Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-174/2023 09.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə imzalanmış 15 avqust 2012-ci il tarixli 215 nömrəli podrat müqaviləsinə əsasən ödənilmiş 16.500 manat pul vəsaitinin, əldən çıxmış fayda kimi 12000 manat, vurduğu ziyana görə 7500 manat və ödənilmiş pul vəsaitinin icazəsi olmadan istifadə edildiyi dövr ərzində faizlərin hesablanaraq toplamda 35.500 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 15 avqust 2012-ci il tarixli 215 nömrəli podrat müqaviləsi tərtib edilmişdir. Belə ki, podratçı ilə bağlanılmış müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh MMC tərəfindən müqavilədə göstərilmiş şərtlərə uyğun olaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110 kv.m mənzilin bu müqavilənin ayrılmaz hissəsi olan 1 və 2 saylı əlavələrində göstərilən təmir və quraşdırma işlərinin siyahısına əsasən daxili işlənməsi üzrə kompleks işlərin müəyyən edilmiş müddət ərzində görülməsini öz öhdəsinə götürülmüşdür. Həmin müqavilənin 2.1-ci bəndində görüləcək işlərin həcminin müqavilənin ayrılmaz hissəsi olan və hər iki tərəfin təsdiqlədiyi 1 saylı Əlavəsində müəyyən edilmişdir. Həmin sözügedən müqavilənin 3.1-ci bəndində müqavilənin dəyərinin müqavilənin 3 saylı əlavəsində və qiymətlərin razılaşdırılması protokolunda 16.500 manat müəyyən edilmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin 4 saylı Əlavəsində isə həmin müəyyən edilmiş ödənilməli olan məbləğin ödənişi avans olaraq 100% miqdarında məbləğin ödənilməsi müəyyən edilmişdir. Həmin ödənilməli olan vəsait cavabdeh MMC-yə ödənilmiş və ödənişin edilməsi barədə qəbz təqdim edilmişdir. Lakin bütün ödənişlərin edilməsinə və müqavilədə qeyd edilən işlərin görülməsi ilə bağlı 90 günlük müddətin ötməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş, geriyə qalan işlər başa çatdırılmamış və cavabdeh MMC-yə əvvəlcədən ödənilmiş vəsaitin geri qalanı geri qaytarılmamışdır. Daha sonra cavabdehə xx.xx.2019-cu il tarixli pretenziya məktubu ilə müraciət edilərək, dəymiş zərərin və ödənilmiş 16.500 manat pul vəsaitinin geri qaytarılması tələb edilmişdir. Lakin cavabdeh tərəfindən məktuba heç bir cavab verilməmiş və həmin pretenziya məktubunda qeyd edilən vaxtdan uzun müddət ötməsinə baxmayaraq həmin ödənişlər geri qaytarılmamışdır. Tərəflər arasında bağlanılmış müqavilənin 14-cü bəndində qeyd edilmişdir ki, bu müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar və həmin bəndin 14.3-cü maddəsində tərəflər arasında hazırki müqavilənin icrası ilə bağlı mübahisəli məsələlər danışıqlar əsasında həll yolunu tapmadıqda Azərbaycan Respublikası qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həlledilməsi barədə müddəalar əks edilmişdir. Tərəflər arasında bağlanılmış müqavilə 15 avqust 2012-ci il tarixində bağlanmasına baxmayaraq, həmin tarixdən etibarən yuxarıda göstərilən ünvanda cavabdeh MMC tərəfindən hər hansı iş görülməmiş və dəfələrlə bu barədə cavabdehə şifahi və ya yazılı şəkildə bildirilməsinə baxmayaraq cavabdeh tərəfindən iradlar və tələb nəzərə alınmamışdır. Bu isə cavabdehi haqqsız, qanunsuz və əsassız olaraq süründürməçiliyə, iddiaçının həmin dövrdən etibarən həmin mənzil üzrə müəyyən gəlir əldə etməyinə mane olmuşdur. Həmin ünvan müqavilə bağlanan tarixdən 90 gün ərzində təmir işlərin bitməsilə kirayə verilsə idi, iddiaçı həmin tarixdən etibarən az sayılmayacaq miqdarda vəsait əldə edə bilərdi. Lakin həmin mənzilin cavabdeh tərəfindən təmiri başa çatmadığı üçün həmin vəsaitlərin iddiaçı tərəfindən əldə edilməsi mümkün olmamışdır. Belə ki, Bakı şəhər Binəqədi Rayonu 9-cu mkr Mir Cəlal küçəsi ünvanında yerləşən mənzillərin aylıq kirayə haqqı minimum 500 manat təşkil edir. Həmin zamandan etibarən iddiaçıya dəymiş zərəri hesabladıqda isə bu külli miqdarda vəsasit olmuşdur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdeh üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəyə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 752.1-ci maddəəyə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (maddə 752.2) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh MMC ilə imzalanmış 15 avqust 2012-ci il tarixli 215 nömrəli podrat müqaviləsini mübahisələndirmiş və həmin müqavilə əsasında ödənilmiş 16.500 manatın qarşı tərəfdən tutulmasını tələb etmişdir. Bununla belə qeyd olunan müqaviləni məhkəməyə təqdim etməmiş, həmçinin 16.500 manatın qarşı tərəfə ödənilməsini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tərəfindən məhkəməyə hər-hansı sübutlar təqdim edilmədiyindən iddia tələbi ödənilmiş pulun cavabdehdən tutulması hissəsində rədd edilməlidir. Digər tərəfdən iddiaçı əldən çıxmış fayda kimi 12.000 manat, vurulmuş ziyana görə 7.500 manat da tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı 12.000 manat məbləğində əldən çıxmış faydanı onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış müqavilə 15 avqust 2012-ci il tarixində bağlanmasına baxmayaraq həmin tarixdən etibarən yuxarıda göstərilən ünvanda cavabdeh tərəfindən hər hansı iş görülməmişdir. Bu hal isə iddiaçının həmin mənzildən gəlir əldə etməsinə mane olmuşdur. Mənzilin yerləşdiyi ünvanda olan mənzillərin aylıq kirayə haqqı minimum 500 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair" 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1- ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd edilir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Cavabdeh MMC tərəfindən müqavilə öhdəliklərinin pozulması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən işin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehin faydalandığına və zərər dəyməsinə dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, mediasiya xidmətinin göstərilməsinə görə ödənilən 200 (iki yüz) manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddia qaldırılarkən ödənilmiş 200 manat məbləğində mediasiya xərci, iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-174/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-174/2023
09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver