Məhkəmə qərarları › İş №e-2-2(113)-2039/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2039/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2039/2020 11.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı "İddiaçı" Firmasının cavabdeh LPO "Cavabdeh" ASC-yə qarşı borcun girov qoyulmuş pul vəsaitinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" Firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh" ASC ilə aralarında bağlanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə yaranmış 1 065 529 ABŞ dolları məbləğində borcu həmin tarixli girov müqaviləsi üzrə girov qoyulmuş pul vəsaitinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsinə əlavə edilmiş və elektron informasiya sistemində yerləşdirilmiş sənədləri nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıdakı bir çox səbəblərə görə geri qaytarılmalıdır. Belə ki: - iddiaçı "İddiaçı" Firması cavabdeh LPO "Cavabdeh" ASC-yə qarşı yönələn tələbi göstərsə də öz tələblərini əsaslandırdıqları halları iddia ərizəsində göstərməməklə MPMnin 149.2.3-cü maddəsinin tələblərinə riayət etməmiş; - iddia ərizəsini imzalayan şəxs Vəkil xidməti vəziyyəti göstərilməmiş, yəni, onun "İddiaçı" Firmasının işçisi və ya vəkil olmasını təsdiq edən sənəd əlavə edilməmiş; - iddia ərizəsinin cavabdeh tərəfindən alınması ilə bağlı sübut təqdim edilməmiş; - dövlət rüsumunun ödənilməsi müəyyən edilmiş qaydada həyata keçirilməmiş, yəni, 11 manat məbləğində dövlət rüsumu apellyasiya və kassasiya şikayətlərin verilməsi ilə bağlı ödənilmişdir. Azərbaycan Respublikası MPM-in: 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1, 152.1.2, 152.1.4 və 152.1.5-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, həmçinin kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin iddiaçı "İddiaçı" Firmasının diqqətinə çatdırılır ki, "Cavabdeh" ASC ləğv prosesində olduğundan iddia ərizəsi üzrə tələb "Cavabdeh" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı yönəlməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı "İddiaçı" Firmasının cavabdeh LPO "Cavabdeh" ASC-yə qarşı borcun girov qoyulmuş pul vəsaitinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də 11 manat dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı "İddiaçı" Firmasına izah edilsin ki, iddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qalxdıqdan sonra yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar