Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1990/2023 23.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi ilə İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixli, 2(105)-XXXX/2018 nömrəli qətnamə ilə müəyyən edilən borcdan 23 dekabr 2022-ci il tarixinə qalan 74 620,84 manat borcun və ödənilmiş 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında şirkət tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin Bank tərəfindən kreditləşdirilməsi barədə xx.xx.2014-cü il tarixində müqavilə imzalanmışdır. Bundan sonra müştərilərə kreditlər verilmişdir. Maraqlı şəxs kredit üzrə borcunu ödəmədiyindən barəsində borcun tutulmasına dair qətnamə qəbul edilmişdir. Belə ki, İddiaçı ASC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Maraqlı şəxs 120 ay müddətinə illik 14 faiz dərəcəsi ilə 65 700 manat məbləğində kredit verilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri Maraqlı şəxs tərəfindən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bu səbəbdən iddiaçı ləğv prosesində olan “Texnikabank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia qismən təmin olunaraq cavabdeh Maraqlı şəxs iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 64 000 manat əsas borc, 15 680,84 manat faiz borcu, 640 manat dəbbə borcu, cəmi 80 320,84 manat borcun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamə qüvvəsini aldıqdan sonra Maraqlı şəxs tərəfindən aparılmış ödənişlər çıxıldıqdan sonra xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə 23 dekabr 2022-ci il tarixinə cavabdehin banka 74 620,84 manat borcu qalmışdır. Ləğv prosesində olan “Texnikabank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən "xxxx" MMC-yə qeyd edilən borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə xx.xx.2022-ci il tarixli xəbərdərlıq göndərilməsinə baxmayaraq, "xxxx" MMC qeyd edilən kredit müqavilələri üzrə borcun qaytarılmasını təmin etməmişdir. xx.xx.2014-cü il tarixli müqavilənin 4.3-cü maddəsinə əsasən, müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Bankdan bildirişi aldığı gündən etibarən 30 (otuz) təqvim günündən gec olmayaraq Cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş Bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. Müqavilənin 5.2.-cü maddəsində göstərilmişdir ki, bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Cəmiyyətə bildiriş verməklə 30 təqvim günündən gec olmayaraq həmin günə mövcud olan kredit borcunun və ona hesablanmış faizlərin tam şəkildə Banka ödənilməsini tələb etmək hüququnu malikdir. Cavabdeh tərəf elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək işin baxılması üçün aidiyyəti üzrə ümumi məhkəməyə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflərin hüquqi şəxs olmasına baxmayaraq, hər iki hüquqi şəxs arasında fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə əlaqəli hüquq münasibətləri yaranmamışdır. Hazırkı mübahisə LPO İddiaçı ASC ilə Maraqlı şəxs arasında yaranmış kredit və ipoteka hüquq münasibətlərindən yaranmış və bu da işin mübahisə edilməyən tərəfidir. Sözügedən hüquq münasibətlərinə - mübahisəyə mülki məhkəmə icraatı qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli 2(105)-XXXX/2018 nömrəli qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Beləliklə, sözügedən məhkəmə aktı mülki məhkəmə icraatı qaydasında baxılmış və qanuni qüvvəsini almışdır. Belə ki, mübahisənin əsas xüsusiyyəti mülki məhkəmə icraatı qaydasında təsdiqi tapmış kredit müqaviləsi üzrə ödənişlərin tutulmasından ibarətdir və mübahisə hüquq münasibətlərinin xarakterinə və subyektlərin mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi meyarlarına uyğun deyildir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun və digər qanunvericilik normalarının müddəaları mahiyyəti etibarilə təsis edilmiş hüquqi və ya fiziki şəxslərin əsasən sahibkarlıq fəaliyyətini şərtləndirir və fəaliyyətindən irəli gələrək hüquq və öhdəliklərini müəyyənləşdirir. Kommersiya məhkəmələrinin baxmalı olduğu mübahisələr - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. Bu mübahisələr həm işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Lakin hazırkı iddia tələbinin əsasını, hüquqi mahiyyətini, xarakterini tərəflər arasında sahibkarlıq fəaliyyətindən kənar, şəxsi tələbatındən irəli gələn və yaranmış kredit münasibətləri təşkil edir. Bundan başqa, iddiaçı LPO İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC və ya ayrı-ayrı borc alanlar arasında saysız qədər Abşeron Rayon Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyalarının, Ali Məhkəmənin Mülki kollegiyalarının qanuni qüvvəyə minmiş məkəmə aktları və ya məhkəmə baxışında olan mülki işlər var. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, cavabdeh tərəf iclasın onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının (bundan sonra Qərar) 11-ci bəndində qeyd olunmuşdur ki, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qərarın 12-ci bəndində göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. MPM-in müvafiq maddələrinin, eləcə də qeyd olunan Qərarının müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Məhkəmə iş materialları əsasında müəyyən edir ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin Bank tərəfindən kreditləşdirilməsi ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyən edən xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. Həmin yaşayış kompleksində yerləşən mənzilin alınması üçün İddiaçı ASC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya kredit verilmiş, mənzil kreditin təminatı kimi iddiaçı qarşısında ipotekaya qoyulmuşdur. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs və "xxxx" MMC-dən iddiaçının xeyrinə kredit müqaviləsi üzrə borcun tutulmasını, tələbin ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qanuni qüvvəsini almış yekun məhkəmə qərarlarına əsasən iddia tələbi Maraqlı şəxs kredit müqaviləsi üzrə borcun tutulması hissəsində təmin edilmişdir. Hazırkı iş üzrə iddiaçı qeyd olunan iş üzrə yekun məhkəmə qərarı ilə tutulması qət edilmiş, lakin Maraqlı şəxs tərəfindən ödənilməmiş borcun "xxxx" MMC-dən tutulmasını xahiş edir. Məhkəmə İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləni qiymətləndirərək qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsidir və bu müqavilə növü üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş mühüm şərtlərə (zaminliklə təmin edilmiş əsas öhdəliyin həcmi, icra müddəti, faiz dərəcəsi və s.) də riayət olunmuşdur. Hazırkı mübahisə üzrə iddianın faktiki əsası qeyd olunan müqavilədən irəli gəlir. Həmin müqavilə ilə təminat verilmiş əsas öhdəlik olan kredit isə sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, mənzil alınması məqsədi ilə verilmişdir. Göründüyü kimi, mübahisənin hər iki tərəfinin (ASC və MMC) sahibkarlıq subyekti olmasına baxmayaraq, tərəflər arasında olan hüquq münasibətləri mənzil alınması məqsədi ilə verilmiş kredit müqaviləsinin icrasının təminatı üsulu kimi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Beləliklə, mübahisə tərəflərin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmir, mübahisənin predmetini təşkil edən tələb tərəflərdən yalnız birinin, yəni iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlir. Odur ki, mübahisə üzrə tərəflər arasında olan hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) aid olmadığından və qanunvericiliyin tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün ümumi məhkəməyə göndərilməlidir. MPM-in 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. MPM-in 40.3-cü maddəsinə əsasən, saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Tərəflər arasında bağlanmış müqavilənin 9.2-ci bəndinə əsasən tərəflər arasında yaranan mübahisə və ziddiyyətlər aidiyyatı üzrə Bakı şəhərinin məhkəmələrində həll edilir. Məhkəmə qeyd edir ki, tərəflər mübahisəyə Bakı şəhərinin məhkəmələrində baxılmasını ümumi razılaşdırsalar da, Bakı şəhərinin rayon məhkəməsi barədə dəqiq iradələrini ifadə etməmişlər. İş materiallarından görünür ki, iddiaçının hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, ünvan 2nu, Xırdalan şəhəridir. Tərəflər arasında bağlanmış müqavilədə mübahisəyə Bakı şəhərinin məhkəmələrində baxılması razılaşdırıldığından, lakin Bakı şəhərinin rayon məhkəməsi barədə dəqiq iradə ifadəsi olmadığından, tərəflərdən ancaq iddiaçının hüquqi ünvanı Bakı şəhərində yerləşdiyindən məhkəmə hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26, 31-32, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1990/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1990/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver