Məhkəmə qərarları › İş №e-2-2(113)-1970/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1970/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1970/2025 28.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "NBA Technologies İnternational" Ltd-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi ilə, İddiaçı "NBA Technologies İnternational" Ltd-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "NBA Technologies İnternational" Ltd Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya geri qaytarılmalı olan 93 500 (doxsan üç min beş yüz) AZN (55 000 (əlli beş min) ABŞ dolları ekvivalenti) avans məbləği, o cümlədən ödənmiş 371 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, 28 sentyabr 2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh MMC arasında AC2023065 nömrəli daşıma və gömrük təmsilçiliyi xidməti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı sifarişçi, cavabdeh isə icraçı kimi çıxış edir. Müqavilənin predmetini cavabdehin aldığı xidmət haqqı müqabilində İddiaçının sifariş etdiyi yükü daşıması, gömrük rəsmiləşdirməsi prosesini həyata keçirməsi təşkil etmişdir. Müqaviləyə əsasən iddiaçı tərəfindən gələcəkdə ediləcək sifarişlər üçün 03 oktyabr 2023-cü tarixində cavabdehə 55.000 ABŞ dolları məbləğində avans ödənişi edilmişdir, lakin bundan sonra yeni xidmətlərə zərurət yaranmadığı üçün iddiaçı tərəfindən cavabdehdən heç bir xidmət sifariş edilməmiş və cavabdeh tərəfindən də xidmət göstərilməmişdir. Buna görə də cavabdehə pretenziya məktubu ilə İddiaçı tərəfindən ödənilmiş avans məbləğinin 5 (beş) gün ərzində geri qaytarılması üçün müraciət edilmişdir. Həmin müddət ərzində cavabdeh tərəfindən məsələyə heç bir münasibət bildirilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçıya məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

4. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

5. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia rədd edilməlidir.

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "NBA Technologies İnternational" Ltd ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, AC2023065 saylı daşıma və gömrük təmsilçiliyi xidməti müqaviləsi bağlanmışdır.

10. Hazırda iddiaçı, qeyd olunan müqavilə üzrə tərəfindən heç bir yeni xidmət sifariş edilmədiyindən cavabdehə xx.xx.2023-cü il tarixdə ödənilmiş avans məbləğinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir.

11. Cavabdeh tərəf məhkəməyə ərizə göndərərək, eyni tərəflər arasında eyni mübahisə predmeti üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının icraatında iş olduğunu, iş üzrə 2-2(103)-202/2025 saylı xx.xx.2025-ci il tarixli qətnamə qəbul edildiyini bildirmiş və iş materiallarına əlavə edilməsini məhkəmədən xahiş etmişdir.

12. İş materiallarına əlavə olunmuş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3625/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 sentyabr 2023-cü il tarixli, AC2023065 saylı daşıma və gömrük təmsilçiliyi xidməti haqqında müqavilə üzrə yaranan 55000 ABŞ dolları pul vəsaiti, həmin vəsaitin ödənilməsi gecikdirildiyi üçün hesablanan 5500 ABŞ dolları dəbbə pulu (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq manatla), habelə dövlət rüsumu üçün ödənilmiş 393 manat pul vəsaitinin cavabdeh İddiaçı-dən (LLC-dən) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia tələbini onunla əsaslandırmışdır ki, 28 sentyabr 2023-cü il tarixdə bir tərəfdən İddiaçı, direktoru Anar Şıxəliyev şəxsində, digər tərəfdən, Cavabdeh, direktoru Həmidov Təmraz şəxsində AC2023065 nömrəli daşıma və gömrük təmsilçiliyi xidməti haqqında müqavilə imzalanmışdır. Müqavilənin predmeti “İcraçı”-Cavabdeh MMC xidmət haqqı müqabilində yükü “Sifarişçi”-İddiaçı-nin göstərdiyi tərəfdən qəbul etməyi, göstərilən təyinat yerinə daşımağı, onun göstərdiyi yük alana təhvil verməyi, “Sifarişçi” isə daşımaya görə “İcraçı”ya bu Müqavilə və İNV/2023/0901 nömrəli, 02 oktyabr 2023-cü il tarixli hesab-faktura ilə müəyyən olunan 110000 USD məbləğli xidmət haqqının 50%-i öncədən, 50%-i isə yük ünvana çatdırılmadan sonra ödənilməsindən ibarət olmuşdur. Qeyd olunan məbləğin 50 %-i 55000 USD məbləğ 04 oktyabr 2023-cü ildə köçürmə yolu ilə “İcraçı”nın bank hesabına köçürülmüşdür. Yüklər 13 noyabr 2023-cü il tarixində təyinat yerinə çatdırılmış, “Sifarişçi”nin göstərdiyi tərəfə təhvil verilmiş və bu barədə “Sifarişçi”yə dərhal epoçt vasitəsilə yazılı bildiriş verilmişdir. Yük təhvil verildikdən sonra dəfələrlə xəbərdarlıqlara baxmayaraq, “Sifarişçi” invoys üzrə nəzərdə tutulmuş məbləğin 50 %-i ödəməmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3625/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı-dən müqaviləyə əsasən 55000 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə hesablanmış 2750 ABŞ dolları, ümumilikdə 57750 (əlli yeddi min yeddi yüz əlli) ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun 384 (üç yüz səksən dörd) manat 52 (əlli iki) qəpik hissəsinin əvəzinin tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-2(103)-202/2025 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3625/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(102)- 460/2025 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 14 mart tarixli 2-2(103)-202/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Göründüyü kimi 28 sentyabr 2023-cü il tarixli, AC2023065 saylı daşıma və gömrük təmsilçiliyi xidməti haqqında müqavilə üzrə mübahisəyə baxarkən Məhkəmələr müqavilə üzrə Cavabdeh MMC tərəfindən İddiaçı şirkətinə xidmətlərin göstərilməsi, əvəzində xidmət haqqının İddiaçı şirkətindən tutularaq Cavabdeh MMC-yə ödənilməsi qənaətinə gəlmiş və Cavabdeh MMC tərəfindən İddiaçı şirkətinə müqavilə üzrə xidmətlərin göstərilməməsi kimi hallar müəyyən olunmamışdır.

17. Belə olan halda, Məkəmə qeyd edir ki, hazırki işdə İddiaçı şirkəti onun tərəfindən yeni xidmətlərin sifariş verilmədiyini sübuta yetirə bilməmişdir.

18. Qeyd olunan hal isə o nəticəyə gəlmək üçün əsas verir ki, cavabdeh tərəfindən avans məbləğinin qaytarılması halı istisna olunur.

19. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

"NBA Technologies İnternational" Ltd-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar