Məhkəmə qərarları › İş №e-2-2(113)-1962/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1962/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1962/2023 04.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Endem İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına qarşı cavabdehdən 1666,08 manat ödənilməmiş borc məbləğinin və ödənilmiş 50 manat mediasiya xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qiyabi qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 1666,08 manat ödənilməmiş borc məbləğinin və ödənilmiş 50 manat mediasiya xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış 26 dekabr 2012-ci il tarixli, AZRT/002/013 saylı “İnternetə qoşulma xidmətlərinin təmin edilməsi” haqqında müqaviləyə əsasən iddiaçı cavabdehi internet trafiki ilə təmin etməli, cavabdeh isə bunun əvəzində razılaşdırılmış xidmət haqqını ödəməyi öz üzərinizə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin iddiaçıya 1666,08 manat ödənilməmiş borcu qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 238 və 241-ci maddələrinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı isə buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil işə qiyabi icraat qaydasında baxılmasına yazılı formada razı olduğunu bildirmişdir. Məhkəmənin qərardadı ilə, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 26 dekabr 2012-ci il tarixli, AZT/002/013 saylı “İnternetə qoşulma xidmətlərinin təmin edilməsi” haqqında müqavilədən görünür ki, iddiaçı cavabdehi yerli və beynəlxalq internet trafiki ilə təmin etməyi, cavabdeh isə razılaşdırılmış cədvəl əsasında xidmətlər üzrə ödənişləri təmin etməyi öhdələrinə götürmüşlər. xx.xx.2019-cu il tarixli AZRT_ ********* saylı hesabdan görünür ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 1666,08 manat təşkil etmişdir. 5 ədəd elektron vergi hesab-fakturalarından görünür ki, iddiaçı tərəfindən ümumilikdə 1604,8 manat dəyərində internet trafik xidməti göstərilməsinə dair elektron vergi hesab-fakturaları cavabdehə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında AZRT/002/013 nömrəli xx.xx.2012-ci il tarixli "İnternetə qoşulma xidmətlərinin təmin edilməsi haqqında" müqavilə imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə internet xidmətləri göstərilmişdir. Müqaviləyə 2 saylı Əlavənin 6-cı maddəsinə əsasən aylıq xidmət haqqı ƏDV xaric 272 manat razılaşdırılmışdır. Müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə göstərilmiş internet xidmətlərinin dəyəri cavabdeh tərəfindən tam ödənilməmişdir. İddiaçının hesablama-informasiya (bilinq) sisteminin məlumatlarına əsasən 2014-cü ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları ərzində göstərilmiş internet xidmətlərinə görə cavabdehin iddiaçıya cari tarixə ödənilməmiş borcu 1666.08 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edərək, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 26 dekabr 2012-ci il tarixli, AZT/002/013 saylı “İnternetə qoşulma xidmətlərinin təmin edilməsi” haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehi yerli və beynəlxalq internet trafiki ilə təmin etməyi, cavabdeh isə razılaşdırılmış cədvəl əsasında xidmətlər üzrə ödənişləri təmin etməyi öhdələrinə götürmüşlər. 2014-cü ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları ərzində göstərilmiş internet xidmətlərinə görə cavabdehin iddiaçıya ödənilməmiş borcu 1666.08 manat təşkil edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, internet trafiki xidmətləri göstərmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, 26 dekabr 2012-ci il tarixli, AZT/002/013 saylı “İnternetə qoşulma xidmətlərinin təmin edilməsi” haqqında müqaviləyə əsasən 1666.08 manat dəyərində xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241, 242, 244, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Endem İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialından 1666,08 manat ödənilməmiş borc və ödənilmiş 50 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra qiyabi qətnamədən 1 ay müddətinə Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə çıxarıldığı gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar