Məhkəmə qərarları › İş №e-2-2(113)-184/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-184/2025

13.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-184/2025 13.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 qarşı payın naturada ayrılması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əmlakın naturada bölünməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 qarşı payın naturada ayrılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 124.10 kv.metr qeyri-yaşayış binasının 75.9 kv.metrdən İddiaçı payının naturada ayrılması barədə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 124.10 kv.metr qeyri-yaşayış binası paylı mülkiyyət hüququ əsasında iddiaçı və cavabdehlərə məxsusdur. Belə ki, həmin qeyri yaşayış binasının 48.2 kv.metr hissəsi tam olaraq iddiaçının mülkiyyətinə verilmiş, yerdə qalan 75.9 kv.metr hissədən isə iddiaçı və cavabdehlərin pay hüququ müəyyən edilmişdir. Hazırda faktiki olaraq həmin qeyri yaşayış binası iddaçı İddiaçı və cavabdeh X1 tərəfindən idarə olunur. Belə ki, həmin qeyri-yaşayış binasında kafe kimi fəaliyyət göstərən hissə Cavabdeh7 istifadəsində, digər hissə isə iddiaçının istifadəsindədir. Lakin hazırda iddaçının adına ayrıca çıxarışın və texniki passportun olmaması onun müəyyən çətinliklərlə üzləşməsinə və tərəflər arasında mübahisələr səbəb olur. Bu səbəbdən də ünvan 1 ünvanında yerləşən 124.10 kv.metr qeyri-yaşayış binasına dair tərəflərin naturada paylarının müəyyən edilməsi və ayrılması zərurəti vardır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehlərə xx.xx.2024-cü il tarixli 22/16 nömrəli məktub ünvanlansa da rəsmi cavab verilməmişdir. Eyni zamanda 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, lakin xx.xx.2024-cü il tarixli məktubla imtian edilmişdir. Ona görə də hesab edir ki, həmin torpaq sahəsinin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi məhkəmə qaydasında ayrılmalıdır.

II. Tərəflərin mövqeləri:

3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 215.1-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. - 215.2-ci maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. - 215.4-cü maddəsinə əsasən Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. - 220.1-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. - 220.2-ci maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. - 220.3-cü maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 19C ünvaında yerləşən qeyri-yaşayış binası İddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 paylı mülkiyyətindədir və tərəflər arasında əmlakda sahiblik və ondan istifadədə narazılıqlar mövcud olmaqla onlar ümumi əmlakın bölünməsi barədə razılığa gələ bilməmişlər.

9. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda tərəflərin qeyd olunan qeyri-yaşayış sahəsi üzrə payları müəyyən olunmuşdur.

10. Hazırda iddiaçı qeyri-yaşayış sahəsinə dair iddiaçının adına ayrıca çıxarışın və texniki pasportunun olmaması səbəbindən tərəflər arasında mübahisənin yaranmasına gətirib çıxartdığını bildirərək, özünün payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3158/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən 124.10 m2 qeyri-yaşayış binasının İddiaçı məxsus 75.9 m2 -dən 1/5 hissə və 48,2 m2 hissəsinin həmin binaya tənasübsüz zərər vurmadan naturada ayrılması tikinti-texniki cəhətdən mümkün olub-olmamasını müəyyən etmək üçün məhkəmə texniki-tikinti ekspertizası təyin edilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6310 saylı ekspert rəyinə əsasən ünvan 1 ünvannda yerləşən 124.10m² qeyri-yaşayış binasının İddiaçı məxsus 75.9 m²-dən 1/5 hissə və 48,2m² hissəsinin (ümumilikdə 63,38 kv.m) həmin binaya tənasübsüz zərər vurmadan naturada ayrılmasının tikinti-texniki cəhətdən mümkün olduğu və bunun üçün İddiaçı faktiki istifadəsində olan texniki pasportda qeyd olunmuş 1 və 8 saylı tikililərə bitişik yerləşən 2 saylı tikilinin (21,5 kv.m) daxilində arakəsmə divar hörməklə (6 və 4 saylı tikilinin divarından 1,97 m məsafən sonra) 2 saylı tikilidən 15,18 kv.m hissə ayrılıb 1 və 8 saylı tikililərə birləşdirilməlidir.

13. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili ekspert rəyində göstərilmiş işlərin xərclərinin çəkilməsinə razı olduğunu bildirmişdir.

14. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin olunmalı və ünvan 1 ünvanında yerləşən 124.10 kv.metr qeyri-yaşayış binasının 75.9 kv.metrdən İddiaçı payı texniki pasportda qeyd olunmuş 1 və 8 saylı tikililərə bitişik yerləşən 2 saylı tikilinin (21,5 kv.m) daxilində arakəsmə divar hörməklə (6 və 4 saylı tikilinin divarından 1,97 m məsafədən sonra) 2 saylı tikilidən 15,18 kv.m hissə ayrılıb 1 və 8 Saylı tikililərə birləşdirilməklə naturada ayrılmaldır.

15. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

16. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 124.10 kv.metr qeyri-yaşayış binasının 75.9 kv.metrdən İddiaçı payı texniki pasportda qeyd olunmuş 1 və 8 saylı tikililərə bitişik yerləşən 2 saylı tikilinin (21,5 kv.m) daxilində arakəsmə divar hörməklə (6 və 4 saylı tikilinin divarından 1,97 m məsafədən sonra) 2 saylı tikilidən 15,18 kv.m hissə ayrılıb 1 və 8 Saylı tikililərə birləşdirilməklə naturada ayrılsın. Ekspetiza xərcinin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar