavabdeh MMC-yə və bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı Bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 29 noyabr 2024-cü il tarixli №3-33-1100/000096Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1 29 noyabr 2024-cü ildə rəsmən təqdim olunmuşdur. Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən dayandırılmlış “LACOSTE” əmtəə nişanlı kontrafakt əlamətli mallardan nümunənin götürülməsi ilə bağlı tərəflərin iştirakı ilə Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında 23 noyabr 2024cü il tarixli müvafiq Akt tərtib edimişdir. Hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2, Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən dayandırılmış “LACOSTE” əmtəə nişanlı malların kontrafakt olub-olmaması barədə müvafiq rəyin verilməsi üçün hüquq sahibi “İddiaçı” Şirkətinin baş ofisinə müraciət etmiş və hüquq sahibi “İddiaçı” Şirkətinin ekspertləri tərəfindən buraxılışı dayandırılmış malların fotoşəkillərinə baxış keçirərək və malların müşayiətedici müvafiq məlumatlarını yoxlayaraq, buraxılışı dayandırılmış həmin malların kontrafakt olması faktını təsdiqləmişlər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 16 noyabr 2024-cü il tarixli №3-33- 1100/000091Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarın və həmin Qərara müvafiq olaraq “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında” verdiyi 19 noyabr 2024-cü il tarixli №91Q saylı Bildirişin, 29 noyabr 2024-cü il tarixli №3-33-1100/000096Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarın və həmin Qərara müvafiq olaraq “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında” verdiyi 29 noyabr 2024-cü il tarixli №96Q saylı Bildirişin İddiaçı “İddiaçı” Şirkətinə və həmçinin, Bəyannaməçi və Cavabdeh MMC-yə vaxtında rəsmən təqdim olunmasına və Qərarın “Qeyd” hissəsində Cavabdehin “Qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya “İnzibatı İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən 30 gün müddətində birbaşa yaxud Bakı Baş Gömrük İdarəsi vasitəsi ilə Dövlət Gömrük Komitəsinə inzibati şikayət verməsi hüququnun olması faktının qeyd olunmasına baxmayaraq, Bəyannaməçi və ya Cavabdeh MMC özlərinin qanuni hüquqlarından istifadə etməmiş və inzibati akt olan Qərarın mübahisələndirilməsinə və ya ləğvinə dair məhkəməyə və ya Dövlət Gömrük Komitəsinə inzibati şikayət təqdim etməmişlər. Bu fakt isə öz növbəsində, həm Bəyannaməçinin və həm də Cavabdeh MMC-nin Bakı Baş Gömrük İdarəsinin Qərarları ilə razı olduqlarını və idxal etdikləri “LACOSTE” əmtəə nişanlı malların kontrafakt olduğunu, və bununla da İddiaçı “İddiaçı” Şirkətinin qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduqlarını etiraf etdiklərini təsdiqləyir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak iddiaçı “İddiaçı” şirkətinin nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh tərəfə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh tərəf məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu:
- 1-ci maddəsinə əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). - 4-cü maddəsinə əsasən Əmtəə nişanı kimi sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması qeydə alına bilər. - 25-ci maddəsinə əsasən Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. - 32-ci maddəsinə əsasən Bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. - 34-cü maddəsinə əsasən əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir.
9. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun:
- 7-ci maddəsinə əsasən Məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin xx.xx.2021-ci il tarixli bildirişlərinə əsasən, Lacoste adına qeydiyyata alınan 437000 saylı “Lacoste” beynəlxalq əmtəə nişanı və təsviri olan əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa Təsnifatının 01,02,03,04 və digər sinifləri üzrə Azərbaycan Respublikası ərazisində 25 aprel 2028-ci il tarixinə qədər qüvvədədir.
11. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin malların buraxılışının məcburi dayandırılması haqqında xx.xx.2024-cü il tarixli Qərarından görünür ki, Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024cü il tarixli 12 saylı invoys sənədi ilə İran İslam Respublikasından 40AA741 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmişdir. Baxış zamanı **********6923 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Lacoste” əmtəə nişanlı malların kontrafakt olması əlamətləri aşkar olunmuş və malların buraxılışı 10 iş günü müddətinə dayandırılması, dayandırılmanın səbəbləri barədə ərizəçi “Lacoste” şirkətinin etibarnamə əsasında səlahiyyətli nümayəndəsinə və bəyannaməçiyə dərhal yazılı bildirişin göndərilməsi qərara alınmışdır.
12. İş materiallarından görünür ki, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə ərizəçi və bəyannaməçiyə gömrük nəzarətinin həyata keçirilməsi zamanı malların pirat və kontrafakt olamsını təsdiqləyən əlamətlər: baxış zamanı 133 kq Lacoste əmtəə nişanlı ayaqqabılarının aşkar olunması və malların xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək buraxılışının dayandırılması barədə bildiriş göndərilmişdir.
13. İş materiallarından görünür ki, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin malların buraxılışının dayandırılmasının uzadılması haqqında xx.xx.2024-cü il tarixli Qərarına əsasən Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024cü il tarixli 12 saylı invoys sənədi ilə İran İslam Respublikasından 40AA741 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmişdir. Baxış zamanı **********6923 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “Lacoste” əmtəə nişanlı malların buraxılışının dayandırılması daha 10 iş günü müddətinə uzadılmışdır və bu barədə də, bildiriş göndərilmişdir.
14. Hazırda iddiaçı sözü gedən malların (133 kq Lacoste əmtəə nişanlı ayaqqabıların) dövriyyəyə buraxılmadan məhv edilməsini məhkəmədən xahiş edir.
15. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh tərəf malların original olmadığını qəbul etmiş və malların məhv olunmasının israf olduğu və ehtiyacı olan şəxslərə verilməsini xahiş etdi.
16. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli 12 saylı invoys sənədi ilə İran İslam Respublikasından 40AA741 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş, **********6923 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş yalnız “Lacoste” əmtəə nişanlı mallar ticarət dövriyyəsinə buraxılmadan məhv edilməlidir.
17. Məhkəmə iddianın 5.000 manat məbləğində kompensasiyanın tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
18. Məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbi baxımından dövriyyyə buraxılmayan mallara görə qeyd edilən zərərin nədən ibarət olduğunu sübut edə bilmədiyindən, həmin hissədə iddia təmin edilə bilməz.
19. Məhkəmə iddianın müvafiq sənədləşmə işlərinin aparılması üçün çəkilən xərclərə dair 1.600 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
20. Məhkəmə iclasında iddiaçıdan qeyd edilən pulun nədən ibarət olması halı soruşulmuş, iddiaçı tərəf də, Lacoste adının Azərbaycanda qeydə alınması ilə bağlı xərclər olduğunu qeyd etmişdir.
21. Bununla bağlı Məhkəmə qeyd edir ki, Lacoste adının Azərbaycanda qeydə alınması, məhz iddiaçının öz sahibkarlıq fəaliyyətinin həyata keçirməsi ilə bağlı olan xərcdir, yəni bu cavabdehin hərəkətləri ilə yaranmış olan hal deyildir. Yəni iddiaçının bu pulun cavabdehdən tələb etməsi halı öz-özlüyündə hüquqi əsası olmamaqla, hüquqi məntiqə belə uyğun deyil.
22. Bu baxımdan məhkəmə hesab edir ki, həmin hissədə də iddia təmin edilə bilməz.
23. İddianın 400 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində isə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Beləliklə, iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli 12 saylı invoys sənədi ilə İran İslam Respublikasından 40AA741 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş, **********6923 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş yalnız “Lacoste” əmtəə nişanlı mallar ticarət dövriyyəsinə buraxılmadan məhv edilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdehndən tutularaq “İddiaçı” Şirkətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov