Məhkəmə qərarları › İş №e-2-2(113)-2010/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2010/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2010/2023 24.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2018-ci il tarixli, ASFX 18/237 saylı xidmət müqaviləsinə əsasən borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən onun xeyrinə 3.049 manat məbləğində borcun (xidmət haqqı) və 60 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh "xxxx" ASC arasında 28 iyul 2018-ci il tarixli ASFX 18/237 saylı xidmət müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində tikinti sahəsində işlərin icrasını və nəzarəti öz öhdəliyinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən tərəflər arasında göstərilən xidmətə görə aylıq xidmət haqqı 2.900 manat müəyyən edilmişdir, daha sonra 28 iyul 2018-ci il tarixli ASFX 18/237 saylı xidmət müqaviləsinə xx.xx.2019-cu il tarixli 1 nömrəli əlavəyə əsasən xidmət müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilərək, sifarişçi icraçıya 1 ay üçün 2.942 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklər onun tərəfindən tam yerinə yetirilsə də, cavabdeh tərəfindən ona xidmət haqqının ödənilməsində gecikmələr baş vermişdir. Belə ki, görülən işlərə görə 3.049 manat xidmət haqqı cavabdeh tərəfindən ona ödənilməmişdir. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən onun xeyrinə 2.748 manat məbləğində borcun (xidmət haqqı) və 60 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi barədə ərizə vermiş və mübahisəyə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan 3 illik iddia müddətini tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən tələb üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı iddia ərizəsinə əlavə etdiyi sənədlərdə və məhkəmə iclaslarında xidmət müqaviləsi üzrə 10 noyabr 2019-cu il tarixinə kimi xidmət göstərdiyini qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İddiaçı sözügedən iddia tələbi ilə məhkəməyə 16 mart 2023-cü il tarixdə müraciət etdiyinə görə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan 3 illik iddia müddətini ötürdüyü aydın olur. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı həmçinin izahatında qeyd etmişdir ki, 2.559 manat cavabdehin ona xidmət haqqı üzrə olan borcudur. 2019-cu il avqust ayı - noyabr ayları üzrə borc 2748 manat təşkil edir. Bugünədək təhvil-təslim aktı olmadan dəfələrlə ödəniş edilib. Təhvil–təslim aktları avadanlıqların təhvil verilməsi ilə bağlı tərtib edilir. Yol çəkilməsi ilə bağlı göstərilən xidmətlərdə təhvil-qəbul tərtib edilmir.İddiaçı məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona hər ay 2.942 manat məbləğ ödənilirdi. Lakin həmin məbləğ tam dəqiqliyi ilə ödənilməyib. 2018-ci il dekabr ayından 2019-cu ilin mart ayınadək işləməmişdir. Mart ayının 10-dan işləmişdir. 2019-cu ilin noyabr ayının 10-da qayıtmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. İddiaçıya ödəniş edilib, borcları yoxdur. İddiaçının təqdim etdiyi sənədlərə münasibətdə qeyd etməlidir ki, təhvil-təslim aktları yoxdur. Bu səbəblə iddia rədd edilməlidir. Eyni zamanda mübahisəyə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan 3 (üç) illik iddia müddəti tətbiq edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı (icraçı) ilə "xxxx" ASC (sifarişçi) arasında bağlanmış 28 iyul 2018-ci il tarixdə ASFX18/237 saylı bağlanmış xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində tikinti sahəsində işlərin icrasını və nəzarətini öz üzərinə götürmüşdür. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən sifarişçi icraçıya 1 ay üçün 2.900 manat xidmət haqqı ödəyir. 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında təhviltəslim aktı imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə icraçıya ödənilir. 2.6-cı bəndinə əsasən icraçı bu müqavilə üzrə işlərin icrasına 28 iyul 2018-ci il tarixdən başlayacaqdır. 13.8-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və 3 ay müddətinədək qüvvədə qalır. Müqavilə müddətinin bitməsinə 1 həftə qalmış tərəflərdən biri, digərinə müqaviləyə xitam verilməsi barədə yazılı müraciət etməzsə, müqavilə eyni müddətə uzadılmış hesab edilir. Müqavilə sifarişçinin və icraçının imzası və sifarişçinin möhürü ilə təsdiq edilmişdir. 28 iyul 2018-ci il tarixli ASFX18/237 nömrəli xidmət müqaviləsinə xx.xx.2018-ci il tarixli 1 saylı əlavənin: 1-ci bəndinə əsasən tərəflrər razılaşırlar ki, 28 iyul 2018-ci il tarixli ASFX18/237 nömrəli xidmət müqaviləsinin 2.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

2. sifarişçi icraçıya 1 ay üçün 2.942 manat xidmət haqqı ödəyir.

3. Müqavilənin digər bəndləri dəyişməz olaraq qalır. Əlavə 1 sifarişçinin və icraçının imzası ilə təsdiq edilmişdir. İddiaçı məxsus ümumvətəndaş pasportun surətindən məlum olur ki, İddiaçı xx.xx.2018-xx.xx.2019-cu illər arası dövrdə Qazaxıstan Respublikasında olmuşdur. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrü əhatə edən (İddiaçı aid) hesabdan çıxarışdan müəyyən edilir ki, 28 iyul 2018-ci il tarixli ASFX18/237 nömrəli xidmət müqaviləsi üzrə İddiaçı sonuncu dəfə xx.xx.2021-ci ildə olmaqla müxtəlif vaxtlarda ödənişlər edilmişdir. 13 mart 2019-cu il tarixdən sonrakı dövr üçün xidmət haqqı ödənişləri aşağıdakı kimidir: xx.xx.2019-cu il tarixdə 1634 manat, xx.xx.2019-cu il tarixdə 2875 manat, xx.xx.2019-cu il tarixdə 2854 manat, xx.xx.2019-cu il tarixdə 2742 manat, xx.xx.2019-cu il tarixdə 2854 manat, xx.xx.2020-ci il tarixdə 2853 manat, xx.xx.2020-ci il tarixdə 2832 manat və xx.xx.2021-ci ildə 1000 manat, cəmi 19.644 manat. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, ASC-dən xidmət müqaviləsi üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə müvafiq instansiyalara müraciət olunacağı bildirilmişdir.

Əsaslandırıcı hissə:

Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı (icraçı) ilə cavabdeh "xxxx" ASC (sifarişçi) arasında 28 iyul 2018-ci il tarixli ASFX18/237 saylı xidmət müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən icraçı sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində tikinti sahəsində işlərin icrası və nəzarətini həyata keçirməyi, sifarişçi isə bunun müqabilində xidmət haqqı ödəməyi öz üzərinə götürmüşdür. Hazırda İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən 28 iyul 2018-ci il tarixli ASFX18/237 saylı xidmət müqaviləsi üzrə göstərdiyi xidmətlərə görə haqqın ona tam olaraq ödənilmədiyini əsas göstərərək xidmət haqqı olaraq cəmi 2.748 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh "xxxx" ASC isə mübahisəli dövrdə xidmətlərin göstərilmədiyini, göstərilmiş xidmətlər barədə təhvil-təslim aktlarının olmadığını əsas gətirərək iddianın rədd edilməsini xahiş edir. Məhkəmə ilk növbədə mübahisəli aylarda (2019-cu ilin avqust-noyabr aylarında) göstərilmiş xidmətlərə dair təhvil-təslim aktlarının olmaması barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında iki ilə yaxın davam edən müqavilə münasibətləri çərçivəsində göstərilmiş xidmətlərə görə cavabdeh tərəfindən iddiaçıya dəfələrlə ödənişlər edilmiş, lakin cavabdeh həmin ödənişlərin hər hansı birinin məhz xidmətlərin təhvil-təslim aktı əsasında həyata keçirilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, tərəflər arasında bağlanmış müqavilədə xidmətlərin göstərilməsi faktının təhvil-təslim aktı ilə rəsmiləşdirilməli olması barədə şərt yer alsa da, tərəflər arasında xidmətlərin dəyərinin təhvil-təslim aktları olmadan ödənilməsi ilə bağlı işgüzar adət formalaşmışdır. Odur ki, hazırkı halda təhvil-təslim aktlarının olmaması mübahisəli aylar üzrə cavabdeh tərəfindən xidmətlərin göstərilməsini istisna etmir. Belə olan halda məhkəmə işin faktiki hallarını, o cümlədən iddiaçının 2019-cu ilin noyabr ayının 10-dək cavabdehə xidmət göstərmək məqsədilə getdiyi Qazaxıstan Respublikasında qalması, eləcə də mübahisəli xidmət müqaviləsinin həmin tarixdən öncə cavabdeh tərəfindən ləğv edilməsini təsdiq edən sübutların iş materiallarına əlavə edilmədiyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı 2019-cu ilin noyabr ayının 10-dək mübahisəli xidmət müqaviləsi üzrə cavabdehə xidmət göstərmişdir. Digər tərəfdən "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrü əhatə edən (İddiaçı aid) hesabdan çıxarışa əsasən müəyyən edilir ki, 2019-cu ilin mart ayının 13-dən (müqaviləyə əlavənin imzalandığı gündən) 2019-cu ilin noyabr ayının 10-dək olan dövr üçün xidmət haqqı olaraq iddiaçıya cəmi 23.536 manat (2942 manat x8ay) ödənilməli olduğu halda cavabdeh tərəfindən cəmi 19.644 manat məbləğində, cümlədən mübahisəli avqust-noyabr ayları üzrə 9708 (2942x3ay+(2942/30 günx9 gün)) manat ödəməli olduğu halda cəmi 6686 manat məbləğində ödəniş edilmişdir. Hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 385.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini – 2.748 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 2.748 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Həmçinin iş materiallarından görünür ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək mübahisəyə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 375.2ci, 377.2-ci, 380.1 və 380.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Hazırkı işin materiallarından isə görünür ki, iddiaçı cavabdeh 28 iyul 2018-ci il tarixli ASFX18/237 nömrəli xidmət müqaviləsi üzrə sonuncu ödənişini xx.xx.2021-ci ildə etməklə (bax. hesabdan çıxarış) borcu etiraf etməsini göstərən hərəkətlər etmişdir. Göründüyü kimi hazırkı iddia müddətinin axımı cavabdehin borcu etiraf etməsini göstərən hərəkətlər etdiyi vaxtdan, yəni xx.xx.2021-ci il tarixdə başladığı halda hazırkı iddia xx.xx.2023-cü il tarixdə qaldırılmış, belə olan halda hazırkı iddia qaldırılarkən iddiaçı tərəfindən müqavilədən irəli gələn iddia tələbləri üzrə mülki qanunvericilikdə nəzərdə tutulmuş üç illik müddət buraxılmamışdır. Odur ki, iddia müddətinin tətbiqi barədə cavabdehin verdiyi ərizənin təmin edilməsi və iddia müddətinin keçməsi əsası ilə hazırkı iddianın rədd edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (iddia tələbinin həcminin azaldılması da nəzərə alınmaqla) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 47,48 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə hissəsi

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 2748 manat məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar