Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1771/2023 19.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçı1, iddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X3, Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı2 MMC, İddiaçı1 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı2 MMC, İddiaçı1 (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il, BSA-01/20 saylı və xx.xx.2021-ci il tarixli, BSA-09/01 saylı müqavilələr üzrə İddiaçı2 MMC-yə ödənilməmiş 114,410 manat borc məbləği və 7287.76 manat faiz məbləği; b) xx.xx.2020-ci il, BSA-01/20 saylı və xx.xx.2021-ci il tarixli, BSA- 09/01 saylımüqavilələr üzrə "xxxx" Firmasına ödənilməmiş 202,000 USD borc məbləği və 12,867.12 USD faiz məbləği; c) iddiaçıların müəllif hüquqlarının pozulması faktının müəyyən edilməsi və pozuntuya görə cavabdehdən 15,000 manat kompensasiya; d) 1550.92 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək, iddiaçıların müəlliflik hüquqlarının pozulması faktının müəyyən edilməsi və pozuntuya görə cavabdehdən İddiaçı2 MMC-nin xeyrinə 7500 manat, “İddiaçı1” Firmasının xeyrinə isə 7500 manat, ümumilikdə 15.000 manat məbləğində kompensasiyanın tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında müxtəlif proqram modullarının hazırlanması və onların inteqrə edilməsi məqsədilə BSA-01/20 saylı, xx.xx.2020-ci il tarixli və BSA-09/01 saylı, xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmışdır. Qeyd edilən müqavilələr üzrə işlər iddiaçılar tərəfindən lazımi qaydada icra edilmiş və təhvil verilmişdir, lakin işlərin müəyyən hissəsinə görə, hələ də cavabdeh ödəniş öhdəliyini icra etməmişdir. Cavabdehin nümayəndələri ilkin olaraq iddiaçıların direktoru Sinan Koça “Mebel sifariş alma, dəyərləndirmə, nəzarət etmə və idarə etmə modulları” üzrə işlərin görülməsi üçün müraciət etmişlər və iddiaçılarla cavabdeh BSA-01/20 saylı, xx.xx.2020-ci il tarixli müqaviləni bağlamışlar. Müqavilə üzrə adıçəkilən modullar iddiaçılar tərəfindən hazırlanaraq təhvil verilmiş və müvafiq ödəniş cavabdeh tərəfindən həyata keçirilmişdir. Bu iş təhvil verildikdən sonra cavabdeh iddiaçılardan əlavə proqram modullarının hazırlanması üçün müəyyən vaxtlarda tapşırıqlar vermişdir və tərəflər arasında növbəti BSA-09/01 saylı, xx.xx.2021-ci il tarixli müqavilə imzalanmışdır. Qeyd edilən müqavilələrdə siyahısı müəyyən olunan işlərdən əlavə cavabdeh iddiaçılara elektron rabitə vasitələri ilə müqavilələrdə yazılı qaydada razılaşdırılmayan əlavə işlər də tapşırmışdır. Hər iki müqavilə üzrə nəzərdə tutulmuş, həmçinin müqavilələrdə yazılı qaydada nəzərdə tutulmayan, lakin cavabdeh tərəfindən əlavə olaraq tapşırılmış işlər iddiaçılar tərəfindən lazımi qaydada icra edilmiş və təhvil verilmişdir. Əlavə olaraq hazırlanmış proqram modullarının cavabdehin əməkdaşları tərəfindən istifadə olunması üçün gərəkli olan dəstək xidməti də iddiaçılar tərəfindən göstərilmişdir. Tapşırılmış bütün proqram modulları hazırlanıb təhvil verildikdən və dəstək xidməti göstərildikdən sonra iddiaçılar cavabdehə müvafiq işlər qarşılığında ödənişlərin edilməsi məqsədilə qiymət siyahısını əks etdirən xx.xx.2022-ci il tarixli elektron poçtla müraciət etmişlər. Eləcə də, cavabdehin pul öhdəliyini uzun müddət ərzində gecikdirdiyini nəzərə alaraq xx.xx.2022-ci il tarixli elektron poçtla müvafiq hesab-faktura və elekton qaimə-fakturanı Cavabdehin nəzərinə çatdırmışlar. Buna baxmayaraq Cavabdeh İddiaçıların bu bildirişlərini cavabsız qoymuş və ödəniş etmək öhdəliyini icra etməmişdir. xx.xx.2022-ci il tarixində son olaraq, cavabdehə müqavilə öhdəliklərinin pozduğunu bildirmək məqsədilə pretenziya məktubu göndərilmişdir. Bütün cəhdlər cavabdeh tərəfindən cavabsız qoyulduqdan sonra məcburi ilkin mediasiya sessiyası üçün mediasiya təşkilatına müraciət edilmişdir. xx.xx.2022-ci il tarixində Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayış verilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında podrat müqavilələri bağlanmış, yazılı müqavilədə nəzərdə tutulan işlər iddiaçılar tərəfindən tam şəkildə icra edilərək cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən də müqavilədə nəzərdə tutulan qiymət tam şəkildə iddiaçılara ödənilmişdir. Həmin müqavilələr icra edilərkən davamlı olaraq cavabdeh tərəfindən iddiaçılara əlavə işlər həvalə edilmiş, həmin əlavə işlər də görülmüş, müvafiq ekspertiza təyin edilərsə, həmin işlərin görüldüyü öz təsdiqini tapacaqdır. Lakin uzun müddət keçməsinə baxmayaraq həmin işlərin dəyəri bu günə qədər ödənilməmişdir. Bundan əlavə, iddiaçılar tərəfindən yazılmış modullar hazırda cavabdeh tərəfindən istifadə edilir, hər bir yeni yaradılmış modula onu yazan şəxsin müəlliflik hüququ yaranır, nə qədər ki, həmin modulların dəyəri ödənilmir, hesab edirlər ki, iddiaçıların müəlliflik hüquqları pozulur. Bu səbəbdən iddianın təmin edilməsini xahiş edirlər. Bundan əlavə, cavabdehin nümayəndələrinin bildirdiyi kimi əgər iddiaçıların əlavə kimi təqdim etdiyi işlər müqavilə üzrə yazılmalı olan modulların alt modulları olsa idi, cavabdehlə “Mikromax” arasında bağlanmış müqavilədə həmin modullar ayrıca olaraq göstərilməzdi. Məhkəmə iclasında iddiaçı K.Sınan iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, Türkiyə Respublikasında qeydə alınmış fərdi sahibkardır, bundan əlavə, İddiaçı2 MMC-nin təsisçisi və direktorudur. Tərəflər arasında podrat müqavilələri imzalanmış, həmin müqavilələrdə nəzərdə tutulmuş işlər tərəfindən tam şəkildə icra edilib, cavabdehə təhvil verilmiş, dəyəri də tam şəkildə ödənilmişdir. İşlərin icrasına başlandığı ilk vaxtlardan cavabdehin İT üzrə rəhbəri ona müxtəlif əlavə modulların yazılmasını həvalə etmiş, lakin həmin əlavə işlər rəsmiləşdirilməmiş, ona narahat olmaması, görülmüş işlərin dəyərinin tam ödəniləcəyi bildirilmişdir. Bu səbəbdən o, laqeydlik edərək, heç bir rəsmiləşdirmə aparmadan həmin modulları yazmışdır. Həmin modualların dəyəri onların yazılma müddəti, sərf edilmiş əmək nəzərə alınmaqla hesablanmış, bu barədə İddiaçı2 MMC-nin gördüyü işlərə münasibətdə elektron qaimə, İddiaçı1na aid olan hissədə isə elektron qaimə təqdim etmək mümkün olmadığı üçün invoys təqdim edilmiş, lakin həmin əlavə işlərin dəyəri ödənilməmişdir. Bəzən yazılmış modullarla bağlı onlara qüsurlarla bağlı iradlar bildirilsə də, həmin qüsurlar texniki məsələ olmaqla tərəfindən tam şəkildə aradan qaldırılmışdır. Yazılmış modulların qiyməti razılaşdırılmamış, tərəfindən birtərəfli qaydada müəyyən edilərək vergi öhdəliklərindən azad olmaq üçün iki hissəyə ayrılmışdır. Həmin qiymətlər realdır, belə ki, cavabdehin təqdim etdiyi sənədlərdən görünür ki, həmin modullar hazırda başqa bir şirkətə yazılır, dəyəri isə onun tələb etdiyi qiymətdən dəfələrlə artıq müəyyən edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında iddiaçının özünün də bildirdiyi kimi podrat müqavilələri bağlanmış, həmin müqavilədə nəzərdə tutulan işlər görülərək cavabdehə təhvil verilmiş, dəyəri də ödənilmişdir. Hazırda iddiaçılar əlavə işlərin cavabdehin sifarişi əsasında görüldüyünü iddia etsələr də, həmin işlərin görülməsinə cavabdehin razılığı olmamışdır. Əgər hər hansı bir əlavə modulun yazılması tələb edilsə idi, bu barədə yazılı saziş tərtib edilməli idi. Bundan əlavə, cavabdeh tərəfindən görülmüş işlər qüsurlarla icra edilmiş, bu səbəbdən cavabdehlə “Mikromax” arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmış, həmin şirkətə həm mövcud qüsurların aradan qaldırılması, həm də əlavə modulların yazılması həvalə edilmişdir. Bundan əlavə, iddiaçıların əlavə kimi təqdim etdiyi işlər müqavilə üzrə yazılmalı olan modulların alt modulları olmaqla, görülməli olan işlərin tərkibinə daxildir. Bu səbəbdən iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi E.Buluşov iddia ərizəsinə etiraz edib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçılar İddiaçı2 MMC (birinci tərəf), "xxxx" Firması (ikinci tərəf) ilə cavabdeh (üçüncü tərəf) arasında bağlanmış 12 fevral 2020-ci il tarixli BSA-01/20 nömrəli xidmət müqaviləsinə əsasən birinci tərəf və ikinci tərəfindən mikro proqamının üçüncü tərəfin ticarət sisteminə uyğunlaşdırılması ilə əlaqədar xidmətlərin göstərilməsini əhatə edir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən birinci tərəf tərəfindən göstərilən xidmətin növləri və dəyəri 136.000 manat olmuşdur. Müqavilənin 4.1.2-ci bəndinə əsasən birinci tərəf tərəfindən göstərilən xidmətlərə görə ödəniş şərtlərinə əsasən ümumi məbləği vergilər daxil 136000 manat olan ödəniş, hər biri 34000 manat məbləğində olmaqla 4 hissədə həyata keçiriləcəkdir. Üçüncü tərəf hissəli ödənişi müqavilə imzalandığı gündən etibarən 4 ay (fevral, mart, aprel, may ayları) ərzində, müvafiq olaraq hər ayda bir dəfə “birinci tərəf” tərəfindən təqdim olunan ödəniş sənədlərini (hesab-faktura/elektron qaimə faktura) aldıqdan 5 iş günü ərzində bank köçürmə yolu ilə həyata keçirməlidir. Müqavilənin 4.2.1-ci bəndinə əsasən ikinci tərəf tərəfindən göstərilən xidmətlərin növləri və dəyəri 40.000 ABŞ dolları təşkil edir. Müqavilənin 4.2.2-ci bəndinə əsasən ikinci tərəf tərəfindən göstərilən xidmətlərə görə ödəniş şərtləri layihə tam həcmdə və qüsursuz olaraq təslim edildikdən və müvafiq təhviltəslim aktı imzalandıqdan sonra ikinci tərəf tərəfindən elektron qaimə təqdim edildikdən 10 iş günü ərzində üçüncü tərəf xidmətin dəyərini tam həcmdə 40.000 ABŞ dolları (vergilər daxil) bank köçürmə yolu ilə ödəyir. İddiaçılar İddiaçı2 MMC (birinci tərəf), "xxxx" Firması (ikinci tərəf) ilə cavabdeh (üçüncü tərəf) arasında bağlanmış 12 fevral 2020-ci il tarixli BSA-01/20 nömrəli xidmət müqaviləsinə 24 dekabr 2020-ci il tarixli 02 nömrəli əlavəyə əsasən müqavilənin 6.1-ci bəndində qeyd olunmuş müqavilə müddəti 31 dekabr 2021-ci il tarixinədək uzadılır. İddiaçılar İddiaçı2 MMC (birinci tərəf), "xxxx" Firması (ikinci tərəf) ilə cavabdeh (üçüncü tərəf) arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli BSA-09/01 nömrəli xidmət müqaviləsinə əsasən birinci tərəf və ikinci tərəfindən mikro proqamının üçüncü tərəfin ticarət sisteminə uyğunlaşdırılması ilə əlaqədar xidmətlərin göstərilməsini əhatə edir. Müqavilənin 4.1-ci bəndinə əsasən ikinci tərəfindən göstərilən xidmətlərin növləri və dəyəri ümumilikdə 120,000.000 ABŞ dolları (ƏDV daxil) təşkil etmişdir. Müqavilənin 4.2.2-ci bəndinə əsasən layihə tam həcmdə və qüsursuz olaraq təslim edildikdən və müvafiq təhvil-təslim aktı imzalandıqdan sonra ikinci tərəf tərəfindən elektron qaimə təqdim edildikdən 10 iş günü ərzində üçüncü tərəf xidmətin dəyərini tam həcmdə 120.000 ABŞ dolları (vergilər daxil) bank köçürmə yolu ilə ödəyir. Müqavilənin 5.1-ci bəndinə əsasən “Mikro” tərəfindən verilən proqram paketi, proqram lisenziyası və zəmanət istehsalçı (Mikro) tərəfindən verilən şərtlər çərçivəsindədir (“İstifadə Lisenziyası və Təminat Sözləşməsi”). Paketin təhvil-təslimi zamanı üçüncü tərəf qeyd olunan şərtləri qəbul etdiyi haqda akt imzalayaraq paketi təhvil alacaqdır. İddiaçı2 MMC tərəfindən cavabdehə EBCD 933193 nömrəli xx.xx.2022-ci il tarixli 114410 manat məbləğində elektron qaimə göndərilmişdir. Cavabdeh (sifarişçi) ilə “Mikromaks Müh. Danışmanlı ve Yazılım Sistemləri SAN. TİC. LTD. ŞTİ” (icraçı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə cavabdeh (sifarişçi) ilə “Mikromaks Müh. Danışmanlı ve Yazılım Sistemləri SAN. TİC. LTD. ŞTİ” (icraçı) arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixə qədər mikro proqram yazılması xidmətlərinin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən icraçı aktda sadalanan və sifarişçi tərəfindən sifariş edilmiş xidmətləri tam şəkildə icra edərək təhvil verir və sifarişçi də həmin xidmətləri təhvil alır. Cavabdeh tərəfindən “X1 və Yazılım Sistemləri SAN. LTD-nin hesabına xx.xx.2023cü il tarixli ödəniş tapşırığı ilə 1750,5 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 1750 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 1750,5 ABŞ dolları, xx.xx.2022ci il tarixli ödəniş tapşırığı ilə 3150 ABŞ dolları, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 3501 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 3852 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 12500 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 12500 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 16192 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 16281 ABŞ dolları, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığ ilə 20.000 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 25000 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 81645,3 ABŞ dolları, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 184900,5 ABŞ dolları, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 32677 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, hazırda fərdi sahibkarlıq fəaliyyətilə məşğul olur. Əsas fəaliyyət növü maliyyə və mühasibatlıq xidmətlərinin göstərilməsidir. İddiaçı1ı tanıyır. Onun ilə şifahi müqaviləsi olmuşdur. O, "xxxx" MMC-də modullardan istifadə qaydasını izah edirdi. 2020-ci ilin iyul ayından 2021-ci ilin əvvələrinədək texniki dəstək göstərilmişdir. 2021-ci ilin əvvələrində işlərin ona aid olan hissəsi bitmişdir. İşləri cavabdehin ofisində icra edirdilər ("xxxx"un Nəsimi metrosu yaxınlığında olan baş ofisində). O, maliyyə və mühasibatlıq modullarını yazmışdır. İT sahəsində xüsusi biliyi yoxdur. Sonuncu dəfə "xxxx"da 2021-ci ilin əvvəllərində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, İddiaçı1ı tanıyır. İddiaçı2 MMC-də 2020-2021-ci illər ərzində proqram təminatçısı vəzifəsində işləmişdir. İşlərin yekunlaşdırılması tarixi dəqiq yadında deyildir. "xxxx"un işçilərinə modulların istifadə qaydasına dair təlim keçmişdir. Ümumi sifariş, istehsal, mühasibatlqı modulları üzrə təlim keçmişdir. Modullar işlək vəziyyətdə idilər. Modulların işləməsində problemlər yaranırdı və yaranan problemlər tərəflərindən aradan qaldırılırdı, bəzi modullar isə təkmilləşdirilirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, İddiaçı1ı tanıyır. İddiaçı2 MMC-də proqram təlimçisi vəzifəsində işləmişdir. Hazırda "xxxx" MMC-də işləyir. "xxxx"da 2021-ci ilin yay aylarında 3 modulun (logistika modulları) istifadə qaydalarına dair təlim keçmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hüseyin Açıkgöz ifadəsində bildirdi ki, İddiaçı1ı tanıyır, münasibətləri normaldır. Hazırda "xxxx" Firmasında həm direktor, həm də əlavə olaraq proqramçı kimi işləyir. 2021-ci ilin oktyabr ayında Sınan bəy tərəfindən burdakı ("xxxx" MMC ilə olan) layihəsinə dəstək olmaq, modulların yazılması üçün dəvət edilmişdir. 2022-ci ilin yanvar ayına qədər İddiaçı1la birgə "xxxx" MMC-də çalışmışdır. Hazırda da "xxxx" MMC ilə çalışmağa davam edir. 2021-ci ilin oktyabr ayında İddiaçı1 tərəfindən dəvət edildikdən sonra "xxxx" MMC-də yazılmış proqramlarla bağlı nöqsanları, çatışmazlıqları aşkar edib ona bu barədə məlumat vermişdir. Lakin hər hansı tədbir alınmadı, İddiaçı1 bildirdilər ki, belə davam edərsə, layihə uğursuzluğa düçar olacaq. Sonra modullarda ciddi problemlər ortaya çıxmağa, modullar çökməyə başladığı üçün "xxxx" MMC ilə "xxxx" Firması olaraq 2022-ci ilin fevral ayında yeni bir müqavilə bağladılar. Bir qisim problemlər düzəldilib, bir qismi isə düzəldilməsi üçün çalışırlar. Onlar ilk dəfə "xxxx" MMC-yə gəldikdə orada 6 nəfər çalışırdı, onlardan dördü "xxxx" MMC-nin öz işçimütəxəssisləri, qalan ikisi isə İddiaçı1 işçiləri idi, modulların bəziləri elə "xxxx" MMC-nin işçiləri tərəfindən yazılmışdır (GİTHUB proqramına da baxılsa, modulların kim tərəfindən yazılması müəyyən ediləcəkdir). İddiaçı1 tərəfindən satışla bağlı modullar yazılmışdır, müəyyən problem və qüsurlar olsa da, çalışır. İddiaçı1 tərəfindən maliyyə modullarının yazıldığını aşkar etməmişdir. İddiaçılar tərəfindən qeyd edilmiş modulların ayrıca modul və ya altmodul kimi yazılması subyektiv qiymətləndirmə olmaqla, bir layihəyə daxil ola da bilər, olmaya da bilər. Müqavilə şərtlərindən asılıdır. Onlarla imzalanan müqavilənin dəyəri 870000 ABŞ dolları məbləğindədir. Həmin məbləğin içində texniki dəstək üçün də xidmət haqqı və bütün yazılmalı olan modullar ayrıca nəzərdə tutulmuşdur. Modulların qiyməti müxtəlif cür müəyyən edilə bilər, həmin modullar daha aşağı və ya yuxarı müəyyən edilə bilər. İşi icra edən şəxsin qiymət təklifindən asılıdır. İşçi qüvvələri (hazırda 70 nəfərdir) nəzərə alınmaqla qiymət müəyyən etmişlər. "xxxx" MMC ilə "xxxx" Firması arasında bağlanmış müqavilədə qeyd olunmuş modullar “sıfırdan” yazılacaqdır. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli podrat müqavilələri bağlanmış, həmin müqavilələrdə nəzərdə tutulmuş işlər iddiaçılar tərəfindən tam şəkildə icra edilərək cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən dəyəri ödənilmişdir. İddiaçılar həmin müqavilələr üzrə cavabdehin sifarişləri əsasında əlavə olaraq İddiaçı2 MMC tərəfindən cavabdeh üçün 6 modul, İddiaçı1 Firması tərəfindən isə 15 modul yazıldığını, lakin dəyərinin ödənilmədiyini iddia edirlər. Cavabdeh həmin iddiaya etiraz edərək, müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya hər hansı əlavə sifarişin verilmədiyini, əlavə sifarişin verilmiş olduğu təqdirdə bunun müqavilə şərtlərinə əsasən mütləq rəsmiləşdirilməli və dəyərinin müəyyən edilməli olduğunu, müqavilədə razılaşdırılmış qiymətdən əlavə hər hansı muzdun iddiaçılara ödənilməli olmadığını bildirir. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Həmin Məcəllənin 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Həmin Məcəllənin 754.1-ci maddəsinə əsasən əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrin 3.2.8 və 3.4.8-ci bəndlərinə əsasən göstərilmiş xidmətlər “Birinci tərəf” və “İkinci tərəf” tərəfindən “Üçüncü tərəf”ə təhvil verilən zaman hər dəfə müvafiq təhvil-təslim aktının imzalanması iddiaçıların vəzifəsi kimi müəyyənləşdirilmişdir. Bundan əlavə, adıçəkilən müqavilələrin 3.2.5 və 3.4.5-ci bəndlərinə əsasən SRS sənədində qeyd olunmamış əlavə istəklər və proqramın təslimindən sonra veriləcək servis xidmətləri bu müqavilənin mövzusu olmayıb ayrıca qiymətləndiriləcək. Əlavə istəklər barədə ətraflı analiz aparıldıqdan sonra razılaşdırılmış şərtlərlə SRS Əlavə-1 sənədinin imzalanması iddiaçıların cavabdeh qarşısında daşıdığı öhdəlik kimi müəyyənləşdirilmişdir. Habelə, həmin müqavilələrin 9.1-ci bəndinə əsasən bu müqaviləyə edilən bütün Əlavə dəyişikliklər ancaq yazılı şəkildə tərtib edildikdə və onları hər üç tərəf imzaladıqda etibarlıdır. Təqdim edilmiş müqavilələrdə icra edilməli olan işlər, onların qiyməti, vergi və xərclər konkret olaraq müəyyən edilmişdir. İddiaçılar həmin müqavilələr üzrə müəyyənləşdirilmiş işlər icra edilərkən cavabdeh tərəfindən əlavə sifarişlərin verildiyini bildirsələr də, həmin sifarişlərin verildiyini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi üzrə öz üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən elektron qaimə və hesab faktura bu halı təsdiq edən mötəbər sübut kimi dəyərləndirilə bilməz. Halbuki, Mülki Məcəllənin 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs olan İddiaçı2 MMC və fərdi sahibkar olan K.Sınan tərəfindən kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan əlavə işlərinin görülməsini (həmin işlərin görülməsinə ümumiyyətlə cavabdeh tərəfindən razılığın verilməsini) təsdiq edən heç bir yazılı sübutun təqdim edilə bilməməsi, əlavə sifarişlərin verildiyi təqdirdə onların rəsmiləşdirilməməsi inandırıcı və ağlabatan deyildir. Bundan əlavə, iddiaçı K.Sınan məhkəmə iclasında verdiyi izahatında həmin əlavə sifarişlərin 2020-ci ilin 12 fevral tarixli müqavilə üzrə işlərin icrasına başlandığı ilk vaxtlardan icra edilməyə başlandığını, lakin dəyərinin həmişə şifahi qaydada tələb edildiyini, yalnız tərəflər arasında münasibətlər pisləşdikdən sonra görülmüş əlavə işlərlə bağlı cavabdehə elektron qaimə və hesab-faktura təqdim edildiyini bildirsə də, Məhkəmə onun bu arqumentini də əsaslı və ağlabatan hesab etmir. İddiaçılar iddia tələblərinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə şahid ifadələrini təqdim etmişlər. Həmin şahid ifadələri ilə bağlı məhkəmə hesab edir ki, heç bir yazılı sübutlar olmadığı halda iş üzrə dindirilmiş və iddiaçılarla hazırkı günədək əməkdaşlıq edən şəxslərin ifadələri podrat işlərinin görülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən podrat müqavilələrində nəzərdə tutulmayan və yerinə yetirilməsi tələb edilməyən işlərin icra edilməsi sübut olunmur, bununla da, podrat müqavilələri üzrə cavabdehin əlavə muzd ödəmək öhdəliyi, iddiaçıların isə Mülki Məcəllənin 753.3-cü maddəsinə əsasən əlavə muzd tələb etmək hüquqları yaranmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbləri əsas borcun tutulması hissəsində əsaslı hesab edilmədiyindən təmin edilə bilməz. Bundan əlavə, iddia ərizəsində cavabdehdən pul öhdəliyinin gecikdirilməsinə görə bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış faiz borcunun ödənilməsi, habelə müəlliflik hüquqlarının pozuntusunun müyyən edilməklə pozuntuya görə cavabdehdən kompensasiya alınması tələbləri də irəli sürülmüşdür. Məhkəmə həmin tələblərə münasibətdə qeyd edir ki, iddia tələbləri əsas borcun tutulması hissəsində təmin edilmədiyindən həmin tələblərə sıx bağlı olan digər tələblər də təmin edilə bilməz. Bu səbəbdən məhkəmə həmin tələblərə münasibətdə ayrıca əsaslandırma aparılmasına zərurət görmür. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2 MMC, İddiaçı1 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 1550,92 manat dövlət rüsumu iddiaçılar İddiaçı2 MMC, İddiaçı1 özlərinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1771/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1771/2023
19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver