Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1853/2024 05.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 35 ay abunə borcu 210 manat və qeydiyyatdan çixma aktı 3 5manat olmaqla, cəmi borcu 245 (iki yüz qırx beş) manatı və mediasiya xərclərinə görə ödənilmiş 30 manatı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 130 F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənməkdədir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Bu qərara əsasən İddiaçı MMC ilə Cavabdeh (VÖEN**********) arasında xx.xx.2019-cu ildə 8700 nömrəli aktla müqavilə imzalanmişdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan Cavabdeh oğlu həmin öhdəliyini xx.xx.2020-cu ilədək ilədək yerinə yetirərək ödənişləri etmiş, sonradan xx.xx.2020-cu ildən xx.xx.2023-cü ilədək olan öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, Cavabdeh tərəfindən 2021-ci ildən 12 ay, 2022-ci ildən 12ay, 2023-cü ildən 11 ay olmaqla, toplamda cavabdehin 35 ay abunə borcu 210 manat və qeydiyyatdan çıxma aktı 35 manat pul məbləği ödənilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, iddiaçı məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu ildə 8700 saylı müqavilə bağlanmışdır.
10. Müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri 130 F-01 tipli, 00225922 zavod nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidməti göstərməyi tapşırır, “STXM” isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürür.
11. Həmin müqavilənin 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən “STXM”-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri “STXM”-in üzərinə düşür.
12. Müqavilə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.
13. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, İddiaçı MMC Cavabdeh müqavilə üzrə servis texniki xidməti göstərilməsini öz öhdəsinə götürmüşdür.
14. Məhkəmə qeyd edir ki, iş materiallarında olan nəzarət kassa aparatının qeydiyyata alınma aktına (nömrə:**********358700) əsasən Merkuri 130 F-01 tipli, 00225922 zavod nömrəli nəzarət kassa aparatı ünvan 1 ünvanında yerləşən obyektə quraşdırılmışdır.
15. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən xx.xx.2020-xx.xx.2023-cü il tarixli dövr üzrə (35 ay) Cavabdeh İddiaçı MMC-yə abunə haqqı borcu üzrə 210 manat və qeydiyyatdan çıxma aktı üzrə 35 manat olmaqla, cəmi 245 manat borcu vardır.
16. Məhkəmə iclaslarında iştirak edən cavabdeh məhkəməyə izahatında Merkuri 130 F-01 tipli, 00225922 zavod nömrəli nəzarət kassa aparatını 2020-ci ilədək istifadə etdiyini, iddiaçıya heç bir borcunun olmadığını, 30 dekabr 2021-ci il tarixdən fəaliyyətini dayandırdığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir.
17. Məhkəmə tərəfindən Merkuri 130 F-01 tipli, 00225922 zavod nömrəli nəzarət kassa aparatının Cavabdeh adına vergi orqanlarında dövlət reyestrində qeydiyyatda olubolmamasının, qeydiyyatda olmadığı təqdirdə hansı tarixdən qeydiyyatdan çıxarılması, həmin aparatın istifadə müddətinin uzadılıb-uzadılmaması barədə məlumat və sənədlərin təqdim edilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu göndərilmişdir.
18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli “məlumatın təqdim edilməsi barədə” cavab məktubunda Cavabdeh məxsus Merkuri 130 F-01 tipli, 00215451 zavod nömrəli nəzarət kassa aparatının xx.xx.2019-cu il tarixdə qeydiyyata alınması, xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxarılması və Merkuri 130 F-01 tipli, 00225922 zavod nömrəli nəzarət kassa aparatının xx.xx.2019-cu il tarixdə qeydiyyata alınması, xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılması barədə məlumat müəyyən edilmişdir.
19. Hazırda isə, iddiaçı cavabdehin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək öhdəliyini icra etmədiyini bildirərək 210 manat məbləğində pulun tutulmasını xahiş edir.
20. Məhkəmə nəzarət kassa aparatının xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2020-xx.xx.2021-ci il tarixli dövr üzrə (05 ay x 6) 30 manat məbləğində pul Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
21. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, abunə borcu üzrə 30 manat və qeydiyyatdan çıxma aktı üzrə 35 manat olmaqla, cəmi 65 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Bundan başqa, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 30 manat məbləğində pul da Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
23. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixdli arayışdan və xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən mediasiya xərci olaraq 30 manat məbləğində pul ödənmişdir.
24. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli, 8700 nömrəli müqaviləyə əsasən abunə borcu üzrə 30 (otuz) manat, qeydiyyatdan çıxma aktı üzrə 35 (otuz beş) manat olmaqla, cəmi 65 (altmış beş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov