Məhkəmə qərarları › İş №e-2-2(113)-2017/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2017/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2017/2025 11.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: ticarət nümayəndəsi haqqında müqavilə, əldən çıxmış fayda) X8 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış 1216,35 manat məbləğində əsas borc, faiz üzrə hesablanmış 100 manat, dövlət rüsumu olaraq 33.16 manat, cəmi 1349.51 manat məbləğin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh fərdi sahibkar Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, № OM-485/012022 saylı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehin mallarının “Umico.az” platformasında satılmasına şərait yaradılmasını və cavabdeh tərəfindən satılmış malların müştərilərə çatdırılmasını və s. xidmətlərin göstərilməsini yerinə yetirməyi, cavabdeh isə bunun müqabilində müqavilənin şərtlərinə uyğun olaraq xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər razılığa gəlmişlər ki, xidmətlərin dəyərinin faiz dərəcəsi müqavilənin 1 saylı Əlavəsinin göstərildiyi kimi hesablanır. Hər iki tərəf müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirəcəklərini bəyan etmişdirlər. Lakin, buna baxmayaraq cavabdeh müqavilə üzrə öhdəlikləri icra etməmiş və öhdəliklərin icrasından müxtəlif səbəblər ilə yayınmışdır. Belə ki, müqavilə bağlandığı tarixdən, 2023-cü ilin aprel, may və iyun ayları üzrə cavabdehin xidmət haqqının ödənilməməsi nəticəsində 1216,35 manat məbləğində iddiaçıya borcu yaranmışdır. Cavabdehdən sözügedən borc məbləğinin ödənilməsinə dair dəfələrlə müraciət olunmasına baxmayaraq, borc bu günədək iddiaçıya ödənilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 389.1, 399, 425, 430, 442, 445.1, 448.1, 449.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Cavabdeh (“Satıcı” və ya “Sifarişçi”) ilə İddiaçı MMC (İddiaçı və ya “İcraçı”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № OM-485/012022 saylı Müqaviləyə əsasən Müştəri (Alıcı) — şəxsi tələbatı üçün Platformada Satıcıdan mah alan fiziki şəxsdir (və ya malın alanı qismində göstəriləndir) ki, o, https://umico.az/legal/market_termsofuse istinadı üzrə əlçatan olan “Umico Market-dən istifadə şərtləri” sənədinin şərtlərinə uyğun olaraq Platformadan istifadə edir. Malın kartı — malın təsviri, onun xasiyyətnamələrini təsvir edən mətn, qiymət və satış şərtləri, zəmanət şərtləri, eləcə də Satıcı və malın istehsalçısı haqqındakı məlumatlar da daxil olmaqla Platformada mal haqqındakı məlumatların məcmusudur. Malın kartı istehlakçıların hüquqlarının müdafiəsi sahəsindəki qanunvericiliyə və digər qanunvericilik aktlarına müvafiq olaraq istehlakçının diqqətinə çatdırılması mütləq olan məlumatları əks etdirir. Mükafat — Competo tərəfindən müəyyən edilən və Satıcı tərəfindən Şəxsi kabinetdə müəyyən edilən Malın realizə olunması qiymətinə (pərakəndə qiymətə) Competo tərəfindən mükafatlandırmanın hesablanması üçün tətbiq olunan faiz dərəcəsidir. Mükafat malın kateqoriyasından, əməkdaşlığın seçilən modelindən, Göndərişlərin çatdırılma üsulundan və digər amillərdən asılıdır, ilkin olaraq Müqavilənin 1 saylı Əlavəsində müəyyən edilir və Müqavilənin 14.3-cü bəndində təsvir edilən qaydada dəyişdirilə bilər. Həmin Müqavilənin: 2.1-ci bəndinə əsasən hazırkı Müqavilə üzrə Competo Mükafat qarşılığında aşağıda göstərilən xidmətləri göstərmək, Satıcı isə onları qəbul etmək və ödəmək öhdəliklərini götürürlər: X3 və qiymət təkliflərini Platformada yerləşdirmək və X1 emal etməyə imkan verəcək funksionalı təqdim etmək; X2 çatdırmaq. 2.3-cü bəndinə əsasən, 2.1-də sadalanan xidmətlərə görə Competonun Mükafatının hesablanması aşağıda göstərilən şəkildə və aşağıdakı qaydada aparılır: 2.3.1. Müvafiq kateqoriyadan olan Mala tətbiq edilən faiz dərəcəsi bütün tətbiq edilən vergilər daxil olmaqla Sifarişdəki Satıcının ona müvafiq olan Malının qiymətinə vurulur (əldə edilən nəticə riyaziyyat qaydalarına müvafiq olaraq tam qəpiklərə qədər yuvarlaqiaşdırılır). Sifarişdə Satıcının bir addan olan Mallarının mövcud olması zamanı Satıcının Sifarişdəki bir adda olan Mallarının cəmi məbləği hesablaşmada yuvarlaqlaşdırılmalı və daxil edilməlidir; 2.3.2. Faiz dərəcəsindən asılı olmayaraq Mükafatın ölçüsü Mala görə 12 (on iki) qəpikdən az ola bilməz; 2.3.3. Bənd 2.3.1-ə əsasən edilən nəticələr (yuvarlaqlaşdırma nəzərə alınmaqla) Sifarişdə Satıcının hər bir Malına görə cəmlənir; 2.3.4. Sifarişə münasibətdə xidmət haqqının 2.3.3-cü bəndinə əsasən hesablanan məbləği Hesabat dövründə həmin Satıcı üçün Platformada Müştərilər tərəfindən rəsmiləşdirilən digər Sifarişlər üzrə analoji hesablanmış məbləğlərlə cəmlənir; 2.3.5. Bənd 2.3.4-ə əsasən əldə edilən məbləğ 2.1-ci bəndində qeyd edilən və Hesabat dövrü ərzində Satıcıya göstərilən xidmətlərin qiymətini təşkil edir. Xidmətlərin yuxarıda göstərilən qaydada hesablanan qiymətinə qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən dərəcə üzrə ƏDV də daxildir. 2.4-cü bəndinə əsasən Müqavilənin Əlavələrinə müvafiq olaraq Satıcıya göstərilən digər xidmətlərin qiyməti Əlavələrdə göstərilən qaydalara müvafiq olaraq hesablanır. 2.5-ci bəndinə əsasən Competo Müqavilə üzrə öz vəzifələrinin yerinə yetirilməsi üçün üçüncü şəxsləri, Satıcı qarşısında onların hərəkətlərinə görə məsuliyyət daşımaqla, cəlb etmək hüququna malikdir. 2.6-cı bəndinə əsasən Competoya ötürülən Mal onun Müştəriyə realizə edilməsinə qədər Satıcının mülkiyyətində qalır. 3.1-ci bəndinə əsasən Competo Müştərilərdən pul vəsaitlərini Sifarişlər üzrə Müştərilərin Satıcı qarşısında öhdəliklərinin qarşılanması üçün qəbul edir. 3.2-ci bəndinə əsasən Competo Müştərinin nümayəndəsi kimi çıxış edərək Mallara görə Müştəridən alman pul vəsaitlərinin Satıcının Tərəfdaş-banklardakı Bank hesabına daxil edilməsini təmin edir. 4.1-ci bəndinə əsasən Satıcıya göstərilən, 2.1-ci bəndində sadalanan xidmətlərin qiymətinin hesablanması (Mükafat) hər Sifariş üzrə ayrıca və 2.3-cü bəndində göstərilən qaydada həyata keçirilir. 4.2-ci bəndinə əsasən Mükafatın hesablanması hadisəsi X5 tərəfindən ödənilməsi üçün vəsaitlərin Competo tərəfindən qəbulu hadisəsidir. 6.1-ci bəndinə əsasən, Competo gündəlik əsasla “Gün ərzində satışlar üzrə detallaşdırılmış hesabat”ı formalaşdırır və Satıcının Şəxsi kabinetinə göndərir ki, buraya o cümlədən Satıcı tərəfindən realizə edilən mallar; onların qiyməti; Müştərinin Sifarişi ödədiyi tarix; Sifarişin Müştəriyə çatdırılma tarixi və nəticəsi; Competo tərəfindən Müştərinin tapşırığı üzrə Satıcının ünvanına qəbul edilən məbləğlər; Sifarişə görə Competoya hesablanan Mükafat haqqında məlumatlar daxildir. 6.6-cı bəndinə əsasən sənədlərin lazım olan qaydada imzalanmış kimi tanınmasından sonra X6 dövrünə görə Mükafatın ümumi məbləğinə uyğun elektron qaimə-fakturanı təqdim edir. 9.1-ci bəndinə əsasən Satıcı malın qiymətini müstəqil müəyyən edir və onu Şəxsi kabinetində, o cümlədən müəyyən edilən formatda şablonlar üzrə qiymət təkliflərinin import edilməsi yolu ilə göstərir. 13.1-ci bəndinə əsasən Tərəflərdən birinin Müqavilə üzrə özünün öhdəliklərini yerinə yetirməməsi və ya lazımı şəkildə yerinə yetirməməsi halında tərəflər Müqaviləyə uyğun olaraq, Müqavilə ilə tənzimlənməyən hissədə isə - Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 13.4-cü bəndinə əsasən Satıcı tərəfindən ödənişin (o cümlədən Mükafatın və digər xidmətlərin ödənilməsinin) gecikdirilməsi halında Competo Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə müvafiq olaraq gecikdirilən ödəniş məbləğinə faizlər hesablamaq hüququna malikdir. 15.1-ci bəndinə əsasən Müqavilə onun istənilən tərəfi tərəfindən bildirişin göndərilməsi yolu ilə məhkəmədən kənar qaydada ləğv edilə bilər. Ləğv edilmə tarixi digər tərəfin belə bildirişi alması tarixindən 30 (otuz) təqvim günü sonra gələn tarix sayılacaqdır. Satıcı, Müqaviləni imzaladığı tarixdən etibarən 6 ay ərzində Müqaviləni birtərəfli qaydada ləğv edərsə, Satıcı Competoya 2000 manat məbləğində təzminat ödəyir. 20.3-cü bəndinə əsasən Müqavilə onun imzalanması anından qüvvəyə minir və Müqavilənin 15-ci Fəslinə uyğun olaraq ləğv edilməsi anına qədər qüvvədə olur. xx.xx.2022-ci il tarixli, № OM-485/012022 saylı müqaviləsinə əsasən 3 saylı Əlavədən görünür ki, Tərəflər razılığa gəlmişlər ki, Satıcı sifarişlərin emalı və göndərişlərin formalaşdırılması üzrə vaxt parametrlərinin icrasını 1 nömrəli cədvələ müvafiq şəkildə təmin edəcək. Satıcı tərəfindən təsdiqlənən çatdırılma növü: Sifariş təsdiqinin maksimum müddəti Standart çatdırılması üzrə 1 saat 00 dəqiqə, Ekspress-çatdırılma üzrə 30 dəqiqə; Sifariş yığılmasının maksimum müddəti Standart çatdırılması üzrə 3 saat 00 dəqiqə, Ekspress-çatdırılma üzrə isə 1 saat 30 dəqiqə təşkil edir. İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, № OM-485/012022 saylı müqaviləsi üzrə əsas borcu 1216,35 manat, faiz borcu isə 100 manat, cəmi 1316,35 manat borc təşkil edir. xx.xx.2022-ci il tarixli, № OM-485/012022 saylı müqaviləsi üzrə tərtib olunmuş, xx.xx.2023-cü il tarixli “2023-cü ilin aprel ayında xidmətlərin göstərildiyinə dair” akta əsasən 575,80 manat, xx.xx.2023-cü il tarixli “2023-cü ilin may ayında xidmətlərin göstərildiyinə dair” akta əsasən 536,99 manat, xx.xx.2023-cü il tarixli “2023-cü ilin iyun ayında xidmətlərin göstərildiyinə dair” akta əsasən 103,56 manat dəyərində İddiaçı MMC tərəfindən Cavabdeh xidmətlər göstərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC qeyd edilən cədvəl üzrə xidmət göstərildiyinə baxmayaraq, Satıcı tərəfindən bunun müqabilində 2023-cü ilin aprel, may, iyun ayları üzrə müqavilə ilə nəzərdə tutulmuş qaydada müəssisəyə ümumi 1216,35 manat məbləğində xidmət haqqının ödənilməməsi nəticəsində borcu yaranmışdır. Yaranmış borc məbləğinin 3 (üç) iş günü iş günü müddətində tam şəkildə ödənilməsi xahiş olunmuşdur. 15 yanvar 2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 33,16 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Maddə 789.1. Ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alğı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir. Maddə 789.2. Həm fiziki, həm də hüquqi şəxslər ticarət agenti ola bilərlər. Maddə 789.3. Ticarət nümayəndəsi haqqında müqavilə yazılı formada bağlanır. Maddə 791.1.4. Tapşıran ticarət agentinə muzd ödəməlidir. Maddə 792.1. Ticarət agentinin sabit aylıq muzd və (və ya) əqdlərin dövriyyəsindən və ya miqdarından asılı muzd (komisyon muzdu) almaq hüququ vardır. Maddə 792.2. Muzd müqaviləyə əsasən hesablanır. Maddə 794.1. Ticarət nümayəndəsi haqqında müqavilə üzrə hüquq münasibətlərinə, əgər müqavilənin qüvvədə olması konkret müddətlə məhdudlaşdırılmayıbsa, müqavilədə müəyyənləşdirilmiş müddətdə xitam verilir. Lakin əgər tapşıranın dinməz və ya birbaşa razılığı ilə ticarət agenti öz fəaliyyətini davam etdirirsə və ya əgər ilkin müqavilədən sonra yeni müqavilə bağlanırsa, hesab edilir ki, müqavilə lap əvvəldən qeyri-müəyyən müddətə bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qeyri-müəyyən müddətə bağlanmış ticarət nümayəndəsi haqqında müqavilə üzrə öhdəlik münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı ticarət agenti olaraq müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərsə də, tapşıran olaraq cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı (muzd) iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin göstərdiyi xidmətə görə muzdunu (xidmət haqqını) ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimələr, aktlar) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmiş, hətta mobil telefonla əlaqə saxlanıldıqda borcunu qəbul etmişdir. Buna görə də iddiaçının həm müqaviləyə, həm də Mülki Məcəllənin 792.1-ci maddəsinə əsasən göstərdiyi xidmət müqabilində cavabdehdən xidmət haqqının (muzdun) ödənilməsini tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək göstərilən xidmətlərə görə xidmət haqqı ödəmədiyini, iddiaçının göstərilən xidmətin haqqının ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 1216,35 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən ödənişin gecikdirilməsinə görə hesablanmış 100 manat məbləğin faizin də tutulmasını tələb etmiş, həmin məbləğin tələb etmə əsasını iddia ərizəsində müqavilənin 13.4-cü bəndinə əsasən Mülki Məcəllənin 449.1-ci maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 09 iyul 2009-cu il tarixli Qərarının məzmunundan aydın olur ki, MM-in 449-cu maddəsinə əsasən faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı isə borcun ödənilməsinin gecikdirilməsi nəticəsində cavabdehin maddi gəlir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 33,16 manat dövlət rüsumunun 32,16 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, № OM-485/012022 saylı müqaviləyə əsasən 1216 (min iki yüz on altı) manat 35 (otuz beş) qəpik borc, habelə ödənilmiş dövlət rüsumunun 32 (otuz iki) manat 16 (on altı) qəpik hissəsinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar