Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1836/2023 31.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 170.100 ABŞ dollarının tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə bağlanılan HVAC014B2H saylı xx.xx.2017-ci il tarixli müqaviləyə uyğun olaraq iddiaçı cavabdehin iş üçün təqdim etdiyi Bakı şəhəri Əziz Əliyev küçəsində yerləşən Boutique 2 obyektində kondisioner, havalandırma, isitmə, elektrik və zəif axın sisteminin və qazanxananın quraşdırılmasını təmin etməli idi. Müqaviləyə uyğun olaraq iddiaçı qeyd olunan ünvanda həmin işləri tamamilə görərək başa çatdırmışdır. Tərəflərin razılaşmasına əsasən görülən işlərə görə iddiaçıya ödənilməli olan ümumi məbləğ 600.100 ABŞ dolları təşkil etmişdir. İddiaçı ilə cavabdeh arasında tərtib edilən xx.xx.2019-cu il tarixli 2№-li Formaya (üzləşmə aktı) əsasən həmin tarixə cavabdeh təşkilatın iddiaçıya olan qalıq borcu 170.100 ABŞ dolları təşkil etmişdir. Cavabdeh təşkilatla iddiaçı arasında həmin qalıq borcun ödənilməsi barədə dəfələrlə danışıqlar aparılsa da, cavabdeh təşkilat işlərin görüldüyünü etiraf etsə də, həmin borcu ödəməmişdir. Odur ki, həmin borc cavabdeh təşkilatdan məhkəmə qaydasında tutulmalıdır. Aşağıda göstərilən əsaslara görə hesab edirlər ki, cavabdehdən 170.100 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. xx.xx.2023-cü il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, İddiaçı MMC tərəfindən müddətin buraxılmasını nəzərə alaraq, verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin yarımçıq və lazımı qaydada olmadığı üçün rədd edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, qanuni təmsilçi Firuz Süleymanovun rəhbərlik etdiyi Cavabdeh MMC-nin təsisçilərinin qərarı ilə xx.xx.2021 tarixdən etibarən şirkət yeni rəhbərliyin idarəetməsinə verilmişdir. Cavabdeh İddiaçı MMCnin nümayəndələri bildirirlər ki, Bakı şəhəri, Əziz Əliyev 9 ünvanda yerləşən “Boutique Hotel”-də bir sıra avadanlıqlar quraşdırılıb və həmin işlər Cavabdeh MMC-nin əvvəlki rəhbərliyi ilə razılaşdırılmışdır. Lakin təqdim etdikləri sənədlərdə (2017-ci il tarixli HVAC010 saylı müqavilə, xx.xx.2019- cu il tarixli 2 saylı formada və s.) İddiaçı MMC-nin möhürü olsa da, cavabdeh “X3" MMC-nin möhürü vurulmamışdır. Bundan əlavə qeyd olunan sənədlərin həqiqətən əvvəlki rəhbərlik tərəfindən imzalanması, qeyd olunan işlərin 170.000 ABŞ dolları məbləğində görülməsi və əvvəlki rəhbərlik tərəfindən qəbul olunmasını təsdiqləyən sənədlərin nüsxəsi onlara əvvəlki rəhbərlik tərəfindən verilməmiş və tapılmamışdır. Ən maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Cavabdeh MMC-nin möhürü heç bir sənəddə vurulmamasıdır. Sənədlərdən də görünür ki, nə 2017-ci ilin Müqaviləsində (HVAC010 saylı), nə 2019-cu ilin 2 saylı formasında nə də 2020-ci ilin təhvil-təslim aktında möhürlər yoxdur. 2017-ci ildən başlayaraq 2020-ci ilə qədər cavabdeh "X3” MMC-nin əvvəlki rəhbərliyinin bu cür böyük məbləğli işlərin görülməsi üçün möhür vurmaması maraq doğurur. Bundan əlavə İddiaçı MMC gördüyü işlərə dair nə elektron qaimələr, nə də digər ödəniş sənədləri təqdim edə bilməmişdir, həmçinin Cavabdeh MMC-nin hazırki maliyyə və vergi şöbəsi elektron qaydada pulların köçürülməsini təsdiq edən hər-hansı sənədləri tapa bilməmişdir. İddiaçı MMC iddia ərizəsində qeyd etdiyi işləri Cavabdeh MMC-nin əvvəlki rəhbərliyi ilə hansı qaydada apardığı, ödənişlərin necə aparıldığı barədə heç bir məlumat vermir. Hal-hazırda əgər İddiaçı MMC iddia ərizəsində qeyd etdiyi işləri həqiqətən görübsə, nə yə görə 2019-cu ildən etibarən qalıq borcu Cavabdeh MMC-nin əvvəlki rəhbərliyindən tələb etməyib? Bundan əlavə İddiaçı MMC-nin məhkəməyə təqdim etdiyi Forma 2 saylı sənədlərdə ziddiyyət təşkil edən məqamlar var. Belə ki, həmin sənəddə müqavilənin №-si HVAC 014B2H göstərilsə də Cavabdeh MMC-yə HVAC010 saylı müqavilə təqdim etmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli HVAC010 saylı Müqavilənin 3-cü maddəsinin 3.1-ci bəndinə əsasən müqavilə imzalandıqdan sonra “Sifarişçi” əlavələrlə müəyyən edilmiş məbləği əlavələrlə müəyyən edilmiş qaydada ödəyir. Həmin müqavilənin 3-cü maddəsinin 3.2-ci bəndinə əsasən isə tərəflər arasında Azərbaycan ərazisində ödəniş icraçı tərəfindən, hər ayın sonunda təqdim ediləcək hesabfaktura və səlahiyyətli şəxslər tərəfindən təsdiqlənmiş, xidmətlərin görülməsi barədə AKT əsasında bank köçürməsi yolu ilə milli valyutada Azərbaycan manatı ilə 10 gün müddətində həyata keçirilir. Müqavilə ilə müəyyən edilmiş ödəniş və işin təhvil verilmə şərtlərinə İddiaçı MMC əməl etməmişdir. Bir daha qeyd edilməlidir ki, onlarda bu işlə bağlı qeyd olunan sənədlərin nüsxəsi yoxdur və tapılmır. “Nağdsız hesablaşmalar haqqında” Qanunun məqsədi Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir. Həmin Qanunun 3.2-ci bəndinə əsasən hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər. Tərəflər arasında imzalanmış müqavilədə milli valyuta Azərbaycan manatı kimi qeyd edilsə də təqdim edilmiş 2№-li formaya əsasən “görülmüş işlər, zəhmət haqqı və s.” ABŞ dolları qeyd edilmişdir. Mülki Məcəllənin 439-cu maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. xx.xx.2017-ci il tarixli HVAC010 saylı müqavilənin 6-cı maddəsinin 6.1-ci bəndinə əsasən “İcraçı” quraşdırma işlərinə razılaşmış və müqavilənin əlavəda göstərilmiş müddətə yerinə yetirilməsi qeyd edilmişdir. Təqdim edilmiş 2№-li Formaya əsasən işin başlanma tarixi xx.xx.2018-ci il qeyd edilmiş və işin qurtarma tarixi isə xx.xx.2019-cu il qeyd edilmişdir. Göründüyü kimi İddiaçı MMC Mülki Məcəllənin 373-cü maddəsinin tələbini pozmuşdur. Həmin maddəyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Nəzərə alınsa ki, müqavilənin 3.2-ci bəndinə əsasən ödəniş 10 (on) gün müddətində həyata keçirilməli idi və bundan savayı 2№-li Formaya əsasən işin qurtarma tarixi xx.xx.2019-cu il müəyyən edildiyindən iddia müddəti çoxdan keçib. Bildiyiniz kimi bəzi fəaliyyət növləri var ki, onlar üçün lisenziya və icazələr tələb olunur. İddiaçı MMC tərəfindən təqdim edilən xx.xx.2017-ci il tarixli, HVAC010 saylı Müqavilə və 2 № forma üzrə obyektdə VRV kondisioner sistemin, ventilyasiya, istilik sistemi və qazanxana quraşdırılması və işə salınması, yanğına qarşı və yanğın siqnalizasiya kimi işlərin guya aparıldığı qeyd olunub. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 1 saylı Əlavəsinə əsasən maye və təbii qaz təsərrüfatı obyektlərinin: quraşdırılması və istismarı (sıra № 10), qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri (sıra № 14), Yanğından mühafizə fəaliyyəti: yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri (sıra № 16.3), tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri (sıra № 18) qeyd edilib ki, xüsusi lisenziya olmadan bucür işlərin görülməsi qadağandır. “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 206 saylı, xx.xx.2017-ci il tarixli Qərarın 3 Saylı Əlavəsi mühəndis-kommunikasiya və şəbəkələrinin qurulması işləri (sıra № 7) qeyd edilib. Göründüyü kimi İddiaçı MMC görməli olduğu işləri lisenziya əsasında göstərməli idi, lakin həmin şirkətin lisenziyası nə məhkəməyə, nə də onlara təqdim edilməmişdir və əvvəlki rəhbərliyə təqdim edilib-edilməməsi barədə məlumat yoxdur. Hesab edirlər ki, İddiaçı MMC tərəfindən verilən iddia ərizəsi və ona əlavə edilmiş yarımçıq sənədlər əsassızdır və rədd edilməlidir. Eyni zamanda xx.xx.2023-cü il tarixdə cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddia ərizəsinin iddia müddəti keçdikdən sonra verilməsinə görə, iddia müddətini tətbiq etməklə, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqinə dair ərizə onunla əsaslandırılmışdır ki, 2017-ci il tarixli HVAC010 saylı Müqavilənin 6-cı maddəsinə əsasən işin yerinə yetirilməsi müddəti göstərilmişdir. Həmin Maddənin 6.1-ci bəndinə əsasən iddiaçı quraşdırma işlərinə razılaşmış və Müqavilənin əlavədə göstərilmiş müddətə yerinə yetirilir. Müqavilənin Əlavəsi hesab olunan 2№-li formasında işin başlanma tarixi xx.xx.2018 və işin qurtarma tarixi xx.xx.2019 göstərilib. Mülki Məcəllənin 373-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi "köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair" 2001-ci il 27 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin. xx.xx.2023-cü il tarixdə cavabdeh iddia ərizəsinə vermiş olduğu etiraza əlavə təqdim edərək, etirazında qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-cü il tarixli qaimə fakturlalar təqdim edilmişdir. Həmin qaimə fakturaların ümumi dəyəri 15.206,75 manat göstərilsə də cavabdeh tərəfindən təqdim edilmiş Forma 2 əsasən montaj və materiallara görə 375.000 ABŞ dolları ödənilmişdir. 15.206,75 manatlıq material ilə Forma 2 əsasən göstərilən 375.000 ABŞ dolları civarında işin görülməsi real görülmür. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının "Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında- 04 aprel 2016-cı il tarixli, Q-09 saylı Qərarı ilə müəssisə, və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri təsdiq edilmişdir. Həmin Qərarda 2Q №-li Forma ilə ciddi hesabat blankı sayılan Qaimə- Fakturanın formaları təsdiqlənmişdir. 2Q №-li Forma ilə ciddi hesabat blankı sayılan Qaimə-Fakturada mütləq göstərilməli olan bəndlər var. Həmin sənəddə "ciddi hesabat bl-n sifarişçisi hüquqi saxs olduqda onun adı va VÖEN-i, fiziki şəxs olduqda adı, a.a., soyadı və VÖEN. Qaimə Fakturanm seriya və nömrasi. satıcının və alıcının vəzifəsi. adı sovadı vəs., göstərilməli, rəhbərin və bəs mühasibin imzası və M.Y-da möhür qovulmalıdır". Bundan əlavə ciddi hesabat blankını çap edən şəxsin adı. VOEN-i mütləq göstərilməlidir. Lakin cavabdeh tərəfindən məhkəmə baxışı zamanı təqdim etdiyi sənədlərdən də görünür ki, yuxarıda qeyd olunan şərtlərə əməl edilməyərək, hazırki vaxtda yoxlanılması mümkünsüz olan, kim tərəfindən imzalandığı (bəzilərində ümumiyyətlə imzalar yoxdur), hansı şirkət və fərdi sahibkar tərəfindən satıldığı və alındığı müəyyən edilməyən seriya və nömrəsiz adi qaimə-faktura sözü yazılmış sənədlər təqdim etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-02 nömrəli 09 yanvar 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş "Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması" Qaydalarının 3-cü maddəsinə əsasən əllə və elektron (lazer) texnikası vasitəsi ilə doldurulmalı olan ciddi hesabat blanklarının bütün rekvizitləri aydın və səlis xətlə doldurulmalı, rəqəmlər və sözlər dəqiq oxunmalı, qaralamalara və düşəlişlərə yol verilməməlidir.Ciddi hesabat blankı nüsxələrinin sayından asılı olmayaraq eyni seriya və nömrəyə malik olmalıdır. Həmin qaimə-fakturaların nüsxələri onlarda tapılmamışdır. Cavabdehin təqdim etdiyi seriya və nömrəsiz adi qaimə-faktura sözü yazılmış sənədlərlə, onların özlərinin təqdim etdiyi 2 saylı Forma ilə də uyğun gəlmir. Belə ki, 2 saylı Formaya görə mehmanxananın adı "Boutique 2" göstərildiyi halda, seriya və nömrəsiz adi qaiməfakturalarda isə "Boutique Y” və ya "Boutique 19" kimi göstərilmişdir. Bundan əlavə həmin 2 saylı Formaya əsasən işlər xx.xx.2019-cu ildə qurtardığı göstərilmiş və yaranmış 170.100 ABS dollar borc həmin tarixdən hesablansa da, lakin cavabdehin təqdim etdiyi seriya və nömrəsiz adi qaimə-fakturalar 2020-ci ilə aiddir. Bu da onu göstərir ki təqdim etdikləri bütün “köhnəlmiş" sübutlarda böyük ziddiyyətlər var. Eyni zamanda bir daha qeyd edilməlidir ki, iddiaçı “Al-Cond" MMC yeni sübutları xx.xx.2023-cü il tarixdə elektron kabinetə yükləməklə Mülki Prosessual Məcəlləsinin 78-ci maddəsinin tələblərini də pozmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə ona verilmiş suallara cavab olaraq bildirdi ki, şirkətin rəhbəri ona bildirdiyinə görə 430.000 ABŞ dolları məbləğində ödəniş nağd formada edilib. Müqaviləyə əsasən cavabdeh köçürmə yolu ilə ödəniş etməli olsa da, nağd formada ödəniş edilmişdir. Şirkətin rəhbərinin bildirdiyinə görə 2022-ci ilin mart ayında işlər təhvil verilib. Lakin yalnız payız aylarında sistem işə salınıb. Forma-2 aktı sadəcə üzləşmə aktıdır. 2019-cu ilin oktyabr ayında tərtib edilmiş forma-2 aktında bütün işlərin vəziyyətinin “iş tamamlanıb” kimi qeyd edildikdən sonra, məlum olub ki, bütün işlər görülməyib. Sonradan kabellər alınıb, qazanxanada işlər tamamlanıb. Forma-2-də əlavə işlər bəndi var, həmin işlər görülməmişdir. Sistem qurulur, daha sonra yoxlanılaraq təhvil verilir. İşin tamamlanması sistemin işləməsidir. Cavabdeh iş bitdikdən sonra ödəniş etməli idi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etməyib, iddiaya qarşı verilmiş etirazda və əlavədə və iddia müddətinin tətbiq edilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə ona verilmiş suallara cavab olaraq bildirdi ki, şirkətin əvvəlki direktoru 2021-ci ilin iyul ayında şirkətinin möhürünü yeni rəhbərliyə təqdim edib. Güman edir ki, bu səbəbdən iddiaçının təqdim etdiyi sənədlərdə möhür yoxdur. xx.xx.2021-ci ilədək Elruz Fətiyev direktor olub. İddiaçının qeyd etdiyi işlər görülüb. Görülən işlərdə qüsur olub-olmaması barədə məlumatı yoxdur. Mübahisəli müqavilə üzrə ödəniş edilməsi barədə onlarda sənəd yoxdur. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2017-ci il tarixdə HVAC010 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən icraçı, sifarişçinin Bakıda Əziz Əliyev küçəsi 9-da yerləşən Butiq Hotel (bundan sonra “obyekt” adlandırılacaq) binasında VRV kondisioner sistemin, ventilyasiya, istilik sistemi və qazanxana quraşdırılması və işə salınması, sifarişçi isə bu müqavilənin şərtlərinə uyğun olduğu təqdirdə razılaşmış dəyərinin icraçıya ödənilməsini üzərinə götürür. 1.2-ci bəndinə görə avadanlıqların qiymətləri və onların quraşdırılma dəyəri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavədə göstərilmişdir. 3.1-ci bəndinə əsasən bu müqavilə imzalandıqdan sonra sifarişçi əlavələrlə müəyyən edilmiş məbləği əlavələrlə müəyyən edilmiş qaydada ödəyir. 3.2-ci bəndinə əsasən tərəflər arasında Azərbaycan ərazisində ödəniş icraçı tərəfindən, hər ayın sonunda, təqdim ediləcək hesab-faktura və səlahiyyətli şəxslər tərəfindən təsdiqlənmiş, xidmətlərin görülməsi barədə AKT əsasında bank köçürməsi yolu ilə milli valyuta (Azərbaycan manatı) ilə 10 gün müddətində həyata keçirilir. 4.0-cı bəndinə əsasən icraçı obyektdə çalışdırdığı bütün kateqoriyalardan olan işçilərin əmək mühafizəsinin və texniki təhlükəsizliyinin təmin edilməsini öhdəsinə götürür. 4.1-ci bəndinə əsasən icraçı obyektdə bütün quraşdırma işlərini layihə əsasında aparır. 6.1-ci bəndinə əsasən icraçı quraşdırma işlərinə razılaşdırılmış və müqavilənin əlavəsində göstərilmiş müddətə yerinə yetirir. 12.1-ci bəndinə görə bu müqavilə onun hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənə qədər qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və icraçının möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli “Forma 2” aktından müəyyən edilir ki, HVAC 014B2H saylı xx.xx.2017-ci il tarixli müqavilə üzrə sifarişçi - X3, subpodratçı - Al-Cond Engineering, obyekt - Boutique 2 (B2H) ünvan - Bakı, Əziz Əliyev, layihə - HVAC-VRF kondisioner, havalandırma, isitmə, qazanxana, elektrik və zəif axın, işin başlanma tarixi xx.xx.2018-ci il, işin qurtarma tarixi xx.xx.2019-cu il qeyd edilmiş, işin smeta dəyəri cəmi 600.100 ABŞ dolları (o cümlədən əsas işlər üzrə 575.000 ABŞ dolları (430.000 ABŞ dolları ödənilib, qalıq 145.000 ABŞ dolları), əlavə işlər üzrə 25.100 ABŞ dolları (0 ABŞ dolları ödənilib, qalıq 25.100 ABŞ dolları) təşkil edir ki, onun da 430.000 ABŞ dolları ödənilib, qalıq 170.100 ABŞ dolları təşkil edir. Aktdan o da görünür ki, VRF kondisioner sitemi, pomp stansiyası, yanğına qarşı və yanğın siqnalizasiya, elektrik və zəif axın, havalandırma, isti/soyuq su təchizatı, kanalizasiya, isitmə sistemi işləri tamamlanmış, qazanxana 1 və 2 tam yığılıb və işə salınıb, eyni zamanda müxtəlif adda əlavə işlər icra edilmişdir. Forma 2 bir tərəfdən direktor Elruz Fətiyevin imzası, digər tərəfdən Al-Cond MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. 2020-ci il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, Əziz Əliyev küçəsi 9 ünvanında yerləşən Butik Otel 2 mühəndis sistemləri yoxlanılaraq müəyyən edildi ki, sistemlər sazdır və istismara yararlıdır, o cümlədən: - kondisioner VRF sistemi, havalandırma sistemi, - isitmə sistemi, - su və kanalazisiya və - elektrik və zəif axın sistemləri. Akt onu tərtib edən M.Ağamirov və K.Coşqunun imzaları (Al-Cond MMC-nin möhürü) ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından qeyd edilmişdir ki, Əziz Əliyev küçəsi 9 ünvanında yerləşən Butik Otel 2 mühəndis sistemləri yoxlanılaraq müəyyən edildi ki, sistemlər sazdır və istismara yararlıdır, o cümlədən: - kondisioner VRF sistemi, havalandırma sistemi, - isitmə sistemi, - su və kanalizasiya və - elektrik və zəif axın sistemləri. Akt onu tərtib edən M.Ağamirov və K.Coşqunun imzaları (Al-Cond MMC-nin möhürü) ilə təsdiq edilmişdir. xx.xx.2019-ci il-xx.xx.2021-ci il tarixləri arası dövrdə İddiaçı MMC ilə (mailto:alcond@inbox.ruElektron ünvan 1;) ilə Cavabdeh MMC-nin nümayəndələri arasında (Elektron ünvan 2; Elektron ünvan 3 arasında aparılmış “e-mail” yazışmalarında müxtəlif işlərin (havalandırma, VRF, elektrik, isitmə işləri və s.) o cümlədən Butik 2-də işlərin görüldüyü, İddiaçı MMC aprel ayından borcun 28.000 ABŞ dolları olduğu, iyul ayının 25- 26-da iyul ayı üçün forma iki təqdim olunacağı bildirilmiş və aprel ayına görə borcun ödənilməsi xahiş edilmişdir. İddiaçı "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-cü il tarixli qaimə fakturalara əsasən müxtəlif satıcılardan cəmi 15.206,75 manat dəyərində mallar "xxxx" MMC tərəfindən alınmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edilərək, 17.100 ABŞ dollar qalıq borcun ödənilməsi tələb edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2017-ci il tarixdə HVAC010 saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı Bakı şəhərində Əziz Əliyev küçəsi 9-da yerləşən Butik Hotel binasında VRV kondisioner sisteminin, ventilyasiya, istilik sistemi və qazanxana quraşdırılması və işə salınması işlərinin görülməsini, sifarişçi görülmüş işlərinə görə razılaşmış dəyərinin icraçıya ödənilməsi öhdəliklərini öz üzərinə götürmüşlər. Hazırda iddiaçı "xxxx" MMC həmin müqavilə üzrə görülmüş işlərə görə Cavabdeh MMC-nin ona 170.100 ABŞ dolları məbləğində borcunun olmasını əsas göstərərək həmin borcun tutulmasını tələb edir. Cavabdeh MMC sözügedən müqavilənin mövcud olması barədə məlumatlı olmadığını, müqaviləyə və “Forma 2” aktına şirkətin möhürünün vurulmadığını, müqavilə üzrə onlara elektron qaimə vurulmadığını, eləcə də iddiaçının təqdim etdiyi sənədlərə əsasən iddia müddətinin də buraxıldığını əsas göstərək iddiaya etiraz edir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh iddiaya etirazının əsas kimi iddiaçı ilə mübahisəli müqavilənin bağlanmasının və həmin müqavilə üzrə işlərin görülməsinin şirkətin əvvəlki rəhbərliyi dövrünə təsadüf etməsinə, hazırda mübahisəli müqavilənin həqiqətən də bağlanıb-bağlanmaması ilə bağlı, eləcə də həmin müqavilə əsasında tərtib edilmiş aktlar və edilmiş ödənişlərlə bağlı şirkətdə məlumatın olmamasına istinad etsə də, mübahisəli qeyri-yaşayış sahəsində kondisioner sistemi, ventilyasiya, istilik sistemi, qazanxana quraşdırılması və işə salınması işlərinin görülməsi faktını inkar etməmişdir. Digər tərəfdən iş materiallarına əlavə edilmiş və imzalandığı dövrdə cavabdehin direktoru olmuş Elruz Fətiyevin imzası ilə təsdiq edilmiş işlərin görülməsi barədə aktdan (Forma 2) müəyyən edilir ki, mübahisəli müqavilə üzrə işlər (hər bir işin adı və vəziyyəti ayrı-ayrı göstərilməklə) həmin tarixədək tamamlanmış və müqavilə üzrə borc cəmi 170.100 ABŞ dolları təşkil edir. Müqavilədə və aktda şirkətin möhürünün olmaması barədə cavabdehin istinad etdiyi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, müqavilənin, eləcə də işlərin görülməsi barədə aktların üzərinə şirkətin möhürünün vurulması barədə məcburi şərt Mülki Məcəllədə nəzərdə tutulmamış, eləcə də tərəflər arasında razılaşmada yer almamışdır. Mülki Məcəllənin: 331.1-ci maddəasinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 331.2-ci maddəsinə görə tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Hazırkı halda sözügedən müqavilə və akt vəzifəsinə görə hüquqi şəxsi təmsil etmək hüququna malik olan şəxs - şirkətin direktoru tərəfindən imzalanmışdır. Bu baxımdan müqaviləyə və akta möhür vurulmaması həmin sənədlərin cavabdeh üçün hüquqi qüvvəyə malik olmasını istisna edən hal deyil. Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən mübahisəli müqavilə üzrə işlərin görülməsi, eləcə də cavabdehin həmin işlərə görə 170.100 ABŞ dolları məbləğində borcunun olması faktı iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, mübahisəli müqavilə “xidmət müqaviləsi” adlandırılsa da, nəticələri maddi olaraq görünməyən xidmətlərin göstərilməsini deyil, maddi nəticələri olan işlərin görülməsini nəzərdə tutduğundan mahiyyət etibarilə podrat müqaviləsidir. Odur ki, həmin müqavilədən irəli gələn münasibətlərə podrat müqaviləsinə dair qanunveriiclik normaları tətbiq edilməlidir. Mülki Məcəllənin: 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək mübahisəyə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci, 378, 379.1.6, 379.4-1 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin 1095-ci maddəsinə görə isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. “Mediasiya haqqında” AR Qanununun: 35.1-ci maddəsinə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2-ci maddəsinə görə Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 32.4.2-ci maddəsinə görə mediasiya prosesinə bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Hazırkı halda məhkəmə mübahisəyə tətbiq edilməli olan iddia müddətinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə görülmüş işlərin ödənilməsi öhdəliyinin icra edilməsi müddəti müəyyən edilmişdir. Belə ki, müqavilə şərtlərinə görə icraçı tərəfindən ödənişlər hər ayın sonunda, səlahiyyətli şəxslər tərəfindən təsdiqlənmiş xidmətlərin görülməsi barədə akt əsasında 10 gün müddətində həyata keçirilməli idi. Göründüyü kimi tərəflər arasında 2019-cu ilin oktyabrında təsdiqlənmiş işlərin görülməsinə dair sonuncu aktda müqavilə üzrə işlərin tam görülərək tamamlanması və ümumi borcun 170.100 ABŞ dolları olması qeyd edilmişdir. Odur ki, həmin akt əsasında ödəniş aktın tarixindən 10 gün müddətində, yəni xx.xx.2019-cu ilədək icra edilməli olduğundan iddia müddətinin axımı xx.xx.2019-cu ildən hesablanmalıdır. İddiaçının iddia müddətinin buraxılmaması barədə dəlillərini əsaslandırmaq üçün məhkəməyə təqdim etdiyi 2020-ci il tarixli təhvil-təslim aktına və nömrəsiz alış qaimələrinə münasibətdə məhkəmə qeyd edir ki, birincisi, sözügedən təhvil-təslim aktının birinci dəfə elektron sistemə yüklənmiş surətində aktın tarixi 2020-ci il kimi qeyd olunduğu halda, ikinci dəfə yüklənmiş surətində eyni aktın tarixi xx.xx.2020 olaraq qeyd edilmişdir. Digər tərəfdən aktda onun cavabdehin adından K.Coşqun adlı şəxs tərəfindən təsdiq edildiyi göstərilmiş, lakin həmin şəxsin müvafiq səlahiyyətlərin olub-olmaması barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. Göstərilən ziddiyyətli halları nəzərə alaraq məhkəmə həmin sənədi işlərin təhvil verilməsi faktını, eləcə də təhvil verilmə tarixini təsdiq edən sənəd qismində qəbul etmir. Təqdim edilən alış qaimələri isə ciddi hesabat uçotu sənədləri olmadığından, eləcə də qaimələrdəki məlumatlar (malların kim tərəfindən, kimə satılması və s.) aydın şəkildə göstərilmədiyindən həmin qaimələr əsasında mübahisəli müqailə üzrə işlərin 2020ci ildə də yerinə yetirilməsi barədə əsaslı nəticəyə gəlmək qeyri-mümkündür. Bundan əlavə xx.xx.2019-cu il tarixli işlərin görülməsi barədə aktda müəyyən edilmiş borcun məbləğinin hazırda tələb olunan borcun məbləği ilə eynilik təşkil etməsi, yəni iddiaçının faktiki olaraq yalnız xx.xx.2019-cu il tarixli işlərin görülməsi barədə aktda müəyyən edilmiş borc məbləğinin ödənilməsini tələb etməsi faktı da həmin tarixdən sonra mübahisəli müqavilə üzrə işlərin görülməsi barədə iddiaçının dəlillərini təkzib edir. İkincisi, sözügedən sənədlər müqavilə üzrə işlərin 2020-ci ildə tamamlanmasını və təhvil verilməsini təsdiq edən sübutlar qismində qəbul edilsə belə, göstərilən hal hazırkı tələb üzrə iddia müddətinin axımının başlanğıc tarixini dəyişmir. Belə ki, artıq qeyd edildiyi kimi müqavilədə ödənişlərin edilməsi müddəti müəyyən edilərək həmin ödənişlərin işlərin tam olaraq təhvil verilməsindən və yoxlanılmasından sonra deyil, hər ayın sonunda tərtib edilmiş işlərin görülməsi barədə aktlar təsdiq edildikdən 10 gün sonra aparılmalı olması nəzərdə tutulmuşdur. Bundan əlavə ödənişlərin işlərin görülməsi barədə aktlar əsasında hər ay aparılmalı olması həmçinin tərəflər arasında e-meyl yazışmaları ilə də öz təsdiqini tapır. Bununla yanaşı xx.xx.2019-cu il aktın işlərin görülməsi barədə akt deyil, üzləşmə aktı olması barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edilməsini zəruri sayır ki, həmin aktın adından (“Forma 2” aktı”), eləcə də məzmunundan (görülmüş işlərin həcmi və dəyərinin müəyyən edilməsi, işlərin görülməsi vəziyyətinin göstərilməsi) işlərin görülməsi barədə akt olması açıq-aşkar görünür. Beləliklə, xx.xx.2019-cu il tarixdə hadisənin baş verməsi ilə bağlı başlamış iddia müddətinin axımı hadisənin baş verdiyi tarixdən növbəti gündən – xx.xx.2019-cu il tarixdən hesablanmaqla müddətin sonuncu günü xx.xx.2022-ci il tarixə təsadüf edir. Odur ki, tərəflərin mediasiya prosesində olduğu və iddia müddətinin axımının dayandığı bir aylıq müddət nəzərə alındığı halda belə, iddiaçının hazırkı iddianı xx.xx.2023-cü ildə qaldırmaqla iddia müddətini buraxması açıq-aşkardır. İddia iddia müddəti buraxılmaqla verildiyindən rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1836/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1836/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver