Məhkəmə qərarları › İş №e-2-2(113)-1827/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1827/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1827/2024 24.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2023-cü il tarixli, HR/GL/21/23 saylı müqaviləyə əsasən borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, HR/GL/21/23 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən icraçı müqavilə ilə icraçının müəyyən etdiyi yerdə sifarişçinin işçiləri vasitəsilə sifarişçinin fəaliyyəti ilə bağlı ona kadr xidmətləri göstərir, sifarişçi isə bunun müqabilində icraçıya bu müavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada xidmət haqqının ödənilməsini təmin edir. - 4.1-ci bəndinə əsasən sifarişçi icraçıya hər ay əlavə razılaşma ilə müəyyənləşdirilmiş məbləğdə aylıq xidmət haqqı ödəyir. - 5.3-cü bəndinə əsasən sifarişçi xidmət haqqının ödənilməsini 15 təqvim günü ilə 30 təqvim günü aralığında gecikdirdikdə gecikdrilən hər gün üçün icraçıya ödənilməmiş məbləğin 1%-i miqdarında, 30 təqvim günnüdən sonra isə gecikdirlmiş məbləğin 2 misli həcmində əlavə haqq ödəməlidir. - 6.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və qüvvəyə mindiyi tarixdən etibarən 1 il müddətinə etibarlıdır. - 6.2-ci bəndinə əsasən müqavilə müddətinin birməsinə ən azmı 30 gün qalmış tərəflərdən birinin müqavilənin ləğv edilməsi, yaxud şərtlərinin dəyişdirilməsi barədə müraciəti oolmadıqda, müqaavilə eyni şərtlərlə və eyni müddətə uzadılmış hesab edilir. Müqavilə tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

2. xx.xx.2023-cü il tarixli, HR/GL/21/23 saylı müqaviləyə 1 saylı əlavə razılaşmaya əsasən müqavilə üzrə icraçı tərəfindən göstərilən xidmətlərin siyahısı təsdiq edilmişdir. Razılaşmanın 2-ci bəndində icraçıya kadr xidmətlərinin göstərilməsi ilə əlaqədar hər ay üçün ödəniləcək xidmət haqqı 700 manat (ƏDV xaric) müəyyən edilmişdir. Əlavə razılaşma tərəflərin imzaları və möhürlərü ilə təsdiq edilmişdir.

3. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzanamış xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arası dövrü əhatə edən üzləşmə aktına əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC tərəfindən 800 manat məbləğində ödəniş edildikdən sonra Cavabdeh MMC-nin İddiaçı MMC-yə 1633,33 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Akt tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir.

4. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli, HR/GL/21/23 saylı müqavilə üzrə 2023-cü ilin senytabrında 233,33 manat; oktyabr ayında 700 manat; noyabr ayında 700 manat və dekabr ayında 700 manat, cəmi 2333,33 manat məbləğində xidmətlərin göstərilməsinə dair elektron qaimələr göndərilmişdir.

5. Whatsapp yazışmalarından çıxarışlardan görünür ki, 2023-cü ilin dekabrında İddiaçı MMC-nin işçiləri tərəfindən Cavabdeh MMC-nin işçilərinə kadr xidmətlərinin göstərilməsi barədə (əmək müqavilələrinin bağlanması, xitamı barədə məlumatların elektron sistemə yerləşdirilməsi və s.) mütəmadi məlumatlar verilmişdir.

6. İddiaçı MMC tərəfindən Cavabdeh MMC -yə pretenziya məktubu ünvanlanmışdır.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

7. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli, HR/GL/21/23 nömrəli kadr xidmətlərinin göstərilməsi haqqında xidmət müqaviləsinə əsasən 2333,33 manat məbləğində əsas borc və 1906,33 manat məbləğində dəbbə pulu, cəmi 4239,66 manat məbləğində pul vəsaitinin və ödənilmiş olan 63 manat rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (sifarişçi) ilə İddiaçı (icraçı) arasında xx.xx.2023-cü il tarixli, HR/GL/21/23 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı müqavilənin qüvvədə olduğu müddət ərzində sifarişçinin tapşırığına əsasən ona kadr xidmətləri göstərir, Sifarişçi isə İcraçı tərəfindən icra edilmiş işi təhvil alıb müqabilində müqavilə ilə müəyyən edilmiş muzdu icraçıya ödəməyi öhdəsinə götürür. Aramızda bağlanılmış müqavilənin 5.3.-cü maddəsinə əsasən müqavilə üzrə ödəniş 15 təqvim günü ilə 30 təqvim günü aralığında gecikdirdikdə, gecikdirilən hər gün üçün İcraçıya ödənilməmiş məbləğin 1%-i miqdarında, 30 təqvim günündən sonra isə gecikdirilmiş məbləğin 2 misli həcmində əlavə haqq ödəməlidir. Həmin müqaviləyə əsasən ödənişlər hər xidmət ayının ilk 10 təqvim günündən gec olmayaraq sifarişçi tərəfindən icraçıya nağd qaydada və ya bank köçürməsi yolu ilə əvvəlcədən ödənilməli idi. İddiaçı MMC tərəfindən 30 sentyabr 2023-cü il tarixli, EBDP 492263 nömrəli elektron-qaimə üzrə 233,33 manat; 23 noyabr 2023-cü il tarixli, EBDT 419685 nömrəli elektron-qaimə üzrə 800 manat; 23 noyabr 2023-cü il tarixli, EBDT 418123 nömrəli elektron-qaimə üzrə 700 manat; 29 noyabr 2023-cü il tarixli, EBDT 823046 nömrəli elektron-qaimə üzrə 700 manat; 23 dekabr 2023-cü il tarixli EBDV 794004 nömrəli elektron-qaimə üzrə 700 manat ödəniş edilməl idi. 31 dekabr 2023-cü il tarixində tərtib edilmiş üzləşmə aktına əsasən cavabdeh tərəfindən 3 133,33 (manat ödənişdən cəmi 800 manat ödəniş etməklə, hazırda 2333,33 manat borclarının olduğu müəyyən edilmişdir. Əlavə olaraq, müqavilənin 5.3-cü bəndinə əsasən xidmət haqqının ödənilməsinin 15 təqvim günündən artıq gecikdirilməsinə görə sifarişçi gecikdirilən hər gün üçün İcraçıya ödənilməli məbləğin 0.1% miqdarında cərimə ödəyir. Müqavilənin 0.1% (miqdarında cərimə müəyyən edilmiş maddəsinə əsasən xidmət haqqı gecikdirildiyi üçün üçün bu Müqavilənin 5.3.-cü bəndinə əsasən 1906,33 manat məbləğində cərimə yaranmışdır.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2, 430.1, 448.1-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

10. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

13. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

16. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

17. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

18. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, HR/GL/21/23 saylı xidmət müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə kadr uçotu xidmətləri göstərməklə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə hər ay üçün 700 manat məbləğində müəyyən edilmiş xidmət haqqını ödəməmiş, bununla sözügedən müqavilə əsasən üzərinə düşən öhdəlikləri pozmuş, nəticədə cavabdehin iddiaçıya xidmət haqqına görə borcu yaranmışdır.

20. Cavabdehin mübahisəli müqavilə üzrə xidmət haqqı borcunun məbləğinə münasibətdə məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının hazırda ödənilməsini tələb etdiyi 2333,33 manat məbləğində borcun 1633,33 manat hissəsinin mövcudluğu (sentyabr ayı üzrə 233,33 manat, oktyabr ayı üzrə 700 manat və noyabr ayı üzrə 700 manat) tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə öz təsdiqini tapmışdır.

21. Tələb olunan borcun qalan hissəsi (700 manat) 2023-cü ilin dekabr ayı üçün xidmət haqqı məbləğidir. Həmin hissədə tələbinin əsaslığını sübuta yetirmək üçün iddiaçı dekabr 2023-cü ildə cavabdehə kadr xidmətlərinin göstərilməsini təsdiq edən whatsapp yazışmalarını və cavbadeh tərəfindən etiraz edilməmiş elektron qaiməni məhkəməyə təqdim etmişdir.

22. Məhkəmə təqdim edilmiş subutları məcmu şəkildə qiymət verərək belə qənaətə gəlir ki, 2023-cü ilin dekabrında tərəflər arasında mübahisəli müqavilə üzrə öhdəlik hüquq münasibətləri davam edərək iddiaçı tərəfindən cavabdehə kadr xidmətləri göstərilmişdir. Odur ki, iddiaçı 2023-cü ilin dekabr ayının birinə olan 1633,33 manat borcla yanaşı 2023cü ilin dekabr ayında göstərilmiş xidmətlərə görə 700 manat məbləğində xidmət haqqını da da tələb etməkdə haqlıdır.

23. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 1906,33 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür..

24. Məhkəmə tələb olunan dəbbə pulunun tutulması qət edilmiş əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 150 manat məbləğində müəyyən edilməlidir.

25. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 63 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

26. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 62,39 manat təşkil edir.

27. Belə olan halda hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, HR/GL/21/23 saylı müqavilə üzrə ümumilikdə 2333,33 manat məbləğində əsas borc, 150 manat məbləğində dəbbə pulu, cəmi 2483,33 manat məbləğində pu vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 35 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC –yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar