Məhkəmə qərarları › İş №e-2-2(113)-1884/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1884/2025

06.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1884/2025 06.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh QSC-yə (bundan sonra – cavabdeh) qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 3M-1001 saylı icarə müqaviləsinə əsasən cavabdehin istifadəsində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 140 kv.m sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və dövlət rüsumu qismində ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixli 3M-1001 saylı icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 140 kv.m sahəsi cavabdehin istifadəsinə verilmişdir. Həmin müqavilə üzrə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dəfələrlə müqavilə şərtləri pozulmuş və icarəçi öhdəliklərini yerinə yetirməmişdir. Qeyd olunan icarə müqavilə üzrə ardıcıl olaraq beş ay icarə haqqı kəsrlərlə ödənilmiş, pretenziya və təkidlərdən sonra ödənişlər icra edilmişdir. Eyni zamanda qeyd olunan icarə müqaviləsinin şərtləri indiki dövr üzrə icarəyə verəni əhəmiyyətli dərəcədə ağır vəziyyətə salır. Bunlardan başqa mülkiyyətçi İddiaçıCavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3M-1001 saylı icarə müqaviləsini ləğv etmək niyyətində olduğundan bunu bildirişlə bəyan etmişdir. Mülki qanunvericiliyin tələblərinə əsasən bu mülkiyyətçinin hüququdur və bununla bağlı bildiriş təqdim etmişdir. Müqaviləyə xitam verildiyi üçün qanunvericiliyin tələblərinə əsasən icarə obyekti boşaldılaraq icarəyə verənə təhvil verilməlidir. Müqavilənin iddiaçı tərəfindən ləğv olunması və icarə obyektinin boşaldılaraq təhvil verilməsi barədə bildiriş cavabdehə xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə təqdim olunmuşdur. Lakin cavabdehə təqdim olunmuş bildirişdən sonra icarə obyekti boşaldılaraq mülkiyyətçiyə təhvil verilməmişdir. Belə olan halda iddiaçı icarə obyektinin boşaldılaraq təhvil verilməsi barədə iddia tələbi ilə Məhkəməyə müraciət etmək məcburiyyətindədir.

3. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1 -ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddənin məzmunundan göründüyü kimi, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin, tərəflər şəraitin dəyişməsinin qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır. Qanunvericilikdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ya ləğvinin iki mərhələli qaydası nəzərdə tutulmuşdur. Tərəflər ilk növbədə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin yeni şərtlərinə və ya ləğvinin mümkünlüyünə dair razılığa gəlməyə çalışırlar. Tərəflər razılığa gəlmədiyi halda isə müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər. Lakin müqavilənin bu əsas üzrə məhkəmə tərəfindən ləğv edilməsi üçün əlavə tələblər nəzərdə tutulmuşdur: müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir (Mülki Məcəllənin 422.2-ci maddəsi). İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında 12 iyul 2019-cu il tarixdə bağlanmış və həmin tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq edilmiş və 3M-1001 nömrə ilə reyestrdə qeydə alınıb, informasiya sisteminə daxil edilmiş “icarə müqaviləsi”nə əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən obyekt xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixə qədər 10 (on) il müddətinə aylıq icarə haqqı 1511,63 (bir min beş yüz on bir manat altımış üç qəpik) manat olmaqla Cavabdeh QSC-nin icarəsinə verilmişdir. ”Azza” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 12 iyul 2019-cu ul tarixli “icarə müqaviləsi”nin müddəalarına mütəmadi olaraq ciddi əməl edilmiş, icarə haqqı müqavilədə nəzərdə tutulan müddətlərdə və məbləğdə İddiaçı hesabına ödənilmişdir. Yalnız Koronovirus (COVİD-19) pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsiri ilə əlaqədar İddiaçı ilə əldə edilmiş şifahi razılığa əsasən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4- cü hissəsinin “əmlakdan istifadənin müqavilədə nəzərdə tutulmuş şərtləri və ya əmlakın vəziyyəti icarəçinin cavabdeh olmadığı səbəblər üzündən xeyli pisləşdikdə icarəçinin hüququ var ki, icarə haqqının azaldılmasını tələb etsin” müddəaları və “icarə müqavilə”sinin 27-ci bəndi rəhbər tutularaq 2020-ci ilin may, iyun, iyul, avqust, sentyabr aylarında-cəmi 2200 (iki min iki yüz) manat məbləğində icarə haqqı ona az ödənilmişdir.İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Koronovirus (COVİD-19) pandemiyasının yaratdığı zərərli nəticələrlə bağlı 2020-ci ilin may, iyun, iyul, avqust, sentyabr aylarında-cəmi 2200 (iki min iki yüz) manat məbləğində icarə haqqının ona az ödənilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixə kimi Cavabdeh QSC- yə heç bir etirazını bildirməməklə və bununla da həmin tələblə bağlı susmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən bu faktla razılaşdığını ifadə etmişdir. Belə olduğu halda, İddiaçı Cavabdeh QSC tərəfindən Koronovirus (COVİD-19) pandemiyasının yaratdığı zərərli nəticələrlə bağlı 2020-ci ilin may, iyun, iyul, avqust, sentyabr aylarında-cəmi 2200 (iki min iki yüz) manat məbləğində icarə haqqının ona ödənilməsi tələbinin heç bir hüquqi əsası olmamışdır. Koronovirus (COVİD-19) pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsiri hamıya bəlli olan haldır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1 -ci maddəsinə görə,hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Lakin İddiaçı Koronovirus (COVİD-19) pandemiyasının yaratdığı zərərli nəticələrlə bağlı 2020-ci ilin may, iyun, iyul, avqust, sentyabr aylarında-cəmi 2200 (iki min iki yüz) manat məbləğində icarə haqqının yuxarıda göstərilən aylar üzrə azaldılmasına şifahi razılıq verməsindən imtina etməsi nəzərə alınaraq Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 12 iyun 2023-cü il tarixdə “Ödəniş tapşırığı №8968” ilə 2200 (iki min iki yüz) manat E. Səfərova ödənilmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi M.Baxışov iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib iddianın rədd edilməsini xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, gəlməməsinin səbəbinin üzrlü olmasına dair hər hansı sübut təqdim etməmişdir.

7. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. DƏDRX verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 256 kv.metr olan qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir.

10. İddiaçı (icarəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 140 kv.m sahəsi iddiaçı tərəfindən cavabdehə icarəyə verilmişdir.

11. Müqavilənin 1-ci bəndinə əsasən icarə müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixə qədər 10 il müyyən edilmişdir.

12. Müqavilənin 5-ci bəndinə əsasən icarə haqqı 1511,63 manat müəyyən edilmişdir.

13. Müqavilənin 18-ci bəndinə əsasən icarəçi icarə müqaviləsinə xitam vermək istədikdə 2 ay öncədən icarəyə verəni yazılı xəbərdar edir.

14. Müqavilənin 19-cu bəndinə əsasən icarəçi hazırkı müqavilə başa çatdığı və ya ləğv olunduğu tarixdən 30 təqvim günü ərzində icarə obyektini, təbii aşınma və nomal köhnəlmə vəziyyətini nəzərə alınmaqla, komplektdə daxil olan ləvazimatlarla birlikdə təhvil-təslima aktı əsasında icarəyə verənə qaytarmalıdır.

15. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müqavilənin ləğvinə dair bildiriş ilə müraciət edərək bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv etmək istədiyini bildirmiş və icarə obyektinin boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir.

16. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

18. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

19. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

20. Həmin Məcəllənin 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.

21. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmış, icarə sahəsi iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, hazırda da cavabdehin sahiblik və istifadəsindədir.

23. İddiaçı cavabdeh tərəfindən müqavilənin şərtlərinin tam şəkildə icra edilmədiyi və müqavilə şərtlərinin iddiaçının hazırkı vəziyyətini ağırlaşdırdığını bildirərək müqavilənin ləğv edilməsi və icarə obyektinin boşaldılaraq ona təhvil verilməsi barədə cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya ünvanlamışdır. Hazırda isə iddiaçı icarə obyektinin boşaldılaraq ona təhvil verilməsini xahiş edir.

24. Cavabdeh iddiaya qarşı etiraz edərək, müqavilənin ləğv edilməsi üçün hər hansı əsas olmadığını bildirir.

25. Belə ki, iddiaçı iddia ərizəsində ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 140 kv.m sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsini tələb etsə də, materiallardan görünür ki, icarə müqaviləsi 10 il müddətinə bağlanmış, müqavilə müddətinin sonunun xx.xx.2029-cu il tarix olması tərəflər arasında razılaşdırılmışdır.

26. Hazırda müqavilə müddəti bitmədiyi, habelə müqavilənin özündə müqavilənin icarəyə verən (iddiaçı) tərəfindən birtərəfli qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmadığı, habelə müqavilənin ləğvinə qarşı tərəfin razılığı olmadığı, habelə müqavilə şərtlərinin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozuntusuna yol verilmədiyi üçün hazırkı iddia tələbi təmin edilə bilməz.

27. Məhkəmə qeyd edir ki, icarə müqaviləsinin özündə icarəyə verən tərəfindən müqavilənin birtərəfli ləğvi imkanı nəzərdə tutulmamışdır.

28. Məhkəmə hesab edir ki, müqavilə bağlanarkən onun bütün mühüm şərtləri, o cümlədən icarə haqqı tərəflər arasında razılaşdırılmış, iddiaçı 10 il müddətinə (xx.xx.2019xx.xx.2029) özünə məxsus icarə sahəsinin icarəçiyə icarəyə verilməsinə razılıq vermişdir.

29. Müqavilənin 18-ci bəndində göstərilmiş müddəa isə icarəçiyə aid olmaqla mütləq deyil, dispozitiv imkan kimi nəzərdə tutulmuş, müqavilənin digər bəndlərində isə icarəyə verən tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmamışdır.

30. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə Mülki Məcəllənin 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından təmin edilməməlidir.

31. Bu qənaətə gələrkən Məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır.

32. Avropa İnsan Hüquqları Məhkəməsi də özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X3rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ifadə etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

33. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh QSC-yə qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar