Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-186/2025 19.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, öhdəliyin yerinə yetirilməməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (“X1” MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 35 ay abunə borcu 210 manat və qeydiyyatdan çıxma aktı 35 manat olmaqla, cəmi borcu 245 manat və məhkəmə xərclərinə görə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 130 F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli, 266 saylı Qərarı ilə tənzimlənməkdədir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Bu qərara əsasən İddiaçı MMC ilə Cavabdeh (VÖEN **********) arasında da xx.xx.2018-ci ildə 57400 nömrəli aktla müqavilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan Cavabdeh həmin öhdəliyini xx.xx.2021-ci ilədək yerinə yetirmiş, ödənişləri etmiş, sonradan xx.xx.2021-ci ildən xx.xx.2023-ci ilədək olan öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, Cavabdeh tərəfindən 2021-ci ildən 11 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 12 ay ərzində xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 35 ay üçün abunə borcu 210 manat və qeydiyyatdan çixma aktına görə 35 manat pul məbləği ödənilməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 386.2, 389.1, 390.1, 399, 425.1, 442, 445-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Məhkəməyə sübut qismində təqdim edilmiş sənədlərdən görünür ki, “X1” MMC (Servis Texniki Xidmət Mərkəzinin (STXM) direktoru təmsilində) ilə istehlakçı Cavabdeh arasında servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2018-ci il tarixli, 57400 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri 130 F-01 tipli, 00221396 zavod nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırır, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürür; 2-ci bəndinə əsasən STXM tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKA-nın fasiləsiz işləməsinə imkan yaradır; 3-cü bəndinə əsasən istehlakçının, STXMnin hüquq və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10-cu bəndləri ilə tənzimlənir; 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür; 6-cı bəndinə əsasən yuxarıda göstərilən şərtlər pozulduqda müqavilə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq ləğv edilir və bu barədə Vergilər Nazirliyinə məlumat verilir.
7. “X1” MMC nəzarət-kassa aparatının qeydiyyata alınması **********157400 nömrəli aktından görünür ki, 130 F-01 tipli, 00221396 zavod nömrəli nəzarət kassa aparatı Cavabdeh məxsus obyektə xx.xx.2018-ci il tarixdə istismara verilmişdir.
8. İddiaçı tərəfindən təqdim edilən maliyyə arayışından görünür ki, Merkuri 130 F-01 markalı, 00221396 nömrəli nəzarət kassa aparatına görə 0 manat ödəniş edilmiş, xx.xx.2018-xx.xx.2021-ci il tarixləri aralığı, 35 ay üzrə 210 manat, həmçinin qeydiyyatdan çıxma aktına görə 35 manat olmaqla, ümumi ödənilməli məbləğ 245 manat təşkil edir.
9. “X1” MMC tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, borc məbləğinin 10 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən cavabdehə ünvanlanan NKA-nın qeydiyyatdan çıxarılması barədə cavab məbktubunda deyilir ki, xx.xx.2021-ci il tarixli ərizənizə əsasən sizə məxsus olan 600180972-20001 kodlu təsərrüfat subyektində quraşdırılmış Merkuri 130 F-01 markalı, 00221396 nömrəli nəzarət kassa aparatı qeydiyyatdan çıxarılmışdır.
11. Fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə arayışdan müəyyən olunur ki, vergi ödəyicisi olan Cavabdeh xx.xx.2023-cü ildən etibarən fəaliyyəti dayandırılmışdır. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 780.1.2-ci maddəsinə əsasən tapşırığın icrasının üçüncü şəxslərə verilməsinin şəraitdən irəli gəlməsi halı istisna olmaqla, vəkalət alan tapşırığı şəxsən özü icra etməlidir. 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 783.3-ci maddəsinə əsasən əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
13. İddiaçı “Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqında” Əsasnaməyə istinad etmişdir. Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2019-cu il tarixli Qərarı ilə ləğv olunmuşdur. Mübahisəli hüquq münasibətinin yarandığı zaman həmin Əsasnamə qüvvədə olmuşdur. Həmin Əsasnamənin: 9.1-ci bəndinə əsasən NKA-nın istehlakçıları hüquqi və fiziki şəxsdir. O, əhali ilə pul hesablaşmasını Dövlət reyestrinə daxil edilmiş NKA tətbiq etməklə aparır. 9.2-ci bəndinə əsasən NKA-nın istehlakçısı NKA-nın satıcıları ilə alqı-satqı və STXM ilə alınmış NKA-nın servis texniki xidməti və təmiri barəsində müqavilələr bağlayır. 9.3-ci bəndinə əsasən vergi orqanlarında qeydiyyatdan keçmiş və STXM-də servis texniki xidmətə götürülmüş NKA-dan istifadə etmək, texniki xidmət jurnalı və nəzarət-kassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabını STXMdən almaq; NKA-nın istismara hazırlıqla əlaqədar olan işləri yalnız STXM-in nümayəndəsinin iştirakı ilə yerinə yetirmək; STXM və vergi orqanları işçilərinin NKA-ya istismar vaxtı qoyulmuş qaydalara əməl olunması üçün olan göstərişlərini yerinə yetirmək; vergi orqanları və STXM işçilərinin NKA-nın işinə baxışa maneəsiz buraxılışını təmin etmək; STXM işçilərinin tədbirlər planına əsasən NKA-ya servis texniki xidməti göstərmələri üçün şərait yaratmaq; NKA-nın istismarı zamanı, plombun pozulması da daxil olmaqla, istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və STXM-ə təcili məlumat vermək və s. NKA istehlakçısının vəzifələrinə aid edilmişdir. 10.1-ci bəndinə əsasən NKA-nın servis-texniki xidmət mərkəzləri NKA-nın istismara hazırlanması, onların təminatlı və servis texniki xidmət təmiri üzrə fəaliyyət göstərən hüquqi şəxsdir və müvafiq qaydada qeydiyyatdan keçirilir. 10.6-cı bəndinə əsasən servis texniki xidmət mərkəzi: NKA-yı göndərənlər, satıcılar və istehlakçılar ilə öz funksiyalarını müqavilə əsasında yerinə yetirir; əhali ilə nağd pul hesablaşmalarını aparmaq üçün istehlakçıların istifadə etdikləri NKA-nın servis texniki xidməti və təmiri haqqında istehlakçılarla müqavilə bağlayır; NKA-nın istismara verilməsini, o cümlədən onların satış qabağı hazırlanmasına, konservasiyadan çıxarılmasına, nizamlanmasına, sazlanmasına və funksional xarakteristikalarına nəzarətini həyata keçirir; NKA-nın servis texniki xidmətə və təmirə qoyulduqda vergi orqanlarında qeydə alındıqda, uçotdan çıxarıldıqda, istifadə forması dəyişdikdə və digər hallarda NKA-nın sazlığı barədə texniki rəy tərtib edir; NKA-nın istismarı üçün istehlakçı tərəfindən lazımi şəraitin yaradılmasının yerinə yetirilməsini yoxlayır; NKA-nın pasportu və ya formulyarı itdikdə bu sənədlərin dublikatlarını verir. Bu vaxt modelin adının və zavod nömrəsinin dəyişilməsinə icazə verilmir; istehlakçılara NKA-dan istifadəsinə dair məsləhət verir; istehlakçıların istismar zamanı işlədilən materiallarla təminatına köməklik edir; istehlakçının yazılı sifarişinə müvafiq olaraq NKA-nın proqramlaşdırılmasını və yenidən proqramlaşdırılmasını həyata keçirir; qüvvədə olan qaydaya müvafiq olaraq bərpası mümkün olmayan NKA-nın sökülməsini, həmçinin onlardan çıxarılmış hissələrin və blokların utilizasiyasını aparır; NKA-nın istehlakçılarının işçi heyətinə və vergi orqanlarının işçilərinə NKA ilə işləmək qaydalarının öyrədilməsində iştirak edir; NKA-nın servis texniki xidməti və təmiri ilə bağlı sənədlərin uçotu, saxlanılması və silinməsinin aparılmasını təşkil edir, bunların saxlanılması üçün şəxsi məsuliyyət daşıyan şəxslər təyin edir. 10.8-ci bəndinə əsasən STXM-lə müvafiq müqavilə bağlamış istehlakçıların Dövlət reyestrinə daxil edilmiş NKA-ya texniki xidmət göstərmək, servis texniki xidmətindən və təmirdən sonra müəyyən olunmuş qaydada NKA-nı plomblamaq, saz olmayan NKA-ları dəyişdirmək və onları icarəyə vermək üçün ehtiyat NKA-na malik olmaq, NKA-nın uçotunun təşkili üçün onların yenidən istismara verilməsi, həmçinin saz olmayan NKA-nın işlədilməsinin bütün halları (plombların pozulması və təmir üçün NKA-nın istismardan çıxarılması və s.) haqqında vergi orqanlarını xəbərdar etmək, çağırış verildiyi andan şəhər şəraitində 36 saatdan və kənd yerləri şəraitində 72 saatdan çox olmayan vaxt ərzində NKA-nın təmirini təmin etmək, NKA-nın pasportuna (formulyarına) NKA-nın istismara verilməsi, servis texniki xidməti göstərilməsi və təmirin aparılması, habelə aparata elektron məsafədən ötürmə qurğusunun və ya elektron nəzarət lentinin quraşdırılması, aktivləşdirilməsi və yaxud yaddaşı dolmuş, istismar müddəti başa çatmış və ya nasaz hala düşmüş qurğunun və ya elektron nəzarət lentinin dəyişdirilməsi barədə məlumatları daxil etmək, NKA istismara verilən zaman NKA istehlakçılarını STXM-in səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalı və NKA işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək. NKA-nın istehlakçılarında saxlanılan NKAnın texniki xidmət jurnalında işlərin görülməsini qeydiyyata almaq, NKA istismara verildikdə, həmçinin servis texniki xidməti və təmir aparılana qədər və ondan sonra sahələrarası ekspert komissiyası tərəfindən müəyyənləşdirilmiş cədvəllərdə STXM-in nümayəndəsinin imzası və ştampı ilə təsdiq olunmaq şərti ilə fiskal yaddaşın vəziyyətini qeydə almaq, elektron məsafədən ötürmə qurğularını və ya elektron nəzarət lentini NKA-da quraşdırmaq, sazlayıb işə salmaq, tələb olunan hallarda dəyişdirmək və s. servis texniki xidmət mərkəzinin vəzifələrinə aid edilmişdir. 10.9-cu bəndinə əsasən malgöndərənlə NKA-nın servis texniki xidməti və təmiri haqqında müqavilələr bağlamaq, Bu Əsasnamənin 8-ci bölməsi ilə müəyyənləşdirilmiş tələblərə riayət etmək şərti ilə NKA-nın satıcısı funksiyasını yerinə yetirmək, NKA vergi orqanlarında qeydiyyata alınandan sonra onları istehlakçılara ıcarəyə vermək, NKA istismarı məsələlərinə dair istehlakçılardan arayış və izahat almaq, NKA istismarı qaydalarını pozduqlarını, bu pozuntuların aradan qaldırılması üzrə tədbirləri göstərməklə, istehlakçılara xəbərdarlıq etmək servis texniki xidmət mərkəzinin hüquqlarına aid edilmişdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi
15. İşin faktiki hallarından göründüyü kimi, “X1” MMC (Servis Texniki Xidmət Mərkəzinin (STXM) direktoru təmsilində) ilə istehlakçı Cavabdeh arasında servis texniki xidmət göstərmək məqsədi ilə öhdəlik hüquq münasibətləri mövcud olmuş, istehlakçı Merkuri 130 F-01 tipli, 00221396 zavod nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. STXM tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKA-nın fasiləsiz işləməsinə imkan yaratmalı idi. Müəyyən olunmuşdur ki, mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı olan cavabdeh tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsaitin ödənilməsi öhdəliyi, həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyərinin isə STXM tərəfindən qarşılanması öhdəliyi mövcud olmuşdur. Tərəflər arasında müqavilənin bağlanmalı olması Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarında nəzərdə tutulmuşdu. Belə ki, göründüyü kimi, Qərarın 10.9.1-ci bəndinə əsasən vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır.
16. Məhkəmə iclaslarında iştirak edən zaman cavabdeh iddia tələbinə etiraz etmiş və bildirmişdir ki, kassa aparatı qeydiyyatdan çıxarılmış, yeni kassa aparatı qeydiyyata alınmışdır. Müqavilədəki imza onun imzası deyildir. Qeyd olunmalıdır ki, cavabdehin müqavilənin onun tərəfindən imzalanmamasına istinad etməsi tərəflər arasında müvafiq öhdəlik münasibətlərinin mövcud olmamasını təsdiq etmir. Çünki cavabdehə məxsus 600180972-20001 kodlu təsərrüfat subyektində Merkuri 130 F-01 markalı, 00221396 nömrəli nəzarət kassa aparatının quraşdırılması, istifadə olunması, xx.xx.2021-ci ilə qədər aylıq abunə haqqlarının ödənilməsi, cavabdehin xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən ona məxsus olan 600180972-20001 kodlu təsərrüfat subyektində quraşdırılmış Merkuri 130 F-01 markalı, 00221396 nömrəli nəzarət kassa aparatının qeydiyyatdan çıxarılması işin mübahisəsiz hallarını təşkil edir. Yuxarıda da qeyd olunduğu kim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 10.9.1-ci bəndinə əsasən vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilənin bağlanılması şərt olmuşdur. Belə müqavilə bağlanmasaydı, kassa aparatı qeydiyyata alınmazdı, ona görə də müqavilənin məhz cavabdeh tərəfindən deyil, onun göstərdiyi başqa şəxs tərəfindən imzalanması əhəmiyyət kəsb etmir, çünki cavabdehin sonrakı hərəkətləri, eləcə də aylıq 6 manat aylıq abunə haqqlarının ödənilməsi müqaviləyə etirazın olmaması kimi, bəyənmə kimi qiymətləndirilməlidir.
17. İddiaçının nümayəndəsinin həmin halla bağlı məhkəməyə ünvanladığı ərizədə qeyd olunur ki, müqavilə cavabdehin nümayəndəsi tərəfindən imzalanmışdır. AR NK-njn 266 saylı Qərarına görə ödəyici ilə müqavilə bağladıqdan sonra bu kassa STXM-də uçota alınır və bu kassaya xidmət göstəriİir, yəni kassa plomblanır, plomb aktı yazılır və bu akt ödəyici tərəfindən VN-ə göndərilir və bu aktın əsasında kassa qeydiyyata alınır. Həmçinin borc haqqında ödəyiciyə qaimə vurulmuş və ödəyici qaiməni qəbııl etmişdir.
18. Müəyyən olunur ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, cavabdeh nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür.
19. İşin faktiki hallarından göründüyü kimi, Merkuri 130 F-01 markalı, 00221396 nömrəli nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmiş və Cavabdeh məxsus **********-20001 kodlu təsərrüfat subyektində (obyektində) quraşdırılaraq istifadə olunmuşdur. Cavabdehin ərizəsi əsasında ona məxsus təsərrüfat subyektində (obyektində) quraşdırılmış həmin nəzarət kassa aparatı 2021-ci ilin avqust ayında vergi uçotundan çıxarılmışdır. Həmin müddətə qədər aparatla bağlı hər hansı problemin olması, işləməməsi, ona texniki xidmətin göstərilməməsi, iddiaçı tərəfindən öhdəliyin yerinə yetirilməməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
20. Ona görə məhkəmə belə qənaətə gəlir ki, NKA qeydiyyatdan çıxarılana qədər iddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilmiş, iddiaçı həyata keçirilməsini öhdəsinə götürdüyü tapşırığı icra etmişdir.
21. Eyni zamanda müqavilədə istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulmuş, yəni vəkalət alana ödənilməli olan muzdun məbləği şərtləşdirilmişdir.
22. Cavabdeh müqavilə üzrə öhdəliyini xx.xx.2021-cu ildən etibarən icra etməmişdir.
23. Məhkəmə hesab edir ki, iddia cavabdehdən 5 ay üçün abunə borcunu təşkil edən 30 manat məbləğində pulun tutulması hissəsində qismən əsaslı olduğundan qismən təmin olunmalıdır.
24. Belə ki, iddiaçı Cavabdeh tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2023-ci ilədək olan dövrdə abunə haqqının ödənilmədiyini iddia edərək, cavabdehdən 35 ay üçün abunə borcunu təşkil edən 210 manat (35ayx6manat=210manat) məbləğində pulun tutulmasını xahiş etmişdir.
25. İşin faktiki hallarından göründüyü kimi, nəzarət kassa aparatı 2021-ci ilin avqust ayında vergi uçotundan çıxarılmışdır. Ona görə də nəzarət kassa aparatının qeydiyyatdan çıxarıldığı dövrə qədər olan abunə borcu hesablanaraq cavabdehdən tutula bilər. İddiaçı 35 ay üçün abunə borcunu təşkil edən 210 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etsə də, 5 ay üçün abunə borcu hesablanaraq cəmi 30 manat (5x6=30) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə əsassız olduğundan təmin olunmamalıdır.
26. İddia tələbinin digər hissəsini qeydiyyatdan çıxma aktına görə 35 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir.
27. Məhkəmənin gəldiyi nəticəyə əsasən iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki, göründüyü kimi, NKA-nın qeydiyyatdan çıxarılması üçün cavabdeh özü müraciət etmiş, onun ərizəsi əsasında NKA qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, iddiaçı aparatın qeydiyyatdan çixma aktına görə 35 manat məbləğində xərc çəkməsi ilə bağlı sübutu məhkəməyə təqdim etməmişdir.
28. Eləcə də, iddiaçı məhkəmə xərclərinə görə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
29. Məhkəmə hesab edir ki, təmin edilmiş tələbə uyğun olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4 (dörd) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə özünə aid edilməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 30 (otuz) manat abunə borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4 (dörd) manat olmaqla, cəmi 34 (otuz dörd) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova