Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1828/2021 18.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı BOKT ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 16 mart 2020-ci il tariхli, 2020/00069-01 №-li Krеdit müqaviləsinin ləğv edilməsi; cavabdehdən 16 mart 2020-ci il tariхli, 2020/00069-01 №-li Krеdit müqaviləsi üzrə 22 yanvar 2021-ci il tarixinə kreditin əsas borcu üzrə 29 000 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 5915 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 8120 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 43 035 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması; tələbin cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 49 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin likvid dəyəri 86000 manat müəyyən edilməklə açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi 43 035 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun iddiaçıya ödənilməsi və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci bir ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 mart 2020-ci il tariхli, 2020/00069-01 №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə 60 ay müddətinə illik 24% hesablanmaq şərti 29 000 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 49 saylı mənzili ipoteka predmeti kimi iddiaçıya təqdim etmiş və bu barədə 16 mart 2020-ci il tariхli, 2020/00069-01 İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 19.03.2020-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 86000 AZN məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq iddiaçı cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, 22 yanvar 2021-ci il tarixinə kreditin əsas borcu üzrə 29 000 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 5 915 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 8 120 ABŞ dolları məbləğində dəbbə pulu,cəmi 43 035 ABŞ dolları məbləğində borc yaranmışdır. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan spnra – MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 16 mart 2020-ci il tarixli 2020/00069-01 №-li kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 60 ay müddətinə illik 24 % dərəcəsi ilə 29000 ABŞ dolları kredit verilmişdir. Həmin kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən bu Müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq mülkiyyət hüququ ilə tam cavabdehə məxsus olan ünvan 2 ünvanında yerləşən 72,80 kv/m ümumi sahədən ibarət 49 nömrəli mənzil ipoteka qoyulur. İpoteka qoyulmuş həmin əmlak müstəqil qiymətləndirici “FM consulting” tərəfindən 28.06.2019-cu il tarixində likvid dəyəri 86000 manat məbləğində qiymətləndirilmişdir. Müqavilə tərəflərin imzaları və iddiaçının möhürü ilə təsdiq edilmişdir. 16 mart 2020-ci il tarixli 2020/00069-01İP №-li sonrakı ipoteka müqaviləsindən görünür ki, 03.07.2019-cu il tarixli 2019/000180-01 saylı İstehlak Kredit Müqaviləsinə və 16 mart 2020-ci il tarixli 2020/00069-01 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasını təmin ediməsi məqsədi ilə ünvan 3 ünvanında yerləşən 72,8 kv/m ümumi sahədən ibarət olan 49 nömrəli mənzil ipoteka saxlayanın xeyrinə yüklü edilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 86.000 manat məbləğində müəyyən edilmişdir. Müqavilə iddiaçının səlahiyyətli nümayəndəsi və cavabdeh tərəfindən imzalanmış, Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu E.Əliyev tərəfindən təsdiq edilmişdir. 16 mart 2020-ci il tarixli 2020/00069-01 №-li kredit müqaviləsinə 01 nömrəli əlavə olan ödəniş cədvəlinə əsasən cavabdeh həmin müqavilə üzrə 29000 ABŞ dolları əsas, 21056 ABŞ dolları faiz, ümumilikdə 50056 ABŞ dolları məbləğində iddiaçıya pul ödəməyi öhdəsinə götürmüş, ödəniş cədvəlini imzası ilə təsdiq etmişdir. Azərbaycan Respuiblikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan məlum olur ki, cavabdehin mülkiyyətində olan ünvan 3, mənzil 49 cavabdehin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 1338-112020 nömrəli 19.11.2020-ci il tarixli bildirişdən məlum olur ki, iddiaçı aralarından bağlanmış kredit müqaviləsi üzrə olan borcunu ödəməyi cavabdehdən tələb etmiş, əks təqdirdə kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə əsas, faiz və dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan R espublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 14.01.2021-ci il tarixli ********** nömrəli iddiaçıya ünvanlanmış məktubdan məlum olur ki, ünvan 5 evin 49 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İddiaçı tərəfindən verilmiş 22.01.2021-ci il tarixli 1***-******* nömrəli borc haqqında arayışdan məlum olur ki, cavabdehin 16.03.2020-ci il tarixli 2020/00069-01 saylı İstehlak Kredit Müqaviləsi üzrə 22 yanvar 2021-ci il tarixinə 29.000,00 ABŞ dollar əsas, 5915,00 ABŞ dollar faiz borcu, 8120 ABŞ dollar dəbbə pulu, ümumilikdə 43.035,00 ABŞ dolları borcu vardır. İddiaçı tərəfindən verilmiş 22.11.2021-ci il tarixinə hesabdan çıxarışdan məluma olur ki, cavabdeh tərəfindən 16.03.2020-ci il tarixli 2020/00069-01 saylı kredit müqaviləsi üzrə heç bir ödəniş aparılmamışdır. 16 mart 2020-ci il tarixli köçürmə sifarişindən görünür ki, iddiaçı tərəfindən 16.03.2020-ci il tarixli 2020/00069-01 saylı kredit müqaviləsinə əsasən 29.000 ABŞ dolları cavabdehin hesabına köçürülmüşdür. Məhkəmənin 09.04.2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi haqqında qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 19 may 2021-ci il tarixli 9/2365 nömrəli ekspert rəyindən görünür ki, cavabdehin iddiaçıya 22.01.2021-ci il tarixə olan ümumi borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə - 29.000,0 ABŞ dolları, faiz borcu üzrə 5915,0 ABŞ dolları. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şətrlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. 59.4-cü maddəsinə əsaəsn bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 8120 ABŞ dolları məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 400 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Nəticə: Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunaraq tərəflər arasında bağlanmış 16 mart 2020-ci il tarixli 2020/00069-01 №-li kredit müqaviləsi ləğv olunmalı, cavabdehdən kredit müqaviləsi üzrə kreditin əsas borcu üzrə 29.000 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 5915 ABŞ dolları məbləğində faiz borcu tutulmalı, tələb cavabdehin mülkiyyətində olan ünvan 3 saylı mənzilə yönəldilməli, həmin mənzilin likvid dəyəri 86.000 manat müəyyən edilməklə açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin kredit müqavilələri üzrə borcu ödənilməli, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlak boşaldılmalı və orada yaşayan şəxlər əşyaları ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 20 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 10 manat hissəsi iddiaçıya aid edilməlidir. Hazırkı iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 16 mart 2020-ci il tarixli 2020/00069-01 kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 16 mart 2020-ci il tarixli 2020/00069-01 №-li kredit müqaviləsi üzrə kreditin əsas borc üzrə 29.000 (iyirmi doqquz min) ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 5915 (beş min doqquz yüz on beş) ABŞ dolları məbləğində faiz borcu, 400 (dörd yüz) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 35315 (otuz beş min üç yüz on beş) ABŞ dolları ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 (iyirmi) manat tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. Tələb Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 49 nömrəli mənzilə yönəldilsin. Həmin mənzilin likvid dəyəri 86.000 (səksən altı min) manat müəyyən edilməklə açıq hərracda satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən əsas borc üzrə 29.000 (iyirmi doqquz min) ABŞ dolları, ona hesablanmış 5915 (beş min doqquz yüz on beş) ABŞ dolları məbləğində faiz borcu, 400 (dörd yüz) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 35.315 (otuz beş min üç yüz on beş) ABŞ dolları ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 (iyirmi) manat tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh qaytarılsın. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılsın və orada yaşayan şəxlər əşyaları ilə birlikdə çıxarılsın. Aparılmış ekspertiza ilə bağlı 145,00 (bir yüz qırx beş) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi İddiaçı BOKT ASC-yə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1828/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1828/2021
18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver