Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1804/2024 09.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı “müqavilə üzrə borcun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (müqavilə üzrə əsas borc, əldən çıxmış fayda) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı “müqavilə üzrə borcun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 noyabr 2022-ci il tarixli, 5341.0894/S saylı müqavilə üzrə yaranmış 15 799.05 manat əsas borc, əldən çıxmış faydaya görə 426.57 manat və iddiaçı tərəfindən ödənilmiş 139 manat dövlət rüsumunun cavabdeh X2 tutularaq iddiaçının bank hesabına birdəfəlik köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. 14 mart 2024-cü il tarixdə iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək 30 noyabr 2022-ci il tarixli, 5341.0894/S saylı müqavilə üzrə yaranmış 15000 manat əsas borc, əldən çıxmış faydaya görə 426. 57 manat və iddiaçı tərəfindən ödənilmiş 139 manat dövlət rüsumunun cavabdeh X2 tutularaq iddiaçının bank hesabına birdəfəlik köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 30 noyabr 2022-ci il tarixdə cavabdeh fərdi sahibkar X5 ilə iddiaçı "xxxx" MMC arasında 5341.0894/S saylı müqavilə bağlanmışdır. Həmin Müqaviləyə uyğun olaraq, iddiaçı cavabdehə tədbirin keçirilməsini və yüksək səviyyədə keyfiyyətli qidalanmasının təşkili üzrə iaşə xidmətlərinin göstərilməsini həyata keçirməli və cavabdeh isə öz növbəsində iddiaçıya göstərdiyi xidmətlərin dəyərini Müqavilə ilə müəyyən olunmuş şərtlərlə ödənilməsini təmin etməlidir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə yeni il tədbiri keçirilmişdir. Müqavilənin 4-cü maddəsinin 4.1-ci bəndinə əsasən iddiaçı cavabdehdən ödənişlərin tələb etməsinə baxmayarq cavabdeh haqqın qalan hissəsinin ödənilməsindən imtina edir. Müqavilənin 5cimaddəsinin 5.1-ci yarımbəndi ilə xidmət haqqı 30 000 manat müəyyən edilmişdir. 5-ci maddəsinin 5.2-ci yarımbəndinə əsasən tərərflər bir nəfər üçün menyunun qiymətini 100 manat məbləğində razılaşdırmışlar. Cavabdeh 15 000 manat pul məbləğini müqaviləni imzaladığı gün ödəmişdir, lakin qalan 15 799 manat pul məbləğini isə bugünə qədər ödəməkdən imtina edir. Cavabdehə göstərilmiş xidmətlərə görə 30 799.05 manat ödəniş edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, EBCM, 705230 nömrəli elektron hesab faktura ilə təqdim edilmişdir, lakin borc bugünə qədər ödənilməmiş qalmışdır. Eyni zamanda iddiaçıya cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində borc öhdəliyi bugünə qədər yerinə yetirmədiyi üçün 426. 57 manat manat məbləğində əldən çıxmış fayda kimi ziyan vurmuşdur.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
7. Məhkəmə İddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. "xxxx" MMC (İcraçı) və X5 (Sifarişçi) arasında bağlanan 30 noyabr 2022-ci il tarixli 5341.0894/S nömrəli iaşə xidmətləri müqaviləsinin: 1-ci maddəsinə əsasən, İcraçı “Elektra Hall” adlı restoranı Sifarişçiyə 31 dekabr 2022-ci il tarixdə tədbirin keçirilməsi üçün icarəyə təqdim etməyi, Sifarişçi öz növbəsində İcraçının göstərdiyi xidmətlərin dəyərini Müqavilə ilə müəyyən olunmuş şərtlərlə ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. 3.1-ci maddəsinə əsasən, İcraçı xidmətlərin göstərilməsinə 31 dekabr 2022ci il tarixdən etibarən başlayacaq və xidmət 1 (bir) gün ərzində etibarlıdır. 4.2-ci maddəsinin b bəndinə əsasən bu müqaviləyə uyğun olaraq icraçı tərəfindən icra olunmuş xidməti qəbul etmək və haqqı ödəməy Sifarişçinin öhdəliyidir. 5.1-ci maddəsinə əsasən, Müqavilənin məbləği 30000 manatdır. 5.3-cü maddəsinə əsasən, Sifarişçi İcraçıya 15000 manat müqavilə imzalandığı gün, 15000 manat isə tədbirdən sonra bank transfer yolu ilə ödəyəcəkdir.
10. "xxxx" MMC tərəfindən X3 təqdim edilmiş xx.xx.2023-cü il tarixli EBCM seriyalı 705230 nömrəli Elektron qaiməyə əsasən, ödənilməli olan yekun məbləğ 30799.05 manat təşkil etmişdir.
11. FJB**********638 nömrəli qəbzdən görünür ki, X5 tərəfindən "xxxx" MMC-nin hesabına 30 noyabr 2022-ci il tarixdə 15000 manat ödəniş həyata keçirilmişdir.
12. **********94 nömrəli qəbzdən görünür ki, ödənilmiş dövlət rüsumunun məbləği 140 manat təşkil edir.
13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli 5341.0894/S nömrəli “iaşə xidmətləri” barədə müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli 5341.0894/S nömrəli iaşə xidmətləri müqaviləsi əsasında İddiaçı iaşə xidmətlərinin göstərilməsini həyata keçirməyi Cavabdeh isə İddiaçıya göstərdiyi xidmətlərin dəyərini Müqavilə ilə müəyyən olunmuş şərtlərlə ödənilməsini öz öhdəsinə götürmüşdür. Ümumilikdə 30000 manat təşkil edən xidmətlər üzrə 15000 manat Cavabdeh tərəfindən ödənilmiş, qalan 15000 manat məbləğin isə bank transferi yolu ilə həyata keçirilməsi barədə tərəflər razılığa gəlmişlər. İddiaçı tərəfindən qeyd edilən iaşə xidmətləri göstərilmiş, lakin Cavabdeh göstərilən xidmətin dəyərini tam ödəməyərək, müqavilə üzrə ödənilməmiş 15000 manat borcu qalmışdır.
17. Məhkəmə yuxarıda sadalananlara əsasən, tərəflər arasında müqavilə üzrə iddiaçı tərəfindən göstərilmiş iaşə xidmətlərinin göstərilməsinin və onların dəyərinin ödənilmədiyinin iş üzrə müvafiq sübutlarla təsdiq edildiyini nəzərə alaraq, iddia tələbini cavabdehdən 15000 manat məbləğində əsas borc məbləğinin tutulması hissəsində əsaslı hesab edir.
18. İddiaçı tələbində həmçinin 426.57 manat məbləğində əldən çıxmış faydanın Cavabdehdən İddiaçının xeyrinə tutulmasını xahiş edir.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
20. Məhkəmə qeyd edilən qanunvericilik normalarının tələbindən çıxış edərək Cavabdehdən 426.57 manat əldən çıxmış faydanın tutulması hissəsində də iddianı əsaslı hesab edir.
21. İddiaçı tələbində eyni zamanda ödənilmiş dövlət rüsumu olaraq ödənilmiş 139 manat pul məbləğinin də cavabdehdən tutulmasını xahiş edir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Qeyd edilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən İddaçının xeyrinə dövlət rüsumununa görə 139 manat pul məbləği tutulmalıdır.
V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X2 30 noyabr 2022-ci il tarixli, 5341.0894/S saylı müqavilə üzrə yaranmış 15000 (on beş min) manat əsas borc, 426. 57 (dörd yüz iyirmi altı manat əlli yeddi qəpik) manat əldən çıxmış fayda və iddiaçı tərəfindən ödənilmiş 139 (yüz otuz doqquz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin bank hesabına birdəfəlik köçürülsün. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov