Məhkəmə qərarları › İş №e-2-2(113)-1770/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1770/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1770/2024 23.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, dəbbə pulu və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli, GL/AG/1001 nömrəli mühasibatlıq və hüquq xidmətlərinin göstərilməsi haqqında xidmət müqaviləsinə əsasən 3240 manat məbləğində əsas borcu və 2905,2 manat cərimə məbləğini, yekun olaraq 6145,20 manat məbləği və ödənilmiş olan 82 manat rüsumu, iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra “Sifarişçi”) ilə“X3 AND İNNOVATİON CENTRME”əhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “İcraçı”) arasında xx.xx.2023-cü il tarixli, GL/AG/1001 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən İcraçı Müqavilənin qüvvədə olduğu müddət ərzində Sifarişçinin tapşırığına əsasən ona (Sifarişçiyə) mühasibatlıq və hüquq xidmətləri göstərir, Sifarişçi isə İcraçı tərəfindən icra edilmiş işi təhvil alıb müqabilində Müqavilə ilə müəyyən edilmiş muzdu İcraçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.2.-ci maddəsinə əsasən müqavilə üzrə ödəniş 15 təqvim günü ilə 30 təqvim günü aralığında gecikdirdikdə, gecikdirilən hər gün üçün İcraçıya ödənilməmiş məbləğin 1%-i miqdarında, 30 təqvim günündən sonra isə gecikdirilmiş məbləğin 2 misli həcmində əlavə haqq ödəməlidir. Həmin müqaviləyə əsasən ödənişlər hər xidmət ayının ilk 10 təqvim günündən gec olmayaraq Sifarişçi tərəfindən İcraçıya nağd qaydada və ya bank köçürməsi yolu ilə əvvəlcədən ödənilməli idi. İddiaçı tərəfindən 27 oktyabr 2023-cü il tarixli, EBDR 493969 nömrəli elektron-qaimə üzrə 1 800 manat; 29 noyabr 2023-cü il tarixli, EBDT 770467 nömrəli elektron-qaimə üzrə 720 manat; 26 dekabr 2023-cü il tarixli, EBDW 019338 nömrəli elektron qaimə üzrə 720 manat məbləğində ödəniş edilməli idi. 07 yanvar 2023-cü il tarixli üzləşmə aktı əsasında ödənilməmiş borc məbləğinin 3 240 manat olduğu müəyyən edilmişdir. Əlavə olaraq, müqavilənin 5.3-cü bəndinə əsasən xidmət haqqının ödənilməsinin 15 təqvim günündən artıq gecikdirilməsinə görə Sifarişçi gecikdirilən hər gün üçün İcraçıya ödənilməli məbləğin 0.1% miqdarında cərimə ödəyir. Müqavilənin 0.1% miqdarında cərimə müəyyən edilmiş maddəsinə əsasən xidmət haqqını gecikdirildiyi üçün bu Müqavilənin 5.3-cü bəndinə əsasən 2905,2 manat məbləğində cərimə yaranmışdır. Qeyd olunanlara istinad edərək şirkətlər arasında bağlanan xx.xx.2023-cü il tarixli, GL/AG/1001 nömrəli mühasibatlıq və hüquq xidmətlərinin göstərilməsi haqqında xidmət müqaviləsi üzrə yaranmış 3 240 manat məbləğində əsas borc məbləğinin ödənilməsi üçün 15 yanvar 2024-cü il tarixində Xəbərdarlıq (Pretenziya) məktubu göndərilmiş və nəzərdə tutulan 3 240 manat məbləğində vəsaitin 5 gün ərzində cavabdeh tərəfindən ödənilməli olduğu ona bildirilmişdir.

3. İddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə verərək Cavabdeh MMC-dən 3240 manat əsas borcun, 200 manat cərimə borcunun və 82 manat dövlət rüsumunun cəmi 3522 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

7. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GL/AG/1001 nömrəli mühasibatlıq və hüquq xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən:

10. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqavilə ilə İcraçının müəyən etdiyi yerdə (müqavilə ilə nəzərdə tutulduğu hallarda və şərtlərlə Sifarişçinin ofisində) öz işçiləri (əməkdaşlan) vasitəsilə Sifarişçinin fəaliyyəti ilə bağlı ona (Sifarişçiyə) mühasibatlıq və hüquq xidmətləri (bundan sonra "Xidmətlər") göstərir, Sifarişçi isə bunun müqabilində İcraçıya bu müqavilə üzrə razılaşdınlmış məbləğdə və qaydada xidmət haqqının ödənilməsini təmin edir.

11. Müqavilənin 1.2-ci bəndinə əsasən bu Müqavilə üzrə İcraçı tərəfindən Sifarişçiyə göstərilən xidmətlərin siyahısı Müqaviləyə 1 saylı Əlavə Razılaşmada müəyyən olunur.

12. Müqavilənin 1.3-cü bəndinə əsasən sifarişçi tərəfindən müqavilədə qeyd olunan xidmətlərdən əlavə hər hansı bir xidmət İcraçıdan tələb olunarsa, həmin xidmət qarşılıqlı razılıq əsasında və tərəflərin imzaladığı Əlavə Razılaşmalarda göstərilən şərtlərlə və qaydada həyata keçiriləcəkdir.

13. Müqavilənin 2.2.3-cü bəndinə əsasən xidmətlərin icrası üçün lazım olan sənədlərin (arayışlan, məktubları, izahatları, müqavilələri, əlavələri, hesabatlan, qaimə-fakturalan, invoyslan, bəyannamələri, icazələri, lisenziyaları, məhkəmə qərarları, bildirişləri, aktları, şəxsiyyəti təsdiq edən sənədləri və s) və digər məlumatları özündə əks etdirən sənədlərin əslini və ya lazımi qaydada təsdiq edilmiş surətini İcraçının tələb etdiyi müddət ərzində vaxtında və tam şəkildə İcraçının sərəncamına təhvil-təslim aktı ilə vermək sifarişçinin vəzifəsi kimi müəyyən edilmişdir.

14. Müqavilənin 3.1-ci bəndinə əsasən icra olunacaq xidmətlərin siyahısı bu müqaviləyə 1 saylı Əlavə Razılaşmada müəyyənləşdirilmişdir.

15. Müqavilənin 3.2-ci bəndinə əsasən xidmətlərin icrasına bu müqavilənin 2.2.3-cü maddəsində qeyd olunan sənədlərin və digər məlumatların rəsmi qaydada İcraçıya verilməsi və Sifarişçi tərəfindən təyin olunmuş Koordinatorun verdiyi sifarişlər əsasında həyata keçirilir. Koordinator verilən sifarişlərin mahiyyətini müəyyən etməli və mühasibatlıq sahəsi ilə bağlı sifarişləri "Mühasibatlıq işləri üzrə koordinator"a, hüquqi işlərlə bağlı isə sifarişləri "Hüquq xidmətləri üzrə koordinator"a müqavilə ilə nəzərdə tutulmuş qaydada yönəltməlidir.

16. Müqavilənin 5.1-ci bəndinə əsasən bu Müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir- birinə vurduqları zərərə görə məsuliyyət daşıyırlar.

17. Müqavilənin 5.2-ci bənidnə əsasən sifarişçi xidmət haqqının ödənilməsini 15 (on beş) təqvim günü ilə 30 (otuz) təqvim günü aralığında gecikdirdikdə, gecikdirilən hər gün üçün İcraçıya ödənilməmiş məbləğin 1%- i (bir faiz) miqdarında, 30 (otuz) təqvim günündən sonra isə gecikdirilmiş məbləğin 2 (iki) misli həcmində əlavə haqq ödəməlidir.

18. Müqavilənin 5.3-cü bənidnə əsasən bu Müqavilə üzrə işlərin icrası ilə əlaqədar İcraçının təyin etdiyi mütəxəssislərin Sifarişçi tərəfindən istər Müqavilə qüvvədə olduğu müddət ərzində, istərsə də müqavilənin müddətinin bitməsindən sonrakı ardıcıl 3 (üç) il ərzində işə qəbul edilməsi (fərdi sahibkar qismində və ya hüquqi şəxs yaratmaqla sahibkar qismində, xidməti müqavilə ilə və ya başqa formada) yolverilməzdir. Bu müddəa pozulduğu təqdirdə Sifarişçi İcraçının müəyyən etdiyi maddi məsuliyyəti daşıdığım qəbul edir. Belə hal baş verərsə, bu barədə yazılı qaydada (poçt, faks və ya elektron poçt vasitəsilə) Sifarişçiyə xəbərdarlıq edildiyi andan etibarən 15 (on beş) təqvim günü müddətində Sifarişçi İcraçıya İcraçı tərəfindən müəyyən edilən cərimə məbləğini ödəməlidir.

19. 27.10.2023-cü il tarixli EBDR493969 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən cavabdehə 1800 manat məlbəğində, xx.xx.2023-cü il tarixli EBDT770467 saylı e-qaiməyə əsasən 720 manat məbləğində və xx.xx.2023-cü il tarixli EBDW019338 saylı e-qaiməyə əsasən 720 manat məbləğində xidmətin göstərilməsinə dair e-qaimə göndərilmişdir (eqaimələr cavabdeh şirkət və sistem tərəfindən təsdiqlənmişdir).

20. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

21. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə göstərilmiş mühasibatlıq və hüquqi xidmətlərinə görə cavabdehin ona 3240 manat məbləğində borcunun olmasını iddia edir və həmin borcun ödənilməsini tələb edir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

23. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;

24. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. İddiaçı tərəf müqavilə üzrə göstərilmiş xidmətlərə dair sübutları, o cümlədən göstərilmiş xidmətlərin təsdiq olunmasına dair elektron qaimələri sübut qismində məhkəməyə təqdim etmişdir.

27. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":

29. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;

30. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

31. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

32. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

33. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

34. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmət göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən iddiaçının göstərdiyi xidmətin qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

36. Qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəf müqavilə üzrə hesablanmış məbləğlərə dair də e-qaimələr vermişdir, qaimələr cavabdeh tərəfindən düzəliş üçün geri qaytarılmamış, əksinə onlar şirkətin özü və sistem tərəfindən təsdiq edilmişdir.

37. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 3240 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.

38. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləsinin müqaviləyə əsasən hesablanmış 200 manat penyanın cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

39. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

40. Məhkəmə hesab edir ki, cavabdehin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

41. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən tutulacaq dəbbə pulu 200 manat məbləğində müəyyən edilə bilər.

42. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 82 manat məbləğində dövlət rüsumu xərci iddiaçı tərəfindən ödənilmişdir.

43. Azərbaycan Respublikası MPM-in:

44. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

45. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

46. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş 82 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, GL/AG/1001 nömrəli mühasibatlıq və hüquq xidmətlərinin göstərilməsi haqqında xidmət müqaviləsinə əsasən 3240 manat əsas borc məbləği, 200 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 82 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar