Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-191/2023 18.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı "xxxx" Şirkətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Şirkəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən itirilmiş 1 ədəd Aselsan əl telsizinin dəyəri 650 manat olduğundan ƏDV daxil olmaqla 767 manat və Aselsan əl telsizi itirilməsəydi, bu günə qədər iddiaçı Şirkətin əldə edilə biləcəyi xidmət haqqı iyun, iyul, avqust, sentyabr ayları üçün ƏDV daxil olmaqla 236 manat, 18 may 2022-ci il tarixli çıxarışa əsasən 3-cü ay üçün xidmət haqqının ödənilməsi cihazların qaytarılmasına qədərki dövrü əhatə etdiyindən 2 ədəd Aselsan əl telsizinin ödənilməli olan 118 manat xidmət haqqı və cəmi 1.121 manatın 0,01 faizi miqdarında yəni 14,23 manat dəbbə pulu, mediasiyaya dair ödənilmiş haqqın 60 manatın 50%-i 30 manat, vəkilin xidmət haqqı 150 manat, məhkəmə üçün ödənilmiş dövlət rüsumu 35 manat olmaqla, cəmi 1.350,23 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçı"xxxx" Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Şirkəti ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli T-2022/03-222 nömrəli “Trunk rabitə sisteminə dair” xidmət müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən operator adlanan iddiaçı "xxxx" Şirkəti abonent adlanan Cavabdeh MMC-ni Trunk rabitə qovşağına qoşulmasını təmin etməli, abonent isə həmin xidmətlərin qarşılığında xidmət haqqı ödəməli idi. xx.xx.2022-ci il tarixli 957 nömrəli anbardan çıxarış formasında göstərildiyi kimi iddiaçı "xxxx" şirkəti tərəfindən 2 ədəd Aselsan əl telsizi, 2 ədəd masaüstü, 2 ədəd adaptor cihazları Cavabdeh MMC-yə təhvil verilmişdir. Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini müəyyən müddət ərzində lazımi qaydada icra etsə də, daha sonra xidmət haqqını ödəməkdən yayınmışdır. Belə ki, Cavabdeh MMC 2 ədəd Aselsan əl telsizinin 3-cü ay üçün ödənilməli olan xidmət haqqını ödəməmişdir. Həmçinin, 18 may 2022-ci il tarixli anbardan çıxarış formasından göründüyü kimi Cavabdeh MMC cihazları təhvil verərkən Aselsan əl telsizlərindən birini əskik qaytarmışdır. Bundan sonra tərəflərindən xx.xx.2022ci il tarixində Cavabdeh MMC-yə elektron xəbərdarlıq məktubu ünvanlanmışdır. Həmin xəbərdarlığa əsasən ödənilməli olan xidmət haqqı və 1 ədəd əskik Aselsan əl telsizini qaytarılmasını xahiş etmişlər. Həmin xəbərdarlıqdan sonra Cavabdeh MMC tərəfindən onlara xx.xx.2022-ci il tarixli müraciət məktubu göndərilərək, Aselsan əl telsizlərindən birini itirdikləri bildirilmiş və onun dəyərinin pul məbləğini 2 hissəyə bölərək ödəməyi xahiş etmişlər. Müraciət xx.xx.2022-ci il tarixində "xxxx" Şirkətinə daxil olmuş və təsdiqlənmişdir. Bu səbəbdən Cavabdeh MMC-yə dəyərin ödənilməsi üçün lazım olan bank hesabı rekvizitləri göndərilmişdir. Bütün bunlara baxmayaraq, Cavabdeh MMC yenə də öhdəliklərinin icrasından yayınmışdır. Bundan sonra Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli növbəti pretenziya məktubu göndərilərək, itirilmiş 1 ədəd Aselsan əl telsizinin dəyərinin 3 gün ərzində təqdim edilən bank hesabına ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin pretenziya məktubundan sonra da müraciətləri üzrə hər hansı ödəniş olmamışdır. Cavabdeh tərəfindən ödənilməli xidmət haqqı və vurulmuş ziyanın əvəzinin ödənilməsi üçün tərəflərindən mediasiya prosesi ilə bağlı təklif göndərilmiş, lakin cavabdeh tərəfindən təkliflərinə cavab gəlmədiyinə görə mediasiya təşkilatına müraciət edilmişdir. Cavabdeh mediasiya sessiyasında da iştirak etmədiyi üçün ödəməli olduqları xidmət haqqının və vurulmuş ziyanın ödənilməsinə dair hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, T-2022/03-222 nömrəli müqavilənin 3.2-ci maddəsinə əsasən operator xidmətləri yerinə yetirdikdən sonra hər ayın 15-dən sonra abonentə hesab-faktura (əsli) və elektron qaimə-faktura təqdim edir. Ödəniş hesab-faktura təqdim edildikdən sonra 10 (on) təqvim günü ərzində operatorun bu müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Həmin Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər qarşılıqlı surətdə, yalnız təqsirli olaraq bir-birinə vurduqları birbaşa ziyana görə məsuliyyət daşıyırlar. Digər şəxslərin hərəkətləri nəticəsində dəymiş zərərə dolayı ziyana görə tərəflər bir-birinə qarşı tələb irəli sürmür və bu cür ziyanı ödəmirlər. Qeyd olunan müqavilənin 4.2-ci maddəsinə əsasən abonent ödəniş şərtlərini pozduqda operator ödənişin tam həyata keçirildiyi tarixə qədər gecikdirilmiş hər gün üçün ödənilməli məbləğin 0.01% miqdarında dəbbə pulu hesablanmasını tələb etmək hüququna malikdir. Göründüyü kimi lazımi sənədlər cavabdehə təqdim edildikdən sonra 10 gün ərzində xidmət haqqı ödənilməli idi, lakin keçən müddət ərzində hər hansı ödəniş edilməmişdir. O cümlədən cavabdeh tərəfindən 2 ədəd Aselsan əl telsizindən birinin itirilməsi nəticəsində iddiaçı "xxxx" Şirkətinə ciddi zərər vurmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Vəkil məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, əl telsizi tapılması ilə şirkətin telsizi qəbul etməməsinin səbəbi ondan ibarətdir ki, əmlak şirkətin balansından silinib. Şirkətə ziyan dəymişdir, belə ki, əl telsizi həmin müddətdə icarəyə verilə bilərdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə Ağası oğlu iddia tələbini qəbul etməyib, izahatında əl telsizi itirildikdən bir müddət sonra telsizin tapıldığını və o bu barədə şirkətə məlumat verdiyini, lakin sonuncunun telsizi qəbul etmədiyini, dəfələrlə qeyd etdiyi kimi, o əl telsizindən istifadə etmədiyini, hazırda da əl telsizini iddiaçıya təqdim edə biləcəyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin qanuni təmsilçisi iddiaya etiraz edərək itirdikləri bir ədəd əl telsizini tapdıqlarını, lakin bu barədə iddiaçıya məlumat vermələrinə baxmayaraq iddiaçının əl telsizini qəbul etməkdən imtina etməsini və əl telsizini qaytarmağa hazır olduğunu bildirdi və həmin hissədə iddianın rədd edilməsini xahiş etdi, eyni zamanda xidmət müqaviləsi üzrə rabitə xidmətlərindən istifadə etdiyi sonuncu ay üçün abunə haqqını ödəmədiklərini etiraf etdi. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, "xxxx" Şirkətində satış meneceri vəzifəsində işləyir. "xxxx" Şirkəti rabitə şirkətidir. Telsiz satışı və icarəsi ilə məşğul olur. Cavabdeh müvəqqəti olaraq əl telsizini əldə etmək üçün onlara müraciət etdi. Onlar da cavabdehə əl telsizini icarəyə verməyi təklif etdilər. Cavabdeh əl telsizindən istifadə etdikdən sonra məhsulu geri qaytarmaq niyyətində olduğunu bildirdi. Etiraz etmədilər. Lakin cavabdeh sadəcə bir əl telsizini qaytardı, digərini isə itirdiyini bildirdi. Daha sonra Eldar adlı şəxs ona telsizin dəyərini ödəyəcəyini bildirdi və 3 aya hissə-hissə ödəniş edəcəyini qeyd etdi. Daha sonra müddət uzandı, nə ödəniş edildi, nə telsiz geri qaytarıldı. Onlar məhkəməyə müraciət etdikdən sonra əl telsiznin tapıldığını öyrəndilər. Onlar məhsulu müvafiq qurumlardan silmişlər və əl telsizinin balansa qaytarılması qeyrimümkündür. X3 tezliklər İdarəsində və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məxfi şöbəsində qeydiyyatdan keçir. Şahid N.Musazadə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, müştəri onlara telsizin itirilməsi ilə bağlı müraciət etdiyi vaxt onlar ilk əvvəl telsizin itirilməsi ilə bağlı AR DİN-ə rəsmi müraciət edirlər. AR DİN-nin əl telszinin tapılmaması ilə bağlı verdiyi arayışı Dövlət Radio tezliklər İdarəsinə təqdim edirlər. Verdikləri raport əsasında Dövlət Radio tezliklər İdarəsində telsiz "xxxx" Şirkətinin qeydiyyatından çıxarılır. Yenidən telsizi balansa salmaq üçün uyğunluq setifikatı alınmalıdır. Həmin sertifikatın alınması üçün 900 manat ödəniş etməlidilər. X5 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, "xxxx" Şirkətini müqavilə əsasında məhkəmələrdə təmsil edir. Bu məsələ ilə bağlı şirkət ona müraciət etdi. O, da cavabdehin direktoru, Eldar müəllim ilə əlaqə saxladı, o ona bildirdi ki, ödəniş edəcək. O, ona telsizin itirilməsinin nəticələrini izah etdi və hətta hissə-hissə ödəniş edilməsinin xahiş edilməsi ilə bağlı məktubun məzmununu tərtib etməkdə köməklik göstərdi. Daha sonra ödəniş etmədi və bildirdi ki, telsiz tapılıb. Türkiyə Respulikasında yerləşən əsas şirkət və "xxxx" Şirkəti ilə əlaqə saxladı və cavabdehə köməklik göstərilməsini xahiş etdi. İlk əvvəl şirkət telsizi balansdan sildiyini bildirdi, lakin daha sonra razılaşdı. Cavabdehin direktoruna 1-2 saat ərzində telsizi çatdırmağı tapşırdı, lakin cavabdeh telsizi təqdim etmədi. Fərqli bəhanələr gətirərək mobil telefona cavab vermədi, yalan danışaraq məhsulu vermədi. Daha sonra bildirdi ki, ödəniş edib. Hansı hesaba ödəniş etdiyini soruşdular, bir neçə hesabının olduğunu və hansı hesabından ödəniş etdiyini bilmədiyini bildirdi. X5 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, telsizin itirilib-itirilmədiyini bilmirdilər. Onlara itirilməsi ilə bağlı rəsmi ərizə ilə müraciət edib. Məhsul qeydiyyatdan çıxıb. İlk əvvəl xahiş edib yenidən qeydiyyata salacaqdılar. O, özü xahiş edib icazə almışdı. Lakin cavabdeh onları aldatdı. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" Şirkəti (operator) ilə Cavabdeh MMC (abonent) arasında 10 mart 2022-ci il tarixli T-2022/03-222 nömrəli TRUNK Rabitə Sisteminə dair xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq operator 27 iyun 2019cu il tarixli lisenziyanın əsasında abonentin TRUNK rabitə qovşağına qoşulmasını təmin edir, abonent isə həmin xidmətlərin haqqını ödəməyi öhdəsinə götürür. 1.3-cü bəndinə əsasən abonent operatora TRUNK rabitə sisteminin istifadəsi üçün abunə haqqı ödəyir. 2.1.4-cü bəndinə əsasən operator abonent hesabı vaxtında ödəmədikdə abonentə 5 təqvim günü əvvəlcədən xəbərdarlıq etməklə radiocihazları sistemdən söndürmək hüququna malikdir. 2.2.1-ci bəndinə əsasən abonent xidmətlərin haqqını hər ay üçün kəsilmiş hesabfaktura, qaimə-faktura, elektron qaimə-faktura və elektron vergi hesab fakturaya əsasən ödəyir. 2.2.6-cı bəndinə əsasən abonent bu müqavilədə nəzərdə tutulan hallarda operator radiocihazları söndürdükdə (xidmətləri dayandırdıqda) müqavilə ilə nəzərdə tutulmuş haqqları xidmətdən istifadə etdiyi vaxta görə ödəyir. 3.3-cü bəndinə əsasən ödəniş, operator abonentə hesab-faktura, qaimə-faktura, elektron qaimə-faktura və elektron vergi hesab fakturanı təqdim etdikdən (göndərildikdən) sonra 10 iş günü ərzində həyata keçirilməlidir. 4.1-ci bəndinə əsasən tərəflər qarşılıqlı surətdə, yalnız təqsirli olaraq bir-birinə vurduqları birbaşa ziyana görə məsuliyyət daşıyırlar. Digər şəxslərin hərəkətləri nəticəsində dəymiş zərərə, dolayı ziyana görə tərəflər bir-birinə qarşı tələb irəli sürmür və bu cür ziyan ödəmirlər. 4.2-ci bəndinə əsasən operator abonent ödəniş şərtlərini pozduqda, ödənişin tam həyata keçirildiyi tarixə qədər, gecikdirilmiş hər gün üçün ödənilməli məbləğin 0,01% miqdarında dəbbə pulu hesablanmasını tələb etmək hüququna malikdir. 4.7-ci bəndinə əsasən abonent və operator icarəyə verilmiş cihazların qiymətini aşağıda göstərilənlər üzrə qəbul edir: - Aselsan 4415 əl telsizi – 650 manat - Şarj cihazı masa üstü – 96 manat - Şarj birimi AC besleme (adaptor) – 35 manat - Helis Anten - 32 manat - Batareya bloku – 85 manat - Klips – 10 manat 4.8-ci bəndinə əsasən istifadəyə verilmiş cihazlar yararsız hala salındıqda və ya itirildikdə, yaxud operatorun təqsiri səbəbindən olması halları istisna olmaqla hər-hansı digər şəkildə sıradan çıxdıqda abonent bu müqavilənin 4.7-ci bəndində cədvəldə adları qeyd edilən cihazları dəyərini 10 iş günü ərzində operatora ödəməlidir. 8.5-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 30 dekabr 2022-ci il tarixinədək qüvvədədir. Müqavilənin müddəti başa çatmamışdan 10 gün öncə abonent və ya operator tərəfindən müqavilənin dayandırılması haqqında yazılı surətdə bildiriş olmazsa, müqavilə avtomatik olaraq, 1 il müddətinə uzadılmış hesab olunur və bu şərt hər növbəti dəfə tətbiq olunur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 10 mart 2022-ci il tarixli T-2022/03-222 nömrəli TRUNK Rabitə Sisteminə dair Xidmət müqaviləsinə əlavə olan aylıq xidmət haqqının razılaşdırılması protokoluna əsasən bir cihaz üçün aylıq abunə haqqı 50 manat olmaqla 2 ədəd Aselsan T4415 əl telsizinin ümumi aylıq abunə haqqısı (18 manat ƏDV daxil) 118 manat təşkil edir. 11 mart 2022-ci il tarixli 957 nömrəli anbardan çıxış formasına (təhvil-təslim aktı) əsasən Aselsan T4415 markalı, müvafiq olaraq 17009 və 15323 seriya nömrəli 2 ədəd əl telsizi, 2 ədəd masa üstü və 2 ədəd adaptor "xxxx" Şirkəti tərəfindən Cavabdeh MMC-yə təhvil-təslim edilmişdir. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. 18 may 2022-ci il tarixli 931 nömrəli anbardan çıxış formasına (təhvil-təslim aktı) əsasən Aselsan T4415 markalı, 17009 seriya nömrəli 1 ədəd əl telsizi, 1 ədəd masa üstü və 1 ədəd adaptor Cavabdeh MMC tərəfindən "xxxx" Şirkətinə təhvil-təslim edilmişdir. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" Şirkətinə daxil olmuş xx.xx.2022-ci il tarixli müraciətə əsasən müəyyən edilir ki, Cavabdeh MMC (nümayəndə Qanuni nümayəndə) "xxxx" Şirkətinə müraciət edərək, xx.xx.2022-ci il tarixində "xxxx" Şirkətinin göndərdiyi xəbərdarlığa əsasən aralarında bağlanmış xx.xx.2022-ci il tarixli TRUNK Rabitə Sisteminə dair müqaviləyə uyğun olaraq Türkiyə Respublikasının "xxxx" Şirkətindən 11 mart 2022-ci il tarixdə götürdükləri cihazlardan – Aselsan əl telsizlərindən birini itirdiklərinə görə həmin cihazın ümumi dəyərinin pul məbləğini 2 hissəyə bölərək ödəmək üçün onlara icazə verilməsi və bank hesabı rekvizitləri barədə məlumat göndərilməsi xahiş edilmişdir. "xxxx" Şirkəti tərəfindən Cavabdeh MMC-yə təqdim edilən xx.xx.2022-ci il tarixli, 291 nömrəli hesab-fakturaya əsasən müəyyən olunur ki, həmin hesab-faktura əsasında T- 2022/03-222 nömrəli TRUNK müqaviləsi üzrə 1 ədəd Aselsan 4415 əl telsizinin ümumi dəyəri (117 manat ƏDV daxil) 767 manat təşkil edir. "xxxx" Şirkəti tərəfindən Cavabdeh MMC-yə 117 manat ƏDV daxil 767 manat dəyərində 1 ədəd Aselsan 4415 əl telsizinə görə EBBY seriyalı, 564336 nömrəli, 20 iyun 2022-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir. "xxxx" Şirkəti tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq tələb olunan pulun 3 gün ərzində ödənilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" Şirkəti (operator) ilə Cavabdeh MMC (abonent) arasında 10 mart 2022-ci il tarixli T-2022/03-222 nömrəli TRUNK Rabitə Sisteminə dair xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" şirkəti avadanlıqları ilə birlikdə Aselsan T4415 markalı, müvafiq olaraq 17009 və 15323 seriya nömrəli 2 ədəd əl telsizini Cavabdeh MMC-yə təhvil verməklə sonuncunun TRUNK rabitə qovşağına qoşulmasını təmin etmiş və rabitə xidmətləri göstərmişdir. Cavabdeh MMC həmin müqaviləyə əsasən iki ay ərzində iddiaçı "xxxx" Şirkətinə göstərdiyi rabitə xidmətlərindən istifadə etmiş, lakin rabitə xidmətlərindən istifadə etdiyi sonuncu ay üçün abunə haqqını ödəməmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh avadanlıqları ilə birlikdə əl telsizlərdən yalnız birini (Aselsan T4415 markalı, 17009 seriya nömrəli 1 ədəd əl telsizi, 1 ədəd masa üstü və 1 ədəd adaptor) iddiaçıya geri qaytarmışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh iddiaçıya yazılı müraciət edərək 11 mart 2022-ci il tarixdə istifadəyə götürdükləri əl telsizlərindən birini itirdiklərini bildirmiş və həmin cihazın ümumi dəyərinin 2 hissəyə bölünərək ödəmələri üçün onlara icazə verilməsini xahiş etmişdir. Lakin halhazıradək cavabdeh tərəfindən mübahisəli əl telsizinin dəyəri iddiaçıya ödənilməmiş, eləcə də əl telsizi geri qaytarılmamışdır. Hazırda iddiaçı "xxxx" Şirkəti Cavabdeh MMC tərəfindən itirilmiş 1 ədəd əl telsizinin dəyəri olan (ƏDV daxil) 767 manat məbləğində pulun və qaytarılmamış əl telsizinə görə iyun, iyul, avqust, sentyabr ayları üçün əldə edə biləcəyi abunə haqqıya bərabər məbləğdə, yəni 236 manat məbləğində dəymiş maddi zərərin və cavabdeh tərəfindən ödənilməmiş bir aylıq müddət üçün 118 manat məbləğində abunə haqqının cavabdehdən tutulmasını tələb edir. Məhkəmə ilk öncə iddia tələbinin cavabdeh tərəfindən itirilmiş 1 ədəd Aselsan əl telsizinin ümumi dəyəri olan ƏDV daxil 767 manat pulun tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia əsassızdır. Belə ki, iddiaçı həmin hissədə iddia tələbini onlara məxsus əl telsizinin cavabdeh tərəfindən itirilməsi və nəticəsində onlara maddi zərər vurulması ilə əsaslandırsa da, məhkəmə araşdırması zamanı, o cümlədən məhkəmə iclasında əl telsizinə baxış keçirilməklə, iddiaçının itirildiyini iddia etdiyi 15323 seriya nömrəli əl telsizinin hal-hazırda cavabdehin sahibliyində olduğu, yəni itirilmədiyi müəyyən edilmişdir. İddia tələbinin əsası kimi iddiaçının istinad etdiyi tərəflər arasında bağlanmış 10 mart 2022-ci il tarixli T-2022/03-222 nömrəli TRUNK rabitə sisteminə dair xidmət müqaviləsinin 4.8-ci bəndinə əsasən isə istifadəyə verilmiş cihazlar yararsız hala salındıqda və ya itirildikdə, yaxud operatorun təqsiri səbəbindən olması halları istisna olmaqla hər-hansı digər şəkildə sıradan çıxdıqda abonent bu müqavilənin 4.7-ci bəndində cədvəldə adları qeyd edilən cihazları dəyərini 10 iş günü ərzində operatora ödəməlidir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh MMC yalnız cihazlar yararsız hala salındığı və ya itirildiyi, yaxud onun təqsiri səbəbindən olması halları istisna olmaqla hər hansı digər şəkildə sıradan çıxdığı halda məhv olmuş, itirilmiş və ya digər formada sıradan çıxmış cihazın dəyərini, yəni iddiaçıya dəymiş real zərərin əvəzinin ödəmək öhdəliyini üzərinə götürmüşdür. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 448.1-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1- ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin yuxarıda istinad edilən normalarının məzmunundan da göründüyü kimi maddi zərərin ödənilməsi barədə iddia o zaman təmin edilir ki, məhkəmə tərəfindən cavabdehin təqsirli hüquqazidd əməlləri (eləcə də müqavilə öhdəliklərinin təqsirli pozuntusu) nəticəsində iddiaçının hüquqlarının pozulması; maddi zərərin mövcudluğu faktı və məbləği; eləcə də cavabdehin hüquqazidd əməlləri ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilmiş olsun. Yuxarıda qeyd edildiyi kimi hazırkı halda cavabdeh tərəfindən iddiaçıya məxsus əl telsizinin itirilməsi faktı müəyyən edilməmişdir. Odur ki, iddiaçının əl telsizinin itirilməsi əsası ilə həmin əmlakın dəyəri məbləğində dəymiş real maddi zərərin ödənilməsini cavabdehdən tələb etməkdə haqlı olmaması açıq-aşkardır. Cavabdehin iddiaçıya müraciət (məktub) ünvanlamaqla əl telsizinin itirilməsi ilə əlaqədar sonuncunun dəyərinin ödənilməsi öhdəliyini üzərinə götürməsi barədə iddiaçının istinad etdiyi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin sözügedən müraciəti borcun etirafı barədə müqavilə olmamaqla özü-özlüyündə cavabdehin əl telsizinin dəyərinin ödənilməsi öhdəliyinin yaranmasının müstəqil əsası kimi çıxış etmir. Həmin məktuba yalnız iş üçün əhəmiyyət kəsb edən halları təsdiq və ya təkzib edən edən sübut qismində digər sübutlarla əlaqəli şəkildə qiymət verilməlidir. Hazırkı halda isə məktubda göstərilən hal, yəni cavabdeh tərəfindən əl telsizinin itirilmiş olması və nəticədə sonuncunun əl telsizinin dəyərinin ödənilməsini ödəmək öhdəliyinin yaranması məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təkzib edilir. Bununla yanaşı işin yuxarıda göstərilən hallarından da göründüyü kimi iddiaçıya məxsus olan əl telsizi hazırda itirilmiş olmasa da, Cavabdeh MMC müəyyən müddət ərzində əl telsizini tapa bilməmiş, nəticədə mübahisəli müqavilə üzrə münasibətlərə xitam verilərkən həmin əl telsizini iddiaçıya geri qaytarmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmət müqaviləsi üzrə münasibətlərə xitam verilərkən əl telsizini iddiaçıya geri qaytarmamaqla müqavilə üzrə öhdəliyinin təqsirli pozuntusuna yol verməsi açıq-aşkar olsa da, mübahisəli əl telsizi hazırda naturada mövcud olmaqla cavabdehin sahibliyində olduğundan göstərilən pozuntu (əl telsizinin vaxtında qaytarılmaması) nəticəsində iddiaçıya əl telsizinin dəyəri məbləğində real maddi zərərin vurulması faktı iş materialları ilə öz təsdiqini tapmır. Belə olan halda isə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin göstərilən pozuntusuna yol verilməsi faktının mövcudluğu əl telsizinin dəyərinin cavabdehdən tutulması tələbinə dair hissədə iddianın təmin edilməsi üçün kifayət etmir. Bundan əlavə məhkəmə onu qeyd edir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsinin məzmunundan göründüyü kimi həmin müqaviləyə əsasən iddiaçı cavabdehə rabitə xidmətləri göstərməklə yanaşı mülkiyyətində olan iki əl telsizinin cavabdehin istifadəsinə vermişdir. Belə olan halda isə həmin müqavilə icarə müqaviləsinin elementlərini özündə birləşdirən qarışıq müqavilə olmaqla həmin müqavilənin icarəyə verilmiş əmlakın geri qaytarılması, eləcə də həmin əmlakın itirilməsi ilə bağlı dəymiş zərərin ödənilməsi hissəsinə Mülki Məcəllənin icarə müqaviləsinə aid normaları tətbiq edilə bilər. Mülki Məcəlləsinin: 390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 700.3.-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 697.1-ci maddəsinə görə kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Mülki Məcəllənin icarə müqavilənin qaytarılması ilə bağlı normalarından da göründüyü kimi qanunverici icarəyə verilmiş əmlakın vaxtında qaytarılmadığı halda icarəyə verənin həmin əmlakın dəyərini tələb etmək hüququna malik olmasını nəzərdə tutmamış, eyni zamanda tərəflər arasında bağlanmış müqavilədə də iddiaçının belə bir hüquqa malik olması barədə şərt yer almamışdır. Əl telsizinin itirilməsi ilə bağlı balansdan silinməsi və Dövlət Radiotezliklər İdarəsinə balansdan çıxarılma ilə bağlı məlumat verilməsi barədə iddiaçının dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı əl telsizinin yenidən balansa salınmasının mümkün olmaması və ya əlavə xərclər tələb etməsi ilə bağlı bir-birini təkzib edən dəlillərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Əksinə iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş Gursel Bolatın ifadələri ilə təsdiq edilir ki, cavabdehin qanuni təmsilçisi əl telsizinin tapılması barədə iddiaçı şirkətə məlumat verdikdə iddiaçı şirkət əvvəlcə həmin əmlakın qaytarılması ilə razılaşmış, lakin cavabdehin nümayəndəsi əl telsizini tərəflərin razılaşdırdığı vaxt qaytarmadığından hazırda həmin əl telsizini geri götürməkdən imtina edir. Şahidin ifadəsində istinad etdiyi yuxarıda göstərilən hallar isə iddiaçının istinad etdiyi əl telsizinin yenidən balansa salınmasının mümkün olmaması barədə dəlillərinin əsaslılığını təkzib edir. Odur ki, iddiaçının istinad etdiyi yuxarıda göstərilən dəlillər iddiaçıya əl telsizinin məhkəmə tərəfindən itirilmiş kimi qiymətləndirilməsi və əl telsizinin itirilməsinə görə dəymiş zərərin cavabdehdən tutulması üçün əsas vermir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, itirilmiş əl telsizinin dəyərinin ödənilməsi tələbinə dair hissədə iddia əsassız olmaqla rədd edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn münasibətlərə xx.xx.2022-ci il tarixdə xitam verildiyindən (hər iki tərəfin razılığı ilə) həmin tarixdən cavabdehin mübahisəli əl telsizindən istifadə etməsi üçün mövcud olmuş əsas aradan qalmışdır. Odur ki, iddiaçıya cavabdehə qarşı mübahisəli əl telsizinin geri qaytarılmasına dair iddia irəli sürülməsi hüququ izah edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehin qaytarmadığı bir ədəd əl telsizinə görə iyun, iyul, avqust, sentyabr ayları üçün xidmət haqqı məbləğində- 236 manat məbləğində dəymiş zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi cavabdeh müqavilə münasibətlərinə xitam verilərkən əl telsizini qaytarmaq öhdəliyinin təqsirli pozuntusuna yol vermiş, nəticədə iddiaçı həmin müddət ərzində əl telsizini vasitəsilə digər şəxslərə rabitə xidməti göstərmək imkanından məhrum olmuşdur. Bununla yanaşı Mülki Məcəllənin: 697.2-ci maddəsinə görə əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər. Odur ki, məhkəmə cavabdehin müqaviləyə əsasən icarəyə verilmiş əl telsizlərindən birini iddiaçıya vaxtında qaytarmadığını nəzərə alaraq, hesab edir ki, iddiaçı "xxxx" Şirkəti 1 ədəd əl telsizinə görə iyun, iyul, avqust, sentyabr ayları üçün abunə haqqı məbləğində maddi zərərin kompensasiyasının ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. İddianın ödənilməmiş bir aylıq abunə haqqına görə 118 manat məbləğində pul tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə verdiyi izahatda son bir ay üçün (18 aprel -18 may 2022 tarixləri arası dövr üçün) müqavilədə nəzərdə tutulmuş haqqını ödəməməsi faktını etiraf etmişdir. MPM-in 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Bununla yanaşı "xxxx" Şirkəti müqavilə üzrə ödəniş şərtlərini pozduğuna görə Cavabdeh MMC-yə hesablanmış 14,23 manat məbləğində dəbbə pulunun Cavabdeh MMC-dən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, tərəflər arasında bağlanmış müqavilədə isə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır. Dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçı "xxxx" Şirkəti hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,01 faiz məbləğində dəbbə pulunu müqavilə üzrə ödənilməsini tələb etdiyi xidmət haqqı borcu ilə yanaşı, itirilmiş əl telsizinin dəyəri olaraq tələb etdiyi 767 manat, eləcə də əl telsizinin vaxtında qaytarılmamasına görə dəymiş maddi zərərin əvəzi olaraq tələb etdiyi 236 manat məbləğlərinə də hesablamışdır. 767 manat məbləğində itirilmiş əl telsizinin dəyərinin tutulması hissəsində hazırkı iddia tələbi əsassız hesab edildiyindən həmin ödənişin gecikdirilməsinə görə dəbbə pulunun tutulması hissəsində də iddia tələbinin əsassız olması açıq-aşkardır. Əl telsizinin vaxtında qaytarılmamasına görə vurulmuş maddi zərərin kompensasiyası olaraq tələb olunan 236 manat məbləğinə hesablanmış dəbbə pulu məbləğinə gəldikdə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndində yalnız müqavilədə nəzərdə tutulmuş ödəniş şərtlərinin gecikdirilməsinə görə dəbbə pulunun hesablanması nəzərdə tutulmuşdur. Odur ki, maddi zərərin əvəzi olaraq tutulması qət edilmiş 236 manat məbləği müqavilədə nəzərdə tutulmuş ödəniş olmadığından müqavilənin yuxarıda göstərilən bəndinə əsasən həmin məbləğinin ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulu hesablana bilməz. Belə olan halda cavabdehdən tutulacaq dəbbə pulu məbləği müqavilə üzrə ödənilməsi gecikdirilmiş 118 manat məbləğində borc məbləğinə hesablamalı və 6 aylıq müddət üçün hər günə 0,01 faiz hesabı ilə 2,50 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 35 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, iddiaçının əsas borcun gecikdirilməsinə görə tələb etdiyi faiz borcunun məbləği nəzərə alındıqda hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 31,35 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən iddia verilərkən ödənilmiş 35 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 150 (yüz əlli) manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 118 (yüz on səkkiz) manat məbləğində xidmət haqqı borcu, 2,5 manat (iki manat əlli qəpik) məbləğində dəbbə pulu, maddi zərərin əvəzi olaraq 236 (iki yüz otuz altı) manat məbləğində pul vəsaiti, cəmi 356,5 manat (üç yüz əlli altı manat əlli qəpik) məbləğində pul vəsaiti, eləcə də mediasiya xərclərinin əvəzi olaraq 30 (otuz) manat və vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Şirkətinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Şirkətinə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-191/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-191/2023
18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver