Məhkəmə qərarları › İş №e-2-2(113)-2014/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2014/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2014/2024 20.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı xeyrinə 11.544 manat borc məbləği, hüquqi yardım haqqına görə ödənilmiş 320 manat, ümumilikdə 11.864 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 01 may 2023cü il tarixli 103/23 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh MMC-nin sifarişinə əsasən, avia biletlər, mehmanxanada yerləşdirmə, qabaqcadan yer sifariş edilməsi, gəmi kruiz turları, sanatoriya xidmətləri, viza dəstəyi,avtomaşın kirayəsi, sığorta işlərinin yerinə yetirilməsi və s. xidmətlərin yüksək səviyyədə göstərilməsini öhdəsinə götümüşdür. Cavabdeh-Sifarişçi tərəfindən İrem Derici və onun qrup üzvlərinin 07 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində konserti təşkil olunmuşdur. Cavabdeh MMC İrem Derici, onun qrup üzvləri, özü eləcə də digər şəxslər üçün iddiaçıya aviabiletlər sifariş etmiş, həmçinin iddiaçının göstərdiyi viza, nəqliyyat və digər xidmətindən istifadə etmişdir. Ümumilikdə aviabiletlər alınması, viza və digər xidmətlərin dəyəri 22.544 manat təşkil edir. Cavbdeh tərəfindən həmin məbləğin 11.000 manatı ödənilmiş, qalan 11.544 manat pul isə bu günədək ödənilməmişdir. Malların, işlərin və xidmətlərin vəkalətverən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə xx.xx.2023-cü il tarixli Elektron Qaimə-fakturaya əsasən göstərilmiş xidmətlərə görə yekun borc məbləği 11.544 manat təşkil edir. İddiaçı tərəfindən həmin məbləğin ödənilməsi üçün cavabdehə məktub (pretenziya) göndərilsə də heç bir nəticəsi olmamışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında 01 may 2023-cü il tarixli 103/23 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndindən əsasən, İddiaçı MMC Cavabdeh MMC-nin sifarişinə əsasən, avia biletlər, mehmanxanada yerləşdirmə, qabaqcadan yer sifariş edilməsi, gəmi kruiz turları, sanatoriya xidmətləri, viza dəstəyi,avtomaşın kirayəsi, sığorta işlərinin yerinə yetirilməsi və s. xidmətlərin yüksək səviyyədə göstərilməsini öhdəsinə götümüşdür.

10. Qeyd edilmiş müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə xidmətin dəyəri agentlik (iddiaçı) tərəfindən qabaqcadan təqdim edilmiş hesab-fakturaya əsasən müəyyən olunur.

11. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.

13. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

14. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

15. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı mübahisənin faktiki əsasını tərəflər arasında bağlanmış 01 may 2023-cü il tarixli 103/23 saylı xidmət müqaviləsi təşkil edir. Ona görə də, qeyd edilmiş müqavilə üzrə xidmətlərin göstərilib-göstərilməməsi və göstərilmiş olan xidmətlərə görə məbləğin ödənilib-ödənilməməsi müəyyən edilməlidir.

16. İş materiallarına əlavə edilmiş aviabiletlərdən görünür ki, xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə iddiaçı tərəfindən cavabdehin sifarişinə əsasən Derici İrem, Karaoglu Mertcan, Cosar Volkan, X2 və s. şəxlərə avibiletlər alınmış, Derablou Mohammadhossein adlı şəxsə otel xidməti və onunla yanaşı digər şəxslərə də, e-visa xidməti göstərilmişdir.

17. Qeyd edilmiş işlərin dəyəri isə ümumi 22.544 manat təşkil etmişdir.

18. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDQ 532859 saylı dəyəri 11.000 manat olan elektron qaimə göndərilmişdir.

19. Cavabdeh tərəf qeyd edilmiş elektron qaiməyə istinad etməklə xx.xx.2023-cü il tarixi qəbzdən də, göründüyü kimi, 11.000 manat məbləğində ödəniş etmişdir.

20. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli dəyəri 11.544 manat olan elektron qaimə göndərilmişdir.

21. Məhkəmə qeyd edir ki, iş materiallarında qeyd edilmiş sənədlərdən də, göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 22.544 manat olan xidmətlər göstərilmişdir. Cavabdeh tərəf də, qeyd edilmiş borcdan 11.000 manat ödəniş etmiş və 11.544 manat məbləğində borcu qalmışdır.

22. Ona görə də, məhkəmə hesab edir ki, 11.544 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi üçün Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 320 manat məbləğində pul ödənilmişdir.

24. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardımın göstərilməsi üçün vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 01 may 2023-cü il tarixli müqavilə üzrə 11544 (on bir min beş yüz qırx dörd) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar