Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1867/2023 07.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “əməkdaşlıq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılan kommersiya mübahisəsi (açar sözlər: müqavilə azadlığı, əməkdaşlıq müqaviləsi, iddianın etirafı, sadələşdirilmiş icraat) Hakim Əhmədova Nərmin Məzahir qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “əməkdaşlıq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında 13 fevral 2020-ci il tarixdə bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən 939,39 manat əsas borc, 315,64 manat cərimə borcu olmaqla, ümumilikdə 1255,03 manat və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 13 fevral 2020-ci il tarixdə PŞİŞ 015/20 nömrəli əməkdaşlıq müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən, cavabdeh tərəfindən satılan mallar, görülən işlər, göstərilən xidmətlər üzrə müqavilə və onun tərkib hissəsi hesab edilən əlavələr ilə müəyyən olunmuş güzəştlərin müştərilər üçün tətbiq edilməsini cavabdeh öz öhdəsinə götürmüşdür. Həmçinin iddiaçı malların satışı, xidmətlərin göstərilməsi zamanı güzəşt olunmuş məbləği və ya onun ekvivalentini müştərinin hesabına köçürməyi, cavabdeh isə müqavilə ilə müəyyən olunmuş qaydada və müddətdə həmin məbləği iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa, cavabdeh 5 iş günü ərzində güzəşt edilmiş məbləği iddiaçının hesabına köçürməyi öhdəsinə götürmüşdür. Eyni zamanda əgər cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada və müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, icranın gecikdirdiyi hər təqvim günü üçün 0,1% həddində cərimə nəzərdə tutulmuşdur. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öz öhdəliyini icra etməkdən boyun qaçırır. Belə ki, 2022-ci il dekabrın 8-dək iddiaçının cavabdehə əməkdaşlıq müqaviləsinə əsasən 939,39 manat əsas borc, 315,64 manat cərimə borcu olmaqla, ümumilikdə 1255,03 manat borcu vardır. Lakin cavabdeh ona pretenziya qaydasında xəbərdarlıq edilməsinə, 23 fevral 2023-cü il tarixə təyin olunmuş ilkin mediasiya sessiyasına dəvət olunmasına baxmayaraq, mediasiya sessiyasında iştirak etməmiş və hal-hazıradək borcu ödəməkdən yayınır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 448, 467-ci və s. maddələrinə istinad edilmişdir.
II. Mümkünlük və cavabdehin etirazı
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır;
5. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
6. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə Hüsi oğlu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq 13 fevral 2020-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən 939,39 manat əsas borc məbləğinə etiraz etmədiklərini, 315,64 manat cərimə borcunun isə bağışlanılmasını xahiş etmişdir. Həmçinin qeyd edilmişdir ki, Cavabdeh MMC-nin satış edə bilməməsi, artan xərclərdən və yığılmış borcları ödəyə bilməməsindən bağlanmasını nəzərə alaraq sonuncu bu məbləğin cavabdehə güzəşt edilməsini xahiş edir.
III. Məhkəmə baxışının hədləri
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi
a) Əməkdaşlıq müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyrimümkün olduğu nəzərə alınmalıdır.
9. İddia ərizəsinə əlavə olunan iddiaçı və cavabdeh arasında hər iki hüquqi şəxsin möhürü ilə təsdiq olunaraq bağlanmış 13 fevral 2020-ci il tarixli, PŞİŞ 015/20 nömrəli əməkdaşlıq müqaviləsinin 2-ci hissəsində göstərilmişdir ki, bu müqaviləyə əsasən Tərəfdaş (cavabdeh) Müştəri (korporativ kartlar istisna olmaqla, bankın plastik ödəniş kartlarını əldə edən fiziki şəxs) üçün Tərəfdaş tərəfindən satılan mallar, görülən işlər, göstərilən xidmətlər üzrə bu Müqavilə və onun tərkib hissəsi hesab edilən Əlavələr ilə müəyyən olunmuş güzəştlərin tətbiq edilməsini öz öhdəsinə götürür (2.1.1); Bank (iddiaçı) malların satışı/xidmətlərin göstərilməsi zamanı güzəşt olunmuş məbləği və ya onun ekvivalentini Müştərinin hesabına köçürməyi, Tərəfdaş isə bu Müqavilə ilə müəyyən olunmuş qaydada və müddətdə həmin məbləği Banka ödəməyi öz öhdəsinə götürür (2.1.2); X1 haqqında KİV, SMS məlumatlandırma və s. qanunvericiliyə uyğun vasitələrlə elanların verilməsi, həmçinin, Müştəriləri kampaniya haqqında ətraflı məlumatlandırılmasını öhdəsinə götürür (2.1.3). X2 kartları vasitəsilə bu Müqavilənin 2.1.1-ci bəndində qeyd edilən əməliyyatları həyata keçirdikdə bu Müqavilə və onun tərkib hissəsi hesab edilən Əlavələrə uyğun qaydada və dərəcədə endirimlər əldə edir (2.2). 10.Sözügedən müqavilənin 3-cü hissəsindən görününr ki, bankın hüquq və vəzifələrinə müştərilər tərəfindən həyata keçirilmiş ödənişlər barədə məlumatları həmin ödənişlərin həyata keçirildiyi tarixdən 30 (otuz) təqvim günü ərzində Tərəfdaşa təqdim etmək (3.1.1), Tərəfdaşın hüquq və vəzifələrinə Bank tərəfindən Ödəniş məlumatları təqdim edildiyi tarixdən sonrakı 3 (üç) iş günü ərzində sənədləri yoxlamaq və uyğunsuzlular olduqda Banka dərhal bildiriş göndərmək (3.2.3); ödəniş məlumatlarında uyğunsuzluqlar aşkar edilmədikdə 5 (beş) iş günü ərzində güzəşt edilmiş məbləği Bankın müvafiq hesabına köçürmək aid edilmişdir (3.2.4).
11. Adıçəkilən müqaviləyə 1 saylı əlavə ilə güzəştin miqdarı (malların satış və xidmətlərin göstərilmə qiymətinə tətbiq edilir) Bakı şəhərindəki “Bon Appetit” mağazalarında (10 ünvanda) 10% müəyyən edilmişdir. Həmin müqaviləyə 3 saylı əlavə ilə daha bir “Bon Appetit” mağazası üçün güzəştin miqdarı (10%) razılaşdırılmışdır. 12.Məhkəməyə təqdim edilən hesab-fakturalardan və aparılmış əməliyyatların siyahısından görünür ki, keşbek üçün komissiya xidmətinin dəyəri 2021-ci ilin aprel ayı üçün 36,06 (hesab №4), 2021-ci ilin may ayı üçün 23,67 manat (hesab №5), 2021-ci ilin iyun ayı üçün 108,29 manat (hesab №6), 2021-ci ilin iyul ayı üçün 121,58 manat (hesab №7), 2021-ci ilin avqust ayı üçün 97,02 manat (hesab №8), 2021-ci ilin sentyabr ayı üçün 175,60 manat (hesab №9), 2021-ci il ilin oktyabr ayın üçün 143,12 manat (hesab №10), 2021-ci ilin noyabr ayı üçün 96,60 manat (hesab №11), 2021-ci ilin dekabr ayı üçün 66,98 manat (hesab №12), 2022-ci ilin yanvar ayı üçün 70,98 manat (hesab №1) təşkil edir. 13.Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında əməkdaşlıq müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı güzəşt kampaniyası haqqında KİV, SMS məlumatlandırma və s. qanunvericiliyə uyğun vasitələrlə elanların verilməsini, həmçinin müştərilərin kampaniya haqqında ətraflı məlumatlandırılmasını, malların satışı, xidmətlərin göstərilməsi zamanı güzəşt olunmuş məbləği və ya onun ekvivalentini korporativ kartlar istisna olmaqla, bankın plastik ödəniş kartlarını əldə edən müştərilərin hesabına köçürməyi, cavabdeh isə müqavilə ilə müəyyən olunmuş qaydada və müddətdə həmin məbləği iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən ayrı-ayrı müştərilər üçün ümumilikdə 939,39 manat məbləğində güzəşt edilmiş, lakin həmin güzəşt məbləği şərtləşdirildiyi kimi iddiaçıya ödənilməmişdir.
14. İddiaçı əməkdaşlıq müqaviləsi üzrə cavabdehdən əsas borc kimi 939,39 manat məbləğində pulun tutulmasını xahiş edir.
15. Cavabdeh iddia tələbi ilə əsas borc hissəsində razı olduğunu, lakin maddi çətinliklər səbəbindən ödənişləri həyata keçirə bilmədiyini qeyd edir.
16. Məhkəmə qeyd edir ki, Mülki Məcəllədə əməkdaşlığa dair xüsusi müqavilə növü nəzərdə tutulmasa da, mülki qanunvericilikdə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatının verildiyi müqavilə azadlığı prinsipinin tələblərinə görə belə bir müqavilənin bağlanması qanuni olmaqla hazırkı iş üzrə tərəflər arasında bağlanmış əməkdaşlıq müqaviləsi Mülki Məcəlləyə zidd deyildir. Ona görə də tərəflər arasında bağlanmış birgə fəaliyyətə dair müqavilə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi nəzərdən keçirilə bilər.
17. Belə ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və Mülki Məcəllənin 6.1.5-ci maddəsində qeyd olunan müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
18. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
19. Bundan başqa, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki Məcəllənin 14.2 və 14.2.1-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi nəzərdə tutulmuşdur.
20. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
22. AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium).
23. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarında da qeyd olunmuşdur. Həmin Qərarda qeyd olunmuşdur ki, mülki qanunvericiliyə müvafiq olaraq, müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. 24.Yuxarıda qeyd olunanlar baxımından məhkəmə bildirir ki, tərəflər arasında bağlanmış əməkdaşlıq müqaviləsi, onun məzmunu və şərtləri məhz müqavilə azadlığı aspektindən qiymətləndirilməlidir. Həmçinin işin hallarına uyğun hüquq normaları seçilərək tətbiq edilərkən vurğulanmalıdır ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsi) və hazırkı işdə həmin hüquqdan istifadə edilmişdir. 25.Məhkəmə xüsusilə bildirir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
26. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
28. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
29. İddiaçı tərəfindən şərtləşdirilən öhdəliyin icra edildiyi nəzərə alındığında, xidmətin, işin dəyərini ödəmək ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 939,39 manat borcun tutulması tələbi əsaslı olduğundan təmin edilməli, 939,39 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Əməkdaşlıq müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
30.İddia ərizəsində iddiaçı 315,64 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir. 31.Tərəflər arasında bağlanmış əməkdaşlıq müqaviləsinin 6.3-cü bəndinə əsasən, tərəfdaş (cavabdeh) bu Müqavilə ilə müəyyən olunmuş öhdəliyini bu Müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, icranın gecikdirildiyi hər təqvim günü üçün Müqavilə qiymətinin 0,1 (sıfır tam onda bir faiz) %-i həddində cərimə olunur. 32.Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 33.Həmin Məcəllənin 462.3-cü maddəsinə görə, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 34.Həmin Məcəllənin 465.2-ci maddəsində göstərilmişdir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 35.Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 36.Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar). 37.İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Eyni zamanda nəzərə alınır ki, cavabdeh borcunu qəbul edir, lakin maddi çətinliklərlə üzləşməsi səbəbindən ödəyə bilmədiyini bildirir. 38.Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 47 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. 39.Məhkəmə belə qənaətə gəlir ki, cərimənin tutulması tələbi qismən təmin edilməli, 47 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
40. İddia ərizəsində iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat məbləğində pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.
41. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00198 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh 21 fevral 2023-cü il tarixə keçirilməsi nəzərədə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçının nümayəndəsi iştirak edərək ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat ödəniş etmişdir.
42. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 43.“Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2). 44.Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. 45.Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2020-ci il tarixli əməkdaşlıq müqaviləsi üzrə 939 (doqquz yüz otuz doqquz) manat 39 (otuz doqquz) qəpik əsas borc, 47 (qırx yeddi) manat dəbbə pulu olmaqla, ümumilikdə 986 (doqquz yüz səksən altı) manat 39 (otuz doqquz) qəpik pul Cavabdehndən tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova