Məhkəmə qərarları › İş №e-2-2(113)-1907/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1907/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1907/2023 17.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: müqavilə, elektron-qaimə, üzləşmə aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11246.60 manat xidmət haqqının, ona hesablanmış 2024.39 manat ƏDVnin və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci ildə agentlik müqaviləsi bağlanıb. Həmin müqavilənin 1-ci bəndinə əsasən agentlik (iş üzrə iddiaçı) sifarişçinin (iş üzrə cavabdehin) tapşırığına əsasən xidmət haqqı müqabilində sifarişçiyə reklam xidməti göstərməyi öhdəsinə götürür. Müqavilənin 2.1.5-ci bəndinə görə sifarişçi reklam və tanıtım məhsullarının hazırlanmasını agentliyə sifariş verir. Müqavilənin müddəti xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək müəyyən olunub və müddətin bitməsinə 30 gün qalmış onun ləğv olunması barədə tərəflərdən birinin xəbərdarlığı olmadıqda müqavilə növbəti 1 il müddətinə uzadılmış sayılır (müqavilənin 5.1 və 5.2 bəndləri). Müqavilənin qüvvədə olduğu müddət ərzində iddiaçı tərəfindən cavabdehə aşağıdakı xidmətlər göstərilib: 1) “Asan Radio” və “Anten Fm” radiolarında reklam xidməti – qiyməti 30000 manat və 5400 manat ƏDV, cəmi 35400 manat; 2) Yeni il videosunun hazırlanması – qiyməti 3500 manat və 630 manat ƏDV, cəmi 4130 manat; 3) Saytlarda pressreliz yayımı – qiyməti 2450 manat və 441 manat ƏDV, cəmi 2891 manat. Sadalanan xidmətlərə görə iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci ildə EBBK 761675 №-li, xx.xx.2022-ci ildə EBBP 007909 №-li və xx.xx.2022-ci ildə EBBU 297903 №-li e-qaimələr təqdim edilib və müvafiq olaraq 35400 manat, 4130 manat və 2891 manat (cəmi 42421 manat) pulun ödənilməsi tələb olunub. Müqavilənin 3.3 bəndinə görə sifarişçi bu müqavilə ilə göstərilən xidmətlərin dəyərini təhvil-təslim aktı imzalandığı tarixdən agentlik tərəfindən təqdim olunan elektron qaimə fakturaya əsasən 10 iş günü ərzində ödəyir. Cavabdeh müqavilənin bu şərti pozaraq iddiaçı qarşısında öhdəliyini tam icra etməyib və hazırda onun iddiaçıya 13270.99 manat (o cümlədən 11246.60 manat əsas borc və 2024.39 manat ƏDV) borcu var. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli MS-433 №-li məktubunda 13270.99 manat qalıq borcunun olduğunu etiraf edib. Tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması ilə öhdəlik yaranmışdır (AR MM-in 386.1-ci maddəsi). Cavabdeh müqavilə öhdəliyini pozaraq aldığı xidmətin dəyərini iddiaçıya ödəməyib. İddiaçı AR MPM-in 150.2-ci maddəsində göstərilən qaydada cavabdehə pretenziya göndərərək borcun ödənilməsini tələb edib, lakin cavabdeh tələbi yerinə yetirməyib, həmçinin pretenziyaya cavab verməyib. İddiaçı ilkin mediasiya sessiyasında iştirak edib, cavabdeh iştirak etmədiyi üçün mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilib.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında üzləşmə aktı imzalandıqdan sonra cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır.

5. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (agentlik) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 11 oktyabr 2021-ci il tarixli agentlik müqaviləsinə əsasən agentlik bu müqavilə üzrə sifarişçi tərəfindən göndərilən “Radiolarda reklam” xidmətini agentliyə tapşırıq verir, agentlik isə xidmət haqqı müqabilində sifarişçiyə xidmət göstərməyi öhdəsinə götürür.

8. Müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər arasında bu müqavilə üzrə qarşılıqlı hesablaşmalar Azərbaycan Respublikasında mövcud olan nağdsız hesablaşmalar qaydalarına uyğun olaraq müvafiq hesab-faktura əsasında həyata keçirilir.

9. Müqavilənin 3.2-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə göstərilən xidmətlərin dəyəri müqaviləyə əlavələrlə müəyyən ediləcəkdir.

10. İddiaçı tərəfindən cavabdehə EBBK 761675 nömrəli xx.xx.2021-ci il tarixli 35400 manat məbləğində, EBBP 007909 nömrəli xx.xx.2022-ci il tarixli 4130 manat məbləğində, EBBU 297903 nömrəli xx.xx.2022-ci il tarixli 2891 manat məbləğində elektron qaimələr göndərilmişdir.

11. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş xx.xx.2021-xx.xx.2022-ci illər dövrü üzrə üzləşmə aktına əsasən cavabdehin iddiaçıya olan borcu 13770,99 manat (ƏDV daxil) təşkil edir.

12. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən cavabdeh iddiaçıya olan qalıq 13270,99 manat məbləğində borcu 2023-cü ildə ödəməyə zəmanət verdiyini bildirmiş, yaranmış problemin nəzərə alınmasını xahiş etmişdir.

13. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 24703,40 manat əsas borc, 4446,64 manat ƏDV borcu ödənilmişdir.

14. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 11 oktyabr 2021-ci il tarixli agentlik müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə cavabdehin ümumilikdə 11246.60 manat xidmət haqqı, ona hesablanmış 2024.39 manat ƏDV borcu, ümumilikdə, 13270,99 manat məbləğində borcu yaranmışdır.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

18. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin 11 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 13270,99 manat (ƏDV daxil) borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 13270,99 manat (ƏDV daxil) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

23. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/MT015/2023-0004/03-d nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir.

24. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 13270,99 (on üç min iki yüz yetmiş manat doxsan doqquz doqquz qəpik) manat məbləğində pul (ƏDV daxil) və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ÜLKƏR HƏSƏNOVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar