Məhkəmə qərarları › İş №e-2-2(113)-1811/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1811/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1811/2024 05.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında olan xx.xx.2023-cü il tarixli, GL/BSC/2109 nömrəli mühasibatlıq və hüquq xidmətlərinin göstərilməsi haqqında xidmət müqaviləsinə əsasən 6372 manat məbləğində əsas borc və 4906,44 manat cərimə məbləğini, yekun olaraq 11.278,44 manat məbləği və ödənilmiş olan 124 manat rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında xx.xx.2023-cü il tarixli, GL/BSC/2109 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən İcraçı Müqavilənin qüvvədə olduğu müddət ərzində Sifarişçinin tapşırığına əsasən ona (Sifarişçiyə) mühasibatlıq və hüquq xidmətləri göstərir, sifarişçi isə icraçı tərəfindən icra edilmiş işi təhvil alıb müqabilində Müqavilə ilə müəyyən edilmiş muzdu İcraçıya ödəməyi öhdəsinə götürür. Aramızda bağlanılmış müqavilənin 5.2.-ci maddəsinə əsasən müqavilə üzrə ödəniş 15 təqvim günü ilə 30 təqvim günü aralığında gecikdirdikdə, gecikdirilən hər gün üçün İcraçıya ödənilməmiş məbləğin 1%-i (bir faiz) miqdarında, 30 (otuz) təqvim günündən sonra isə gecikdirilmiş məbləğin 2 (iki) misli həcmində əlavə haqq ödəməlidir. Həmin müqaviləyə əsasən ödənişlər hər xidmət ayının ilk 10 (on) təqvim günündən gec olmayaraq Sifarişçi tərəfindən İcraçıya nağd qaydada və ya bank köçürməsi yolu ilə əvvəlcədən ödənilməli idi. İddiaçı MMC tərəfindən 29 sentyabr 2023-cü il tarixli, EBDP 460207 nömrəli elektron-qaimə üzrə 708 (yeddi yüz səkkiz) manat məbləğində; 23 noyabr 2023-cü il tarixli, EBDT 421518 nömrəli elektron-qaimə üzrə 2 006 (iki min altı) manat; 23 noyabr 2023- cü il tarixli, EBDT 420713 nömrəli elektron-qaimə üzrə 2 124 ( iki min yüz iyirmi dörd) manat; 29 noyabr 2023-cü il tarixli, EBDT 910851 nömrəli elektron-qaimə üzrə 2 124 (iki min yüz iyirmi dörd) manat; 26 dekabr 2023-cü il tarixli EBDW 018543 nömrəli elektron-qaimə üzrə 2 124 (iki min yüz iyirmi dörd) manat ödəniş etməli idiniz. 31 dekabr 2023-cü il tarixində tərtib edilmiş üzləşmə aktına əsasən cavabdeh tərəfindən 9086 manat ödənişdən 2714 manat ödəniş etməklə, hazırda 6 372 (altı min üç yüz yetmiş iki) manat borcunuzun olduğu müəyyən edilmişdir. Əlavə olaraq, müqavilənin 5.3-cü bəndinə əsasən xidmət haqqının ödənilməsinin 15 (on beş) təqvim günündən artıq gecikdirilməsinə görə Sifarişçi gecikdirilən hər gün üçün İcraçıya ödənilməli məbləğin 0.1% (sıfır tam onda bir faiz) miqdarında cərimə ödəyir. Müqavilənin 0.1% (sıfır tam onda bir faiz) miqdarında cərimə müəyyən edilmiş maddəsinə əsasən xidmət haqqını gecikdirdiyiniz üçün bu Müqavilənin 5.3.-cü bəndinə əsasən 4906,44 (dörd min doqquz yüzaltı manat, qırx dörd qəpik) manat məbləğində cəriməniz yaranmışdır. Yuxarıda qeyd olunanlara istinad edərək şirkətlərimiz arasında bağlanan xx.xx.2023-cü il tarixli, GL/BSC/2109 nömrəli mühasibatlıq və hüquq xidmətlərinin göstərilməsi haqqındaxidmət müqaviləsi üzrə yaranmış 6 372 (altı min üç yüz yetmiş iki) manat məbləğində əsas borc məbləğini ödəməyinizə dair 15 yanvar 2024-cü il tarixində sizə Xəbərdarlıq (Pretenziya) məktubu göndərilmiş və nəzərdə tutulan 6 372 (altı min üç yüz yetmiş iki) manat məbləğində vəsaiti 5 gün ərzində ödəməli olduğunuz bildirilmişdir. II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.Cəfərli iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında olan üzləşmə aktından sonra da cavabdehə xidmət göstərilmiş, lakin dəyəri ödənilməmişdir. Tərəflər arasında təhvil aktı olmamış, ödənişlər elektron qaimələr üzrə aparılmış, tərtib etdikləri hesabatlar və sairə cavabdehin vatsap qrupuna göndərilmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinin üzrlü olmasına dair Məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (icraçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış 21 sentyabr 2023-cü il tarixli GL/BSC/2109 nömrəli mühasibatlıq və hüquq xidmətlərinin göstərilməsi haqqında xidmət müqaviləsinə əsasən bu müqavilə ilə icraçının müəyyən etdiyi yerdə (müqavilə ilə nəzərdə tutulduğu hallarda və şərtlərlə sifarişçinin ofisində) öz işçiləri (əməkdaşları) vasitəsilə sifarişçinin fəaliyyəti ilə bağlı ona mühasibatlıq və hüquq xidmətləri göstərir, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada xidmət haqqının ödənilməsini təmin edir.

8. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə icraçı tərəfindən sifarişçiyə göstərilən xidmətlərin siyahısı 1 saylı Əlavə Razılaşmada müəyyən olunur.

9. Müqavilənin 3.7-ci maddəsinə əsasən təqdim olunmuş hesabat (akt və sairə) sifarişçi tərəfindən müzakirə olunmalı və hesabatla razılaşmadığı təqdirdə 3 gün ərzində icraçıya məlumat verməlidir. Bu müddət ərzində müraciət olunmadığı təqdirdə hesabat sifarişçi tərəfindən qəbul olunmuş hesab olunur və xidmət haqqının ödənişi üçün əsasdır.

10. Müqavilənin 5.2-ci bəndinə əsasən sifarişçi xidmət haqqının ödənilməsini 15 təqvim günü ilə 30 təqvim günü aralığında gecikdirdikdə, gecikdirilən hər gün üçün icraçıya ödənilməmiş məbləğin 1 %-i miqdarında 30 təqvim günündən sonra isə gecikdirilmiş məbləğin 2 misli həcmində əlavə haqq ödəməlidir.

11. Müqaviləyə 21 sentyabr 2023-cü il tarixli 01 saylı Əlavə Razılaşmada iddiaçı tərəfindən cavabdehə göstəriləcək xidmətlərin sıyahısı əksini tapmışdır. Sifarişçi bu Əlavə Razılaşma üzrə icraçıya hər ay üçün 1800 manat+ƏDV məbləğində əsas müqavilədə göstərilən qaydada aylıq xidmət haqqı ödəyir.

12. İddiaçı tərəfindən cavabdehə EBDW 018543 nömrəli xx.xx.2023-cü il tarixli 2124 manat, EBDT 421518 nömrəli xx.xx.2023-cü il tarixli 2006 manat, EBDP 460207 nömrəli xx.xx.2023-cü il tarixli 708 manat, EBDT 420713 nömrəli xx.xx.2023-cü il tarixli 2124 manat, EBDT 910851 nömrəli xx.xx.2023-cü il tarixli 2124 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimələr göndərilmişdir.

13. İddiaçı və cavabdeh arasında tərtib olunmuş xx.xx.2023-xx.xx.2023-cü il dövrü üzrə üzləşmə aktından görünür ki, xx.xx.2023-cü il tarixinə cavabdehin iddiaçıya olan borcu 4248 manat təşkil edir.

14. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə cavabdeh tərəfindən iddiaçının hesabına EBDP 460207 və EBDT 421518 nömrəli qaimələrə əsasən 414 manat ƏDV, 30 noyabr 2023-cü il tarixli ödəniş tapşırığı ilə EBDP 460207 nömrəli və EBDT 421518 nömrəli qaimələrə əsasən 2300 manat köçürülmüşdür.

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında 21 sentyabr 2023-cü il tarixli GL/BSC/2109 nömrəli xidmət müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh isə öhdəliklərini tam şəkildə icra etməmişdir.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

19. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

22. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.

23. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 6372 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

24. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 5.2ci bəndinə əsasən hesablanmış 4906,44 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

25. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

26. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

27. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 300 manat müəyyən edilməlidir.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 6372 manat əsas borc, 300 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 124 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 6372 manat əsas borc, 300 manat dəbbə pulu, ödənilmiş 124 manat məbləğində dövlət rüsumu, ümumilikdə 6796 (altı min yeddi yüz doxsan altı) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar