Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1844/2023 22.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, estoppel prinsipi, vicdanlılıq, hüquqdan sui-istifadə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti a) İddiaçı Cavabdehnə qarşı ilkin iddiası
1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli XXXX adlı bədii serialda iştirak haqqında xidmət müqaviləsi üzrə həyata keçirilmiş xidmətə görə 21000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlkin iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. 23 oktyabr 2019-cu il tarixdə iddiaçı ilə cavabdeh arasında XXXX adlı bədii serialda iştirak haqqında xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh XXXX adlı serialın (10 seriyası) çəkiliş qrupunun tərkibinə 23 oktyabr 2019-cu il tarixdən 1 il müddət ərzində “Aktyor” vəzifəsinə (baş rolun ifaçısı kimi) iddiaçını qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilədə iddiaçıya adıçəkilən serialda çəkiliş dövrü üçün aylıq olaraq 3000 manat ödənilməsi razılaşdırılmışdır. Sözügüdən müqavilədə nəzərdə tutulmuşdur ki, o, tərəflər imzaladığı andan hüquqi qüvvəyə minir və 1 il müddətinə etibarlıdır. Bundan başqa, XXXX adlı bədii serialda iştirak haqqında xidmət müqaviləsinin qüvvədə olduğu müddətdə heç bir veriliş, televiziya və serialda iştirak etməmək, bədii filmlərin çəkilişlərini yazılı razılaşdırmaq, yalnız cavabdehin yazılı razılığı ilə hər hansı verilişə qonaq qismində getməmək iddiaçının öhdəlikləri kimi qeyd edilmişdir. Həmin müqaviləyə 23 oktyabr 2019-cu il tarixdə edilmiş 1 saylı Əlavəyə görə, aktyorun məşğulluğunu təmin etmək məqsədilə XXXX serialından əlavə cavabdeh XXXX və digər yeni layihələrdə iddiaçının iştirakını təmin etməyi də öhdəsinə götürmüşdür. 2.2. İddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etmiş, lakin cavabdeh müqavilə üzrə ödəməli olduğu pul məbləğini iddiaçıya tam olaraq ödəməmişdir. Belə ki, müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 36000 manat (12 ay * 3.000 manat) məbləğində ödəniş edilməli idi. Amma cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 15000 manat pul ödənilmişdir. Cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə ödənilməli olan qalan məbləğ 21000 manat təşkil edir: 36 000 manat – 15 000 manat = 21 000 manat. Ödənişlər icra edilmədiyindən, iddiaçı tərəfindən mediasiya təşkilatına müraciət olunmuş, xx.xx.2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyası barədə “Cinemazadeh" MMC 11 gün əvvəlcədən bildiriş göndərilməklə məlumatlandırılmasına baxmayaraq, sessiyada iştirak etməmişdir.
b) Cavabdeh MMC-nin İddiaçı qarşı qarşılıqlı iddiası
3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, 18740,90 manat məbləğində pulun, hüquqi yardım xərcinin əvəzi olaraq 800 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 147 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 5.1. İddiaçı ilə cavabdeh arasında 23 oktyabr 2019-cu il tarixində XXXX adlı bədii serialda iştirak haqqında xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər arasında cavabdehin həmin serialda baş rola çəkilməsi barədə razılıq əldə edilmişdir. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə adıçəkilən serialda çəkiliş dövrü üçün aylıq olaraq 3000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. 5.2. Serialın çəkilişinə 25 fevral 2020-ci il tarixində başlanmış və çəkiliş 31 mart 2020-ci il tarixindən 01 aprel 2020-ci il tarixinə keçən gecə bitmişdir. Bu müddət ərzində serialın 6 seriyası çəkilmiş, “COVİD-19” pandemiyası ilə bağlı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qadağalar səbəbindən serialın çəkilişini davam etdirmək mümkün olmamışdır. Beləliklə, serialın 6 seriyasının çəkilişi 1 ay 6 gün ərzində tamamlanmış və cavabdeh həmin seriyalarda çəkilmişdir. “COVİD-19” pandemiyası ilə bağlı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qadağalar ləğv edildikdən sonra 2022-ci ilin əvvəllərindən serialın çəkilişləri bərpa edilmiş, lakin cavabdeh həmin dövrdə başqa yerdə çəkildiyini əsas gətirərək XXXX serialının çəkilişlərinə gəlməkdən imtina etmiş, tərəflər arasında uzun müddət davam edən danışıqlar nəticəsində cavabdeh 4 gün ərzində serialın qalan 6 seriyasının çəkilişlərində iştirak etmişdir. Beləliklə, cavabdeh ümumilikdə 1 ay 10 gün ərzində XXXX serialının çəkilişlərində iştirak etmişdir. 5.3. İddiaçı tərəfindən cavabdehə köçürmə yolu ilə xx.xx.2019-cu il tarixində 3273 manat, xx.xx.2019-cu il tarixində 3273 manat, xx.xx.2019-cu il tarixində 3273 manat, xx.xx.2020-ci il tarixində 3821,9 manat, nağd şəkildə xx.xx.2021-ci il tarixində 7000 manat, xx.xx.2022-ci il tarixində 700 manat, xx.xx.2022-ci il tarixində 700 manat, xx.xx.2022-ci il tarixində 700 manat olmaqla ümumilikdə 22740,90 manat pul ödənilmişdir. Çəkilişlərdə iştirak etdiyi dövr üçün iddiaçı tərəfindən cavabdehə ödənilməli olan pul məbləği 4000 manat təşkil etsə də, cavabdehə 18740,9 manat məbləğində artıq pul ödənilmişdir. Cavabdeh isə həmin məbləği iddiaçıya geri qaytarmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahatlar verdi və eyni zamanda bildirdi ki, müqavilə 1 il müddətinə bağlanmış, həmin müddət ərzində müqavilə şərtlərinə uyğun olaraq başqa yerdə işləməmişdir. 2020-ci ilin 25 fevral – 31 mart tarixlərində 5-6 seriya çəkilmiş, əvvəlki ayların ödənişləri edilsə də, həmin 2 ayın ödənişi edilməmişdir. 2021-ci ildə cavabdehin direktoru ilə görüşmüş, həmin vaxt 2 ayın ödənişi də edilmişdir. Bundan sonra, 2022-ci ildə serialın davamını çəkmək üçün onu dəvət etsələr də, artıq başqa layihələrdə iştirak etdiyi üçün fevral-mart aylarında bir neçə gün çəkilişlərdə iştirak etmiş, ona 3 dəfə 700 manat ödəniş edilmişdir.
6. Məhkəmənin suallarına cavab olaraq ilkin iddia üzrə iddiaçı qeyd etdi ki, cavabdeh 23 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 2019-cu ilin oktyabr ayında 3273 manat, noyabr ayında 3273 manat, dekabr ayında 3273 manat, 2020-ci ilin yanvar ayında isə 3821,90 manat pulu köçürmə yolu ilə ona ödəmişdir. 2020-ci ilin yanvar ayında köçürülən pulun təyinatı “Qış nağılı” filmi kimi göstərilsə də, 23 oktyabr 2019-cu il tarixli müqavilə üzrə, yəni XXXX serialına görə ödənilmişdir. 2020-ci ilin fevral və mart aylarının ödənişi edilməmişdir. 2020-ci ilin iyun ayının sonuna kimi həmin ödənişləri tələb etmiş, lakin tələbi bir nəticə vermədiyi üçün tələb etməyə davam etməmişdir. 2021-ci ilin aprel ayında cavabdehin rəhbəri ilə görüşmüş, 2 ay üçün qalan borcu almışdır. 7000 manatı alarkən sənədə imza etmiş, cavabdeh tərəf ağır vəziyyətdə olduğu və ondan xahiş etdiyi üçün sənədin məzmununda cavabdehə qarşı heç bir tələbinin olmadığını qeyd etmişdir. Əslində isə 2 ayın pulunu aldığı üçün həmin aylara görə tələbinin olmadığını nəzərdə tutmuşdur. 2022-ci ildə çəkilişdə iştirak etdiyi üçün 3 dəfə 700 manat ödəniş edilmişdir.
7. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahatlar verdi və eyni zamanda bildirdi ki, tərəflər arasında 1 il müddətinə müqavilə bağlanmışdır. Hər ay üçün 3000 manat ödəniş olmalı idi. Müqavilədə çəkiliş dövrü üçün 3000 manatın ödənilməsi ifadəsini müqavilənin digər bəndləri ilə əlaqəli şəkildə şərh etmək lazımdır. Belə ki, müqavilə 1 il müddətinə bağlanmış, aktyorun digər işlərdə iştirakı istisna edilmişdir. Ona görə də qeyd olunan məbləğ hər ay üçün ödənilməli məbləğ kimi nəzərdə tutulmuşdur. İddiaçı müqavilə müddətində heç vaxt çəkilişdən yayınmamışdır. Serialın çəkilişi davam etməyibsə, təqsir cavabdehdə olmuşdur. İddiaçı müqavilə üzrə öhdəliklərini icra etdiyi üçün aylıq ödənişlər də tam olunmalı idi.
8. Məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahatlar verdi və eyni zamanda qeyd etdi ki, 23 oktyabr 2019-cu il tarixli müqaviləyə 1 saylı Əlavəyə əsasən, cavabdehin başqa layihələrdə də iştirakı nəzərdə tutulduğu üçün MMC-nin pulu olduqca cavabdehə 2019-cu ilin oktyabr, noyabr, dekabr, yanvar aylarında qabaqcadan pul köçürmüşdür. Ödənişlər yalnız XXXX serialına görə yox, müqavilənin əlavəsində olan digər layihələrə görə də edilmişdir. Serialın 6 seriyası 2020-ci ilin 25 fevral – 31 mart tarixlərində çəkilmiş və cavabdeh iştirak etmişdir. Qalan 6 seriyanın çəkilişi 2022-ci ilin fevral-mart aylarında olmuş, cavabdeh çəkilişlərdə 4 gün iştirak etmişdir. Ümumilikdə cavabdeh 12 seriyada iştirak etmişdir. Lakin cavabdehin iştirak etdiyi çəkiliş müddəti 40 gün olduğu və müqavilədə ödənişin çəkiliş müddətində ödənilməsi nəzərdə tutulduğu üçün artıq ödənilən pul MMC-yə geri qaytarılmalıdır.
9. Məhkəmənin suallarına cavab olaraq ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, 2021-ci ilin aprel ayında 7000 manatı çəkilişi davam etdirə bilmək və müqaviləyə əlavədə nəzərdə tutulmuş layihələrdə iştirak üçün verilmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 184.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İlkin və qarşılıqlı iddia tələbləri ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyrimümkün olduğu nəzərə alınmalıdır.
12. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
13. Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh MMC (“Prodüser”) ilə İddiaçı (“Aktyor”) arasında 23 oktyabr 2019-cu il tarixdə XXXX adlı bədii serialda iştirak haqqında xidmət müqaviləsi və xidmət müqaviləsinə 1 saylı Əlavə bağlanmış, müqavilənin müddəti 1 il müəyyən olunmuşdur. Serialın çəkilişləri 2020-ci ilin 25 fevral – 31 mart tarixlərində və 2022-ci ilin fevral-mart aylarında həyata keçirilmişdir. 2020-ci ildə həyata keçirilən çəkilişlərdə aktyor tam iştirak etmişdir. Müqavilə üzrə Cavabdeh MMC tərəfindən İddiaçı köçürmə yolu ilə xx.xx.2019-cu il tarixində 3273 manat, xx.xx.2019-cu il tarixində 3273 manat, xx.xx.2019-cu il tarixində 3273 manat, xx.xx.2020-ci il tarixində 3821,90 manat pul ödənilmişdir. Bundan sonra, nağd şəkildə xx.xx.2021-ci il tarixində 7000 manat ödəniş edilmişdir. 2022-ci ildə həyata keçirilən çəkilişlərdə iştirak etməsi üçün aktyora gündəlik 700 manat ödənilməsi razılaşdırılmış, xx.xx.2022-ci il tarixində 700 manat, xx.xx.2022-ci il tarixində 700 manat, xx.xx.2022-ci il tarixində 700 manat pul ödənilmişdir.
14. İşin mübahisəli halları isə aşağıdakılardan ibarətdir: - İddiaçı 23 oktyabr 2019-cu il tarixli müqavilə üzrə ona aylıq 3000 manat pul ödənilməli olduğunu, 1 illik müqavilə müddətində prodüserin dəvət etdiyi zaman çəkilişlərdə iştirak etdiyini, serialın çəkilişinin 2020-ci ilin mart ayından sonra müqavilənin müddəti başa çatanadək prodüser tərəfindən davam etdirilməməsinin onun təqsiri səbəbindən olmadığına görə müqavilənin qalan müddəti üçün də razılaşdırılmış aylıq 3000 manatın ona ödənilməli olduğunu qeyd edir və Cavabdeh MMC-dən 21 000 manat pulun tutulmasını tələb edir. - Cavabdeh MMC aktyora 3000 manat pulun ödənilməsinin çəkiliş dövrü üçün nəzərdə tutulduğunu, “COVİD-19” pandemiyası ilə bağlı çəkilişlərin 2020-ci ilin aprel ayının 1-dən etibarən dayandırıldığını, müqaviləyə əlavədə nəzərdə tutulan digər layihələrdə aktyorun gələcəkdə iştirak edəcəyini nəzərə alaraq aktyora 22740,90 manat ödəniş edildiyini, lakin cəmi 40 gün çəkilişdə iştirak etdiyini, çəkiliş dövrünə görə ödənilməli pul məbləğinin 4000 manat olduğunu qeyd edir və artıq ödənilmiş 18740,90 manat pulun İddiaçı tutulmasını tələb edir.
15. Məhkəmə tərəflər arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli XXXX adlı bədii serialda iştirak haqqında xidmət müqaviləsinin hüquqi təbiəti barədə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və Mülki Məcəllənin 6.1.5-ci maddəsində qeyd olunan müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Qeyd olunan prinsipin davamı olaraq Mülki Məcəllənin 390.1-ci maddəsində təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Odur ki, Mülki Məcəllədə xidmət müqaviləsi xüsusi müqavilə növü kimi nəzərdə tutulmasa da, mülki qanunvericilikdə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatının verildiyi müqavilə azadlığı prinsipinin tələblərinə görə belə bir müqavilənin bağlanması qanuni olmaqla Mülki Məcəlləyə zidd deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 14.2-ci maddəsində mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi məhz qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər təsbit edilmişdir. Ona görə də hazırkı iş üzrə tərəflər arasında bağlanmış xidmət müqaviləsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi çıxış edir.
16. İddia ərizəsinə əlavə olunan Cavabdeh MMC (“Prodüser”) ilə İddiaçı (“Aktyor”) arasında 23 oktyabr 2019-cu il tarixdə bağlanmış XXXX adlı bədii serialda iştirak haqqında xidmət müqaviləsinə əsasən prodüser XXXX adlı serialın (10 seriyası) çəkiliş qrupunun tərkibinə xx.xx.2019-cu il tarixdən 1 il müddət ərzində aktyor vəzifəsinə (baş rolun ifaçısı kimi) akyoru qəbul edir (1.1). Aktyora 1.1-ci bəndində adıçəkilən serialda çəkiliş dövrü üçün aylıq olaraq 3000 manat ödəniləcəkdir (4.1). Ödəniş növbəti ayın ilk 10 günü ərzində həyata keçiriləcəkdir (4.2). Müqavilə onu tərəflər imzaladığı andan hüquqi qüvvəyə minir və 1 il müddətinə etibarlıdır (9.1).
17. İddia ərizəsinə əlavə olunan XXXX adlı bədii serialda iştirak haqqında 23 oktyabr 2019-cu il tarixli xidmət müqaviləsinə 1 saylı Əlavəyə əsasən aktyorun məşğulluğunu təmin etmək məqsədilə XXXX serialından əlavə prodüser aktyorun XXXX və digər layihələrdə iştirakını təmin edəcək.
18. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
19. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
20. Cavabdeh MMC tərəfindən qarşılıqlı iddia ərizəsi üzrə tələbinin əsası kimi istinad etdiyi halı təsdiq edən sübut qismində məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixdə tərtib olunmuş İddiaçı tərəfindən yazılaraq imzalanmış əlyazma sənədinin məzmununda aşağıdakılar qeyd olumuşdur: - Mən, Şahverdiyev X1 Şirkətindən 7000 AZN pul aldım. Bu məbləğin 6000 manatı ilə mənə olan tam borc ödənildi. 1000 manat sonradan çəkiləcək son 1 ayın puludur. Cinemazadeh Şirkətinə və onun rəhbəri Qanuni nümayəndə Rafik oğluna heç bir iddiam yoxdur.
21. Cavabdeh MMC qeyd olunan əlyazma sənədi tərəflər arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli müqavilə üzrə ödənilən pulun sübutu kimi təqdim edir, lakin müqaviləyə əlavədə nəzərdə tutulan digər layihələrdə gələcəkdə aktyorun iştirak edəcəyini nəzərə alaraq artıq ödənildiyini bildirir.
22. İddiaçı qeyd olunan əlyazma sənədini 23 oktyabr 2019-cu il tarixli müqavilə üzrə ona ödənilən pula görə yazdığını qəbul edir, lakin Qanuni nümayəndə Rafik oğlu xahiş etdiyi üçün o məzmunda yazdığını, əslində isə 2 ayın (2020-ci ilin fevral-mart) borcunun ödənildiyini qeyd edir.
23. Məhkəmə, İddiaçı tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli yazılı sənəd və tərəflərin müqavilənin müddəti başa çatdıqdan sonrakı hərəkətləri, tərəflər arasında formalaşan işgüzar münasibətlər əsasında 23 oktyabr 2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin icrası və ilkin və qarşılıqlı iddia tələblərinin əsası kimi istinad olunan hallar ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
25. Həmin Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
26. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
27. Digər tərəfdən, Avropa Məhkəməsi də bir sıra qərarlarında göstərmişdir ki, hüquqdan sui-istifadə hüquq sahibi tərəfindən bu hüquqdan onun verildiyi və ya yaradıldığı məqsədə zidd və ya açıq-aşkar uyğun olmayan tərzdə zərərli istifadədir (Mirolubovs və digərləri Latviyaya qarşı, 2009, §62, S.A.S Fransaya qarşı iş, 2014, §66 Qərarlar).
28. Mülki Məcəllənin “Hüquqdan sui-istifadənin qadağan edilməsi” adlanan 560-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadədir.
29. Vicanlılıq prezumpsiyası və hüquqdan sui-istifadəni qadağan edən mülki qanunvericiliyin normalarının tələblərini, beynəlxalq hüquq və praktikanın qarşılıqlı təhlilini əks etdirən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi digər qərarında qeyd etmişdir ki, vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı).
30. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərindən və Avropa Məhkəməsi və Konstitusiya Məhkəməsinin qərarlarında əks olunan hüquqi mövqedən göründüyü kimi, mülki hüquq münasibətlərinin subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, mülki hüquqlarını hüquqa uyğun həyata keçirməli, hüquqdan sui-istifadə etməməlidir. Belə ki, mülki hüquq münasibətinin digər tərəfinin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftarına zidd hüququ həyata keçirməməli və öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan inkaryönümlü istinad etməməlidir. Bu mənada bir tərəfin mövcud hüquqi şəraitə güvənməsi və həmin etimadın qanunla qorunduğu halda, digər tərəfin cari hüquqi şəraiti birinciyə ziyan vurmaq məqsədi ilə dəyişməsi vicdanlılığa zidd olmaqla hüquqdan sui-istifadəyə məruz qalmış şəxslərə müdafiə hüququ yaradır. Lakin hazırkı iş üzrə təqdim olunmuş xx.xx.2021-ci il tarixli yazılı sənədin məzmunu, tərəflərin sonrakı hərəkəti, tərəflər arasında sonrakı dövrdə formalaşan işgüzar münasibətlər 23 oktyabr 2019-cu il tarixli müqavilə üzrə tərəflərin icra edilməli öhdəliyinin olmadığı qənaətinə gəlməyə əsas versə də, yuxarıda qeyd olunan norma və prinsiplərin tələblərinin əksinə hər iki tərəf biri digərinə qarşı tələb irəli sürür.
31. Belə ki, Cavabdeh MMC edilmiş ödənişlərin 23 oktyabr 2019-cu il tarixli müqaviləyə 1 saylı Əlavə ilə nəzərdə tutulmuş işlərin İddiaçı tərəfindən gələcəkdə yerinə yetirilməsinə görə artıq edildiyini qeyd edir.
32. Məhkəmə bu halla bağlı ilk növbədə qeyd edir ki, 23 oktyabr 2019-cu il tarixli müqaviləyə 1 saylı Əlavədə aktyorun məşğulluğunu təmin etmək məqsədilə XXXX serialından əlavə prodüserin aktyorun XXXX və digər layihələrdə iştirakını təmin edəcəyi qeyd edilsə də, bu razılaşma ümumi iradə ifadəsi olub həmin layihələrdə iştirak ilə bağlı tərəflər arasında olan münasibətlərin konkret şərtlərini, tərəflərin hüquq və vəzifələrini müəyyən etməmiş, müqavilənin özündə qeyd olunan layihələrdə iştirakla bağlı tərəflərin öhdəliklərini müəyyən edən tənzimləmə həyata keçirilməmiş, prodüserin həyata keçirəcəyi ödənişlərin həmin layihələrlə bağlılığına dair hər hansı iradə ifadəsi təsbit olunmamışdır.
33. Digər tərəfdən, məhkəməyə təqdim olunan xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən yazılaraq imzalanmış əlyazma sənəddən görünür ki, Şahverdiyev X1 Şirkətindən 7000 manat pul aldığını, 6000 manat ilə ona olan “borcun tam ödənildiyi” qeyd edib. Yuxarıda qeyd olunanları, bu sənədin məzmununa istinadən məhz Cavabdeh MMC tərəfindən məhkəməyə yazılı sübut qismində təqdim edildiyini, sənəddə qeyd olunan iradə ifadəsinin Cavabdeh MMC tərəfindən qəbul edilərək ödəniş edildiyini, həmçinin 1 saylı Əlavənin 23 oktyabr 2019-cu il tarixli müqavilənin tərkib hissəsi olduğunu və müqavilənin müddətinin qeyd olunan sənəd tərtib olunarkən 5 ay əvvəl başa çatdığını nəzərə alan məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin qarşılıqlı iddiasının əsası kimi istinad etdiyi yuxarıda qeyd olunan hal ağlabatan deyil və əsassızdır.
34. Eyni zamanda məhkəmə nəzərə alır ki, Cavabdeh MMC İddiaçı artıq ödəniş etdiyini qeyd etsə də, müqavilənin müddəti başa çatdıqdan 2 il sonra həmin serialın çəkilişlərində iştirak etməsi üçün İddiaçı daha 700 manat olmaqla gündəlik ödənişlər etmişdir.
35. İddiaçı isə xx.xx.2021-ci il tarixli yazılı sənədin məzmununu Qanuni nümayəndə Rafik oğlu xahiş etdiyi üçün qeyd olunan məzmunda yazdığını, əslində isə ona olan 2 ayın (2020-ci ilin fevral-mart) borcunun ödənildiyini, qalan aylar üçün borcu tələb etdiyini qeyd edir. Məhkəmə qeyd olunan arqumenti də əsassız hesab edir.
36. Məhkəməyə təqdim olunan İddiaçı ilə Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə arasında “whatsapp” proqramı vasitəsi ilə aparılan yazışmalarından görünür ki, İddiaçı 2020-ci ilin fevral-mart aylarında Qanuni nümayəndə “maaş”ını tələb etmiş, sonuncu dəfə həmin ilin iyun ayında olmaqla həmin vəsaiti bir neçə dəfə daha tələb etmişdir. İddiaçı izahatında da bildirmişdir ki, bir nəticə vermədiyindən tələbini iyun ayından sonra davam etdirməmişdir. Tərəflər arasında yazışma sonradan 2022-ci ildə davam etmiş, yazışmalar aktyorun həmin ildə XXXX serialının növbəti seriyalarının çəkilişində iştirakı və gündəlik ödənilən məbləğlərlə bağlı olmuşdur. İddiaçı 23 oktyabr 2019-cu il tarixli müqavilənin müddəti bitdikdən 5 ay sonra – xx.xx.2021-ci il tarixdə yazılı şəkildə iradəsini ifadə edərək Cavabdeh MMC-dən 7000 manat pul aldığını, həmin məbləğin 6000 manat ilə ona olan tam borcunu ödədiyini, 1000 manatın sonradan çəkiləcək son 1 ayın pulu olduğunu, şirkətə və rəhbərinə heç bir iddiasının olmadığını qeyd etmişdir. Həmçinin serialın 2022-ci ildə çəkilən çəkilişlərdə aktyorun gündəlik iştirakı və gündəlik 700 manat almaq barədə tərəflər razılaşmışlar.
37. Məhkəmə qeyd edir ki, iradə müxtəlif formalarda – hər hansı daşıyıcıya yazılı və digər formada əks etdirilməklə, hərəkət və rəftarla və s. ifadə oluna bilər. İddiaçı xx.xx.2021-ci il tarixli yazılı sənədin məzmununda qeyd etdiyi iradə ifadəsi, həmin iradə ifadəsinin Cavabdeh MMC tərəfindən qəbul edilərək ödəniş edilməsi, tərəflərin iradələrini ifadə edən sonrakı davranışları – İddiaçı 2022-ci ildə çəkilişlərdə iştirak etməsi, tərəflərin gündəlik 700 manat haqqın ödənilməsini razılaşdırması və ödənilməsi 23 oktyabr 2019-cu il tarixli müqavilə üzrə tərəflərin icra etməli olduqları öhdəliklərinin olmadığını təsdiq edir. Lakin hər iki tərəf digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququnu həyata keçirməyə çalışır və öz hərəkətləri, iradə ifadələri və davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduqları halları şübhə altına alır.
38. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsinin hüquqdan sui-istifadə olduğu və hüquqdan sui-istifadəyə yol verilməməsi ilə bağlı Mülki Məcəllənin normalarını, tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edən estoppel prinsipinin tələblərini və öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli olması ilə bağlı qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ilkin və qarşılıqlı iddia tələbləri əsassızdır və təmin oluna bilməz.
b) Məhkəmə xərcləri ilə bağlı
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. İlkin və qarşılıqlı iddia tələbləri təmin edilmədiyindən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməlidir.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova