Məhkəmə qərarları › İş №e-2-2(113)-1724/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1724/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1724/2024 23.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abunə haqqı, dövlət rüsumu, iddia müddəti) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı “müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmənin iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 8307,70 manat ödənilməmiş borc məbləğinin və ödənilmiş 104 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 17 dekabr 2018-ci il tarixli, ***-**** saylı “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinizə götürmüşdür. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə 8.307,70 manat (səkkiz min üç yüz yetmiş manat yetmiş qəpik) ödənilməmiş borcu qalmışdır.

3. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, Yusifov Seymur hazırki iş üzrə cavabdeh hüquqi şəxsi xx.xx.2022-ci il tarixdə notarial qaydada satın almışdır. Cəmiyyət satın aldığı zaman hüquqi şəxsin İddiaçı MMC ilə müqavilə bağlamasından, cəmiyyətin balansında (istifadəsində) mobil nömrələrin olmasından və öhdəliklərinə dair heç bir məlumat olmamışdır. 2023-cü ilin iyun ayında isə hüquqi şəxsin fəaliyyəti tamamilə dayandırılmışdır. İddiaçı tərəf iddia tələbinə dair sübutları- müəssisənin adına rəsmiləşdirilmiş və borc məbləği yığılan mobil nömrələrin Cavabdeh MMC-ə təhvil verməsinə, həmin nömrələrin həqiqətən də müəssisə tərəfindən ( əməkdaşlar və ya müəssisənin seçdiyi üçüncü şəxslər) istifadə olunmasına dair heç bir sübut təqdim edilməyib. Ona görə də iddia tələbi tam əsassızdır. Bununla yanaşı iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən də, iddia müddəti ötürülmüşdür. Məhkəmə bildirişindən sonra aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, müqavilə üzrə borc məbləğləri 2019-cu ildə ödənilmədiyindən, elə həmin ildən də nömrələr deaktiv olunmuş və müəssisə tərəfindən həmin tarixdən sonra nömrələrdən istifadə edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş çıxarışda da sonuncu borcun xx.xx.2019-cu il tarixində ********** nömrəli mobil nömrədən istifadəyə görə yaranmışdır. Yəni iddiaçı tərəfin özünün təqdim etdiyi sənədlərdən belə məhkəməyə müraciət edilməsi üçün sonuncu gün xx.xx.2022-ci il tarixinin olması, artıq iddia müddətinin ötürülməsi təsdiqini tapır. Buna baxmayaraq İddiaçı MMC müqavilə müddətinin bitdiyi 2019-cu il tarixdən 3 ildən çox müddət keçdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Odur ki, İddiaçı MMC-nin iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsi və bu səbəbdən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi məhkəmə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə yazılı ərizənin məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli №803-2018 saylı mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən X2 mobil rabitə xidmətləri göstərir, korporativ abunəçi isə bu xidmətləri qəbul edib bu müqavilənin tərkib hissəsi olan korporativ tarif təklif planı əsasında ximdət haqqını vaxtı-vaxtında ödənilməsini təmin edir.

10. Müqavilənin 1.2-ci bənidnə əsasən bu müqavilə üzrə X2 Şirkətin şəbəkəsindən istifadə etmək üçün Sim Kart paketləri ilə birlikdə 350 ədəd nömrə təqdim edir. Müqavilə üzrə nömrələrin siyahısı 1 saylı Qoşmada əks olunur və həmin nömrələrin istifadəçilərinin şəxsiyyətini təsdiq edən sənədlər hazırki Müqaviləyə əlavə olunur. Korporativ Abunəçi isə həmin nömrələri öz işçilərinin xidmət istifadəsinə verir və korporativ tarifə uyğun olaraq xidmət haqqını vaxtı vaxtında ödənilməsini təmin edir.

11. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə təqdim edilən xidmətlərin qiyməti korporativ tarif təklif planında, digər xidmətlərin dəyəri isə hazıkı müqavilənin müvafiq əlavələrində göstərilir və ödəniş bank köçürülməsi yolu və ya şirkətin müəyyən etdiyi digər qaydada, hər növbəti ayın 30-dan gec olmayaraq həyata keçirilir.

12. Müqavilənin 1 saylı əlavəsinə əsasən 350 ədəd nömrə cavabdehə verilmişdir. Həmin Əlavə cavabdehin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. 09.08.2023-cü il tarixli hesab-fakturaya əsasən cəmi ödənilməli məbləğ 8307,70 manat müəyyən edilmişdir.

14. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir.

15. Azərbaycan Respublikası Mülki MƏcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

17. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. İddia ərizəsinin məzmunundan və əsaslandırmasından görünür ki, borcun yaranması tərəflər arasında xx.xx.2018-ci il tarixli №803-2018 saylı mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqaviləyə üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi, yəni, abunə haqqının ödənilməməsindən irəli gəlir.

19. Bundan əlavə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.

20. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

22. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

23. Məhkəmə cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir.

24. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

25. Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı formada bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri əmələ gəldiyindən, həmin müqavilə üzrə xidmətlərin göstərilməsinə dair sənədlər işə əlavə edildiyindən məhkəmə hesab edir ki, iddiaçının borcunu tələb etmək hüququ (subyektiv tələb hüququ) yaranmışdır.

26. Məhkəmə, İddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır.

27. Belə ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsində müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olduğunu, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 il olduğunun və həmin müddətinin keçdiyini bildirmişdir. İddiа müddəti keçdiyi üçün iddia təmin edilməməli və məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməli olduğunu qeyd etmişdir.

28. Məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə üzrə ödənişlərin vaxt aşırı yəni hər ayın 30-dan gec olmayaraq ödənilməi şərtləndirilmişdir. İddiaçının elektron məhkəmə sisteminə yüklədiyi borcun açıqlamasına (sistemdən çıxarışa dair) məlumatdan görünür ki, tələb olunan borc xx.xx.2019-ci ilə gədər yaranan borcdur. Buna görə də iddia müddətinin axımı da xx.xx.2022-ci il tarixdə başa çatmış hesab olunmalıdır.

29. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

31. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

32. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

34. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, iddiaçı müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Odur ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.

36. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

37. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı MMC-nin Cavabdehnə qarşı 8307,70 manat ödənilməmiş borcun və ödənilmiş 104 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar