Məhkəmə qərarları › İş №e-2-2(113)-170/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-170/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-170/2023 24.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, əlavə, akt, qaimə, sübutetmə, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, **** nömrəli xidmət müqaviləsi üzrə yaranmış 54441 manat borcun və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, **** nömrəli müqaviləyə əsasən sonuncunun işçilərini qida (səhər, günorta və axşam) ilə təhciz etməyi öz üzərinə götürmüşdür. Müqavilənin qiyməti səhər yeməyi vergilər daxil 1,00 manat, günorta yeməyi vergilər daxil 3,00 manat və axşam yeməyi vergilər daxil 2,25 manat olmaqla bir günlük 5,25 manat təşkil etmişdir. Bağlanmış müqavilənin icrası nəticəsində xx.xx.2020-ci il tarixə cavabdehin iddiaçıya 54411 manat borcu yaranmışdır. Qeyd edilən borcun mövcudluğu elektron qaimələr və üzləşmə aktı ilə də təsdiq edilir. Belə ki, xx.xx.2020-ci il tarixli aktla 19871,25 manat (780711 saylı qaimə xx.xx.2020-ci il tarixdə göndərilib), xx.xx.2020-ci il tarixli aktla 3237,75 manat (858276 saylı qaimə xx.xx.2020-ci il tarixdə göndərilib), xx.xx.2020-ci il tarixli aktla 3206,05 manat (726458 saylı qaimə xx.xx.2020-ci il tarixdə göndərilib), xx.xx.2020-ci il tarixli aktla 3572,00 manat (961352 saylı qaimə xx.xx.2020-ci il tarixdə göndərilib) və xx.xx.2020-ci il tarixli aktla 4003 manat (030595 saylı qaimə xx.xx.2020-ci il tarixdə göndərilib) borc təsdiq olunur. Adıçəkilən müqaviləyə uyğun olaraq təhvil-təslim aktı imzalandıqdan sonra cavabdeh aylıq xidmət haqqını icraçıya ödəməlidir. Lakin cavabdeh müqavilənin və qüvvədə olan mülki qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq öhdəliyi vaxtında icra etməmişdir. Bundan sonra borcun ödənilməsi təklifi ilə cavabdehə pretenziya məktubu göndərilmişdir. Eyni zamanda qeyd olunan məsələ ilə bağlı mediasiyaya müraciət edilmiş və ilkin mediasiya sessiyası keçirilmişdir. Ancaq cavabdehin mediasiya sessiyasına gəlməməsi səbəbindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 448.1, 448.3-cü və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmənin ilk hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, cavabdehlə iddiaçı arasında uzun müddət işgüzar münasibətlər olmuş, bu münasibətlər fonunda qarşılıqlı inam formalaşmışdır. Lakin xx.xx.2020-ci il tarixli, **** nömrəli müqavilə üzrə xidmətin qəbulu barədə aktlar olsa da, ödəniş həyata keçirilməmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, təqdim olunmuş aktlarda “X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra “X1 Company” MMC) qeyd olunmasının və elektron qaimənin cavabdeh "xxxx" ASC-yə deyil “X1 Company” MMC-yə təqdim olunmasının səbəblərini araşdırıb, məhkəməyə məlumat verəcək.

5. İddiaçı tərəfə məhkəmənin sonuncu baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.

6. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə məhkəmə bildirişləri göndərilmiş, qanuni təmsilçisinə məxsus mobil nömrələrə məhkəmə iclasının yeri və vaxtı barədə “SMS bildiriş” göndərilmiş, lakin məhkəmə iclaslarında iştirak etməmiş, bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 185.3-cü maddəsinə əsasən, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır.

8. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

9. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.3-cü və 185.5-ci maddələrinə əsasən, mübahisəyə iddiaçının və cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının (bəzi istisnalarla) qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən xidmətin göstərilib-göstərilməməsi, xidmətin dəyərini ödəmək öhdəliyinin pozulubpozulmamasının müəyyən edilməsi daxildir.

14. İddia ərizəsinə əlavə olunmuş İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış **** nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə görə, bu Müqaviləyə əsasən İcraçı (İddiaçı) Sifarişçinin ("xxxx" ASC) tapşırığı əsasında Sifarişçinin işçilərini (bundan sonra “işçilər") onların təqdim etdikləri, üzərində ayın tarixi, işçinin adı, istifadə oluna biləcəyi yemək tipi (səhər, günorta, axşam) əks olunan yemək talonlara əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində göstərilən menyuya müvafiq qida ilə təchiz etməyi (bundan sonra “xidmətlər"), Sifarişçi isə göstərilən xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, Xidmətlər Sifarişçi tərəfindən hər ay Təhvil-Təslim Aktı əsasında qəbul olunduqdan sonra icra edilmiş sayılır və xidmətlərinin icrası üçün Sifarişçi İcraçıya bu müqavilə ilə razılaşdırılmış haqqı ödəyir.

15. Adıçəkilən müqavilənin 2-ci hissəsi ilə razılışdırılmışdır ki: hər 1 (bir) işçi hər dəfə yemək payı aldıqda sifarişçi tərəfindən gündəlik olaraq icraçıya təqdim edilən siyahıda adının qarşısında aldığı paya uyğun (səhər,günorta,axşam) qaydada imza atır (2.1); hər təqvim ayının ilk 3 (üç) günü ərzində ötən ay ərzində bu müqavilənin 2.1-ci bəndində göstərilən siyahıya Sifarişçi və İcraçı əsaslanaraq aylıq təhvil-təslim aktı tərtib edir və imzalayır(2.2); səhər yeməyi - vergilər daxil 1,00 AZN (bir manat, 00 qəpik), günorta yeməyi - vergilər daxil 3.00 AZN (üç manat, 00 qəpik), axşam yeməyi - vergilər daxil 2,25 AZN (iki manat, 25 qəpik) (2.3); bu müqavilə üzrə ödəmələr aylıq tərtib olunacaq Təhvil-Təslim Aktına müvafiq olaraq həyata keçirilir (2.4); Təhvil-Təslim Aktı imzalandıqdan sonra Sifarişçi aylıq xidmət haqqını İcraçıya ödəməlidir (2.5); müqavilə üzrə ödəmələr bank köçürmə vasitəsilə həyata keçirilir 2.6).

16. Qeyd edilən müqavilənin 4-cü hissəsində göstərilmişdir ki: xidmətlərin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 (iki) nəfər səlahiyyətli şəxsin imzası ilə və Tərəflərin möhürləri ilə təsdiq edilən Təhvil-Təslim Aktına əsasən həyata keçirilir (4.1); Təhvil- Təslim Aktı imzalanarkən İcraçı akt da təqdim etməlidir (4.2); Təhvil-Təslim Aktının imzalanmasına baxmayaraq təhvil alınmış xidmətlərin hər hansı mənfi nəticələrinə görə İcraçı həm Sifarişçi, həm də üçüncü şəxslər qarşısında tam məsuliyyət daşıyır (4.3); Təhvil Təslim aktı İcraçının Sifarişçidən ödəniş tələb etməsi üçün əsas sənəddir (4.4).

17. Məhkəməyə təqdim edilən **** nömrəli xidmət müqaviləsinə 1 saylı əlavədən görünür ki, tərəflər menyu barədə razılığa gəlmişlər.

18. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı xidmət göstərməyi, cavabdeh isə həmin xidməti qəbul edib əvəzində müvafiq aktlarla nəzərdə tutulmuş xidmətin dəyərini ödəməyi öz üzərinə götürmüşdür.

19. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan ikinci hal, yəni iddiaçı tərəfindən **** nömrəli xidmət müqaviləsi üzrə cavabdeh "xxxx" ASC-yə xidmətin göstərilməsi təqdim olunmuş sübutlarla təsdiq olunmur.

20. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli aktlardan görünür ki, “X1 Company” MMC-də çalışan işçilərə HX 016/0520 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə müvafiq olaraq 19871,25 manat, 23758,75 manat, 3206 manat, 3572 manat və 4003 manat məbləğində yeməyin çatdırılması müvafiq şəxslərin imzaları ilə təsdiq olunmuşdur.

21. Eləcə də təqdim olunmuş elektron qaimələrdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə müvafiq olaraq 19871,25 manat, 23758,75 manat, 3206 manat, 3572 manat və 4003 manat dəyərində elektron qaimələr “X1 Company” MMC-yə təqdim olunmuş, əsas qismində HX 016/0520 saylı, xx.xx.2020-ci il tarixli müqavilə qeyd olunmuşdur.

22. Eyni zamanda, məhkəməyə təqdim edilən xx.xx.2020-ci il tarixli, HX 016/0520 nömrəli xidmət müqaviləsindən görünür ki, iddiaçı ilə "xxxx" ASC arasından bağlanmış **** nömrəli müqavilə ilə eyni məzmunlu müqavilə iddiaçı ilə “X1 Company” MMC arasında da bağlanmışdır.

23. Məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

24. İddiaçının subyektiv hüququnun pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılarkən mülki prosessual qanunvericiliyin sübutetmə predmeti və sübutetmə vəzifəsini tənzimləyən normaları rəhbər tutulmalıdır.

25. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Həmin Məcəllənin 77.2-ci maddəsinə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

27. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı subyektiv hüququnun pozulduğunu və bu pozuntunun məhz cavabdehin hərəkətləri və ya hərkətsizliyi nəticəsində əmələ gəldiyini sübutetmə vəzifəsi daşıyır, lakin iddiaçı cavabdehin **** nömrəli xidmət müqaviləsi üzrə götürdüyü öhdəlikləri icra etmədiyini qeyd etsə də, həmin halları sübut etmək vəzifəsini yerinə yetirə bilməmişdir.

28. Belə ki, iş materiallarına əlavə olunan elektron qaimə və aktlar tamamilə başqa tərəflə imzalanmış, başqa xidmət müqaviləsi – iddiaçı ilə “X1 Company” MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, HX 016/0520 nömrəli müqavilə əsasında tərtib edilmişdir. Məhkəmə müvafiq ziddiyyətli halı iddiaçının nümayəndəsi və vəkilinin diqqətinə ilk hazırlıq iclasında çatdırmış, lakin iddiaçı tərəf hazırkı mübahisə tərəfləri arasında bağlanmış xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən xidmətlərin göstərilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

29. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının **** nömrəli xidmət müqaviləsindən irəli gələn subyektiv hüquqlarının cavabdeh tərəfindən pozulması halı məhkəmədə öz təsdiqini tapmadığından iddiaçının həmin müqavilədən irəli gələn 54441 manat borcun tutulması tələbi təmin edilə bilməz.

b) Mediasiya xərcinin tutulması tələbi ilə bağlı

30. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

31. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 02710 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh 05 iyul 2022-ci il tarixdə, saat 12:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh 5 gün əvvəlcədən poçt və telefon vasitəsi ilə məlumatlandırılmasına rəğmən iştirak etməmiş, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərcini ödəmişdir.

32. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

33. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

34. Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

35. Göründüyü kimi, kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

36. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Hazırkı iş üzrə iddia tələbi təmin olunmadığından məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc iddiaçıya aid edilməlidir. V. Nəticə:

38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar