Məhkəmə qərarları › İş №e-2-2(113)-1848/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1848/2023

07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1848/2023 07.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə4, Cavabdeh BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə İddiaçı Cavabdeh BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 8.206,9 manat məbləğində əsas borcun, 820,69 manat cərimə borcunun və ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin Cavabdeh BOKT Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “X1 Kredit Təşkilatı” QSC arasında 01 iyun 2011-ci il tarixli 0**-XC-***1 saylı Müqavilə, 05 yanvar 2016-cı il tarixli 007-X-2016 saylı Müqavilə və 01 mart 2016-cı il tarixli 012-A-2016 saylı Müqavilə imzalanmışdır. Bu Müqavilələrə görə İddiaçı MMC «Sifarişçi»-yə, yəni “X1 Kredit Təşkilatı” QSC-yə İT və telekommunikasiya xidmətləri göstərmişdir. Lakin “X1 Kredit Təşkilatı” QSC yuxarıda qeyd edilən müqavilələrin şərtlərini pozaraq İddiaçı MMC tərəfindən xidmət müqaviləsi üzrə aylıq hesablar təqdim etməyinə baxmayaraq 01 iyun 2011-ci il tarixli 0**- XC-***1 saylı Müqavilə üzrə 1.062 manat, 05 yanvar 2016-cı il tarixli 007-X-2016 saylı Müqavilə üzrə 6.330,7 manat, 01 mart 2016-cı il tarixli 012-A-2016 saylı Müqavilə üzrə 814,2 manat, ümumilikdə 8.206,9 manat məbləğində xidmət haqqı bugünə kimi ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı “İddiaçı nümayəndəsi və vəkili Nümayəndə4 iddianın məzmununa uyğun izahat verərərk, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 məhkəməyə izahat verərək iddia tələbi ilə razı olmadığını və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

6. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir

7. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. -

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

9. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı MMC ilə “X1 Kredit Təşkilatı” QSC arasında 01 iyun 2011-ci il tarixdə 0**-XC-***1 saylı Müqavilə, 05 yanvar 2016-cı il tarixdə 007-X-2016 saylı Müqavilə və 01 mart 2016-cı il tarixdə 012-A-2016 saylı Müqavilə imzalanmışdır. Qeyd edilmiş müqavilələrin predmetini İddiaçı MMC tərəfindən “X1 Kredit Təşkilatı” QSC-yə internet və telekommunikasiya xidmətlərinin göstərilməsi təşkil edir.

10. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə üzrə Caspel MMC müştərini internet trafiki ilə təmin etməyi, telekommunikasiya xidmətlərinin göstərilməsini öz öhdəsinə götürmüşdür. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir.

11. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4 (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.) və 13.5-ci (Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür.) maddələrinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

12. Məhkəmə həmçinin qeyd edir ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

13. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

14. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə xidmətin göstərilib-göstərilməməsidir.

15. İddiaçı tərəf iddiasının təsdiq edəcək sübutlar olaraq, “X1 Kredit Təşkilatı” QSC-yə göndərilmiş xx.xx.2019-cu il tarixli EAAY seriyalı 012122 nömrəli dəyəri 531 manat olan, xx.xx.2019-cu il tarixli EAAY seriyalı 012120 nömrəli dəyəri 424,80 manat, xx.xx.2020-ci il tarixli EBAN seriyalı 272667 nömrəli dəyəri 531 manat, xx.xx.2020-ci il tarixli EBAN seriyalı 272666 nömrəli dəyəri 6330,70 manat, xx.xx.2020-ci il tarixli EBAN seriyalı 272664 nömrəli dəyəri 389,40 manat olan elektron qaimələri iş materiallarına əlavə etmişdir.

16. Göründüyü kimi, İddiaçı MMC tərəfindən Cavabdeh BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş elektron qaimələrdə göstərilmiş məbləğlərin cəmi 8.206.9 manat təşkil edir.

17. Məhkəmə iclasında iştirak edən Cavabdeh BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 elektron qaimələrdə qeyd edilmiş xidmətlərin göstərildiyini və xx.xx.2019-cu il tarixli EAAY seriyalı 012120 nömrəli dəyəri 424,80 manat olan elektron qaimədəki məbləğin həqiqətən də ödənilmədiyini, 2020-ci ilin iyul ayında 3 gün xidmətin göstərilmədiyini, qeyd edilmiş qalan elekron qaimələrdəki məbləğlərin iddiaçıya ödənildiyini bildirir.

18. Göründüyü kimi, cavabdeh tərəf iddiaçı tərəfindən xidmətlərin göstərilməsi faktını qəbul etmişdir.

19. Belə olan halda, müəyyən edilməli olan digər məqam göstərilmiş olan xidmətlərə görə ödənişlərin edilib-edilməməsidir.

20. Cavabdeh tərəf həmçinin 424,80 manat pulun ödənilmədiyini bildirsə də, qalan məbləğlərin tam ödənildiyini bildirir.

21. Qeyd edilməlidir ki, hazırkı iş üzrə 31.03.23-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2023-cü il tarixlərində 4 məhkəmə hazırlıq iclası keçirilmişdir. Cavabdeh tərəf qeyd edilmiş hazırlıq iclaslarının heç birində iştirak etməmiş və yalnız xx.xx.2023-cü il tarixdə sistemə etiraz yükləməklə kifayətlənmişdir. Qeyd edilmiş etirazda isə 2020-ci ilin iyul ayında 3 gün xidmətin göstərilmədiyinə və borcu tam ödədiyinə istinad etmişdir.

22. Məhkəmə baxış iclasında cavabdeh tərəfindən ödənişlərin edilməsinə dair sənədlərin olub-olmaması soruşulmuş, cavabdeh tərəf isə öz növbəsində elektronqaimələrə ödəniş sənədi kimi qiymət verərək pulun tam ödənildiyini bildirmişdir.

23. Məhkəmə hesab edir ki, cavabdeh tərəf iddiaçı tərəfindən cavabdehə göstərilmiş, yuxarıda qeyd edilmiş elektron qaimələrdə əks olunmuş xidmətlərə görə pulun ödənilməsi barədə hər hansı bir sənəd təqdim edə bilmədiyindən və bu halı təsdiq edə bilmədiyindən iddia 8.206,9 manat borcun tələb edilməsi hissəsində əsaslıdır və qeyd edilmiş məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Məhkəmə iddianın 820,69 manat dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

25. İlk növbədə qeyd edilməlidir ki, dəbbə pulunun tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış olan 01 iyun 2011-ci il tarixli 0**-XC-***1 saylı Müqavilədə nəzərdə tutulmasa da, bu hal tərəflər arasında bağlanmış olan 05 yanvar 2016-cı il tarixli 007-X- 2016 saylı müqavilənin 3.3-cü bəndində və 01 mart 2016-cı il tarixli 012-A-2016 saylı müqavilənin 3.3-cü bəndində nəzərdə tutulmuşdur.

26. Belə olan halda, Məhkəmə hesab edir ki, cərimə borcu 01 iyun 2011-ci il tarixli 0**-XC-***1 saylı müqavilə üzrə göstərilmiş xidmət haqqı borcuna deyil, məhz 05 yanvar 2016-cı il tarixli 007-X-2016 saylı və 01 mart 2016-cı il tarixli 012-A-2016 saylı müqavilə üzrə yaranmış borca uyğun tutulmalıdır.

27. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

28. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 820,69 manat cərimə borcu məhz 05 yanvar 2016-cı il tarixli 007-X-2016 saylı və 01 mart 2016-cı il tarixli 012-A-2016 saylı müqavilə üzrə yaranmış əsas borca mütənasib deyildir və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 200 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.

29. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/10-00233 nömrəli mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 100 manat ödəniş etmişdir.

30. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

31. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

32. Kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

33. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Ona görə də, mediasiya xərcinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Cavabdeh BOKT Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməlidir.

35. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

36. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 8.206 (səkkiz min iki yüz altı) manat, 90 (doxsan) qəpik məbləğində əsas, 200 (iki yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 8.406 (səkkiz min dörd yüz altı) manat, 90 (doxsan) qəpik məbləğində pul Cavabdeh BOKT Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh BOKT Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar