Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1704/2025 11.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, keyfiyyət qarantiyası) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri Nümayəndə3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh MMC tərəfindən ona satılmış 871001 şassi nömrəli və HR16-847902V mühərrik nömrəli “Nissan Sunny” markalı avtomobilin sürətlər qutusunda yaranmış nasazlığın cavabdehin hesabına dərhal təmir olunaraq təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024 cü il tarixində alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh tərəfindən 871001 şassi nömrəli və HR16 847902V mühərrik nömrəli Nissan Sunny markalı avtomobil iddiaçıya satılmışdır. Tərəflər arasında avtomobilə dair qarantiya və göstəriləcək texniki quluğun şərtlərini müəyyən edən xx.xx.2024-cü il tarixli Qarantiya və Servis Xidmətləri barədə müqavilə bağlanmışdır. İddiaçı tərəfindən avtomobilin bir müddət istifadəsindən sonra sürətlər qutusunda problem yaranmış, iddiaçı bununla bağlı cavabdehin rəsmi servis mərkəzinə müraciət etsə də, cavabdeh müxtəlif səbəblərdən nasazlığın aradan qaldırılmasından imtina etmişdir. Hesab edir ki, cavabdeh əsassız olaraq müqavilə öhdəliklərindən yayınmış, zəmanət şərtlərinə zidd olaraq avtomobilin təmir olunmasından imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcə lənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli Qarantiya və Servis Xidmətləri barədə müqavilənin 2.1-ci maddəsinə əsasən rəsmi distribüterin və ya istehsalçı zavodun təqsiri ucbatından sıradan çıxmış detalın ödənişsiz olaraq təmir edilməsinə və ya dəyişdirilməsinə qarantiya verilir. Qeyd edirik ki, iddiaçı tərəfindən avtomobil təyinatına uyğun olaraq istifadə edilmiş, avtomobilə cavabdehin rəsmi servis mərkəzində quluq olunmuş, qarantiya şərtlərini pozan heç bir əmələ yol verilməmişdir. Cavabdeh isə iddiaçının təqsiri olmadığı halda avtomobildə yaranmış nasazlığın aradan qaldırılmasından imtina etmişdir. Cavabdehin öz müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində hazırda iddiaçı avtomobildən istifadə edə bilmir, bu isə iddiaçının sahibkarlıq fəaliyyətini iflic edərək hər keçən gün iddiaçıya zərər vurmaqdadır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 442-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbində göstərilənləri təsdiq edərək, əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində qeyd olunduğu kimi tərəflər arasında xx.xx.2024- cü il tarixində alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh tərəfindən 871001 şassi nömrəli və HR16- 847902V mühərrik nömrəli Nissan Sunny markalı avtomobil iddiaçıya satılmışdır. Onlardan birində yaranmış qüsurla bağlı hazırkı mübahisə mövcuddur. Hesab edir ki, həmin qüsur istehsalat xətasıdır, bununla bağlı 2 fərqli mütəxəssis rəyi məhkəməyə daxil olmuşdur. Bununla bağlı ötən məhkəmə proseslərdə gedən müzakirələr zamanı bildirildi ki, şamın dəyişdirilməsi və nəqliyyat vasitəsinə su daxil olması nəticəsində nəqliyyat vasitəsinin surətlər qutusu sıradan çıxmışdır. Hesab edir ki, sürətlər qutusunun daxilinə suyun daxil olması mümkün deyil və olmamalıdır. Nəqliyyat vasitəsi sadə qaydada idarə olunmuşdur. Hava yağışlı olmuş və yağışın miqdarı çox olsa da, sürətlər qutusunun daxilinə su daxil olmamalı idi. Bu hər bir halda istehsalat qüsuru kimi qiymətləndirilməli idi. Həmçinin "xxxx" MMC tərəfindən verilən rəydən görünür ki, sürətlər qutusunun daxilinə su daxil olduğu üçün paslanma prosesi olmuş və paslanmadan sonra da bu qüsurlar yaranmışdır. Bu rəylə razı deyildir. Eyni qaydada da sürətlər qutusunun sıradan çıxması, fəaliyyəti ilə şamların dəyişdirilməsi arasında əlaqə yoxdur. Avtomobilin hava filtrinin nəmlənməsi və şamların dəyişdirilməsi mühərrikin iş prinsipinə təsir edə bilən amillərdir, lakin onların avtomobilin sürətlər qutusunun sıradan çıxmasına birbaşa səbəb olması texniki baxımdan mümkün deyildir. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə5 iddia ərizəsində qeyd edilənləri təsdiqləyərək əlavə olaraq bildirmişdir ki, qarşı tərəfin yazılı etirazda qeyd etdikləri mülahizədən başqa bir şey deyildir. Çünki onun Servis Xidməti ilə danışığı bu formada olmamışdır. Yağışlı hava şəraitində, güclü leysan olduqda o, şirkətə məlumat vermişdir. Lənkərandan Bakıya evə gəldikdən sonra 3 gün ərzində avtomobildə heç bir nasazlıq olmamışdır. Biləsuvara çatdıqda maşında dartınma olduğunu hiss etmiş və dərhal Servis Mərkəzinə xəbər vermişdir. O, Servis Xidməti ilə əlaqə saxladıqda Coşqun adında şəxsə hazırda Biləsuvarda olduğunu və nəqliyyat vasitəsində nasazlıq yarandığını bildirmişdir. Həmin şəxs ona nəqliyyat vasitəsini Bakıya gətirməyini demişdir. Ona nəqliyyat vasitəsini avtodaşıyıcı vasitəsi ilə rəsmi servis mərkəzinə gətirilməsi barədə məlumat verilməmişdir. O, da bu səbəbdən məlumatsız olduğu üçün avtomobili özü sürüb servisə gətirmişdir. Nəqliyyat vasitəsini komputerə saldıqda katalizatorun tənzimləyicisində nasazlıq olduğunu və avtodaşıyıcı vasitə ilə X1 göndərəcəklərini bildirmişlər. O, şəxsən özünün də iştirakının təmin olunmasını qarşı tərəfin nəzərinə çatdırmışdır. Lakin onun iştirakı olmadan nəqliyyat vasitəsinin diaqnostikası edilmiş və bu zaman nəqliyyat vasitəsinin şamlarının rəsmi servis mərkəzindən kənar müdaxilə edilərək dəyişdirildiyini, hal-hazırda avtomobildə olan şamların digər model nəqliyyat vasitəsinə aid olduğu bildirmişlər. Nəqliyyat vasitəsinin şamlarını 3 ay olar ki, o, həmin servis mərkəzində dəyişmiş və ondan başqa da heç kəs bu avtomobili sürmədiyi üçün kənar müdaxilə olmamışdır. Nəqliyyat vasitəsinin şamlarını dəyişdiyini və bununla bağlı e-qaimələri məhkəməyə təqdim etdiyini bildirmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd edilən nəqliyyat vasitəsi cəmiyyətimizin rəsmi servis mərkəzinə daxil olmadan bir neçə gün öncə həmin nəqliyyat vasitəsini idarə edən sürücü, Kamran adlı şəxs, servis mərkəzinin dəstək xətti ilə əlaqə saxlayaraq halhazırda Lənkəranda olduğunu bildirərək, avtomobildə nasazlıqlar olduğunu, hərəkət zamanı avtomobilin sürətinin 20-30 km/saatdan artıq qalxmadığını, yağışlı hava şəraiti olduğunu, avtomobilin su ilə çuxura girib çıxdıqdan sonra nasazlığın yarandığını və avtomobilin hava filterinin yağışlı hava şəraiti nəticəsində islandığını bildirərək bunun avtomobilin nasazlığının səbəbi olub-olmadığını soruşmuşdur. Servisimizin əməkdaşları nasazlığın səbəbini araşdırmaq üçün nəqliyyat vasitəsinin mühərrikini gücə salmadan avtomobili avtodaşıyıcı vasitəsi ilə rəsmi servis mərkəzinə gətirilməsini bildirmişdir. Lakin avtomobil bir neçə gün sonra servisə sürücü tərəfindən idarə edilərək gətirilmişdir. Nəqliyyat vasitəsinin ilkin yoxlanışından sonra nasazlığın avtomobilin sürətlər qutusunda olduğu aşkar edilmişdir və avtomobilin sürətlər qutusuna ətraflı baxış keçirildikdən sonra sürətlər qutusu ustası tərəfindən nasazlığın səbəbinin sürətlər qutusunun gücə salınaraq avtomobildən istismar edilməsi olduğu müəyyən edilmişdir. Bu öz növbəsində nəqliyyat vasitəsinin sürətlər qutusunda yaranan nasazlığın avtomobilin doğru istismar edilmədiyindən irəli gəldiyini sübut edir. Əlavə olaraq qeyd etmək istərdik ki, avtomobilin diaqnostikası zamanı nəqliyyat vasitəsinin şamlarının rəsmi servis mərkəzindən kənar müdaxilə edilərək dəyişdirildiyini və hal-hazırda avtomobildə olan şamların digər model nəqliyyat vasitəsinə (Nissan X-Trail) aid olduğu, iddianın predmeti olan avtomobilə qəti uyğun olmadığı müəyyən edilmişdir. Bu hal, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli Qarantiya və Servis Xidmətləri barədə müqavilənin 1.2-ci "Müqavilənin predmeti" maddəsinin, Tərəflər razılaşırlar ki, qarantiya dövründə avtomobildə hər hansı cari və ya digər təmir işləri, yalnız istehsalçının zəmanət verdiyi, avtorizə olunmuş "NİSSAN" texniki servis mərkəzində həyata keçiriləcəkdir, və 5.1-ci "Alıcının vəzifələri" maddəsinin, avtomobil sahibi avtomobilin Məlumat kitabı və qarantiya kitabçasının Texniki Xidmət bölməsində göstərildiyi kimi öz avtomobilinə qayğı ilə yanaşmalı, vaxtında texniki xidmətə təqdim etməli və təyinatına uyğun istifadə etməlidir, kobud şəkildə pozulduğuna dəlalət edir. Bundan başqa, həmin müqavilənin 7.1-ci maddəsinin "Qarantiyanın qüvvədən düşməsi" 2-ci bəndinin, Avtomobil sahibi tərəfindən avtomobil məlumat kitabında nəzərdə tutulan dövri cari texniki baxış və istismar qaydalarına əməl edilməməsi, 3-cü bəndinin, Avtomobildə hər hansı ehtiyat hissəsinin özbaşına dəyişdirilməsi və ya orijinal olmayan ehtiyat hissələrini və digər avadanlıqların quraşdırılması, və 5-ci bəndinin, Avtomobilin, istehsalçının xətaları ilə bağlı texniki qüsur və nasazlıqlarla əlaqədar olmayan qəzalar zamanı zədələnməsi, şərtlərinin pozulduğu və bunula avtomobilin qarantiyasının qüvvədən düşməsi halı təsdiqlənir. Qarantiya və Servis Xidmətləri barədə müqavilənin şərtlərinə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 iddianı qəbul etməmiş, yazılı etirazda göstərilənləri təsdiq edərək əlavə olaraq bildirmişdir ki, sürətlər qutusuna su daxil olmamalıdır. Bu olubsa orada qeyri-adi hal baş vermişdir. Sürücü özü də vurğulamışdı ki, Lənkəranda leysan yağışa düşmüşdür. Hava filtrinin nəmlənməsi suyun yuxarı dərəcəyə kimi çatdığına işarədir. Cavabdeh tərəfindən minlərlə maşın satılır və hamısının da sistemi eynidir. Sürətlər qutusu və hava filtri eyni yerde olur və onlar elə quraşdırılır ki, adi yağış yağan zaman ora su daxil olmasın. Necə ki, sel olan zaman maşınlar suyun altında qaldıqda onun bir hissəsinə su daxil olursa bu vəziyyət də qeyri-adi haldır. Rayon yoludur, sürücü özü də vurğulamışdı ki, leysan olduqdan sonra birbaşa nəqliyyat vasitəsini servis mərkəzinə gətirməmişdir. Su daxil olduqdan sonra qeyrimüntəzəm olaraq işləyən surətlər qutusuna bu da ağırlıq verərək sıradan çıxarmışdır. Şamlar da mühərrikırə surətlər qutusu sistemində vacib rol oynayır. Surətlər qutusunu dəyişdikdə şamlar qaydasında deyilsə, yaxud aşınmışdırsa, şamları dəyişdikdən sonra surətlər qutusuna qarantiya verilir. Onlar iddiaya münasibətdə qeyd edilmiş yazılı etirazda məhz şamlara görə bu prosesin verdiyini bildirməmişdirlər. İstehsal qüsurundan söz gedə bilməz. Sadəcə bu hal onun istifadə edilməsi zamanı yaranan başqa hallardan irəli gəlir. Həmçinin ekspert rəyində də ekspert vurğulayır ki, sürətlər qutusuna su daxil olmuşdur. Bu hal foto-şəkillərlə də öz təsdiqini tapmışdır. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi, baş usta Nümayəndə4 iddia tələbi ilə razı olmadığını qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, nəqliyyat vasitəsində nasazlıq yarandığı anda tərəf sürətlə avtomobili sürüb servisə gətirmiş, maşının hava filtirinin yaş olduğunu, islandığını bildirmişdir. Mühərrikin beyni ilə sürətlər qutusu əlaqəlidir. Birində nasazlıq aşkar olunduqda mütləq şəkildə digərinə də təsir edir. Tərəfin bildirdiyi kim bir neçə ay öncə tərəf nəqliyyat vasitəsinin şamlarını onların servisində dəyişmişdir. Lakin avtomobilin diaqnostikası zamanı yeni şamlar aşkar edildi hansı ki çox yeni idi və onların Servis Xidmətinə məxsus deyildi. Bununla bağlı qüsur aktı da tərtib edilmişdi. Həmçinin dəyişdirilən Şam mühərrikə uyğun gəlmir. Belə ki, Nissan X- Trail avtomobillərinin motoru 2-2.5, lakin onların nəqliyyat vasitəsinin motoru 1.6 olur. Sürətlər qutusu gücə düşdüyündən avadanlığı sıradan çıxartmış ola bilər. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “Alıcı” İddiaçı MMC ilə “Satıcı” Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı 1 ədəd yeni, boz metalik rəngli Nissan Sunny markalı avtomobili alıcının mülkiyyətinə verir. Müqavilənin 4-cü bəndinə əsasən bu müqavilədə və qarantiya sazişində nəzərdə tutulmuş istisnalar nəzərə alınmaqla, satılmış avtomobilə hansı halın daha tez baş verməsindən asılı olaraq 5 il və ya 155000 km qarantiya verilir. “Alıcı” İddiaçı MMC ilə “Satıcı” Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli qarantiya və servis xidmətləri barədə müqavilədən görünür ki, Alıcıya satılmış Nissan Sunny markalı, 871001nömrəli şassı, mühərrik HR16-847902V olan avtomobilini keyfiyyətinin müqavilə şərtlərinə uyğun olmasını, Satıcı tərəfindən verilən qarantiya və avtomobilə təminatlı texniki xidmətin göstərilməsi şərtlərini müəyyən edir. Müqavilənin 2.1ci bəndinə əsasən rəsmi distribüterin və ya istehsalçı zavodun təqsiri ucbatından sıradan çıxmış detalın ödənişsiz olaraq təmir edilməsinə və ya dəyişdirilməsinə qarantiya verilir. Müqavilənin 3.1-ci bəndinə əsasən yeni avtomobilin ümumi qarantiya müddəti, bu müqavilənin müvafiq bəndlərində nəzərdə tutulmuş istisnalar nəzərə alınmaq şərti ilə, avtomobil alıcıya faktiki təhvil verildiyi gündən etibarən, hansı faktın tez baş verməsindən asılı olaraq 60 təqvim ayı və ya 155000 km (son 24 təqvim ayı və son 55000 km yalnız avtomobilin mühərrikinə şamil edilir) müəyyən olunmuşdur. Müqavilənin 3.3-cü bəndinə görə tərəflərin razılaşmasına əsasən, avtomobilin sürətlər qutusuna və elektronikasına 3 il və ya 100000 km qarantiya müddəti müəyyən edilmişdir. Müqavilənin 4-cü bəndinə əsasən sürücünün avtomobil istismar etmə qaydasından və avtomobilin saxlanılma şəraitindən asılı olan yeyilməyə, aşınmaya, kənar təsirlərə məruz qalan hissələrə; daşçınqıl zədəsi, kimyəvi zədələr, ağacın avtoombilin üzərinə aşması, duzlar, dolu, tufan, ildırım və digər təbiət hadisələri səbəbindən baş vermiş zədələr və çatışmazlıqlara qarantiya verilmir. Müqavilənin 7.1-ci bəndinə əsasən avtomobilin, istehsalçının xətaları ilə bağlı texniki qüsur və nasazlıqlarla əlaqədar olmayan qəzalar zamanı zədələnməsi halında avtomobil sahibinin qarantiya hüquqlarına müddət bitənədək xitam verilir. xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə 1 X2 Servis üzrə modellərə görə “Dövrü Təmir Cədvəli” qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli Sahil usta tərəfindən verilmiş texniki rəydən görünür ki, alışdırma şamlarının dəyişdirilməsi və qeyri-müntəzəm sürmə hallarının avtomobilin sürətlər qutusunda qeyd olunan nasazlığa səbəb olmamışdır. "xxxx" MMC tərəfindən İddiaçıMMC-yə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 01/02- 728Fİ nömrəli qiymətləndirici rəyə əsasən aparılan təhlil və araşdırmalar nəticəsində məlum olmuşdur ki, “Nissan Sunny” markalı ** YL *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürətlər qutusunun sıradan çıxması araşdırılması istehsalçı qüsuru kimi ehtimalı edilir. Belə ki, sürətlər qutusunda baş vermiş nasazlığın alışdırma şamlarının yenilənməsi ilə bağlı olması texniki cəhətdən əsassızdır, çünki bu detallarla transmissiya sistemi arasında nə funksional, nə də struktur əlaqə mövcuddur. Məlum sıradan çıxma hallarının səbəbi kimi, qutu daxilindəki idarəetmə mexanizmlərinin konstruksiya və komponent baxımından zəifliyi, yaxud yığım zamanı buraxılmış texnoloji səhvlər əsas götürülə bilər. Avtomobilin idarə olunması zamanı yaranan qeyri-düzgün istismar hallarının isə bu cür ciddi daxili mexaniki pozuntulara birbaşa səbəb olması texniki arqumentlərlə təsdiqlənmir. "xxxx" MMC tərəfindən verilmiş rəyə əsasən avtomobilə baxış keçirilən zaman sürətlər qutusunun karterində olan yağ içərisində su dənəcikləri olduğu (su dənəcikləri ağ nöqtə kimi özünü göstərir) və sürətlər qutusunun elektromaqnit klapanlar korpusunun üzərində də pas ləkələri aşkarlanmışdır. Bu o deməkdir ki, avtomobilin sürətlər qutusunun daxilinə su daxil olmuş və yağa qarışmışdır. Sürətlər qutusuna baxış keçirildikdə, təxmin olunur ki, avtomobil sudan keçmiş və bunun nəticəsində sürətlər qutusuna su daxil olmuşdur. Suyun yağa qarışması sürətlər qutusunda yağlanma prosesinin düzgün getməməsi ilə nəticələnmişdir və bu da daxili detalların qızmasına, klapanların kilidlənməsinə səbəb olmuşdur. Klapanların kilidlənməsi isə daxili detalların aşınmasına səbəb olmuşdur. Detalların aşınması karterdə dəmir qırıntıların aşkarlanmasından da görünür. Cavabdeh MMC-nin Diaqnostika üzrə baş usta Nümayəndə4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli texniki rəydən görünür ki, xx.xx.2024-cü il tarixində DQN 77YL820 olan Nissan Sunny avtomobilinin alışdırma şamları Nissan Servisdə yeni orijinal Part kodu 22401-ED815 (kod: LZK AR6AP-11) olan alışdırma şamları ilə əvəz edilmişdir. Lakin xx.xx.2024-cü il tarixində avtomobil servisə yaxınlaşan zaman mühərrikində olan alışdırma şamlarına baxış keçirildikdə Nissan Sunny modelinə aid olmadığı aşkar edildi. Avtomobilin üzərindən Nissan X-Trail modelinə aid alışdırma şamları olduğu müəyyən edildi. Mühərrikin qeyri müntəzəm işləməsi vəziyyətində avtomobilin uzun məsafəyə sürülməsi, sürətlər qutusunun daxilində olan hissələrinin sıradan çıxmasına səbəb olmuşdur. Müştərinin razılığı əsasında sürətlər qutusu sökülərək sıradan çıxan ehtiyat hissələri haqqında müştəriyə məlumat verilmişdir. Cavabdeh MMC tərəfindən verilmiş qüsur aktına əsasən cəmi təmir xərci 4581,47 manat müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən, 871001 şassi nömrəli və HR16-847902V mühərrik nömrəli Nissan Sunny markalı avtomobilin 3 (üç) iş günü ərzində müqavilə şərtlərinə uyğun olaraq təmir olunmasını və nasazlığın aradan qaldırılması xahiş edilmiş, əks təqdirdə məhkəməyə veriləcəyi qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581-ci maddəsinə əsasən Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. 582-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Alğısatqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Əşyanın keyfiyyəti üçün qarantiya, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir. 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 588-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 639.1. Lazımi keyfiyyətli olmayan malların göndərildiyi alıcı (mal alan) mal göndərənə qarşı bu Məcəllənin 587-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn alqı-satqı münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehdən ümumi olaraq 5 il və ya 155000 km qarantiya ilə “Nissan Sunny” markalı avtomobil almışdır. İddiaçı tərəfindən avtomobil bir müddət istifadə edildikdən sonra sürətlər qutusunda problem yaranmış, iddiaçı bununla bağlı cavabdehin rəsmi servis mərkəzinə müraciət etmiş, cavabdeh müxtəlif səbəblərdən nasazlığın aradan qaldırılmasından imtina etmişdir. Hazırda iddiaçı avtomobilin zəmanəti olduğu üçün yaranmış nasazlığın cavabdehin hesabına aradan qaldırılaraq avtomobilin ona təhvil verilməsini tələb etmişdir. Cavabdeh isə etiraz edərək yaranmış nasazlığın avtomobilin düzgün istifadə edilməməsi nəticəsində yarandığını bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Çünki məhkəmə araşdırması zamanı avtomobildə yaranmış qüsurun istehsalçı xətası olmadığı, iddiaçının əməkdaşının avtomobili suya salması nəticəsində sürətlər qutusuna su dolması və nəticədə sürətlər qutusunda nasazlıq yarandığı müəyyən olunmuşdur. Belə ki, iş üzrə həm iddiaçı, həm də cavabdeh tərəfindən bir neçə mütəxəssis rəyi təqdim edilsə də, həmin rəylər əsasən şamların dəyişdirilməsinin sürətlər qutusuna təsiri ilə bağlı olmuş, yalnız "xxxx" MMC tərəfindən verilmiş rəy daha dəqiq, izahlı, müfəssəl təsvir olunmaqla təqdim edilmişdir. Buna görə də məhkəmə həmin rəyi daha mötəbər sübut kimi qəbul etmişdir. Həmin rəydən və əlavə edilmiş fotoşəkillərdən də aydın olmuşdur ki, həqiqətən avtomobilin sürətlər qutusunun karterində olan yağ içərisində su dənəcikləri (su dənəcikləri ağ nöqtə kimi özünü göstərir) və sürətlər qutusunun elektromaqnit klapanlar korpusunun üzərində də pas ləkələri vardır. Bu o deməkdir ki, avtomobilin sürətlər qutusunun daxilinə su daxil olmuş və yağa qarışmışdır. Sürətlər qutusuna baxış keçirildikdə, təxmin olunur ki, avtomobil sudan keçmiş və bunun nəticəsində sürətlər qutusuna su daxil olmuşdur. Suyun yağa qarışması sürətlər qutusunda yağlanma prosesinin düzgün getməməsi ilə nəticələnmişdir və bu da daxili detalların qızmasına, klapanların kilidlənməsinə səbəb olmuşdur. Klapanların kilidlənməsi isə daxili detalların aşınmasına səbəb olmuşdur. Detalların aşınması karterdə dəmir qırıntıların aşkarlanmasından da görünür. Göründüyü kimi mütəxəssis rəyi ilə avtomobildə yaranmış qüsurun, yəni sürətlər qutusunda yaranmış nasazlığın avtomobilin sudan keçməsi ilə əlaqədar sürətlər qutusuna su dolması nəticəsində yarandığı təsdiq edilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli qarantiya və servis xidmətləri barədə müqaviləyə əsasən isə sürücünün avtomobil istismar etmə qaydasından və avtomobilin saxlanılma şəraitindən asılı olan yeyilməyə, aşınmaya, kənar təsirlərə məruz qalan hissələrə, həmçinin daş-çınqıl zədəsi, kimyəvi zədələr, ağacın avtoombilin üzərinə aşması, duzlar, dolu, tufan, ildırım və digər təbiət hadisələri səbəbindən baş vermiş zədələr və çatışmazlıqlara qarantiya verilmir. Odur ki, hazırda avtomobildə yaranmış qüsur avtomobil iddiaçıya verildikdən sonra iddiaçı tərəfindən ondan istifadə qaydalarının pozulması, iddiaçının əməkdaşlarının hərəkətləri nəticəsində əmələ gəldiyi sübuta yetirildiyindən, həmçinin müqaviləyə əsasən hazırkı qüsur qarantiya verilən hissəyə aid olmadığından Cavabdeh MMC həmin qüsur üçün cavabdeh deyildir. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1704/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1704/2025
11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver