Məhkəmə qərarları › İş №e-2-2(113)-1898/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1898/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1898/2025 22.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qarışıq müqavilə, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonracavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 924000 manat əsas borc, 351360 manat ƏDV, 88220 manat təmir xərci olmaqla, cəmi 1 363 580 (bir milyon üç yüz altmış üç min beş yüz səksən) manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 1471,79 (bir min dörd yüz yetmiş bir manat yetmiş doqquz qəpik) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh MMC arasında notarial qaydada bağlanılmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, iddiaçı öz mülkiyyətində olan xx.xx.2007-ci il tarixli şəhadətnaməyə əsasən, Nəsimi rayonu, Azadlıq prospekti ilə Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsində yerləşən (Azadlıq prospekti boyu 64 metr və Mirqasımov küçəsi boyu 87.5 m) 4134.9 kv.m torpaq sahəsini müqavilə bağlanan tarixdən cavabdehə verməyi, cavabdeh isə həmin torpaq sahəsində üzərində mövcud olan ticarət mərkəzinin sökülməsini və iddiaçı ilə birgə qaydada razılaşdırılmış layihəyə uyğun olaraq həmin yerdə 3 mərtəbəli ticarət mərkəzinin (Azadlıq prospekti boyu 48.2 metr və Mirqasımov küçəsi boyu 69.7 m) inşa edilməsini, habelə 3.3-cü bəndində nəzərdə tutulmuş daşınmaz əmlakların (yaşayış və qeyri-yaşayış sahələrini) müqavilə bağlandığı tarixdən hesablanmaqla 24 (iyirmi dörd) ay müddətində iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və Müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətdən çəkinməlidirlər. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər vaxtında icra olunmasına baxmayaraq, keçən bu müddət ərzində cavabdeh müqavilə öhdəliklərini tam icra etməmiş, tərəflər arasında razılaşdırılmış layihə dəyişdirilmiş, habelə tikinti sahəsində müəyyən edilmiş tamamlama işləri tam bitirilməmiş, o cümlədən binanın və ticarət mərkəzinin təhvil-təslim prosesi yekunlaşdırılmamışdır. Bu baxımdan, müqavilə şərtlərinin lazımınca icra olunmaması ilə yol verilən pozuntuların aradan qaldırılması ilə bağlı "xxxx" ASC-nin nümayəndələrinin çoxsaylı şifahi və yazılı müraciətlərinə baxmayaraq, məsələnin qarşılıqlı həlli yolunda cavabdeh tərəfindən heç bir əməli tədbir görülməmiş, eyni zamanda (müqavilənin açıq şərtləri ilə müəyyən edilsə də) 2022-ci ilin fevral ayından bu günə kimi, ödənişlə bağlı müqavilə öhdəlikləri tam icra edilməmişdir. Xüsusilə qeyd edilməlidir ki, müqavilə üzrə müəyyən edilmiş müddətdən xeyli müddət (ilkin 24 aylıq müddətin bitdiyi xx.xx.2022-ci il tarixdən sonra əlavə 27 ay) keçməsinə baxmayaraq, binada görülən işlərin icra sıxlığı və məzmunu (və axırıncı dəfə son icra tarixinin xx.xx.2024-cü il bildirilməsinə də riayət edilməməsi), o cümlədən cavabdehin götürdüyü müqavilə öhdəliklərinin icrasında gecikmənin qeyri-müəyyən müddətdə davam edəcəyi qənaətinin yaranmasına görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Xüsusilə vurğulanmalıdır ki, iddiaçının vəkili və səlahiyyətli nümayəndəsi tərəfindən, hazırki məsələnin məhkəmədənkənar qaydada qarşılıqlı razılıqla həll edilməsi məqsədilə cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubuna heç bir cavab verilməmiş, habelə cavabdehin qanuni təmsilçisi ilə əlaqə saxlamaq cəhdləri uğursuz olmuşdur. Müqavilənin 3.4-cü bəndinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən, tikintinin müəyyən edilmiş tamamlama işləri bitənədək və Dövlət Komissiyası tərəfindən binanın və ticarət mərkəzinin istismarına icazə aktı alındığı müddətədək hər ayın 10-dan gec olmayaraq 44000 (qırx dörd min) manat pul vəsaitinin iddiaçı "xxxx" ASC-yə ödənilməsi cavabdeh tərəfindən öhdəlik kimi götürülmüşdür. Həmçinin, müqavilənin 4.2.8 və 5.2-ci bəndlərinə əsasən, cavabdeh tərəfindən müqavilə ilə müəyyən edilmiş müddət ərzində işlər tamamlanmadığı hər bir halda müqavilənin 3.3 və 3.4-cü bəndində qeyd olunan öhdəlik icra edilənədək aylıq 44000 (qırx dörd min) manat pul vəsaitinin ödəniləcəyi öhdəlik kimi götürülmüşdür. Ayrıca qeyd edilməsi zəruridir ki, cavabdehin götürdüyü öhdəliklərinin icrasının gecikdirildiyi dövr, yəni xx.xx.2023-cü il tarixə kimi olan dövr üzrə hesablanan əsas borca görə aylıq ödənişlər həyata keçirilsə də, hesablanmış əlavə dəyər vergisinin ödənişi tam təmin edilməyərək 185040 manat məbləği ƏDV borcu kimi qalmışdır. Nəticədə, xx.xx.2023-cü il tarixə kimi qalıq 185040 manat ƏDV borcu, xx.xx.2023-xx.xx.2024-cü il dövrü üzrə müqavilə ilə müəyyən edilmiş öhdəlik üzrə 924000 manat əsas borc və 166320 manat ƏDV olmaqla, cəmi ******* manat yekun borc yaranmışdır. Eyni zamanda, ticarət mərkəzinin müəyyən hissələrində müəyyən tikinti-təmir və tamamlama işlərinin görülməməsi və ya tikinti işlərinin keyfiyyəti ilə bağlı arzuolunmaz halların ortaya çıxması nəticəsində "xxxx" ASC əlavə xərclərlə qarşılaşmış və həmin nöqsanların aradan qaldırılması üçün gözlənilməz xərclərlə üzləşmişdir. Belə ki, müqavilə üzrə cavabdeh tərəfindən görülməli olan zəruri tikinti-təmir və tamamlama işlərinin aparılmamasına görə (cavabdehə əvvəlcədən məlumat verilməklə) iddiaçı "xxxx" ASC tərəfindən həmin işlər məcburən öz hesabına görülmüş və yekunda bu işlərin görülüb tamamlanmasına görə 88220 manat rəsmi xərci yaranmışdır.

3. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək ******* manat əsas borc, 367200 manat ƏDV, 153326 manat təmir xərci, 337524 manat gecikmə faizi olmaqla, cəmi 1 870 050 (bir milyon səkkiz yüz yetmiş min əlli) manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 1725 (bir min yeddi yüz iyirmi beş) manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (mülkiyyətçi) ilə cavabdeh (tikinti şirkəti) arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən mülkiyyətçi öz mülkiyyətində olan xx.xx.2007-ci il tarixli, 000326 nömrəli şəhadətnaməyə əsasən, Nəsimi rayonu, Azadlıq prospekti ilə Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsində yerləşən (Azadlıq prospekti boyu 64 metr və Mirqasımov küçəsi boyu 87.5 m) 4134.9 kv.m torpaq sahəsini müqavilə bağlanan tarixdən tikinti şirkətinə akt əsasında təhvil verməyi öhdəsinə götürür.

9. Müqavilənin 3.2-ci bəndinə görə tikinti şirkəti təhvil verilən torpaq sahəsi üzərində mövcud olan 3905.7 kv.m ticarət mərkəzinin sökülməsini və mülkiyyətçi ilə birgə qaydada razılaşdırılmış layihəyə uyğun olaraq həmin yerdə 3 mərtəbəli ticarət mərkəzinin (Azadlıq prospekti boyu 48.2 metr və Mirqasımov küçəsi boyu 69.7 m) inşa edilməsini öhdəsinə götürür.

10. Müqavilənin 3.4-cü bəndinə əsasən, tikinti şirkəti müqavilə bağlandığı tarixdən etibarən, tikintinin müəyyən edilmiş tamamlama işləri bitənədək və Dövlət Komissiyası tərəfindən binanın və ticarət mərkəzinin istismarına icazə aktı alındığı müddətədək hər ayın 10-dan gec olmayaraq 44000 (qırx dörd min) manat pul vəsaitini mülkiyyətçiyə ödəməyi öhdəsinə götürmüşdür.

11. Müqaviləni 4.2.8-ci bəndinə əsasən bu müqavilə bağlandığı tarixdən öhdəliyin icrasının bitməsi müddətinədək, yəni hər bir halda bu müqavilənin 3.3 və 3.4 bəndində qeyd olunan öhdəlik icra edilənədək 44000 (qırx dörd min) manat pul vəsaitini mülkiyyətçiyə nağd və ya bank hesabına köçürmə yolu ilə ödəməyi tikinti şirkəti öhdəsinə götürür. Tikinti şirkəti bu müqavilənin 3.3 və 3.4 bəndində qeyd olunan öhdəliyi 24 aydan tez icra etdiyi halda, qalan müddət üçün bu müqavilənin 3.4 bəndində qeyd olunan vəsaitin ödənilməsindən azad olur.

12. Müqavilənin 5.2-ci bəndinə əsasən əgər tikinti şirkəti müqavilə ilə müəyyən edilmiş müddət ərzində işləri tamamlaya bilməyərək öhdəliyini yerinə yetirməzsə mülkiyyətçi öhdəliyin icrası üçün əlavə olaraq müddət təyin edə bilər. Əlavə təyin edilmiş vaxt ərzində tikinti şirkəti aylıq 44000 (qırx dörd min) manat pul vəsaitini mülkiyyətçiyə ödəməyi öhdəsinə götürür.

13. Müqavilənin 5.3-cü bəndinə əsasən tikinti şirkəti bu müqavilənin 3.4-cü bəndində göstərilmiş pul vəsaitlərinin ödənişinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 0,1 % məbləğində dəbbə pulu ödəməlidir.

14. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBCO 027228 nömrəli 51920 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBCO 027242 nömrəli 51920 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBCO 027255 nömrəli 51920 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBCO 027374 nömrəli 51920 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBL 671980 nömrəli 51920 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBB 098666 nömrəli 51920 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBB 098821 nömrəli 51920 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.

15. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə Mirəsədulla Mirqasımov küçəsinin kəsişməsi ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binası və ticarət mərkəzinin istismarına icazə verilməsi barədə müvafiq sənəd mövcud deyildir.

16. Belə ki, iddia ərizəsi üç hissədən ibarətdir: 1. ******* manat əsas borcun və 367200 manat ƏDV borcunun ödənilməsi; 2. 337524 manat dəbbə puluunun tutulması; 3. 153326 manat təmir xərcinin ödənilməsi.

17. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.

18. Belə ki, məhkəmə araşdırması ilə müəyyən olundu ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış, həmin razılaşmaya əsasən iddiaçı öz mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsini müqavilə bağlanan tarixdən tikinti şirkətinə akt əsasında təhvil verməyi, sonuncu isə təhvil verilən torpaq sahəsi üzərində mövcud olan 3905.7 kv.m ticarət mərkəzinin sökülməsini və mülkiyyətçi ilə birgə qaydada razılaşdırılmış layihəyə uyğun olaraq həmin yerdə 3 mərtəbəli ticarət mərkəzinin inşa edilməsini və müqavilə bağlandığı tarixdən etibarən, tikintinin müəyyən edilmiş tamamlama işləri bitənədək və Dövlət Komissiyası tərəfindən binanın və ticarət mərkəzinin istismarına icazə aktı alındığı müddətədək hər ayın 10-dan gec olmayaraq 44000 (qırx dörd min) manat pul vəsaitini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.

19. Məhkəmə araşdırması ilə cavabdehin əsas borcun və ƏDV-nin ödənilməsi ilə bağlı öhdəliyini tam şəkildə icra etmədiyi, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər aylıq 44000 manat olmaqla, ümumilikdə ******* manat əsas borcu, habelə xx.xx.2023-cü il tarixə qədər olan dövr üzrə 185000 manat ƏDV, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər olan dövr üzrə isə 182200 manat (aylıq 7920 manat olmaqla) ƏDV borcunu ödəmədiyi müəyyən edilmişdir.

20. Məhkəmə hesab edir ki, ilk öncə tərəflər arasında bağlanmış əqdin hansı müqavilə növünə aid olduğuna hüquqi qiymət verilməlidir. Müqavilənin şərtlərindən görünür ki, xx.xx.2020-ci il tarixli müqavilə qarışıq müqavilədir. Müqavilədə həm alqı-satqı, həm dəyişdirmə müqaviləsinin ünsürləri mövcuddur.

21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

22. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

23. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Həmin Məcəllənin 662.1-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür.

25. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ******* manat əsas borc, 367200 manat ƏDV borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən ******* manat məbləğində əsas borc, 367200 manat ƏDV tutularaq iddiaçıya ödənilməlidir.

26. Məhkəmə iddia tələbini ikinci hissədə qismən əsaslı hesab edir.

27. İddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən hesablanmış 337524 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə (5.3-cü bənd) öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

31. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 30000 manat müəyyən edilməlidir.

32. Məhkəmə iddia ərizəsini sonuncu hissədə isə əsassız hesab edir.

33. Belə ki, iddiaçı iddia ərizəsində ona cavabdeh tərəfindən 153326 manat zərər vurulduğunu bildirir.

34. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

35. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

36. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

37. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

38. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

39. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

40. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

41. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

42. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

43. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

44. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

45. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

46. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

47. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

48. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.

49. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən ******* manat əsas borc, 367200 manat ƏDV, 30000 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 1494,6 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 230,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ******* manat əsas borc, 367200 manat ƏDV (əlavə dəyər vergisi), 30000 manat dəbbə pulu, 1494,6 manat dövlət rüsumu, ümumilikdə 1410694,6 (bir milyon dörd yüz on min altı yüz doxsan dörd manat altmış qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 230,40 (iki yüz otuz manat qırx qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar