Məhkəmə qərarları › İş №e-2-2(113)-1634/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1634/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1634/2025 07.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəliklərinin lazımınca icra olunmaması, icranın gecikdirilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC (“Sifarişçi”) ilə İddiaçı MMC (“İcraçı”) arasında bağlanmış olan xx.xx.2023-cü il tarixli 73/23 nömrəli xidmət müqaviləsinə əsasən 6036,08 manat (altı min otuz altı manat səkkiz qəpik) əsas borc, 20522,67 manat (iyirmi min beş yüz iyirmi iki manat altmış yeddi qəpik) dəbbə pulu və 151,57 manat dövlət rüsumu olmaqla, ümumilikdə 26710,32 manat (iyirmi altı min yeddi yüz on manat otuz iki qəpik) məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə tərəflər arasında 73/23 saylı xidmət müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən, sifarişçi müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymətlərin razılaşdırılması protokolu”na əsasən xidmətlərin göstərilməsini sifariş verir, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri göstərməyi öz öhdəsinə götürür. Müqavilənin 4.3-cü bəndində qeyd olunur ki, hazırkı müqavilə üzrə hesablaşmalar tərəflər arasında imzalanmış təhvil-təslim aktına əsasən növbəti ayın ilk 5 (beş) günü ərzində bank hesabına köçürülmə yolu ilə həyata keçirilir. Həmçinin müqavilənin 4.4-cü bəndində qeyd edilir ki, sifarişçi göstərilmiş xidmətlərə dair xidmət haqqını 30 (otuz) iş günündən artıq müddətdə icraçıya ödəmədikdə, hər gecikdirilmiş gün üçün ümumi məbləğin 1 (bir) faizi miqdarında cərimə ödəyir. Qeyd edilmişdir ki, Cavabdeh MMC qeyd edilən müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, İddiaçı MMC tərəfindən tərtib edilmiş EBDW seriyalı, 650766 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə faktura üzrə ƏDV daxil 6036,08 (altı min otuz altı manat səkkiz qəpik) manat borcu ödəməkdən yayınmışdır. Həmçinin EBDW seriyalı, 650766 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə faktura üzrə gecikdirilmiş 340 gün üçün ödənilməli dəbbə pulu 20522,67 (iyirmin min beş yüz iyirmi iki manat altmış yeddi qəpik) manat təşkil edir. Yuxarıda qeyd edilən qaimələr üzrə əsas borcu və dəbbə pulunu nəzərə alaraq, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 26558,75 manat borcu vardır. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci bəndinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 73/23 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokoluna əsasən xidmətlərin göstərilməsini sifariş verir, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri göstərməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçinin işi icrasından sonra təhvil-təslim aktına əsasən təhvil almaq və göstərilmiş xidmətlərin dəyərini ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icraçı göstərilən xidmətlər üçün gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 iş günü ərzində göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair cədvəllər əsasında təhvil-təslim aktı tərtib olunur, imzalanır və möhürlənir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən hazırkı müqavilə üzrə hesablaşmalar tərəflər arasında imzalanmış təhviltəslim aktına əsasən növbəti ayın ilk 5 iş günü ərzində bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən sifarişçi göstərilmiş xidmətlərə dair xidmət haqqını 30 iş günündən artıq müddətdə icraçıya ödəmədikdə, hər gecikdirilmiş gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəyir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulan xidmətlərin vaxtında və lazımınca icra edilməsi üçün məsuliyyət daşıyır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 73/23 nömrəli xidmət müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli, 1 nömrəli qiymətlərin razılaşdırma protokolundan müəyyən olunur ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş və ümumi dəyəri 22420 manat (ƏDV daxil) olan xidmətlərin göstərilməsi barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2023-cü il tarixli, 73/23 nömrəli xidmət müqaviləsinin 1 nömrəli qiymətlərin razılaşdırılması protokolu üzrə xx.xx.2024-cü il tarixli, 1 nömrəli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 6036,08 manat olan xidmət göstərilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2024-cü il tarixli, 002/24 saylı hesab-fakturadan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 6036,08 manat olan mal göndərilmişdir.

11. xx.xx.2024-cü il tarixli, EBDW seriyalı, 650766 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6036,08 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 73/23 nömrəli müqavilə qeyd edilmişdir. Qaimənin 1 nömrəli təhvil-təslim aktı və 002/24 nömrəli hesab-fakturaya uyğun tərtib edildiyi qeyd edilmişdir.

12. xx.xx.2024-cü il tarixli, 019-F/24 nömrəli maliyyə arayışının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixə borcu 6036,08 manat əsas borc və 20522,67 manat müqavilə üzrə hesablanmış dəbbə pulu olmaqla, cəmi 26558,75 manat təşkil edir. (6036,08x1%=60,3608x340 gün=20522,672 manat)

13. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2024-cü il tarixli, 020-F/25 nömrəli pretenziya məktubu göndərilmiş, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 73/23 saylı xidmət müqaviləsi üzrə yaranmış 26558,75 manat borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təsdiqdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi

16. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2023-cü il tarixli, 73/23 nömrəli xidmət müqaviləsinə əsasən 6036,08 manat əsas borcun tutulması təşkil edir.

17. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 73/23 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır, belə ki, xidmət göstərilmiş, lakin xidmət haqqı ödənilməmişdir. Həmin hal təqdim edilmiş müqavilə, qiymət razılaşma protokolu, təhvil-təslim aktı, elektron qaimə ilə öz təsdiqini tapır.

18. Qeyd olunanlara əsasən məhkəmə qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının öhdəliyin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, 73/23 saylı xidmət müqaviləsi üzrə 6036,08 manat (altı min otuz altı manat səkkiz qəpik) tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 1 nömrəli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 6036,08 manat dəyərində mal təhvil verilmişdir. Təhvil-təslim aktı Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən iddiaya etiraz edilməmiş, ödənişlərin edilməsi ilə bağlı hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir.

19. İddia tələbinin digər hissəsini Cavabdeh MMC-dən 20522,67 manat dəbbə pulunun tutulması təşkil edir.

20. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdedən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 73/23 saylı xidmət müqaviləsinin 4.4-cü bəndinə əsasən sifarişçi göstərilmiş xidmətlərə dair xidmət haqqını 30 iş günündən artıq müddətdə icraçıya ödəmədikdə, hər gecikdirilmiş gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəyir.

21. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulacaq dəbbə pulu azaldılaraq 350 (üç yüz əlli) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

22. Eləcə də, iddiaçı 151,57 manat dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulmasını xahiş etmişdir.

23. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumuna görə 36,4 manat (otuz altı manat qırx qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 6036,08 manat (altı min otuz altı manat səkkiz qəpik) əsas borc, 350 (üç yüz əlli) manat dəbbə pulu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,4 manat (otuz altı manat qırx qəpik) olmaqla, ümumilikdə 6422,48 manat (altı min dörd yüz iyirmi iki manat qırx səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar