Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-189/2024 15.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı “maddi və işgüzar nüfuza dəymiş ziyanın ödənilməsi” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh İddiaçınə qarşı “maddi ziyanın ödənilməsi” barədə qarşılıqlı tələblərinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi ziyan, işgüzar nüfuza dəymiş ziyan) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus “ASİYA ŞİRİ» adlı məhsulun Azərbaycan Respublikasına idxalına, topdan və pərakəndə satışına qadağa qoyulması, həmin əmtəənin ticarət dövriyyəsindən çıxarılması, ticarət şəbəkələrinə paylanmış həmin məhsulların geri yığılması, vurulmuş maddi ziyanın və çəkilən xərclərin əvəzinə kompensasiya olaraq 30000 (otuz min) və işgüzar nüfuza dəymiş ziyan qismində 15000 (on beş min) manat, ümumilikdə 45000 (qırx beş min) manat vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh İddiaçınə qarşı cavabdehdən 20.000 manat pulun iddiaçının xeyrinə tutulması barədə qarşılıqlı iddia ərizələrinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus “ASİYA ŞİRİ» adlı məhsulun Azərbaycan Respublikasına idxalına, topdan və pərakəndə satışına qadağa qoyulması, həmin əmtəənin ticarət dövriyyəsindən çıxarılması, ticarət şəbəkələrinə paylanmış həmin məhsulların geri yığılması, vurulmuş maddi ziyanın və çəkilən xərclərin əvəzinə kompensasiya olaraq 30000 manat və işgüzar nüfuza dəymiş ziyan qismində 15000 manat, ümumilikdə 45000 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2012-ci ildə dövlət qeydiyyatında alınmışdır. Cəmiyyət minerallardan hazırlanmış qida əlavələri, reklam, biznes sahəsində menecment, malların qablaşdırılması və anbarda saxlanılması sinifləri üzrə “AFRİKA ŞİRİ” adlı məhsula 2015 0582 nömrəli əmtəə nişanını əldə etmiş, xx.xx.2015-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır. "xxxx" MMC fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır. İddiaçı xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin əsas fəaliyyət istiqaməti qida əlavələrinin satışı ilə məşğul olmaqdan ibarətdir. "xxxx" MMC 2015 0582 nömrəli əmtəə nişanından istifadə hüquqlarını xx.xx.2015-ci il tarixli əmtəə nişanından istifadə barədə müqaviləsinə əsasən İddiaçı MMC-yə ötürmüşdür. İddiaçı MMC sözügedən əmtəə nişanına dair hüquqlardan istifadə etməklə, “AFRİKA ŞİRİ” adlı məhsulun ölkəyə idxalı və satışı ilə məşğul olmuşdur. Lakin fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh “AFRİKA ŞİRİ” məhsuluna oxşar adla “ASİYA ŞİRİ” adlı məhsulun ölkəyə idxal edilməsi və satışı ilə məşğuldur. Bununla da, Cavabdeh əmtəə sahəsində qanunvericiliyin tələblərini pozmaqla, İddiaçı MMC-yə maddi ziyan vurur və işgüzar nüfuzuna xələl gətirir. “ASİYA ŞİRİ” adlı məhsul “AFRİKA ŞİRİ” adlı məhsulla həm qablaşdırma meyarlarına görə, həm də adına görə oxşar əlamətlərə malikdirlər. İddiaçı MMC isə uzun illərdir ki, “AFRİKA ŞİRİ” adlı məhsulun satışı və ölkəyə idxalı ilə məşğuldur. Bu məhsul uzun müddətdir bazarda reklam olunur, satış göstəricilərinin artırılması üçün müvafiq işlər aparılır. Lakin “ASİYA ŞİRİ” məhsuluna ölkəyə idxal edib, satışını həyata keçirən Cavabdeh bu fəaliyyəti İddiaçı MMC-yə məxsus məhsulun bazarda olan tələbatına və satış göstəricilərinə uyğun oxşar addan istifadə etməklə sahibkarlıq fəaliyyəti sahəsində haqsız rəqabətin yaranması səbəb olmuşdur. “AFRİKA ŞİRİ” adı ticarət fəaliyyəti sahəsində öz markasını yaratmış məhsul olaraq, qeyd olunan malların satışında xüsusi çəkiyə malikdir. Lakin, Cavabdeh “ASİYA ŞİRİ” adlı məhsulu ölkəyə idxal edib, satışını həyata keçirməklə sahibkarlıq fəaliyyətinə dair qanunvericiliyin tələblərini pozmuşdur. Bununla da hesab edir ki, İddiaçı MMC-nin qanunla qorunan mənafeləri bərpa edilməlidir.
3. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh İddiaçınə qarşı cavabdehdən 20.000 manat pulun iddiaçının xeyrinə tutulması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçıya məxsus "Afrika Şiri” adlı məhsul və cavabdehə məxsus "Asiya Şiri” adlı məhsul mövcuddur və hal-hazırda hər iki məhsul bazarda dövriyyədədir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən "AFRİKA ŞİRİ” məhsuluna oxşar adla "ASİYA ŞİRİ” adlı məhsulun ölkəyə idxal edilməsi və satışı ilə əmtəə sahəsində qanunvericiliyin tələbləri pozulmaqla, "ARES” MMC-yə maddi ziyan vurulur. Hazırki iddia ilə tələb edilir ki, məhsul bazardan yığışdırılsın və ona dəymiş maddi ziyan ödənilsin. Cavabdeh hesab edir ki, həmin əsaslar formal olmaqla mülahizələrə əsaslanır və mübahisənin həllində əhəmiyyət daşımır. İrəli sürülmüş iddia və onun dəlilləri sübut olunmur. İstənilən halda formal xarakterli həmin əsaslar ilkin iddianın təmin edilməsinə gətirib çıxara bilməz. Hazırda ilkin iddiaya qarşı verilmiş qarşılıqlı iddia tələbi də məhz ilkin iddianın dəfinə yönəlməsi məqsədi ilə verilmişdir. Belə ki, iddiaçı hazırki kommersiya mübahisəsini başlatmazdan öncə cavabdehin üçüncü şəxs qismində cəlb edildiyi inzibati məhkəmə icraatı başlamış, həmin icraatı üzrə iddia mümkün sayılmamışdır. Eyni zamanda həmin iddia verilənədək və ondan sonrakı müddətdə həm inzibati orqanlar qarşısında, həm də cavabdehin alıcıları arasında cavabdehə məxsus məhsulun bazarına mənfi təsir edən kampaniyalar aparmış (inzibati orqanlara əsassız müracitələrin edilməsi, eyni zamanda bazar subyektlərində yanlış təsəvvür yaradan məlumatlar təqdim edilməsi və sair bu kimi hallar), bunun nəticəsində cavabdeh (qarşılıqlı iddiaçı) zərərə məruz qalmışdır. Hər bir sahibkarlıq subyektinin məqsədi ilk növbədə öz dövriyyəsinin sabitliyini təmin etmək, daha sonra mümkün və qanunla qadağan edilməyən imkanlardan istifadə edərək dövriyyənin artırılmasına nail olmaqdır. Bu yolda haqsız rəqabət və müəyyən mənaələrin olması qaçılmazdır, ancaq qanunvericilik sahibkarlıq subyektlərini hər hansı qanunsuz müdaxilədən, haqsız rəqabətdən qoruyur. Odur ki, qanunla qadağan edilməyən hallar üzrə bir sahibkarlıq subyektinin digər subyektə qarşı legitim olmayan davranışı, barəsində həqiqətə uyğun olmayan məlmatların yayılması və bazarda mənfi rəy formalaşdırması qəbuledilməzdir və haqsız rəqabət kimi qiymətləndirilməlidir. Hazırki vəziyyətdə ilkin iddiaçının hərəkətləri məhz bu konteksdə qiymətləndirilməlidir. Mübahisə üzrə tərəflərin məşğul olduqları sahə tibbi fəaliyyətlə (əczazçılıq) əlaqəli olduğundan müəyyən məhdudiyyətlərə məruz qalır və bu həmin işin təbiətindən irəli gəlir. Məhuslun əldə edilməsi, satışı və məhsula dair bütün məlumatlar inzibati nəzarət mexanizmlərindən kənarda qala bilməz və bu daha çox onunla əlaqədardır ki, bu fəaliyyət növü insaların saxğlamlığına birbaşa təsir edir. Bu baxımdan əczaçılıq və ona bağlı olaraq qida əlavələrinin istesalı, idxalı, satışı və digər hərəkətlər hər hansı sahibkarlıq subyektinin şəxsi mülahizəsinə və qeyri-məhdud hərəkət azadlığına əsaslanmır. Hazırki halda məhsulların oxşar adlı hesab edilməsi və bu əsasla Cavabdeh məxsus məhsulun bazardan çıxarılmasına dair istənilən tələbin legitim əsası yoxdur. Baxmayaraq ki, uzun müddətdir ilkin iddiaçı buna nail olmaq üçün müxtəlif üsullardan istifadə edir. Bu baxımdan ilkin iddiaçının cavabdehə qarşı tələbləri qanunsuz olmaqla cavabdeh (qarşılıqlı iddiaçı) tərəfindən hazırki tələbin irəli sürülməsini zəruri edir. Bu həm də ondan irəli gəlir ki, ilkin iddiaçının inzibati orqanlara müraciətləri, həmçinin cavabdeh (ilkin iddiaçı) tərəfindən təqdim edilən qida əlavəsinin alıcılarına həmin mhsulun qanunsuz dövriyyədə olması barədə verdiyi məlumatlar aşağıdakı nəticələrə səbəb olmuşdur: Birincisi, cavabdeh (ilkin iddiaçı) normal inzibati prosedurlardan kənar və daha ciddi nəzarətə məruz qalmış, bu nəzarət hər hansı neqativ nəticə yaratmasa da, arzuolunan deyil. Belə ki, ilkin iddiaçı inzibati qaydada verdiyi iddia ərizəsində cavabdehə məxsus məhsula dair cavabdeh tərəfindən Agentliyə müraciət olunduğu, lakin Agentliyin məhsula dair əmttə nişanının verilməsindən imtina edildiyi və imtinanın səbəbi kimi artıq "Afrika şiri” adlı məhsula əmtəə nişanın verildiyi bildirilmişdir. Halbuki həmin vaxt cavabdeh tərəfindən nə belə bir müraciət verilmiş, nə də imtina alınmışdır. İlkin iddiaçı bu cür həqiqətə uyğun olmayan məlumatları həm inzibati orqanlar, həm də sahibkarlıq subyektləri arasında yaymağa və onları yanıltmağa çalışmışdır. Həmçinin ilkin iddiaçı təşkilat tərəfindən 2022-ci ilin noyabr aynda AQTA-ya rəsmi qaydada müraciət olunaraq "Asiya şiri” məhsulu barəsində həqiqətə uyğun olmayan məlumatlar verərək məhsula dair sertifikatlaşmanın qarşısını əsassız şəkildə alamağa cəhd etmişlər. İkincisi, qida əlavəsinin alıcılarına qida əlavəsi və onun istehlakı ilə bağlı yanlış məlumatların verilməsi həmin şəxslərdə tərəddüd yaranmasına gətirib çıxarmışdır ki, bu da məhsulun satışı və bazarda yerləşdirilməsini çətiləşdirmiş, hətta məhdudlaşdırmışdır. Hətta "Ares” MMC-nin əməkdaşları apektlərdə bununla bağlı söhbətlər apararaq guya Cavabdeh cərimələnəcəyinə dair əsası olmayan məlumatlar yayaraq "Asiya şiri” adlı məhsulun qanunsuz olduğunu və bu qanunsuz satışa görə Cavabdeh kompensasiya alacaqlarını bildirmişlər. Bu baxımdan hesab edir ki, ilkin iddiaçının davranışları haqsız rəqabətə əsaslandığından və irəli sürdüyü mülahizələr hər hansı real əsaslara söykənmədiyindən uydurma hesab edilməli, bunun nəticəsi olaraq bu qanunsuz hərəkətlərin nəticəsində cavabdehə (qarşılıqlı iddiaçıya) dəymiş ziyan kompensasiya edilməlidir. Hazırki mərhələdə bu ziyan 20.000 manat təşkil edir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, qarşılıqlı iddianın təmin edilməsini və ilkin iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
9. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
10. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
11. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, İddiaçı MMC xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
12. ƏN seriyalı 000701 saylı Şəhadətnamədən görünür ki, 20150582 nömrə ilə xx.xx.2015-ci il tarixdə dövlət reyestrində qeyd olunmuş “AFRİKA ŞİRİ” əmtəə nişanının sahibi "xxxx" MMC-dir.
13. xx.xx.2015-ci il tarixli Əmtəə nişanından istifadə haqqında müqavilədən görünür ki, "xxxx" MMC sahibi olduğu “AFRİKA ŞİRİ” əmtəə nişanından istifadə hüququnu İddiaçı MMC-yə ötürməyi, İddiaçı MMC isə qanunvericiliyə uyğun olaraq vicdanlılıq prinsipinə əməl edilməklə ona ötürülmüş əmtəə nişanından istifadə etməyi öhdələrinə götürmüşlər.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 5/1596 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş 20150582 nömrə ilə xx.xx.2015-ci ildə dövlət qeydiyyatına alınmış “AFRİKA ŞİRİ” əmtəə nişanı “ASİYA ŞİRİ” əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə oxşardır. Ekspertiza tədqiqatlarının dəyəri 200 manat təşkil etmişdir.
15. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbi ilə bağlı müəyyən edilməli olan hallar aşağıdakılardır: 1) iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olubolmaması, yəni əmtəə nişanından istifadənin qanuni əsaslarla iddiaçıya verilibverilməməsi; 2) əgər yuxarıda qeyd edilən hallar mövcuddursa, cavabdehin etirazları nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması.
16. İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir. Məhkəmə qeyd edilən halların mövcudluğunu ardıcıllıqla yoxlamağı (araşdırmağı) zəruri hesab edir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
18. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
19. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmaq vəzifəsi məhkəmənin araşdırmalı olduğu məsələdir.
20. Bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
21. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
22. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı MMC-ni ilkin iddia tələbini irəli sürməyə imkan verən iddiaçı kimi qəbul etmək mümkün deyildir. Çünki hazırkı işdə İddiaçı MMC-nin iddia tələbinin əsası kimi istinad etdiyi əmtəə nişanından istifadə hüququ qanuni əsaslarla ona keçməmişdir. Belə ki, həmin hüququn İddiaçı MMC-yə verilməsinə dair Əmtəə nişanından istifadə haqqında müqavilə xx.xx.2015-ci il tarixdə bağlanmışdır, lakin İddiaçı MMC isə hüquqi şəxs kimi xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
23. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi hüquqi şəxs mövcud olmaq üçün qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçməli, bundan sonra öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq hüququna malik ola bilər.
24. Lakin İddiaçı MMC iddia tələbinin əsası kimi istinad etdiyi əmtəə nişanından istifadəyə dair müqaviləni, buna hüququ olmadan bağlamışdır ki, bu halda həmin müqavilə əhəmiyyətsiz müqavilə olmaqla bağlandığı andan etibarsızdır.
25. Beləliklə, məhkəmə hesab edir ki, əmtəə nişanından istifadə hüququ özlüyündə etibarsız olan əqd əsasında İddiaçı MMC-yə verildiyindən İddiaçı MMC-nin iddia tələbi təmin oluna bilməz.
26. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
27. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir.
28. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
29. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi).
30. Məhkəmə Cavabdeh İddiaçı MMC tərəfindən maddi zərərin vurulmasına dair qarşılıqlı iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Cavabdeh zərərin nədən ibarət olmasını qarşılıqlı iddia ərizəsində əsaslandıra bilməmiş, eyni zamanda zərərə dair, həmçinin zərərin məhz İddiaçı MMC-nin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
33. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
34. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
35. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
36. Sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər ("Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).
37. Göründüyü kimi, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü cavabdehlərin əməkdaşlarının hərəkətlərinin iddia etdiyi qanunsuz olmasının, eləcə də, sahibkarlıq hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələr yaradılmasının sübut edilməsidir. Cavabdehlərin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, onlar əgər iddiaçı müvafiq halları sübuta yetirərsə, o zaman onların əməkdaşlarının hərəkətlərinin qanuni olması və iddiaçının sahibkarlıq hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələrin yaradılmamasını sübut etməlidirlər.
38. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.
39. Həmçinin məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
40. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
41. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər və tutarlı sübutlar məhkəməyə təqdim edilmədiyi üçün qarşılıqlı iddia əsassızdır və rədd olunmalıdır.
42. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddialar rədd edilməlidirlər.
43. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərclərinin 100 manat məbləği İddiaçındən, qalan 100 manat məbləği Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
VI. Nəticə:
44. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus “ASİYA ŞİRİ» adlı məhsulun Azərbaycan Respublikasına idxalına, topdan və pərakəndə satışına qadağa qoyulması, həmin əmtəənin ticarət dövriyyəsindən çıxarılması, ticarət şəbəkələrinə paylanmış həmin məhsulların geri yığılması, vurulmuş maddi ziyanın və çəkilən xərclərin əvəzinə kompensasiya olaraq 30000 manat və işgüzar nüfuza dəymiş ziyan qismində 15000 manat, ümumilikdə 45000 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh İddiaçınə qarşı cavabdehdən 20.000 manat pulun iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərclərinin 100 manat məbləği İddiaçındən, qalan 100 manat məbləği Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev