Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1825/2024 04.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, cərimə) X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iştirakı, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HR/AE/10/23 nömrəli kadr xidmətlərinin göstərilməsi haqqında xidmət müqaviləsinə əsasən 1260 manat məbləğində əsas borc və 1129.8 manat cərimə, yekun olaraq 2389,8 manat məbləğin və ödənilmiş olan 44 manat rüsumunun onun xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli, HR/AE/10/23 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən İcraçı Müqavilənin qüvvədə olduğu müddət ərzində Sifarişçinin tapşırığına əsasən ona kadr xidmətləri göstərir, Sifarişçi isə İcraçı tərəfindən icra edilmiş işi təhvil alıb müqabilində Müqavilə ilə müəyyən edilmiş muzdu İcraçıya ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanılmış müqavilənin 5.3.-cü maddəsinə əsasən müqavilə üzrə ödəniş 15 təqvim günü ilə 30 təqvim günü aralığında gecikdirdikdə, gecikdirilən hər gün üçün İcraçıya ödənilməmiş məbləğin 1%-i miqdarında, 30 təqvim günündən sonra isə gecikdirilmiş məbləğin 2 misli həcmində əlavə haqq ödəməlidir. Həmin müqaviləyə əsasən ödənişlər hər xidmət ayının ilk 10 təqvim günündən gec olmayaraq Sifarişçi tərəfindən İcraçıya nağd qaydada və ya bank köçürməsi yolu ilə əvvəlcədən ödənilməli idi. İddiaçı MMC-yə 30 oktyabr 2023-cü il tarixli, EBDR 586955 nömrəli elektron-qaimə üzrə 700 manat; 29 noyabr 2023-cü il tarixli, EBDT 823733 nömrəli elektron-qaimə üzrə 280 manat, 26 dekabr 2023-cü il tarixli, EBDW 018636 nömrəli elektron-qaimə üzrə 280 manat cavabdeh ödəniş etməli idi. 07 yanvar 2024-cü il tarixində tərtib edilmiş üzləşmə aktına əsasən iddiaçıya ödənilməmiş borc məbləğinin 1260 manat olduğu müəyyən edilmişdir. Əlavə olaraq, müqavilənin 5.3-cü bəndinə əsasən xidmət haqqının ödənilməsinin 15 təqvim günündən artıq gecikdirilməsinə görə Sifarişçi gecikdirilən hər gün üçün İcraçıya ödənilməli məbləğin 0.1% miqdarında cərimə ödəyir. Müqavilənin 0.1% miqdarında cərimə müəyyən edilmiş maddəsinə əsasən xidmət haqqını gecikdirdiyi üçün bu Müqavilənin 5.3.cü bəndinə əsasən 1129.8 manat məbləğində cərimə yaranmışdır. Yuxarıda qeyd olunanlara istinad edərək şirkətlər arasında bağlanan xx.xx.2023-cü il tarixli, HR/AE/10/23 nömrəli kadr xidmətlərinin göstərilməsi haqqında xidmət müqaviləsi üzrə yaranmış 1260 manat məbləğində əsas borc məbləğini ödəməyinə dair 15 yanvar 2024-cü il tarixində cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və nəzərdə tutulan 1260 manat məbləğində vəsaiti 5 gün ərzində ödəməli olduğu bildirilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 425.1,425,2, 427,3, 430.1, 448.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək əlavə olaraq bildirmişdir ki, tərəflər arasındakı müqaviləyə əsasən aylıq xidmət haqqı 700 manata müəyyən olunmuş, lakin sonradan şifahi razılıq əsasında xidmət haqqı 280 manat müəyyənləşdirilmişdir. İddiaçı tərəfindən 3 ay xidmət göstərilmiş, birinci ay 700 manat, digər iki ayda isə 280 manat xidmət haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Sonda o, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarına əlavə edilmiş “Sifarişçi” İddiaçı MMC ilə “İcraçı" Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli HR/AE/10/23 nömrəli kadr xidmətlərinin göstəriməsi haqqında müqavilənin predmetindən görünür ki, müqavilə ilə İcraçının müəyən etdiyi yerdə (müqavilə ilə nəzərdə tutulduğu hallarda və şərtlərlə Sifarişçinin ofisində) Sifarişçinin işçiləri (əməkdaşları) vasitəsilə Sifarişçinin fəaliyyəti ilə bağlı ona (Sifarişçiyə) kadr xidmətləri (bundan sonra "Xidmətlər") göstərir, Sifarişçi isə bunun müqabilində İcraçıya bu müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada xidmət haqqının ödənilməsini təmin edir. Bu müqavilə üzrə İcraçı tərəfindən Sifarişçiyə göstərilən xidmətlərin siyahısı Müqaviləyə 1 saylı Əlavə Razılaşmada müəyyən olunur. İcraçı 1 saylı Əlavə Razılaşmada göstərilən xidmətlərin Sifarişçinin işçiləri (əməkdaşları) tərəfindən həyata keçirilməsinə nəzarət edir, onlara bununla bağlı təlimatlar verir, həmin xidmətlərlə bağlı kadr sənədləşməsini yoxlayır. Müqavilənin 3.6-cı bəndinə əsasən xidmətin icrası üçün hesabat dövrü 1 (bir) təqvim ayıdır. Sifarişçi tərəfindən İcraçının yazılı və rəsmi elektron ünvanına bu barədə tələb ünvanlandığı təqdirdə, təqvim ayının sonunda İcraçı tərəfindən Sifarişçiyə, göstərilən xidmətlərin icrası barədə yazılı və ya elektron qaydada hesabat (akt və s digər formada) təqdim edilir. Bu cür tələbin olmadığı təqdirdə, xidmət qəbul edilmiş hesab olunur və xidmət haqqının ödənişi üçün əsasdır. Müqavilənin 5.3-cü bəndinə əsasən sifarişçi xidmət haqqının ödənilməsini 15 (on beş) təqvim günü ilə 30 (otuz) təqvim günü aralığında gecikdirdikdə, gecikdirilən hər gün üçün İcraçıya ödənilməmiş məbləğin 1%-i (bir faiz) miqdarında, 30 (otuz) təqvim günündən sonra isə gecikdirilmiş məbləğin 2 (iki) misli həcmində əlavə haqq ödəməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1 saylı Əlavə Razılaşmadan görünür ki, sifarişçi bu Əlavə Razılaşma üzrə İcraçıya kadr xidmətlərinin göstərilməsi ilə əlaqədar hər ay üçün 700 AZN (ƏDV xaric) məbləğində, əsas müqavilədə göstərilən qaydada aylıq xidmət haqqı ödəyir. İş materiallarında olan EBDR seriyalı, 586955 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 700 manat, EBDW seriyalı, 018636 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 280 manat, EBDT seriyalı, 823733 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 280 manat İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. 2023-cü ilə aid “whatsapp” yazışmasından görünür ki, 27 noyabr, 5 dekabr, 14 dekabr tarixlərində İddiaçı MMC-nin əməkdaşı tərəfindən Cavabdeh MMC-nin əməkdaşına əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitam verilməsi ilə bağlı bildirişlər icra edilərək təqdim edilmişdir. 06 fevral 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 44 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzər tutulmuş xidməti göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını ödəməmişdir. İddiaçı tərəfindən xidmətlərin göstərilməsi tərəflər arasında olan yazışmalarla öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının icra etdiyi işin müqabilində cavabdehdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, iddiaçı tərəfindən xidmətlərin cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil alınana xidmətlərə görə 1260 manat pulu ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 1260 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 1260 manat əsas borca 1129,8 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Belə olan halda məhkəmə, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 65 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddianın qismən təmin olunmasını nəzərə alaraq hesab edir ki, ödənilmiş 44 manat dövlət rüsumunun 34 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, HR/AE/10/23 nömrəli kadr xidmətlərinin göstərilməsi üzrə müqaviləyə əsasən 1260 manat məbləğində əsas borc, 65 manat cərimə borcu olmaqla, cəmi 1325 (min üç yüz iyirmi beş) manat borc və ödənilmiş dövlət rüsumunun 34 (otuz dörd) manatının əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1825/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1825/2024
04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver